525.Az

Qəhrəman doğulmurlar, qəhrəman olurlar...


 

Qəhrəman doğulmurlar, qəhrəman olurlar... <b style="color:red"></b>

Maarif Rahim oğlu Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub. Maarifin ata nənəsi Əzbər xala əslən bizim Bığır kəndindəndir, həm də mənim qohumdur. Ata babası, adını daşıdığı mərhum Maarif əmi isə əslən Şamaxı rayonunun Göylər kəndindən idi. Taleyin qisməti ilə sonradan köçüb Göyçay rayonuna gəlmiş, Əzbər xala ilə ailə həyatı qurmuşdu.

Mən Maarif Həsənovun atası Rahim Həsənovla 1989-1991-ci illərdə keçmiş Sovet ordusunda birgə həqiqi hərbi xidmətdə olmuşuq. Həmin vaxtlar Kostroma şəhərindəki 1928 nömrəli fərdi inşaat-texniki batalyonunda hərbi xidmət edən 12 azərbaycanlının 4-ü Göyçay rayonundan idi - mən, Rahim Həsənov, İlham Həsənov, Həsən Allahyarov. Həmin dövrdə Sovet İttifaqının dağılma prosesi başlamış, millətçilik geniş yayılmışdı. Belə ağır, çətin, mürəkkəb və ziddiyyətli bir dövrdə biz 4 göyçaylı bir-birimizə bacardığımız köməkliyi göstərir, bir-birimizi mümkün qədər qorumağa çalışır, bir tikə çörəyimizi yarı bölürdük. Rahimin anası bığırlı olduğu üçün onunla xüsusi münasibətimiz vardı, çox mehriban idik. Allaha çox şükürlər olsun ki, hamımız sağ-salamat Azərbaycana qayıtdıq və bu gün də yoldaşlıq, dostluq edir, səmimi, mehriban münasibətimizi davam etdiririk.

Rahimin oğlu Maarif bu il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Vətən müharibəsinə yollandı. Onu da bildirim ki, Maarif təxminən 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı. Babası, atası, əmiləri kimi ürəkli, cəsarətli bir oğul idi. Oktyabr ayının 12-dən Maarifdən bir xəbər yox idi. Demək olar ki, hər gün atası Rahimlə telefonla əlaqə saxlayır, bütün mümkün vasitələrlə Maarifilə bağlı dəqiq bir məlumat almağa çalışırdıq. Hamımız həyəcan, narahatçılıq, üzüntü içində idik. Nəhayət, düz 35 gündən sonra Maarifin Ağdərə uğrunda gedən döyüşlərdə igidliklə şəhid olması xəbərini aldıq. Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, həlak olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Sonradan hərbi xəstəxanada müalicə olunarkən Maarifin valideynlərinə zəng edərək Maarifin onun həyatını xilas etdiyini bildirir və belə igid, qeyrətli, vətənpərvər oğul böyütdüklərinə görə onlara ürəkdən təşəkkür edir.

Maarif Həsənov Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.

Belə bir müdrik deyim var, qəhrəman doğulmurlar, qəhrəman olurlar! Həqiqətən, çox real və ibrətamiz deyimdir. Göyçayın qəhrəman şəhid oğlu Maarif Həsənovun mərd, cəsur və cəsarətli hərəkəti bu müdrik deyimi bir daha təsdiqlədi.

Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin! Uca Yaradandan valideynlərinə, bütün əzizlərinə, yaxınlarına səbir, dözüm diləyirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Mənsur İBRAHİMOV

 





10.12.2020    çap et  çap et