525.Az

Ermənistan Rusiyaya birləşəcəkmi? - Xaqani Cəfərli yazır


 

Ermənistan Rusiyaya birləşəcəkmi? - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

İkinci Qarabağ müharibəsində məruz qaldığı ağır hərbi məğlubiyyət Ermənistanda dərin siyasi böhran yaradıb.

Bu böhrandan Ermənistanın asanlıqla çıxa bilməyəcəyi aydın görünür. Bəzi erməni siyasi liderlər isə ümumiyyətlə, Ermənistanın düşdüyü böhrandan təkbaşına çıxa biləcəyinə inanmırlar. Buna görə də Ermənistanın ictimai-siyasi dairələrində Rusiya ilə daha dərin inteqrasiya haqqında fikirlər səslənməyə başlayıb.

İlk dəfə bu fikiri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, "Vətən" Partiyasının rəhbəri Artur Vanetsyan gündəmə gətirdi. Moskvanın İrəvandakı əsas adamlarından biri sayılan Vanetsyana görə, Ermənistanın təhlükəsizliyi üçün Rusiya ilə daha dərin inteqrasiyaya ehtiyac var. Məlum olduğu kimi, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, həm də Avrasiya İqtisadi Birliyində təmsil olunur. Postsovet respublikalarını Rusiya ətrafında birləşdirməyə xidmət edən bu iki layihədə yer alan Ermənistanın Şimal qonşumuz ilə daha dərin inteqrasiyası bir dövlətdə birləşmək ola bilər.

Vanetsyanın gündəmə gətirdiyi Rusiya ilə dərin inteqrasiya mövzusuna Ermənistanın ikinci prezidenti Robert Köçəryan da dəstək verib. O, "5-ci kanal"a müsahibəsində Rusiya ilə dərin inteqrasiyanın zəruriliyini əsaslandırmağa çalışıb. Keçmiş prezident bəyan edib ki, Ermənistan ordusu çox böyük itki verib və təkbaşına bu problemin öhdəsindən gəlmək artıq mümkün deyil. Köçəryan hesab edir ki, ordunu bərpa etmək üçün onlara yardım göstərə biləcək Rusiyadan başqa dövlət tanımır. Bu yardımı ala bilmələri üçün isə Ermənistan Rusiyaya ilə daha dərin inteqrasiyaya getməlidir. Köçəryan Ermənistanın iqtisadiyyatının inkişafının da Rusiya ilə dərin inteqrasiyaya bağlı olduğunu bildirib.

Rusiya ilə dərin inteqrasiyanın nəyi ehtiva etdiyinə Vanetsyan və Köçəryan aydınlıq gətirmirlər. Onların hər ikisi və bu mövzunu gündəmdə saxlayan media Rusiya ilə dərin inteqrasiya olmadan Ermənistanın mövcudluğunu saxlaya bilməyəcəyi və hansısa mücərrəd Azərbaycan və Türkiyə təhlükəsi haqqında danışmaqla cəmiyyətə qorxu təlqin etməklə, istəklərinə nail olmağa çalışırlar. Çünki İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda keçirilən rəy sorğularında Avropa Birliyi ilə inteqrasiya tərəfdarları Avrasiya İqtisadi Birliyi ilə inteqrasiya tərəfdarlarına nisbətdə çoxluq təşkil edirdilər. Ermənistanda ən ciddi sorğu mərkəzi hesab olunan "ARP Group"un keçirdiyi rəy sorğusunda rəyi soruşulanların 30 faizi Avropa Birliyi, 20 faizi Avrasiya İqtisadi Birliyi ilə inteqrasiyaya tərəfdar olduğunu bildirmişdi.

İkinci Qarabağ müharibəsi zamanı Rusiyadan arzuladığı dəstəyi ala bilməyən Ermənistanda Moskvaya yönəlik ciddi xəyal qırıqlığı da var. Bir çoxları hətta Ermənistanın düşdüyü vəziyyətin əsas səbəbkarı olaraq Rusiyanı göstərirlər. Bu mövqedə olanların ittihamlarını zərərsizləşdirmək, erməniləri Rusiya ilə dərin inteqrasiyaya yönləndirmək üçün Vanetsyan və Köçəryan qrupu Ermənistan cəmiyyətinə qorxu təlqin edirlər.



Baş nazir Nikol Paşinyana qarşı vahid cəbhədə birləşən qüvvələrin hökumətin rəhbəri postuna namizədi Vazgen Manukyan da Vanetsyan və Köçəryan qrupunun fikirlərini təlqin etməklə məşğuldur. Ermənistanın siyasi səhnəsində baş verənləri diqqətlə izlədikdə aydın görünür ki, müxalifət iqtidara gələcəyi halda 74 yaşlı Vazgen Manukyan formal olaraq baş nazir olacaq. Yeni hakimiyyətdə əsas söz sahibi Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan olacaq. Vanetsyan Rusiya hakimiyyətində "qırğılar qrupu" kimi tanınan Patruşev-Bortnikov cütlüyünə yaxın şəxs hesab olunur.

Ermənistanın Rusiya ilə dərin inteqrasiyası İrəvanın müstəqilliyini tamamilə itirməsilə nəticələnəcək. Məlumdur ki, hazırda Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistanın dövlət sərhədlərinə də Rusiya sərhədçiləri nəzarət edir. Vanetsyan və Köçəryan qrupunun təklif etdikləri dərin inteqrasiya isə milli valyutadan və müstəqil xarici siyasətdən imtinaya səbəb olacaq. Məlum olduğu kimi, hazırda Rusiya ilə Belarus arasında daha dərin inteqrasiya ilə bağlı danışıqlar gedir. Bu danışıqlarla bağlı yayılan məlumatlara görə, Moskva Minskdən milli valyutadan və müstəqil xarici siyasət aparmaqdan imtina etməyi tələb edir. Moskvanın İrəvandan istəyi də bundan fərqlənməyəcək. Minskdə hər kəs anlayır ki, bu şərtlərin qəbulu Belarusun müstəqilliyinin sonu olacaq. Hələlik Belarus cəmiyyəti Moskvanın bu təklifini qəbul etmək istəmir. Belarusun qəbul etmədiyi bu təkliflərə Ermənistan cəmiyyətinin müqavimət göstərmək gücü yoxdur. Çünki Vanetsyan və Köçəryan qrupunun təklifinə müqavimət göstərənlərin səsi çox zəif eşidilir.

Vanetsyan və Köçəryan qrupunun Rusiya ilə daha dərin inteqrasiya təklifləri həyata keçəcəyi halda Ermənistan Rusiyanın vassalından vilayətinə çevriləcək. Bu isə regionda yeni geosiyasi vəziyyət yaratmış olacaq.

 





09.12.2020    çap et  çap et