525.Az

Azərbaycan Beynəlxalq Qiymətləndirmə Proqramında tarixi nəticə göstərib


 

Azərbaycan Beynəlxalq Qiymətləndirmə Proqramında tarixi nəticə göstərib<b style="color:red"></b>

Bu günlərdə TİMSS-2019 - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının nəticələri açıqlanıb.

Təhsil Nazirliyinin məlumatına görə, dünya üzrə TİMSS-2019 beynəlxalq qiymətləndirməsində 64 ölkə üzrə 580 000-dən çox şagird, 310000 valideyn, 52 000 müəllim, 19000 məktəb iştirak edib. Azərbaycan üzrə 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllim TİMSS-2019 beynəlxalq qiymətləndirməsinə cəlb olunub. Ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub.   

Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə edib. Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TİMSS-2019-cu il riyaziyyat nailiyyəti TİMSS-2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdədir.

Bundan başqa, "mükəmməl" və "yüksək" qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə "mükəmməl" və "yüksək" qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

TİMSS beynəlxalq tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyllərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan vermək, eyni zamanda, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı, öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Ümumilikdə, öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən

70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur.

Ölkəmiz sonuncu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan verilən məlumata görə, məlumatların təhlili sahəsində özünün üçüncü onilliyinə və yeddinci dövrünə giriş əsnasında olan TİMSS IV və VIII siniflərdə riyaziyyat və təbiət elmlərinə aid fənlər (science) üzrə beynəlxalq qiymətləndirmədir.

Riyaziyyat və təbiət elmlərinə aid fənləri qiymətləndirdiyi üçün TİMSS təhsilin effektivliyini ölçən dəyərli mənbədir. Belə ki, STEM kimi tanınan elm - özlüyündə texnologiya, mühəndislik və riyaziyyat kurikulumlarının əsas sahələridir. Məlumdur ki, indiki zamanda bir çox peşələr riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə sadə biliklərin olmasını tələb edir və bu meylin gələcəkdə artması gözlənilir. STEM peşələrində çalışan insanlar aclıq, təbii yaşayış sahələrinin məhv olması, eləcə də, dünya iqtisadiyyatında davamlı böyümə və stabillik kimi dünyəvi problemlərin həll yollarını tapmaq məsuliyyətini daşıyırlar. Riyaziyyat və təbiət elmlərinə aid fənlər gündəlik həyatın təməlini təşkil edir. Təbiət elmlərinə aid fənlər hava, torpaq, su, eləcə də, ərzaq və yanacaq ehtiyatlarının daxil olduğu həyat sahələrini öyrənir. Riyaziyyat bizə gündəlik işləri idarə etməyə kömək edir və bizim asılı olduğumuz kompüter, ağıllı telefon və televizorlar kimi texnologiyaların inkişafında onun rolu çox vacibdir.



Məlumata görə, riyaziyyat və təbiət elmlərinə aid fənlər həyatımızın hər sahəsində yayıldığına görə İEA kimi tanınan Təlim Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya təxminən 60 ildir ki, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə beynəlxalq qiymətləndirmələr keçirir. İEA milli tədqiqat institutları və dövlət agentlikləri ilə çalışan müstəqil beynəlxalq təşkilatdır. O, 1959-cu ildən bu günə qədər kros-milli (çoxsaylı ölkələri əhatə edən) nailiyyətlərin öyrənilməsini həyata keçirir. 1960-cı illərdə İEA müxtəlif təhsil sistemlərinə malik olan ölkələr arasında siyasi təsirlərin daha dərindən anlaşılmasına nail olmaq üçün təhsil nailiyyətlərinin beynəlxalq müqayisəli qiymətləndirilməsində öncül olmuşdur. Hazırda İEA-nın Amsterdam ofisi bir sıra beynəlxalq tədqiqatlarda ölkələrin iştirakını təmin edir və İEA-nın Hamburq bölməsi məlumatlar hazırlayıb yayan və tədqiqat aparan böyük mərkəzdir. İEA-nın əsas proqramı olan TİMSS dünyanın hər yerində iştirakçı ölkələrin öz nümayəndələri tərəfindən keçirilməsi təmin edilən korporativ tədqiqatdır.

TİMSS Boston Kollecinin Linç Məktəbindəki TİMSS və PİRLS Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən idarə edilir. TİMSS və PİRLS birlikdə üç fundamental fənn - riyaziyyat, təbiət elmləri fənni və oxu üzrə nailiyyətləri ölçür.

İnstitutun məlumatında bildirilib ki, TİMSS kurikulumlara istinad edir. Daha geniş mənada şagirdlərin təhsil imkanları ilə necə təmin edildiyini və şagirdlərin bu imkanlardan necə istifadə edəcəklərinə təsiri ola biləcək faktorlardan əsas təşkilati məsələlər kimi istifadə edir. TİMSS-in kurikulum modelinin 3 aspekti var: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum və qazanılmış kurikulum. Bunlar müvafiq olaraq ölkələrin kurikulum siyasətləri və nəşrlərində müəyyən edilən, şagirdlərin öyrənəcəyi riyaziyyat və təbiət elmlərinə aid fənləri və təhsil sisteminin bu öyrənmə prosesini asanlaşdırmaq üçün hansı tədbirlər həyata keçirdiyini, real olaraq siniflərdə nələr öyrədildiyini, öyrətmə prosesinin xüsusiyyətlərini, necə öyrədildiyini, nəhayət, şagirdlərin nəyi öyrəndiyini və onların bu fənləri öyrənmək barədə nələr düşündüyünü əks etdirir.

Bu model ilə işləyərək TİMSS dövri olaraq TİMSS Ensiklopediyasını nəşr etdirir və burada iştirak edən hər bir ölkənin riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulumlarını və təhsil siyasətlərini qeydə alır.

"TİMSS-2015 Ensiklopediya: Riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə təhsil siyasəti və kurikulum" bütün dünyada riyaziyyat və təbiət elmlərinə aid fənlərin öyrədilməsi və öyrənilməsini anlamağa kömək edən vacib mənbə rolunu oynayır. Hər ölkə tərəfindən hazırlanmış bölmələr onun təhsil siyasətinin strukturunu, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulum təlimatlarını, müəllimlərin təlim tələblərini və tətbiq edilən imtahan və qiymətləndirmə növləri barədə məlumatı ümumiləşdirir. İştirakçı ölkələr barədə standart məlumatı təmin etmək üçün ölkələr öz riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulumları, məktəb idarəetməsinə yanaşmalar və təlim təcrübələri barədə sorğunu doldururlar.

TİMSS şagirdləri, onların valideynlərini və ya qəyyumlarını, həmçinin, təhsil aldıqları məktəblərin direktorlarını, sinif rəhbərlərini şagirdlərin sosial vəziyyətləri, ev və məktəb təcrübələri, riyaziyyat və təbiət elmlərinə aid fənlərin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir. Sorğular xüsusi diqqətlə hazırlanmış çərçivə sənədinə müvafiq hazırlanır və hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən yenilənir.

Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir. Sorğu nəticələri əsasında mühüm məsələlər qaldırıla bilir və təhsilin inkişafı üçün yollar təklif edilir.

Ensiklopediyanın III bölməsində TİMSS-2019 kontekst sorğusunun çərçivə sənədi yer alır. TİMSS-2019 mövcud kontekst sorğusu ölçüləri və təhsilin effektivliyi baxımından tədqiqatın inkişaf edən sahələrinə yönələn bəzi yeni sorğu ölçüləri hazırlamaq üçün müəyyən tələblər əsasında qurulmuşdur.

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, hər TİMSS qiymətləndirməsi zamanı şagirdlərin bir sıra düşünmə bacarıqları ölçülür: "Buraya şagirdlərin öyrəndiklərini tətbiq etməsi, problem həll etməsi və vəziyyətə uyğun məntiqi düşünmək və təhlildən istifadə etmək qabiliyyətləri daxildir. Hər iki sinifdə həm riyaziyyat, həm də təbiət elmlərinə aid fənlər üçün idrak domenləri eynidir və bu domenlər riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə məzmunların öyrənilməsində bir sıra idrak proseslərini, bu konseptlərin tətbiqi və onlarla əsaslandırmanın aparılmasını əhatə edir. TİMSS təbiət elmlərinə aid fənlər üzrə domenlər daxilində bilikləri elmi təcrübələrə, eləcə də, gündəlik həyat və məktəb təhsili üçün lazım olan bacarıqlara inteqrasiya edir. Şagirdlər sistemli şəkildə bütün təbiət elmlərinə aid fənlər üzrə təməl olan elmi sorğunu yerinə yetirmək üçün bu təcrübə və bacarıqlarından istifadə edirlər.

İştirakçı ölkələrə fənn kurikulumları, standartlar, çərçivələr, eyni zamanda, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə təlimatlar barədə yeni fikirlər və son məlumatları təqdim etmək məqsədilə 2019-cu il üçün TİMSS qiymətləndirmə çərçivələri 2015-ci ildə istifadə olunana nisbətdə yenilənmişdir. Yenilənmə prosesi çərçivələri hər zaman cari təhsil tələblərinə uyğunlaşdırır, bir qiymətləndirmə ilə digəri arasında əlaqə qurur və TİMSS çərçivə, alət və prosedurlarının gələcək davamlı inkişafına şərait yaradır".

Təhsil naziri Emin Əmrullayev deyir ki, Azərbaycanın IV sinif şagirdlərinin TİMSS-2019 (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramının riyaziyyat fənni üzrə nəticələri 2011-ci il ilə müqayisədə əsaslı şəkildə yaxşılaşıb.

Onun sözlərinə görə, bu dinamika TİMSS tədqiqatlarının keçirilməsi tarixində ən yüksək müsbət dinamikadır: "Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq ibtidai təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu və tədrisi ilə bağlı islahatyönümlü fəaliyyət həyata keçirməkdədir. Bir sıra inkişaf etmiş təhsil sistemləri ilə eyni səviyyədə nailiyyətlərin əldə olunması çox ümidvericidir. Belə nailiyyətlərin əldə edilməsində əməyi olan bütün şagirdlərə, müəlllimlərə, təlimçi-metodistlərə və valideynlərə Təhsil Nazirliyi adından minnətdarlığımızı bildiririk".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





11.12.2020    çap et  çap et