525.Az

Heydər Əliyev Vyetnamda anıldı - Fotolar


 

Heydər Əliyev Vyetnamda anıldı - <b style="color:red">Fotolar</b>

Dekabrın 11-də Azərbaycanın Vyetnamdakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Vyetnam Kommunist Partiyası, Xarici İşlər Nazirliyi, digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir zamanı çıxış edən səfir Anar İmanov Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrünün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu xüsusi vurğulayıb.

Səfir dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və polad məntiqə malik xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğunu, həmçinin ölkəmizin yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanı işlənib hazırlandığını bildirib.

Bununla əlaqədar A.İmanov müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlığı qazandırdığını əlavə edib.

Həmçinin A.İmanov hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırladıb.

Çıxışı əsnasında səfir Ulu Öndər tərəfindən təməli qoyulan siyasətin bu gündə onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənub Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini bildirib.

Bu xüsusda A.İmanov 10 dekabr tarixində Azərbaycanda zəfər paradının keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq,  İkinci Qarabağ müharibəsində şanlı ordumuzun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Səfir Azərbaycanın bu qələbə ilə bölgədə yeni reallıq yaratdığını vurğulayaraq bu qələbənin təməlinin 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü ilə qoyulduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının sədri  Nghiem Vu Khai  Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzsiz olduğunu söyləyib. O, Heydər Əliyevin yalnız müstəqil Azərbaycanın qurucusu deyil, həm də Azərbaycan-Vyetnam tarixi dostluq əlaqələrinin təməlini qoyan bir şəxsiyyət olduğunu bildirib. Azərbaycana səfər edərək Heydər Əliyevin qurduğu Azərbaycanda müşahidə edilən böyük inkişafın şahidi olduğunu qeyd edən  Nghiem Vu Khai, Azərbaycanı Zəfər ilə təbrik edərək Azərbaycan xalqına sülh və tərəqqi arzu edib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi nümayiş olunub.

Eyni zamanda, Səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.

 





11.12.2020    çap et  çap et