525.Az

Mədəniyyətlərin çöküşü - Natəvan Abdulladan yeni yazı


 

RƏQƏMSAL FAŞİZM, KÖLƏLİK, TRANSHUMANİZM VƏ BİR TİPLİ İNSAN

Mədəniyyətlərin çöküşü - <b style="color:red">Natəvan Abdulladan yeni yazı</b>

Texnologiya insanın həyat tərzinin asanlaşdırılmasına və insan ömrünün uzanmasına xidmət göstərmək məqsədilə inkişaf etdirilir. İnternet də eynilə insana xidmət edən önəmli kəşflərdən biridir. Amma dünya üçün yararlı olan kəşflərin nədənsə öz məqsədindən yayınıb çox təhlükəli silahlara çevrilmək kimi bir xüsusiyyəti də var. Atomun parçalanması, nüvə kimi, internet də insanlığı məhv edə biləcək silaha çevrilməkdədir.

"İnsanı bir ad və ya bir rəqəmdən ibarət görən rəqəmsallaşmanın sonu faşizmdir. Biz hər zaman bu rəqəmsal faşizmə qarşı mübarizə aparmalıyıq". Bu sözləri çıxışlarının birində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin  işlətdiyi "rəqəmsal faşizm" ifadəsi türk mətbuatının da diqqətini bu istiqamətə yönəltmişdi. Səksən milyonluq bir ölkənin prezidenti "rəqəmsal faşizm"in dünyanın və xalqların gələcəyi üçün təhlükə olduğunu dilə gətirirsə, deməli, bu məsələ üzərinə düşünməkdə fayda var.

Rəqəmsal faşizm

Əsrlərdir, xüsusilə də etnik, dini, sosial və siyasi sahələrdə özünü göstərən faşizm, son illərdə internet və sosial şəbəkələrdə də ortaya çıxmağa başlayıb. Beləcə, faşizmin yeni, ən "müasir" modeli, "rəqəmsal faşizm" anlayışı da istər-istəməz gündəmə daxil oldu. Rəqəmsal faşizm son illərdə kütlələrə təsir göstərmək, onları manipulyasiya etmək üçün istifadə olunan ən qorxulu üsuldur. Bəs nədir bu rəqəmsal faşizm? Bunu anlamaq üçün əvvəlcə faşizmin nə olduğunu ən sadə formada bilməliyik. Faşizm - əgər bir irqin hakimiyyəti, başqa irqlərin də həmin irqin diktəsi ilə yaşaması deməkdirsə, rəqəmsal faşizm də informasiya aldığımız mənbələrdən bəzi qüvvələrin bizə qəbul etdirmək istədikləri fikirləri bu və ya digər formada hər gün diktə etmələri deməkdir. Nəzrə alsaq ki, bu gün sosial şəbəkələr, elektron platformalari nsanlara neyləməli olduqlarını diktə etməyə başlayıb, onda artıq bu sistemin rejimə çevrildiyini etiraf etməkdən başqa çarə qalmır.
 
Rəqəmsal köləlik transhumanizmin başlanğıcı

Son illərdə daha çox gündəmə gələn və dərindən nəzər yetirdikdə insanı dəhşətə gətirən ifadələrdən biri də transhumanizmdir. Transhumanizmçilər yeni tip insanın yaradımasını hədəfləyir. O insan ki, nə öz milli mənliyi, nə milli dəyərləri olacaq. O insan ki, texnologiyaya bağlı, sosial şəbəkələrdə ona diktə olunan düşüncələri mənimsəyən dünya insanı modelinə çevriləcək. Əslində, transhumanizm anlayışı çox genişdir və onun içində nə din, nə irq, nə də cins anlayışlarına yer var.

Ümumilikdə transhumanizimin də başlanğıcında rəqəmsal faşizm dayanır. Burada bütün anlayışlar, dəyərlər və ideologiyalar bir mərkəzdən sosial şəbəkələr vasitəsiylə insanlara daim diktə edilir. Kütlə bu fikirlərin təsiri ilə hərəkətə gətirilir və idarə olunur. Ölkələrdə məqsədli şəkildə xaos yaradılması, daxili çəkişmələrin düşməsi də məhz bu sistemin məhsulu sayılır.

Çoxları ehtimal edir ki, bu gün dünyada artıq yeni insan tipinin formalaşdırılmasına start verilib. Bu proses qida, dərman və elektronik dəstəklə həyata keçirilir. Transuman anlayışı geniş mənada, fiziki və idrak qabiliyyəti yüksək, yaşlanma və xəstələnmə baxımından bədən müqaviməti güclü olan, beyni kopyalana bilən və beyninə istənilən informasiyanı kopyalamağın mümkün olduğu, interseksual, ən yüksək səviyyədə bilgi, interaktivlik və rasionallığa malik insan modelidir. O insan ki, əvvəlcə rəqəmsal kölələrə çevrilməli, öz milli kimlik və mənlik şüurunu itirməlidir ki, yeni bir insan modelinə - transhumana təkamülə çatdırıla bilsin. Əgər hazırda dünyada gedən bəzi prosesləri müşahidə etsək, insanların transhumanlaşma mərhələsinə keçməsinin başlanğıcını görə bilərik.

Beləcə, insanların beyin olaraq kölələşdirilməsi çağının başlanğıcı qoyulmuş hesab edilir. Transhumanizm axımının təməl məqsədi də rəqəmsal köləlik yaratmaq, düşüncə və beyin asılılığı formalaşdırmaq, insan bədənini uzaqdan idarə edilə biləcək cihaz halına gətirməkdir.

Histologiya elminin texnologiyada tətbiqi

Ümumi baxdıqda, bir çoxlarının gözlədiyi "çiptaxma mərasimi"ni əslində, çoxdan baş tutmuş hesab edə bilərik. Alimlər illərdir insanların histologiyasını araşdırmaqdadır. "Bəs bunu necə edirlər?"  - deyə sual vermək istəsəniz, əlinizdəki mobil cihazlarda istifadə etdiyiniz onlarla pulsuz proqramlara nəzər yetirin. Hər birinin telefona quraşdırılması üçün proqram telefonun yaddaşına bağlanmaq və səs yazmaq üçün sizdən icazə istəyir. Əks halda proqramı telefona yükləmək mümkün olmur.

Deməli, bu tətbiqlər heç də qarşılıqsız, ödənişsiz deyil. İstifadə etdiymiz bu pulsuz tətbiqlər vasitəsiylə insanlar haqqındakı məlumatlar "Big data" adlı bir sistemdə toplanır. Hər bir millətin, xalqın özünə xas histologiyası, hər bir fərdin özünə xas hissi davranışları bu böyük məlumat mərkəzində cəmlənir. Beləcə, biz insanlar öz hissi davranışlarımızın, reflektiv reaksiyalarımızın haradan başlayıb harada bitdiyini bu proqramların ixtiyarına vermiş oluruq. Beləcə, insanların nə zaman nə istədiyini və nə istəyəcəyini süni zəka proqramları mənimsəyir, daha sonra isə onu özləri müəyyənləşdirir. Yeni fikirlər, ideologiyalar da bu proqramlar vasitəsiylə gün ərzində davamlı şəkildə insanlara diktə olunmaqdadır. İrqçilik, ekoloji problemlərin artması, LGTB məsələləri, feminizm hərəkətlənmələri, din və sair. Burada istifadə etdikləri hər bir ideologiya vasitəsilə kütlələri hərəkətə gətirmək, yönləndirmək və beyinləri yönləndirməklə əslində, ölkələri idarə edə biləcək bir sistem şəbəkəsi yaratmaq əsas məqsəddir. Yəni deyildiyi kimi, əgər bir məhsul sizə pulsuz təqdim edilirsə, orada əsl məhsul sizsiniz.

Beyinləri qoruyan əsgərlər

Necə ki, ölkələrin sərhədlərini qorunması üçün ordulara, əsgərlərə ehtiyac duyulur, artıq içəridən fəth edilməmək üçün də hər bir dövlət xalqının histoloji məlumatlarını, haqqındakı informasiyaları qorumağa məcburdur. Qardaş Türkiyə bu baxımdan sosial şəbəkələr üçün yeni qanun layihəsi də hazırlayıb. Qonşularımızdan Rusiya hələ iki il əvvəl öz vətəndaşları ilə bağlı məlumatlarının bu proqramlar vasitəsilə ölkədən çıxarılmasına, mərkəzi bazada toplanmasına və analiz edilməsinə etiraz edərək öz sistemini qurmağa çalışıb. Bu məsələdə başqa bir çox ölkələri də misal gətirə bilərik. Amma görülən bu tədbirlərin xalqları qoruyacaq səviyyədə olduğunu demək mümkün deyil. Buna görə də dövlətlərin sərhədlərini qoruyan əsgərlər kimi, insanların beyinlərinin yuyulmaması, onların milli-mənəvi dəyərlərinin "öz" anlayışlarının əllərindən alınmaması üçün də öz rəqəmsal kiber təhlükəsizlik mütəxəssislərinə ehiyacı var.
Tək-tək fərdlərə qaldıqda isə, insanlar anlamalıdırlar ki, texnologiya ondan istifadə edən şəxsə xidmət göstərmək, işlərini asanlaşdırmaq üçün bir vasitədir.
 
Yalnız bir halda ki, insan öz iradəsinin və davranışlarının hakimi ola bilsin. Əks halda dünya irəliləyən texnologiya, geriləyən insanlıq mənzərələri ilə qarşı-qarşıya qalacaq.


 

 





11.12.2020    çap et  çap et