525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - II yazı


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">II yazı</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana-əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyiylə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!
 

II YAZI



Yevlax rayon Ərəş kəndinin Vətən müharibəsində yeganə şəhidi Bəşirov Əyyub Ramiz oğlunun ailəsi onun noyabrın 24-də olan 22-ci yaşını onsuz qeyd etdilər. Çünki Əyyub bir insanın ucala biləcəyi ən yüksək zirvənin sakininə çevrilmişdi artıq Şəhid olmuşdu.

Bəşirov Əyyub 1998-ci ildə Ərəş kəndində kasıb bir ailədə 3-cü oğul kimi dünyaya göz açıb. Orta təhsilli idi, sentyabrın 8-dən MAXE kimi xidmətə başlamışdı. Müharibənin ilk günündən ön cəbhədə vuruşan hərbçimiz Tərtər, Talış, Suqovuşandakı döyüşlərdə şücaətlə iştirak edib. Füzuli şəhəri uğrunda gedən gərgin döyüşlərdə oktyabrın 14-də qəhrəmancasına şəhid olub. Oktyabrın 16-da doğulduğu Ərəş kəndində dəfn olunub.

O, bu müharibəyə tək qatılmamışdı, qardaşı Bəşirov Elçin də ön xətdə vuruşan qəhrəmanlarımızdandır. Əyyub ailəsiylə son dəfə oktyabrın 12-də danışıb. Xəstəlikdən əziyyət çəkən anasının səhhətiylə maraqlanıb, iynə-dərman almağı, müalicəsini axsatmamağı tapşırıb və bir müddət onlarla danışa bilməyəcəyini deyib.

Qardaşına isə "burda vəziyyət gərgindir, telefonuma2 gündən artıq zəng çatmasa, bilin ki, Şəhid olmuşam, mənə halallıq verin", - deyib.

Anası Rəna xanım onun son dəfə evə gəlməyini belə xatırlayır:

"Bir neçə saatlıq gəlmişdi, saat 5-də geri dönməli idi. Amma dayanmadı, saat 3 olmamış qəflətən durdu və getməli olduğunu dedi. Arxasıyca su atmaq üçün evə qaçdım, çıxanda isə nə qədər axtardım, tapmadım, getmişdi. Bəlkə də o suyu arxasıyca atsaydım, balam geri qayıdardı. Bunu özümə bağışlaya bilmirəm".

Əyyubun atası Bəşirov Ramiz isə I Qarabağ savaşı qazisidir.

O deyir:

"Mən şəhid olmalı idim, amma sağ qayıtdım, torpaqları itirdik. Balam isə bu torpaqları  aldı və şəhid oldu".

Şəhidin 40 mərasiminə qədər kənd camaatı öz hesabına onların məhəlləsində xatirə bulağı tikiblər.

***



Hərbçi peşəsini seçmiş Tağızadə Cahid Vahid oğlu 1988-ci il 12 fevralda Bərdənin Mirzalıbəylı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olub. Uşaq vaxtlarından hərbiyə marağı olan Cahid 2009-2010 illərdə Gizir hazırlıqları kursunu uğurla başa vurmuş, gizir rütbəsi almışdı. Bərdədə Daxili Qoşunlarda xidmətə başlamışdı. 2012-ci ildə Zaqatala şəhərində xidmətinə davam edib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Dəzgahlı qumbaratan komandiri olub. 2013-cü ildə Türkiyənin Eğirdir Isparta Dağ Komanda okulunda Dağçı komanda kursunda iştirak edib, həmin kursları müvəffəqiyyətlə bitirib. Xidməti ərzində qüsursuz fəaliyyətinə görə dəfələrlə medal və mükafatlarla təltif olunub. Avqustda "N" saylı hərbi hissədə xidmətinə davam edib, xüsusi dağ təlimlərində iştirak edib.

Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olub, 26 sentyabr Murovdağ, 30 sentyabr Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin ərazilərin düşmən işğalından azad olunmasında xüsusi şücaət göstərib. Döyüşdüyü müddətdə bir çox erməni postunu, texnikasını və əsgərlərini məhv edib. Oktyabrın 2-də 4 döyüş yoldaşı ilə birlikdə Cəbrayılda xüsusi tapşırıq yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Oktyabrın 3-də doğulduğu Mirzalıbəyli kəndində dəfn olunub. Taleyin qismətidir ki, 4 oktyabr tarixində Cəbrayıl düşmən işğalından azad olunur.

***




Müharibəyə sevinərək, gülərək gedən və bu torpaq, yurd üçün canını, qanını əsirgəməyən qəhrəman döyüşçülərimizdən biri də Teymurlu Mirrahil Ramiz oğludur. O, 16 oktyabr 1991-ci ildə Füzuli rayon Mahmudlu-1 kəndində anadan olub. Cümşüd Naxçıvanski adına hərbi liseyi bitirib MAXE kimi xidmətə başlamışdı, tankçı idi.

Qarabağın düşmən işğalında olmasıyla barışa bilməyən Mirrahil müharibənin başlamasını çox istəyirmiş. Elə ona görə də Vətən müharibəsi başlanan gün döyüşlərə qatılıb və həmin gün Füzuli uğrunda gedən döyüşlərdə faciəvi şəkildə yanaraq arzusunda olduğu şəhidlik məqamına qovuşub.

***



Üzündən yaralanmasına baxmayaraq, döyüş meydanından qaçmayan, dostlarına səxavətli Səxavət Məmmədov Adgözəl oğlu 1991-ci il mayın 24-də Ağdamda doğulub. Saç ustası olan Səxavət ailəsi və Dilək, Yusif adlı iki azyaşlı övladıyla birgə Tərtərdə kirayədə yaşayırdı.

O, 6 ildən çox zaman ərzində müddətdən artıq hərbi qulluqçu (MAXE) olub. Əvvəlcə Goranboyda Tank taborunda atıcı vəzifəsində xidmət edib. 3 il öncə isə öz istəyi ilə Tərtərə ön cəbhəyə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib. Bu ilin iyul ayında baş vermiş Tovuz döyüşlərinin də iştirakçısı olub. Onun döyüş yolundakı son dayanacaq 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsi olur və Səxavət bu müharibədə də misilsiz igidliklər göstərir.

O, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə 27-28 sentyabrda onlarla yaralı yoldaşını döyüş meydanından çıxarır, 29 sentyabrda öz tankı vurulur. Səxavət üzündən yaralansa da, geri çəkilmir və yaralı yoldaşına kömək edərkən mənfur düşmənin təkrar açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlir.
İgid hərbçimiz noyabrın 19-da Ağdamda Şəhidlər Xiyabanında dəfn edilib.

Səxavət sentyabrın 25-də məzuniyyət götürüb ailəsini görmək üçün Bakıya gəlsə də, 26-sı dostlarından aldığı xəbərlə yenidən qayıtmaq istəyir. Anası Hicran xanım hələ bir gündür gəldiyini desə, qalmağını istəsə də, Səxavət "yoldaşlarım məni gözləyir, getməliyəm" - deyir və yola düşür. Ondan bir gün sonra isə müharibə başlayır. Müharibəyə gedərkən "Biz ölməyə yox, öldürməyə gedirik" -deyir. Sentyabrın 29-u şəhid olmazdan öncə qardaşıyla telefon danışığında isə "dostlarım şəhid oldu, anama de, tək mənimçün yox, bütün dostlarım üçün dua etsin" - demişdi.

***



Böyük bir xalqın əbədi fəxrinə çevrilmiş daha bir igidimiz - Daşdəmirov Elfak Eltun oğlu 1996-ci ilin 26 aprelində Qazaxın Fərəhli kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar. 2002-2011-ci illərdə kənd orta məktəbində orta təhsil alıb. 2011-2013-cü illərdə təhsilini Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə başa vurub. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Elektroenergetika və İnformasiya Texnologiyaları fakültəsinin Elektrikmühəndisliyi ixtisasına qəbul olub. 2017-ci ildə ali təhsilini başa vurduqdan sonra iyulda həqiqi hərbi xidmətə çağırılıb. Bir illik hərbi xidməti dövründə əsgər yoldaşlarının, zabit və gizirlərin rəğbətini qazanıb.

Hərbi xidmətini uğurla başa vuran Elfak doğulub, boya-başa çatdığı Qazaxa qayıdır. 2020-ci il sentyabrın 21-dən səfərbərliklə ordu sıralarına qoşulur.
 
Sentyabrın 27-də Qarabağ uğrunda başlayan müharibəyə biganə qalmayan Elfak bir müddət Daşkəsən istiqamətində, oktyabrın 11-dən isə Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 26-da yağı düşmənin mərmisi Elfakdan yan keçmir və o, şəhidlik zirvəsinə ucalır.

***



Qəlbi Allah və Vətən sevgisiylə döyünən Qurban son dəfə Şuşaya qalxmadan namaz qılır və dostlarına deyir ki, bu gün namazda özümə şəhid olmağı arzuladım. Görünür, Allah onun səsini tez eşitmişdi...

İbrahimov Qurban Namiq oğlu 5 iyun 1998-ci ildə Kəngərli rayon Qabıllı kəndində doğulub.  XTQ-də Kəşfiyyatçı-snayper kimi çalışıb. Xidməti müddətində göstərdiyi şücaətlər nəticəsində çoxlu nailiyyətlər qazanıb, ordu üzrə birinci yerlə və daha neçə fərqlənmə, təşəkkürnamə, fəxri fərmanla mükafatlandırılıb. Ömrünün bahar çağında olan hərbçimiz doğulduğu Qabılı kəndində atası, anası, qardaşı və bacısıyla birgə yaşayırdı.

Oktyabrın 11-də Naxçıvan Xüsusi Təyinatlılarının ilk gedən qrupu ilə döyüş olan bölgəmizə yollanır. Hadrutun, Cəbrayılın azad olunmasında, Xocavəndin bir neçə kəndi, Laçın dəhlizi və Şuşa uğrunda döyüşlərdə misilsiz şücaət göstərərək, çox sayda düşmən əsgər və zabitini məhv edib.

Son nəfəsinə kimi cəsarətlə döyüşən igidimiz ailəsiylə son dəfə Şuşaya girmədən öncə danışır, ayağından yaralandığını deyir. Bacısı xəstəxanaya getməsi üçün nə qədər təkid etsə də, "ölümcül yara deyil, dostlarımı buraxıb gedə bilmərəm. Əgər mənə nəsə olsa, bil ki, qardaşın kişi kimi getdi" - deyib sağollaşır və noyabrın 9-da Şuşa uğrunda gedən döyüşdə yaralı yoldaşlarını ərazidən çıxarmağa çalışarkən minamyot qəlpəsi başına dəydiyindən qan itirmədən şəhid olur.

Biz şəhidlərimizlə nə qədər fəxr etsək də, onların ailələri üçün bu yoxluq böyük əzabdır. Oğlunun ölümünə dözməyən atası Namiq Qurbanın dəfnindən 12 gün sonra həyata gözlərini yumur.

***



Şəhid Məlikov Mahmud Təhmasib oğlu 3 aprel 1994-cü ildə Neftçalanın Xolqaraqaşlı kəndində anadan olub. Qısa ömrünü hələ yeniyetməlikdən hərb sənətinə həsr edən Mahmud Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbini bitirib. Baş leytenant, bölük komandiri idi. Ailənin yeganə oğul övladı olan igid şəhidimiz subay idi və valideynləri ilə yaşayırdı.

Müharibə başlayandan döyüşlərə qatılıb. Oktyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-də əlaqə saxlayıb. Və hər şeyin yaxşı olacağını deyib.

Mahmudun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq olub. Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb.

***



Mustafayev Elnur Nəcəf oğlu 2001-ci ildə Bakıda anadan olub. Əslən Kəlbəcərin Ağcakənd kəndindəndir. O, məşhur şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dəmirçi Abbasın nəvəsidir. Babasının vətənpərvərlik şeirləri onda hələ uşaqlıqdan milli ruhun formalaşmasında mühüm rol oynayıb.

Peşəkar idmançı olub, Azərbaycan çempionu dərəcəsi, qızıl medalı var. Orta məktəbi yeni bitirib hərbi xidmətə yollanmışdı. Özündən başqa bir bacısı olan Elnur ailənin tək oğlu idi.

İlk döyüş günündən müharibənin ən qaynar nöqtələrində olub - Füzuli, Xocavənd, Qubadlı və Laçında şərəfli döyüş yolu keçib. Cəsur pulemyotçu kimi onlarla düşməni məhv edib. Laçın uğrunda gedən son döyüşündə bir maşın ermənini maşınla birgə məhv edib. Yaralı əsgər dostunu döyüş xəttindən çıxararkən snayper gülləsi ilə vurulub və oktyabrın 31-də şəhidlik zirvəsinə ucalıb.

Elnur ölümündən 2-3 gün əvvəl anası ilə danışıb, anasının narahatlığını hiss edib və "qorxma, səni görmədən ölmərəm" - deyib. Anasına bir maşın düşməni məhv etdiyini də xəbər verib. Deyib ki, heç nədən qorxmuram. Həm də tezliklə Laçından aşıb Kəlbəcər uğrunda döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. "Buralar o qədər gözəldir ki, ana" - deyib. 

***



Şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu 2002-ci il yanvarın 21-də Neftçalada anadan olub. Babası, nənəsi, dayısı və dayısının ailəsi, anası və qardaşı ilə birlikdə yaşayırdı. Subay idi. Orta məktəbi bitirdikdən sonra Bakı Biznes Kooperasiya kollecində təhsil alıb.

Təhsilini başa vurduqdan sonra bu ilin iyulun 13-də həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlanan gündən müharibəyə qatılıb. Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Yaralı yoldaşını çiynində ərazidən çıxaran zaman erməni tərəfindən açılan güllə Mirmöhsümə dəyir və qəhrəman əsgərimiz oktyabrın 28-də şəhid olur. Sonuncu dəfə ailəsi ilə oktyabrn 26-da günorta saat 12:45-də danışıb və hər şeyin yaxşı olduğunu deyib, narahat olmamağı tapşırıb.

***



Vətən müharibəsində qəhrəmanca döyüşən, ömrü yarıda qırılan oğullarımızdan biri də İlqar Ramazanlıdır. Bacısı və anasıyla birgə Bakıda yaşayan İlqar noyabrın 2-si 1994-cü ildə anadan olub.

O, Vətən müharibəsinə sentyabrın 30-u səfərbərliklə qatılıb. Evdən çıxarkən "gedib, 15 günə əlimdə bayraqla qayıdacağam. Ağlamayın, mən bu Vətənin oğluyam" - deyən İlqar uzun döyüş yol keçib, Füzuli, Xocavənd və Şuşada gedən döyüşlərdə fərqlənib.
 
O, noyabrın 3-ü, ad günündən bir gün sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

***



Əslən Füzulidən olan İsayev Toğrul Natiq oğlu 1996-cı il dekabrın 25-də Bərdədə anadan olub. 2013-cü ildə rayon peşə liseyinin kompüter mütəxəssisi ixtisasına qəbul olub. 2015-ci ildə hərbi xidmətə gedib və bu müddətdə fərqləndiyi üçün çavuş rütbəsi alıb. O, 9-cu sinifdə oxuyandan hərbçi olmaq arzusunda idi. 2016-cı ildə hərbi xidmətini başa vurduqdan sonra Milli orduda çavuş kimi xidmətə başlayıb.

Sadə bir ailənin övladı olan Toğrul valideynləri və qardaşıyla birgə Bakıda yataqxanada yaşayırdı.
 
Arzularından biri də valideynləri üçün ev tikmək olub. Sevdiyi xanım da vardı, ona nişan aparmağı, onunla həyatını birləşdirməyi düşünürdü.

İlk gündən Vətən müharibəsinə qatılan Toğrul Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də anasıyla telefonda danışarkən deyib ki, sizə Füzuli torpağı gətirəcəyəm, Füzulidə sizə ev tikəcəyəm. Torpağını hər şeydən çox sevən baş çavuş oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Əziz şəhidimizin məzarı İkinci Fəxri Xiyabandadır. 

"Cəbhədən cəbhəyə adlayan, Fədakar ey Şəhid həkimim..."




Bu Vətən müharibəsində həkimlər də böyük şücaət göstərdilər. Onlardan bəziləri yaralı hərbçiləri xilas edərkən şəhidlik zirvəsinə ucaldı.
 
Həmin şəhid həkimlərdən biri də Əfəndiyev Adil Qədir oğludur. O, 12 avqust 1995-ci ildə Qazaxda anadan olub. Anası Afət xanım deyir ki, Adil uşaqlıqdan Vətəninə bağlı olub. Bu sevgi də onu hərbi həkim kimi yetişdirib. 2018-ci ildə Azərbaycan Tibb Universitetini hərbi həkim ixtisası üzrə bitirib. Həmin ildənNaxçıvan XTQ-nın həkimi vəzifəsində çalışıb, baş leytenant rütbəsi daşıyıb.

II Qarabağ müharibəsi başlayan gündən cəbhəyə getməyə can atar, "Yoldaşlarım orada canlarını verərkən mən evimdə rahat yata bilmərəm" - deyərmiş.

Oktyabrın 18-də Naxçıvandan gələn XTQ-in tərkibində cəbhəyə yollanıb.

Silahdaşlarından biri danışır:

"Həmin gecə hava çox dumanlıydı.Göz-gözü görmürdü. Hamımız oturmuşduq.

Adil: "Nə oturmusunuz, durun şəhidlərimizin qisasını alaq. Bura oturmağa gəlməmişik" - deyirdi. O gün Adil çox tələsirdi. Sanki şəhidlik zirvəsinə ucalmağa tələsirdi... Ona: "Doktor, şəhid olsam məni ordan çıxardarsan" - dedim. O da: "Hələ bilmək olmaz kim şəhid olacaq"-dedi. Bu söhbətimizin üstündən iki gün keçmədi ki, komandir özünün də dediyi kimi şəhadət şərbətindən içdi. Həmin gün Qubadlı istiqamətində qızğın döyüş gedirdi. Hər tərəfdə dəhşətli atışma səsləri eşidilirdi. Biz o gün bir neçə silahdaşımızı itirdik. Onlardan biri də həkimimiz Adil Əfəndiyev idi. Komandirimizin yanına mərmi düşmüşdü. Feldşerlərimizdən biri komandirə yardıma getmək istəyirdi. Həkim: "Bu, mənim vəzifə borcumdur, öz komandirimi özüm xilas edəcəm" - dedi. Komandirimizin həyatını xilas etməyə çalışarkən yanına düşən mərmi nəticəsində qəhramancasına şəhidlik zirvəsinə ucaldı. Ölümün gözünə dik baxan Adil ölümü ilə ölümsüzlüyə qovuşdu. O, yaddaşımıza öz şücaəti,qəhrəmanlığı, qorxmazlığı ilə əbədi olaraq həkk olundu. Yaxınları onu fəxrlə xatırlayır".

Subay idi Adil. Bəlkə də könül verdiyi, könül aldığı vardı. Bəlkə gözünü yolda qoyduğu vardı. Bilmirik... Qəlbindəki bütün sevgiləri Vətən sevgisinə qurban verib oktyabrın 25-də özüylə birgə ucaldığı zirvəyə apardı qəhrəman həkimimiz.

***



Şəhid həkimlərimizdən biri də Azər Şəmilovdur. O, 13 avqust 1971-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1978-ci ildə Tərtərin Soyulan kəndindəki orta məktəbin birinci sinifinə daxil olub. Həmin məktəbin 8-ci sinifi əla qiymətlərlə bitirdikdən sonra Bakıda "Kimya-Biologiya Təmayyüllü" məktəbə daxil olub və oranı əla qiymətlərlə bitirib, Qazaxıstana hərbi qulluğa gedib. Hərbi qulluğu müvəffəqiyyətlə başa vurub Azərbaycana qayıdıb.
 
Vətənə dönəndən sonra I Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşub. Atəşkəsdən sonra Bakıya qayıdıb imtahan verib və Azərbaycan Tibb Universitetinə daxil olub. Ali təhsilini başa vuran gənc həkim Naxçıvana hərbi qulluğa çağırılıb, orda hərbi həkim kimi xidmət edərək Baş leytenant rütbəsi alıb. Hərbi qulluğu tamamladıqdan sonra Tərtərə qayıdıb və Soyulan Tibb məntəqəsində baş həkim kimi çalışıb. 2003-cü ildə ailə qurub və 2 övladı dünyaya gəlib. Oğlu 11, qızı 9-cu sinif şagirdidir. 2004-cü ildən etibarən 16 il Tərtərdə ANAMA qeyri-hökumət təşkilatında baş həkim işləyib. 2006-cı ildən Bərdənin Kələntərli kəndində yaşayıb.

Sentyabrın 21-də səfərbərliklə təlimə çağırılıb, sentyabrın 27-dən müharibənin çətin, gərgin vaxtlarında qəhrəmanlıqla iştirak edib, ön cəbhədə olan yüzlərlə yaralıya yardım göstərərək onları yenidən həyata qaytarıb. Oktyabrın 14-ü Talış istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gələrək canı qədər sevdiyi Vətən torpağında əbədi gözlərini yuman həkim A.Şəmilov şəhidlik zirvəsinə ucalır.

***



Səmədov Sadiq İbrahim oğlunun ailəsi Ağdamın Xıdırlı kəndindən məcburi köçkün kimi gəlib müvəqqəti Yevlaxda məskunlaşıb. O, 2000-ci il iyunun 13-də Yevlaxda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra MAXE kimi xidmətə davam edib. Sanitar-təlimatçı olan Sadiq müharibə başlayan gündən ön cəbhədə xidmət edib.

Çox çətin, keşməkeşli döyüş yolu keçən gənc hərbçimiz mərdliklə, cəsarətlə sona qədər düşmənə qan uddurmağa davam edib. Tərtərin Talış kəndi, Kəlbəcərin Zod yolu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ailəsiylə son dəfə oktyabrın 8-də danışıb və deyib ki, "ağır əməliyyatımız var, oraya gedirik. Əgər ordan qayıda bilsəm, zəfərimizi qeyd edəcəyik, sevincli xəbəri sizə çatdıracam. Allah qoysa, Ağdamın Xıdırlı kəndindən də danışacağıq".

Sonuncu qatıldığı Suqovuşan uğrunda döyüşdə silah dostu Məmmədov Eltun Ramin oğlu başından yaralanıb.
 
Eltun birgə böyüdüyü, oxuduğu, hərbi xidmət keçdiyi və sonradan MAXE kimi yenidən birlikdə hərbiyə qayıtdığı ən yaxın dostu olub. Onun yaralandığını eşidən Sadiq ona köməyə gedərkən özü də əvvəlcə ayağından yaralanıb. Bu yaraya məhəl qoymayıb dostuna doğru sürünə-sürünə gedib və Eltuna çatıb. Onu qaldırıb döyüş meydanından çıxarmaq istəyərkən snayper gülləsinə tuş gəlib. Beləcə, hər iki dost birlikdə şəhid olublab. Oktyabrın 10-da şəhid olan Sadiqi oktyabrın 15-də dəfn ediblər.

Ruhları şad olsun şəhidlərimizin!

Şahanə MÜŞFİQ

[email protected]

 





11.12.2020    çap et  çap et