Qarabəniz, bənizi gündən daha da qaralmış, yaraqlı-yasaqlı əsgər çiynində iriçaplı "Bora" snayper tüfəngi, toqqasında süngü gülər üzlə növbəti döyüşdən qayıdır. Qalib qayıtdığı çöhrəsindəki gülüşdən də bəllidir. Ətrafda döyüş yoldaşları onu alqışlayır və "dağlar oğlu"nun ünvanına xoş sözlər deyirlər. Müxtəlif kontentlərdə sürətlə yayılan bu qısa videosüjeti təkrar-təkrar seyr etmişdim.
Bir gün də həmin videosüjetin şərhində adı Əsgər olan bu igidin ağır döyüşlərin birində ağır yaralanaraq, yalnız möcüzə nəticəsində sağ qaldığını oxudum. Elə həmin anda qərara gəldim ki, onunla görüşüb, döyüş xatirələrini qeydə alım.
Əsgərlə hospitaldan çıxandan sonra görüşdük. Söhbətindən diqqət ayırmaq mümkün deyildi. Danışdıqları əsl qəhrəmanlıq hekayəti idi.
...Müdafiə Nazirliyinin gizir hazırlığı kursunu bitirən Əsgər Hüseynova 2016-cı ildə Aprel döyüşlərində iştirak etmək qismət olmur. Onun hərbi hissəsi ikinci eşalonda olduğundan döyüşə girmir. Bundan sonra ordumuzun tərkibində həmlə taboru yaratmağa qərar verilir. Əsgər təkidlə həmin taborda qulluq etmək istəyini bildirir və xüsusi döyüş qabiliyyəti tələb edən sınaqlardan sonra, tabora qəbul edilir.
- İki il orada xidmət etdim, - deyə Əsgər sözünə davam edir. Amma tale elə gətirdi ki, səhhətimdə müəyyən problem yarandı və mən yenidən əvvəllər xidmət etdiyim hərbi hissəyə qayıtdım. Lakin atalar demiş, "niyyətin haradırsa, mənzilin də ora olacaq". Sentyabrın 27-də hərbi hissəmizlə birlikdə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərin ən qaynar nöqtələrində xüsusi döyüş tapşırıqlarının icrasına başladım.
Sentyabrın 27-də Əsgər Füzuli istiqamətində gedən çox ağır döyüşlərə qatılır.
- Ən ağır döyüşümüz Hadrutdan Xankəndi istiqamətinə gedəndə baş verdi, - deyə gizir sözünə davam edir. - Taborumuz növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Hadrutun içindən keçib Xankəndi tərəfə istiqamət götürdü. Tabor komandirinin tapşırığı ilə rabitə vasitələrini götürüb öz qrupumla 1 saylı minaatanlar batareyasının maşınların arxasıycan yola çıxdıq. Rayonun ərazisindən çıxıb körpüyə çatırdıq. Sübh çağı idi. Bir neçə yüz metr getmişdik ki, sağ və sol tərəfdən bizi aramsız atəşə tutdular. Snayper silahımı alıb bir göz qırpımında maşından yerə atılıb uzandım. Müşahidə aparıb vəziyyəti qiymətləndirmək istəyirdim. Düşmənin atəş nöqtələrini tapmaq və onları susdurmaq lazım idi ki, maşınlar keçsin. Əvvəl elə bildim ki, sağ tərəfdən atəş açan bizim əsgərlərimizdir. Sonra dəqiqləşdirdim ki, hər iki tərəfdən ermənilər atır. Maşınların dördünü qabağa buraxdım. Val deyilən bir yer vardı (atəş tutmayan ərazi olduğu üçün ölü sahə deyillər hərbi dildə), onlara sürətlə ora sürməyə işarə etdim. Maşınlardan biri keçə bilmədi və yolun ortasındaca saxladı. Ondan sonra gələn sursat maşını da atəş altına düşəcəkdi. Yaxınlıqda bir meşəlik görmüşdüm və dərhal sursat maşınının sürücüsünə maşını ora sürməyi işarə etdim. Əgər onu vursaydılar, hamımız ordaca məhv ola bilərdik. Maşın meşəliyə girdi. Yolun ortasında tək uzanmışdım. Alatoran olduğu üçün yəqin ki, məni görməmişdilər. Çevik hərəkətlərlə yolun kənarındakı cəngəlliyə, oradan da meşəyə, döyüşçülərimizin getdiyi istiqamətə getdim.
... İkinci minaatan batareyanın üzvlərindən 18 nəfəri toplaşıb vəziyyətdən çıxış yolu axtarırdı. Biz mühasirədə idik. Artıq bir hərəkət bizim məhvimizə səbəb ola bilərdi. Döyüşçüləri düşmənin ağlına gəlməyən çayiçi cəngəllik yollarla körpünün altından bir-bir keçirib itkisiz mühasirədən çıxartdım və dağın arxa döşündə köhnə qəbiristanlıqda təhlükəsiz mövqedə yerləşdirdim...
İki təpənin arasında dayanan döyüşçülərinsə tam mühasirəyə düşmək təhlükəsi vardı. Köməyə qüvvə çağırmaq üçün Əsgərə rabitə vasitəsi lazım idi. Özünü bir an belə itirməyən gizir snayperin nişangahı ilə müşahidəyə başlayır və onların arxa tərəfindəki dağın döşündə tərpəniş diqqətini çəkir. Özü ilə iki əsgər götürüb hərəkət gördüyü yerə yaxınlaşır. Hərbi hissənin nömrəsini ucadan deyə-deyə onlara yaxınlaşır.
- Şükür, özümüzkilər idi, - deyə gizir Hüseynov sanki hansısa döyüş filmindən bəhs edirdi. - Onların rabitəsindən istifadə edib hərbi hissə komandiri ilə əlaqə yaratmaq istədim. Rabitəyə korpus komandiri - general çıxdı. Dərhal məni yanına çağırdı. Vəziyyəti məruzə etdim. Mühasirəyə düşmək təhlükəsində olan döyüşçülərimizi vəziyyətdən çıxarmaq üçün erməni qüvvələrinin mövqelərinə artileriya və minaatanlardan zərbələr endirməyə göstəriş verdi.
Əsgər qərara gəlir ki, vaxt itirmədən özü də döyüş yoldaşlarının köməyinə getsin. Generaldan icazə alıb yenidən gəldikləri istiqamətdə, mühasirədən qurtaran döyüşçülərin yanına qayıdır. Öz qrupundan 4 nəfəri - Lerik rayonunun Kəlvəz kəndindən olan Məmmədzadə İman və Bəhrəm qardaşlarını, manqa komandiri Lənkəran şəhərindən olan Təhməzzadə Mirhəsəni və Yardımlı rayonundan olan İmanlı İlkini götürüb ermənilərin mövqelərinə tərəf hərəkət edir.
Əsgər sanki indicə döyüşdəykən hər hərəkəti xırdalıqlarına qədər danışır:
- Özüm tək nişangahçı kimi başqa təpədə mövqe seçdim. Onların da hər birini özümlə üzbəüz ayrı-ayrı mövqelərdə yerləşdirdim və tapşırdım ki, mən iz buraxan güllə ilə atəş açıb düşmənin mövqelərini nişan verməyənə qədər atəş açmasınlar. Snayperlə müşahidə aparıb düşmən mövqelərin öyrənir və iz buraxan güllə ilə hara atəş açmağı onlara nişan verirdim. Bu yolla düşmənin bütün diqqətini özümüzə cəlb etdik. Qrupun döyüşçülərini elə yerləşdirmişdim ki, sanki ermənilərlə kompelktləşdirilmiş bir taborumuz döyüşürdü. Döyüşçülərim göz qırpmadan düşmənin mövqelərini atəş altında saxlayır, onlara başlarını qaldırmağa aman vermirdik. Uşaqlar tez-tez mövqelərini dəyişirdilər ki, atəşə tuş gəlməsinlər. Mühasirədə olanlara tapşırıq verdim ki, maşınları tək-tək sürətlə geri sürüb olduqları yerdən uzaqlaşsınlar. Beləcə, hardasa 34 nəfər şəxsi heyəti də (18 nəfərlə bir yerdə 52 döyüşçümüzü), mühasirədən xilas edə bildik.
Əsgər qrupu ilə yanaşı, daha iki qrup Xankəndi istiqamətindəki Qırmızı Bazar strateji məntəqəsinin ətrafındakı müəyyən yüksəklikləri tez bir zamanda ələ keçirmək tapşırığı alır. Son dərəcə ağır tapşırıq idi. Müəyyən məntəqələrə qədər yolu avtomobillə qət etdikdən sonra piyada yürüşə başlayırlar.
Əsgər deyir:
- Faktiki olaraq düşmən arxasına keçməli idik. İki gün yol qət etdik. Vəziyyətə və şəraitə uyğun olaraq gah gecə, gah da gündüz yola çıxırdıq. Üçüncü gün səhər tapşırılan yüksəkliklərin ətəklərinə çatdıq. Tapşırığı bir də tam dəqiqləşdirib qruplara bölündük. Bu dəfə qrupumuzda 13 döyüşçü var idi. Bir çoxları bizə könüllü qoşulmuşdu. Mən gizir kimi qrup komandiri idim. Əlavə olaraq idarə heyətindən tabor komandirinin birinci müavini, əslən Lerik rayonunun Xəlifəkücə kəndindən olan kapitan Cəlil Cavadovu da bizimlə göndərdilər. O, şəxsən özü bizə rəhbərlik edirdi. Necə olmuşdusa, düşmən izimizə düşə bilmişdi. Qrupumuz qəfil pusquya düşdü.
Pusquya düşdüyümüzü başa düşsək də, əlimizi-qolumuzu sallayıb baxmadıq. Bəlkə həmin gün həyatımızın ən amansız döyüşünə başladıq. Qüvvələr bərabər deyildi. Özümüzdən 4 dəfə çox, 14 nəfər 50-60 erməni əsgərinə qarşı döyüşürdük.
Sonra da sanki sağ qalmasına acığı tutubmuş kimi deyir:
- Buna baxmayaraq, döyüş meydanında 11 şəhid, mən və daha iki yaralı qaldıq.
Səhər saat 1-2 radələrində Əsgər əvvəl dabanından yaralanır. Qan itirməsin deyə tibbi "jqutla" topuğundan yuxarını bağlayır və yenə döyüşə davam edir. Əsgərlər aslan kimi döyüşür, düşmənə göz açmağa aman vermirlər. Bir saat keçməmiş gizir Əsgər Hüseynov bu dəfə sol ayağından, dizdən aşağı dörd güllə yarası alır. Artıq üstündə "jqut" olmadığı üçün sukeçirməyən əsgər plaşı kürəyindən asdığı iplə ayağını dizdən yuxarı bərk-bərk bağlayır.
- Mövqeyimizdən açılan atəş səsləri səngidikcə hiss edirdim ki, itkilərimiz artır, - deyə Əsgər dərindən ah çəkib söhbətinə davam edir. - Yanımdakı döyüş yoldaşlarımdan biri ağır yaralanmışdı. Ona daha bir güllə dəyməsin deyə özümü onun üstünə atdım. Elə bu məqamda sol tərəfimdən sanki qolumu baltayla çapdılar. Son dərəcə kəskin ağrıdan 20-25 dəqiqə şok yaşadım. Başımı torpağa sıxıb keyimiş, hərəkətsiz vəziyyətdə qaldım. Hiss edirdim ki, sol qolum var, amma onu tərpədə bilmirdim. Qolumu sağa hərəkət etdirmək istəyəndə qolum yerdən qalxmadı. Baxdım ki, qolumun bazi sümüyü çilik-çilik olub, əzələlər parçalanıb. Bircə nazik sümük və vətərlər qalıb.
Uzandığım yerdən tərpənmədim. Artıq mənə snayperdən atəş açıldığını və snayperin müşahidəsində olduğumu hiss etmişdim. 3-4 saatlıq döyüşdən sonra yoldaşlarımın əksəriyyətinin şəhid olmasına baxmayaraq, 4 saata yaxın ermənilər bizə yaxın düşməyə cəsarət etmədilər.
Ermənilər qrupun olduğu mövqeyə yaxınlaşmamışdan Əsgər sinif yoldaşı və dostu Elton Ağayevə zəng vurub, mövqelərinin koordinatlarını bildirir. Sonra da ağır yaralandığını, buradan çıxmaq ehtimalının çox az olduğunu deyib vəsiyyət edir ki, şəhid olsa, haçansa onun meyitini buradan götürə bilsələr, onu anasının məzarının yanında dəfn etsinlər...
Əsgər deyir:
- Axşama ermənilərin danışıqlarını aydın eşitməyə başlayanda başa düşdüm ki, bizə tərəf gəlirlər. Üstümdəki tapançamı çıxarıb sağ böyrümün altına qoydum. Qumbaranı sağ əlimə götürüb, baş barmağımı həlqəsinə keçirib altıma çəkdim. Sağ böyrüm üstünə uzanmışdım, sol qolum qırılıb arxa tərəfimə düşmüşdü. Bütün pal-paltarım qan içindəydi. Ayaq səsləri daha da yaxından gəlməyə başladı. Qəlbimdə Allaha üz tutub özümü ölülüyə vurdum. Əsir düşməyi ağlımın ucundan belə keçirmirdim. Bu vəziyyətdə onlar məni heç əsir də götürməyəcək və işgəncə ilə öldürəcəkdilər.
Yaxınlaşıb şəhidlərimizi və məni bir neçə dəfə təpiklədilər ki, öldüyümüzə əmin olsunlar. Nə möcüzə idisə, kontrol atışı etmədilər. Sonra silahlarımızı yığışdırıb öz səngərlərinə tərəf yollandılar. Bir qədər aralanandan sonra onlardan biri təkrar geri qayıtdı və birbaşa mənə tərəf gəldi. Elə zənn etdim ki, mənim sağ olduğumdan duyuq düşüb. Baş barmağımın ovucumdakı qumbaranın həlqəsində olduğunu bir də yoxladım ki, buna cəhd etsə onu da, özümlə bir yerdə partladım. Əl atıb üstümdəki qarşımda düşmüş plaşı götürdü və çıxıb getdi. Amma bu, hələ mənim xilasım deyildi...
Ermənilər gedəndən sonra Əsgər iki saata yaxın ətrafı sakitcə müşahidə edir. Bir-bir yoldaşlarına yaxınlaşıb astadan adlarını çağırıb tərpədir, nəbzlərini tutur. Yox, onlar çoxdan haqq dünyasına qovuşub şərəfli zirvəyə ucalmışdılar. Əsgər özünü toparlayıb bir-iki cəhddən sonra birtəhər ayağa qalxır. Canını dişinə tutub ayaqlarını sürüyə-sürüyə Azərbaycan Ordusunun yerləşdiyi mövqelərə doğru irəliləməyə başlayır. 5-6 kilometr yol qət edərək özünü birliyə çatdıra bilir...
Bu Qələbədən sonra planlarını soruşanda sadəcə əlinə işarə edib deyir:
- Tez sağalıb hərbi hissəmizə qayıtmaq, Vətənə xidmətimi davam etdirmək istəyirəm.
İlqar RÜSTƏMOV
Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur