525.Az

"Qələbəmizdə milli həmrəylik və birlik mühüm rol oynadı" - Müsahibə


 

QULAMHÜSEYN ƏLİBƏYLİ: "BU GÜN ƏLDƏ ETDİYİMİZ NƏTİCƏLƏRDƏ ƏDALƏT VƏLİYEVİN ROLU DANILMAZDIR”

"Qələbəmizdə milli həmrəylik və birlik mühüm rol oynadı" - <b style="color:red">Müsahibə  </b>

"Siyasi dialoq" rubrikasının növbəti müsahibi Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylidir.

- Qulamhüseyn bəy, artıq bir ildir,  Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunveriçilik hakimiyyətilə iş şöbəsinin  müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşüb, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, cəmiyyət üçün bu dialoq hansı əhəmiyyət daşıyır?

- Hakimiyyt təmsilçilərinin müxalifət mövqeyində olan siyasi partiyaların liderləri ilə görüşləri, fikir mabadiləsi aparması bir neçə baxımdan əhəmiyyətlidir. Birincici, bu cür görüşlərdə hakimiyyət təmsilçiləri ayrı-ayrı siyasi partiyaları narahat edən məsələlərin dairəsini dəqiqləşdirib, ümumiləşdirmək imkanına malik olurlar. İkincisi, belə görüşlərdə müxtəlif problemlərin həllinə dair siyasi partiya liderlərinin fikir və təklifləri dinlənilir, həmin problemlərin həlli üçün daha optimal variant tapıla bilir. Üçüncüsü, belə fikir mübadilələri zamanı hakimiyyətlə müxtəlif yönümlü siyasi qüvvələr arasında ümummilli xarakterli ayrı-ayrı məsələlərə dair ortaq məqamlar tapılır və həmin ümummilli məsələlərin həllində səyləri birləşdirmək, siyasi partiyaların potensialından daha səmərəli yararlanmaq şansı yaranır. Partiyalar siyasi cəhətdən fəal əhalinin müxtəlif kəsimlərini birləşdirdikəri üçün, belə fikir mübadilələri bütövlükdə cəmiyyəti narahat edən problemləri müəyyənləşdirmək və hakimiyyətin siyasətində korrektə etmək baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, cəmiyyətdə iqtidar-müxalifət arasında qarşıdurma əvəzinə, dialoq mühitinin formalaşması qanuna əsaslanan sabitliyin bərqərar olmasına və dayınıqlı inkişaf üçün şəraitin yaranmasına xidmət edən sosial-siyasi  amildir. Kütləvi informasiya vasitələrində bir-birini inkar etmək dərəcəsinə qalxan kəskin ritorika cəmiyyətə heç bir xeyir vermir. Əksinə, üzbəüz oturub söhbət etmək, mükalimə aparmaq  cəmiyyət üçün daha əhəmiyyətlidir.

- İqtidar-müxalifət dialoqunda ötən 1 il ərzində hansı nəticələrə nail olunub? Ümumiyyətlə, nəticələrdən danışmaq mümkündürmü?

- Ötən bir il ərzində müəyyən nəticələrə nail olunması artıq reallıqdır və bu barədə danışmaq olar. Hesab edirəm ki, hakimiyyətlə müxalifət partiyaları arasındakı soyuq münasibətin, kəskin ritorikanın dialoq mühiti ilə əvəz olunması özü mühüm nəticədir. Dövlət qeydiyyatı illərlə süründürməçiliyə salınan siyasi partiyaların qeydiyyat məsələsinin həlli, qanunvericilik hakimiyyətinin fəaliyyətinin təşkilinə parlament azlığının cəlb olunması, ümummili məsələlərin həllində siyasi partiyaların mövqeyinin nəzərə alınmağa başlanılması, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində milli həmrəylik və birliyin formalaşması, Vətən müharibəsinin gedişində siyasi partiyaların müxalifətçilik fəaliyyətini müvəqqəti dayandıraraq dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanında duraraq işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün öz imkanları daxilində edə biləcəklərini etmələri də ötən bir ilin əhəmiyyətli nəticələri sırasına aid edilməlidir.

- Sizin rəhbərlik etdiyiniz partiya bu dialoq çərçivəsində hansı təklifləri irəli sürüb və onlara münasibət necə olub?

- Aydınlar Partiyası bu görüşlərdə müxtəlif problemləri əhatə edən bir sıra təkliflər irəli sürüb. Bu təkliflər ilk növbədə ümummilli məsələlərə partiyamızın münasibəti ilə əlaqədardır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, korrupsiyaya,  koronavirus pandemiyasına qarşı mübarizə belə ümummilli məsələlər sırasındadar. Təkliflərimizin ikinci hissəsi siyasi və hüquqi islahatların sürətləndirilməsi ilə bağlıdır. Burada Milli Məclisin işinin real çoxpartiyalılıq əsasında qurulması, icra hakimiyyəti üzərində real parlament nəzarətinin təşkili, eyni zamanda, ölkənin siyasi həyatında partiyaların rolunun və təsirinin gücləndirilməsı, yəni siyasi partiyalarla dialoq və müzakirələrin mütəmadi xarakter daşıması, partiyaların qeydiyyatının sadələşdirilməsi, siyasi partiyaların dövlətin nəzarəti altında olan KİV-ə çıxışı, partiyaların dövlət maliyyələşdirilməsinin yeni mexanizminin müəyyən olunması, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarının rəqabət aparan siyasi qüvvələrin qarşılıqlı etimadı əsasında formalaşdırılması, bələdiyyələrin rolunun və səlahiyyələrinin artırılması və s. var.  Əlbəttə, bu təkliflərin dərhal həyata keçiriləcəyini düşünmək sadəlövhlük olardı. Amma bəzi təkliflərimiz artıq gerçəkləşib:  parlament azlığının nümayəndələri Milli Məclisin, onun komitələrinin rəhbərliyində təmsil olunublar, siyasi partiyalarla mütəmadi dialoq və müzakirələr keçirilir, bir neçə siyasi partiya artıq dövlət qeydiyyatına alınıb, partiyaların dövlətin nəzarətində olan KİV-ə çıxış imkanı təmin olunub və s.

- Biz hələ cəbhədə düşmənin iyul təxribatı zamanı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların vahid  mövqedən çıxış etdiyini gördük. Vətən müharibəsində bu birlik daha da möhkəmləndi. Sizcə, ölkəmizin döyüş meydanında əldə etdiyi uğurlarda bu həmrəylik nə dərəcədə rol oynayır?

- Düşmənin iyul təxribatı zamanı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, ayrı-ayrı vətəndaşlarımızın  vahid  mövqedən çıxış etmələri həm düşmənə, həm də Azərbaycanı sevməyən digər ölkələrə bir xəbərdarlıq idi. Bu xəbərdarlıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, Ermənistanın təcavüzünü dəf edərək, işğal olunmuş torpaqlarımızın azad edilməsi məsələsində siyasi mövqeyindən və hakimiyyətdə və iqtidarda olanlara münasibətindən asılı olmayaraq bütün siyasi qüvvələrinin Azərbaycan dövlətinin yanında olacağına dair mesaj idi. Təcavüz aktları ilə siyasi qüvvələr arasında nifaq salacağına  və yeni ərazilər işğal edəcəyinə ümid edən düşmən bu xəbərdarlığın mahiyyətini başa düşə bilmədiyində yeni təxribatlara əl atdı və layiqli cavabını alaraq məğlub oldu. İşğalçılar üzərində bu qələbəmizin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin, onun Ali Baş Komandanının qətiyyəti, döyüşən əsgərlərimizin və zabitlərimizin rolu əvəzsizdir. İşğal olunmuş ərazilərimizin azad olunması naminə canından keçən hərbçilərimizin rühü qarşısında hamımız baş əyirik.

Qələbəmizdə milli həmrəylik və birlik də mühüm rol oynadı. Vətən müharibəsi başlanandan dərhal sonra fəaliyyətdə olan 52 siyasi partiyadan 50-si Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin və onun Ali Baş Komandanının yanında olduqlarını, müxalifətçilik fəaliyyətini müvəqqəti dayandıraraq işğal olunmuş ərazilərimizin azad edilməsinə imkanları daxilində hər cür köməklik etməyə hazır olduqlarını bildirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də milli həmrəylik və birliyin qələbəmiz üçün önəmli əhəmiyyətini qeyd edib.

- İki partiya dialoqda iştirak etmir - AXCP və Müsavat. Onların bu mövqeləri dialoq prosesinə hər hansı təsir edirmi?

- Əslində, adları çəkilən hər 2 partiya dialoqdan birbaşa imtina etdiyini bildirməyib, müəyyən şərtlər irəli sürüb. AXCP dialoqun formatına dair hakimiyyətin qəbul etməyəcəyi qabaqcadan məlum olan şərtlər, Müsavat partiyası isə görüşün yerinə dair şərt irəli sürüb. Qeyd etdiyim kimi, hər iki partiyanın o zaman irəli sürdüyü şərtlərin hakimiyyət tərəfindən qəbul edilməyəcəyi qabaqcadan məlum idi və bu şərtlərin irəli sürülməsini dolayısı ilə dialoqdan imtina kimi qiymətləndirmək olar. Bu, həmin partiyaların mövqeyi idi və siyasi etika baxımından buna qiymət verməyimi düzgün hesab etmirəm. Düzdür, Müsavat partiyası Vətən müharibəsi gedişində öz fəaliyyətində korrektə edərək 50 siyasi partiyanın bəyanatına qoşuldu və bununla da faktiki olaraq dialoq prosesində iştirak etdi. Hesab edirəm ki, bu 2 partiyanın ilk dövrlərdə iştirak etməməsi dialoq prosesinin inkişafına və cəmiyyətdə dialoq mühitinin formalaşmasına ciddi təsir göstərən amil olmadı.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz?

- Hesab edirəm ki, bugünkü şəraitdə dialoq prosesinin alternativi yoxdur.  İşğal olunmuş ərazilərimiz azad olunsa da, dövlətimizin və cəmiyyətimizin hələ görəcəyi çoxlu işlərimiz var. Hərbi qələbəmizi diplomatik cəhətdən tam və mübahisəsiz təmin etmək, işğalın nəticələrini və işğalçıların vurduğu ziyanları aradan qaldırmaq, azad olunmuş ərazilərimizi abadlaşdırmaq, dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq, məcburi köçkün olan vətəndaşlarımızın öz torpaqlarına qayıdaraq normal yaşayışını təmin etmək hələ bir neçə il çəkəcək. Bu prosesdə hakimiyyətlə müxalifət, siyasi partiyalar arasındakı münasibətlərin dialoqdan əvvəlki səviyyəyə qayıdışı yolverilməzdir, dövlətimizin və xalqımızın qarşısında duran çətin vəzifələrin uğurla yerinə yetirilməsinə mənfi təsir göstərər. Ona görə də milli həmrəyliyin və birliyin Vətən müharibəsi gedişində formalaşmış modelini qoruyub saxlamaq və daha da möhkəmləndirmək zəruridir. Buna isə dialoq prosesini davamlı olmaqla daha inkişaf etdirmək yolu ilə nail oluna bilər.

- Yeri gəlmişkən, bu dialoq dövlət başçısının tapşırığı ilə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi tərəfindən aparılır. Şöbə artıq bir ildir ki, fəaliyyət göstərir. Bir ildə görülən işləri necə qiymətləndirmək olar? Xatırlatmaq lazımdır ki, daha əvvəl də dialoq adına görüşlər  aparılırdı...

- Bəli, əvvəllər də bir neçə dəfə, sonuncu dəfə 2015-ci ildə siyasi partiya liderləri ilə hakimiyyət təmsilçilərinin bir neçə görüşü olub. Lakin bu görüşlər siyasi partiyaların hamısını əhatə etməyib və nəticəsiz olub. Sonra isə hakimiyyət təmsilçiləri tərəfindən dayandırılıb. Lakin bir il əvvəl Prezident Administrasiyasının strukturu yenidən təşkil edildi və yeni bir qurum - Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yaradıldı. Bu qurumun yaradılması ölkənin siyasi rəhbərliyinin siyasi partiyalara verdiyi önəmin göstəricisi hesab oluna bilər. Düşünürəm ki, yeni şöbə formalaşandan dərhal sonra hakimiyyətlə siyasi partiyalar arasındakı münasibətlərə yeni yanaşma ortaya qoydu. Həmin şöbənin müdiri Ədalət Vəliyevin ölkədə fəaliyyət göstərən müxtəlif yönümlü siyasi patiyaların liderləri ilə ardıcıl görüşlərini yeni yanaşmanın ilk addımları kimi qiymətləndirmək olar. Bu gün əldə etdiyimiz nəticələrdə - hakimiyyətlə siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında, təcavüzkara qarşı Vətən müharibəsində milli birlik və həmrəyliyin formalaşmasında, cəmiyyətin siyasi həyatında baş verən dəyişikliklərdə Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin və onun müdiri Ədalət Vəliyevin rolu danılmazdır. Ümid etmək istəyirəm ki, Ədalət Vəliyev bundan sonra da cəmiyyətimizdə formalaşmış milli həmrəyliyi və birliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək istiqamətində öz səmərəli fəaliyyətlərini davam etdirəcək.

PƏRVANƏ

 





09.12.2020    çap et  çap et