525.Az

Şəhidlərə elegiya - Yazı


 

Şəhidlərə elegiya - <b style="color:red">Yazı </b>

Əzizim, Şəhidim!

Vətən müharibəsi bitəndən, onun Torpağını müqəddəsləşdirən canların sayı bilinəndən sonra Sənə bu Elegiyanı yazmaq istədim. Sən minlərlə oğulun nurlu simasını özündə birləşdirən, əks etdirən böyük bir Nursan, Ülvi oğulsan! Mən isə sənə fəxrlə "Oğul" deyən Azərbaycanam!

Yox, səni ağlamayacam. Dil deyib ağlamaq ərəblərdən bizlərə keçən köhnə bir adətdir. Onlar öz əzizlərini ağlamaq üçün xüsusi növhəçi qadın dəstəsi dəvət edər, onlar da gəlib başlarına kül ələyib, üzlərini cırıb itkini ağlayardılar. Bizlərdə belə olmayıb. Biz ölümün gözünə dik baxan Millətik! Bir də, səni niyə ağlayım? Zatən 30 ildi ağlayırdım. Xoş günümdə də dərdimin ağırlığından gözümdən yaş süzülüb, ürəyim qan ağlayıb. Məni yandıran ancaq itirdiyim Oğullar deyildi, həm də onların narahat Ruhu idi. Onların təşviş dolu, intiqama çağıran səsləri qulağımda bütün digər səsləri susdurmuşdu. Gözüm ancaq onların kədərli simasını görürdü. Beləcə kar-kor yaşayırdım. İndi gözlərim açıldı, Şuşanın dağlarının başının dumanını, qırmızı qoftasını, məxmər yaşıl tumanını görürəm. Qulağım açıldı, Xanın zənguləsini, Xan qızının "Qərənfil"ini, Üzeyirin  "Uvertüra"sını eşidirəm.  

Yox, 30 il ağladıqca sınmadım, gözümün yaşını içimə axıdıb, körpələrimi o acı göz yaşları ilə bəslədim. Ona görə yağı üstünə gedəndə bu qədər cəsarətli, bu qədər dönməz oldun. Ümidsizliyə də qapıldım, gecənin xəlvətində övladımın qanı tökülmüş, amma düşmən cəngində qalan torpağıma baxıb sızıldadım, ancaq çökmədim. Düşmənin nəfəsi od olub qarsalayırdı, zəhər olub viran qoyurdu işğal etdiyi yerləri. Oralarda həyat dayanmışdı. Bir tərəfim iflic olmuşdu. Sənin ilk hənirinlə oyandı dağ-dərə, sənin topuna-tüfənginə qoşulub düşmənin başına lənət yağdırdı. "İstisu”yun hərarətindən, Göyçəyə boylanan zirvənin şaxtasından damarımda qanım yenə hərəkətə gəldi, ürəyim yenə döyünməyə başladı. Döyündükcə, Sənin üzünü gördükcə, könlüm güldü, ürəyim qürurdan dağ boyda oldu. Ürəyim saniyədə düz 2783 dəfə vurmağa başladı.

Canım Şəhidim, cəsur Şah igidim!

30 il idi, sənin adın az qala yazıqlıq, kasıblıq rəmziydi. Mən təkcə Oğul itkisini ağlamırdım, həm də Ona olan hörmətin itkisini ağlayırdım. Torpağımdan qaçqın düşmüş, qürurunun rəmzi olan dağlara həsrətlə baxan qaçqın ağbirçəyimi, ağsaqqalımı ağlayırdım, namusunu qorumaq üçün qanı ilə qayaları xınalayan cavan qız-gəlinimi ağlayırdım. Sənə "yazıq" adını yaraşdıran kəslər anlamırlar ki, sən atanın-ananın yox, mənim - Azərbaycanın Oğlusan, deməli, heç cür yetim, yazıq ola bilməzsən! Sənin evin o qırıq, yamaqlı koma yox, mənim qucağımdı, Sən orda üşüyə bilməzsən!

Hərdən Səni xaricdə kef edən bir fərsiz gədəylə müqayisə edəndə, bunu özümə təhqir bilirəm. Mənim Oğlum Sənsən! Mənim sahibim Sənsən! Haradasa pas atmış bir dəmirlə, polad müqayisəyə gələrmi heç?! Əridilib min formaya salınan, ən böyük işi başqasının qab-qazanını parıldatmaq olan qalayla olduğu torpağa dəyər qatan qızıl birdimi?! Oğurluq pullarla tülkü kimi quyruq bulayıb qarnını doyduran biri ilə dövləti Allahdan verilən, mübarizə üçün qollarının gücünü Cəbrayıl mələkdən alan Oğulun adı eyni çəkilə bilərmi?! Havadarının qorxusundan öz səsindən imtina edən bir fərari ilə səsi Xudadan yar kimi lütf edilən igidim bənzəyərmi heç?! Əsla! 2783 dəfə əsla!

30 il ağla-ağlaya düşmən çəpərimi - Oğlumu böyütdüm... Hər damla göz yaşım Səni nağıl qəhrəmanları kimi, günbəgün yox, saatbasaat böyüdürdü. Belə olmasa, 18 yaşında düşmən zabitini yalın əllə boğa bilməzdin, dişlərinlə düşmənin şah damarını kəsə bilməzdin, 44 gündə 30 il əsarətdə qalan Vətənini xilas edə bilməzdin. Bu, illərdir içində yığılan dərdin, acının püskürməsi oldu! Bu, əsrlərin zəncirlənmiş iradəsinin azadlığa çıxması oldu. Bu, dörd tərəfini çaqqal-çuqqal tutmuş Aslanın kükrəməsi oldu. İllərdir məni qovuran, korun-korun yandıran köz çevrilib atəş oldu, düşmənini külə çevirdi. İllərdir məni ağladan dərdim qüruruma çevrildisə, bu gün gözlərimdən kədər gözyaşı gələrmi?! Beli dikələn, namusu təmizlənən, torpağı bütövləşən bir Vətən ağlayarmı heç?! Sənin kimi Oğlu olan Ana ağlayarmı heç?!

Bayrağımız sadə bir əski parçası olsaydı, yağış döyüb, gün bozardardı. Sən öz mübarizənlə, tökülən qanınla, çəkdiyin azanla onun hər rəngini əbədiləşdirdin. Öz Bayrağının haqqını Haqq Təala qarşısında bütünlüklə verdin. Atan Səni qurbanla qarşıladı, anan Sənə laylay deyib, Sən gələn yollara üzünü sürtdü, ömür gün yoldaşın həm Səni, həm də Səndən qalan əmanətləri öz zərif çiyinləri üzərinə alıb qürurla Səni son mənzilə yola saldı... Mən isə Səni canını verdiyin Bayrağıma büküb qucaqlayıb qoynuma aldım, bağrıma basdım... Qoruduğun Ananın qucağında artıq güvəndəsən, Şah igidim. Anan hər yaranı öpdü, bütün ağrılarını ürəyinə çəkdi, hər acına 2783 dəfə can dedi. Artıq rahat yata bilərsən.

Əziz Şəhidim, ən yeni tariximdə ən etibarlı Şahidim.

Sən bu 44 gündə yalnız məni həyata qaytarmadın, həm də ilk Qarabağ müharibəsindəki qardaşlarına qol-qanad gərdin. Onların ruhları da dikəlib Sənə qoşuldu. Buna görə bütün günü nəfəsini qısıb cəbhədən xəbər gözləyən insanlar sevincini paylaşmaq üçün nəfəsini Şəhidlər Xiyabanında dərirdi. Hər insan axınında ta 1918-ci ildən o torpaqda uyuyan naməlum əsgərdən tutmuş, 30 il ərzində uğrumda ölən hər oğlumun ruhu ayağa qalxırdı, insan selinə qoşulub ağlaya-ağlaya sevinirdi. Hər ağızdan, hər ruhdan bir Azərbaycan kəlməsi qopduqca, mən də onlara Can kəlməsi ilə cavab verirdim, canlanırdım. Hər birinizin ruhu çıraq kimi sanki əvvəlki illərdə yanmış, ancaq öləziməkdə olan oğulların çırasını təkrar alışdırırdı. Bu çıraqbandan nurlanan isə mən olurdum. 

Səni ziyarətə gələn anan rəsminə sığal çəkib: "Mən qocalsam da, bütün dünya qocalsa da, sən qocalmayacan, mənim balam, hər zaman belə yaraşıqlı, saçların bu qara torpaq kimi qapqara qalacaq", - deyir. Bəli, sən o anana yox, mən Anana bənzədin, mənim balam, özün tarixlə yaşıd olsan da, həmişə cavan, yaraşıqlı olacan. Ən şərəfli günlərin şahidliyini özündə, gözlərində, ürəyində daşısan da, əsl tarix Sən özünsən. 

Millət öz Qəhrəman oğluna dastanlar, eposlar yazır, onun hünərini tərənnüm edir, dildən dilə, ağızdan ağıza ötürür ki, gələcək nəsillər öz kökünü tanıyıb şax dayansın, başqa alaqlardan özünə dayaq axtarmasın, öz kökünün üstündə ziyanverici həşəratları bəsləməsin. Bu 44 günə də saz, söz qoşulacaq. İndidən deyim, bil, mənim balam.

Sənin haqqında olacaq dastanın 2783 boyu var, bir-birindən maraqlı. Hər boydan min dastan mənbə götürəcək, adın dillərdə dolaşacaq. Bir anda Babəklə, Cavad xanla bir sırada dayanacaqsan, onlar da öz layiqli nəticəsinə, davamçısına baxıb qürur duyacaq.

Sənin haqqında yazılacaq qəhrəmanlıq simfoniyasının 2783 notu var, bir-birindən hünərli, hərəsi bir cəngi ruhlu. Hər notdan min bir nəğmə qoşulacaq. Kimisi həsrət, nisgil dolu, içində dağları yaxan ahla, kimisi də azadlığa çıxmış Həkəri kimi çoşub çağlayan, kimisi astadan atasız qalmış, içini çəkən balasının başına sanki sığal çəkəcək, kimisi də sönmüş ocağa sanki istilik, hərarət gətirəcək.

Səni təsvir edən poemanın 2783 misrası var, bir-birindən axarlı, fəslin ilk baharında açılmağı gözləyən qönçə qədər sirli, sehirli. Amma Sən adlı qönçədən bir gül yerinə bir gülüstan yaranacaq. Bax, Vətən belə cücərir, belə qol-budaq olur. İndi də Vətən torpağına 2783 toxum düşdü. Hərəsi minlərlə yeni ideyaya həyat verəcək ideya...

Əzizim, canım Şəhidim, Ülvi məqamın sakini.

Elə zirvəyə qalxdın ki, millət Sənə altdan yuxarı baxır, lap dalğalanan Bayrağı kimi. Əvvəllər sənin üzünə dik baxmağa cəsarətləri yox idi insanların. İndi Sənə baxanda gözündən yaş süzülsə də, qanı çoşur, Səninlə eyni havanı udduğuna görə fəxr edir, Səni gördüyünə görə qürurludur. Sənin varlığın onlara güc verir, yaşamaq həvəsi, Vətənə sevgi verir. Buna görə hər evdə, hər ünvanda Sənin rəmzinə çevrilmiş Bayrağım ən yüksək yerdən asılır. Ən müqəddəs andının başında Sənin adın gəlir.

İndi isə adın həm də Qələbənin rəmzinə çevrildi. Mənim tariximin qara səhifəsini ağardan, yeni vərəqdən şərəfli səhifəmin bismillahını yazan Sənsən. Sənin uca məqamın elə bir yerdədir ki, hər kəs oranın həsədini çəkir. Səninki ölüm deyil! Ölüm ürəklərə vahimə, qorxu, təşviş verir. Sənin Ülvi məqamında isə sanki bir cazibə var. Ölüm də Sənə aşıq olub, mənim balam... Şəhidlik ölümün cəsarətə aşiq olub, həyatın qarşısında diz çökməsidir.

 





11.12.2020    çap et  çap et