525.Az

Firudin Köçərli bütövlüyü - Akademik Firudin Köçərli-100


 

Firudin Köçərli bütövlüyü - <b style="color:red">Akademik Firudin Köçərli-100</b>

Tərcümeyi-haldan çıxarış: Akademik Firudin Qasım oğlu Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olub. Onun atası Qasım Köçəri oğlu öz dövrünün tanınmış maarif xadimi idi. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil alan gənc Firudin 1936-cı ildə Gəncə Pedaqoji texnikumuna daxil olub, 1940-cı ildə oranı bitirərək yenidən doğma kəndinə qayıdıb, orada müəllimlik fəaliyyətinə başlayıb.

F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil olub, tələbə ikən həmkarlar təşkilatının sədri seçilib. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş və vaxtından əvvəl dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

O,1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışıb, 1958-1967-ci illərdə Azərbaycan EA-nın fəlsəfə sektorunun rəhbəri olub, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və hüquq institutunun direktoru vəzifəsində işləyib. Ömrünün son anlarına, yəni 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərib. O, 1966-cı ildə dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülüb, 1966-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilib.

Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilib. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparıb, həmin tədqiqatların nəticələri onun nəşr etdirdiyi kitab və monoqrafiyalarında öz əksini tapıb. Onun apardığı tədqiqatlar Moskvada nəşr olunan "SSRİ-də fəlsəfə tarixi" adlı kitaba daxil edilib.

F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olub. O, Çexoslovakiya, Kanada, Skandinaviya ölkələri və digər ölkələrdə fəlsəfənin aktual problemləri barədə çıxışlar edib.

Akademik F.Köçərli 2005-ci il iyunun 3-də dünyasını dəyişib.

***

Firudin Köçərlinin həyat və fəaliyyətini daha çox hansı sözlərlə xarakterizə etmək olar? İlk növbədə yada düşən anlamlar: SADƏLİK, MÜDRİKLİK, XEYİRXAHLIQ,  BÜTÖVLÜK.

Mənim həyatımın böyük bir hissəsi Fəlsəfə İnstitutu ilə bağlı olub (adı dəfələrlə dəyişdirilən bu elm ocağı çox vaxt elə bu cür qısa şəkildə formulə olunub). Amma necə deyərlər, Firudin Köçərli ilə "tanışlığımız"ın tarixi bir xeyli əvvələ gedib çıxır. Məsələ burasındadır ki, Firudin müəllim mənim qohumumdur, atamın yaşıdı və dostu olub. Onlar eyni ildə doğulublar, hər ikisi orta məktəbdə və 30-cu illərin sonlarında Gəncədəki Pedaqoji texnikumda birgə təhsil alıblar.

F.Köçərlinin ulu babası İsa (hazırda kəndimiz babamızın adını daşıyır: İsalı kəndi), habelə, babası Köçəri öz dövrünün mütərəqqi insanları olublar. Onun atası Qasım müəllim isə təkcə yaşadığı bölgədə deyil, bütün Respublikada bir ziyalı-maarifçi kimi tanınmışdır. Görünür, akademik F.Köçərlinin həyatının sonrakı məqamlarında gen yaddaşının da mühum rolu olmuşdur.

Bu gün böyük alimin elmi və təşkilatçılıq fəaliyyəti çoxlarına məlumdur: M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura, Azərbaycan Dövlət Universitetində müəllimlik, Azərbaycan Milli Elmlər Akademiyasında bölmə rəhbəri, institut direktoru. Və təbii ki, bu illər ərzində onun elmi fəaliyyəti də yüksələn xətlə artıb.

Bütün bunlar Firudin müəllimin tərcümeyi-halının, necə deyərlər, "rəsmi", bir növ "texniki" tərəfləridir. Azərbaycan elmi ictimaiyyəti Firudin Köçərlini yorulmaz bir tədqiqatçı kimi tanıyır. Onun Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər böyük ədəbi-ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunmuş fundamental tədqiqatları öz əhəmiyyətini bu gün də saxlayır və şübhəsiz ki, bu əsərlər gələcək araşdırıcılar üçün də qiymətli mənbə olacaqdır. Ümumiyyətlə, Firudin müəllim üç yüzə yaxın əsərin, 20-dən çox kitabın və monoqrafiyanın müəllifidir.



Ən maraqlısı budur ki, F.Köçərlinin özü bir şəxsiyyət kimi daha çox, uzun illər həyat və yaradıcılığını səbrlə, təmkinlə tədqiq etdiyi "qəhrəmanlarına" - klassik maarifçi və demokratlara bənzəyir. O da məhz həmin aydınlar kimi daim insanların maariflənməsi, savadlanması, dünyagörüşlərinin formalaşması üçün əlindən gələni əsirgəməmişdi...

F.Köçərli bilavasitə əsasını özü qoyduğu və illərlə direktor işlədiyi Fəlsəfə İnstitutunda çox işgüzar, canlı bir atmosfer yaratmağa nail olmuşdu. O, əsl demokrat, humanist, yüksək əxlaqlı bir insan idi.

Əsl təvazökarlıq nümunəsi olan Firudin müəllim heç vaxt bəzi həmkarları kimi, yeri gəldi-gəlmədi, öz yaradıcılığından "sitat" gətirməz, yazdıqları ilə öyünməzdi. Hətta (bunu onunla işləyənlərin və onu tanıyanların yəqin ki, əksəriyyəti bilir), ona "filosof' deyəndə belə özünü bir növ narahat hiss edər, "mən filosof yox, fəlsəfə tədqiqatçısıyam, əgər belə demək mümkünsə, fəlsəfəçiyəm" - deyər və bundan sonra "əsl filosofların" adını sadalayardı.

F.Köçərlini keçmiş SSRİ-nin elmi-fəlsəfi ictimaiyyəti də yaxşı tanıyırdı. Alimin ölkəmizdən kənarda da yetirmələri az deyildi.

Bir epizodu xatırlayıram: 70-ci illərin sonları idi. Azərbaycan Televiziyasında müxtəlif verilişlərdə ssenarist və aparıcı kimi iştirak edirdim. Bir dəfə ölkəmizə gələn xarici tələbə-gənclərlə bağlı veriliş hazırlamaq məqsədilə Mingəçevirə gedəsi oldum.

Dünyanın ən müxtəlif ölkələrinin, eləcə də SSRİ-nin bir çox aparıcı ali təhsil ocaqlarından gəlmiş gənclər Mingəçevirdə dincəlirdilər. Minsk Dövlət Universitetinin tələbələrinə sarışın, gülərüz, orta yaşlı bir qadın rəhbərlik edirdi. Söhbət əsnasında belə məlum oldu ki, o, fəlsəfə kafedrasının əməkdaşıdır və bu yaxınlarda onun çalışdığı kafedrada aspirantlardan birinin müdafiəsində akademik Köçərli iştirak edib. Həmin aspirantı "vurmaq" istəyirmişlər. Amma Firudin Köçərli gənc tədqiqatçını müdafiə edib, nəticədə "hücumçular" geri çəkiliblər. Qadın ömründə bir dəfə gördüyü Firudin müəllimin maraqlı çıxışı, zəngin erudisiyası, təmənnasız xeyirxahlığı barədə heyran-heyran danışırdı.

Bilmirəm təsadüfdən ya zərurətdəndi - hər nədəndisə, o günün axşamı bizim istirahət etdiyimiz binanın foyesində qoyulmuş televizorda F.Köçərlinin çıxışı gedirdi. Mən tez-tələsik həmin belorusiyalı qadını taparaq ekran qarşısına çağırdım.

O, televizorda F.Köçərlini görüb uşaq kimi sevinərək şən-şən qışqırdı: "Hə, bu ki bizim Firudin Qasımoviçdir. Görün bir o, nə gözəl, nə ağıllı adamdır. Onunla fəxr etməyə, öyünməyə dəyər. Çünki o, əsl xeyirxahlıq mücəssəməsidir... "

Firudin Köçərli xaraktercə bütöv, mərd, cəsur adam idi. O, dostluqda da möhkəm idi. Bir ibrətamiz hadisəni yada salmaq istəyirəm. Bildiyimiz kimi, Firudin müəllimin qardaşı Tofiq Köçərli böyük tarixçi alim, ictimai-siyasi xadim idi. O, uzun illər Zaqafqaziya Ali Partiya məktəbinin rektoru olub. Akademiyaya növbəti seçkilərdən birində Tofiq müəllim sənədlərini EA-nın müxbir üzvlüyünə təqdim etmişdi. Təbii ki, səs verənlərdən biri F.Köçərli idi və yenə də təbii ki, hər kəs onun öz qardaşının lehinə səs verəcəyini gözləyirdi. Amma... Firudin müəllim səsvermə zamanı açıq-aşkar: "Bax budur, mən Tofiq Köçərlinin yox, Qaraş Mədətovun lehinə səs verirəm", - demiş və dediyi sözə də əməl etmişdi.

F.Köçərli artıq haqq dünyasına qovuşub. O, xalqımızın yaddaşında daim yaşamağa layiq bir ziyalı, alim, mütəfəkkir, xeyirxah bir insan kimi qalacaq. O, əsl filosof idi, amma özünə "filosof" deməyə tərəddüd edirdi. Bütün müdriklər kimi sadə və... müdrik idi.

Mən əminəm ki, akademik F.Köçərli özünün əzəmətli, vüqarlı görkəmilə yaddaşımızda daim, zaman-zaman boy verib ucalacaqdır - öz əsərləri, öz dedikləri, öz xeyirxahlıqları ilə. Xalqımızsa özünün bu böyük oğlunu heç zaman unutmayacaqdır.

P.S. Bəli, akademik F.Köçərlinin anadan olmasından 100 il keçir. Böyük alimin yubileyi Vətənimiz üçün çox mühüm olan bir tarixi dövrə təsadüf edir. Xalqımızın Qarabağ uğrunda apardığı müqəddəs müharibə və əldə etdiyi şərəfli qələbə dünyanın bütün tərəqqipərvər insanları tərəfindən rəğbətlə qarşılanmaqdadır. F.Köçərli ruhən, qəlbən Qarabağa bağlı bir insan idi. Böyük alimin bu şərəfli torpaq və onun yetirdiyi görkəmli simalarla bağlı maraqlı yazıları, şirin xatirələri vardı.Torpaqlarımızın işğal altında olması onu daim narahat edirdi. Amma o, haqqın gec-tez qələbə çalacağına daim ümidli idi.

Azərbaycan əsgərinin öz qanı-canı hesabına əldə etdiyi bu qələbə öz şahidlərinə rəğbət, şəhidlərinə isə rəhmət qazandırdı. Belə deyə bilərik ki, bu əziz, möhtəşəm və əzəmətli günlərdə Qarabağ niskili ilə dünyasını dəyişmiş bütün vətənpərvər ziyalılarımızın, o cümlədən, Firudin Köçərlinin ruhu şad olacaq.

Allah rəhmət eləsin!

 





11.12.2020    çap et  çap et