525.Az

Qarabağ sevdalı nəğmələr - Şahanə Müşfiqdən yeni yazı


 

Qarabağ sevdalı nəğmələr - <b style="color:red">Şahanə Müşfiqdən yeni yazı </b>

Qarabağ... Dilimizin əzbəri, qəlbimizin yanğısı, şeirlərimizin mövzusu, nəğmələrimizin ilham qaynağı...

Qarabağ Azərbaycan üçün hər zaman əziz, önəmli, əbədi-əzəli məkan olub. Onun münbit torpağı, səfalı təbiəti, qədim keçmişi Azərbaycan xalqının və dövlətinin qürur yeri, incəsənət xadimlərinin mənbəyi olub. Adına şeirlər qoşulub, nəğmələr oxunub. Bu, hələ yüz illər öncədən belə idi. 1990-cı illərin əvvəli mənfur erməni daşnaklarının Qarabağa olan iddiaları, törətdikləri qətliamlar, Qarabağ savaşı və nəticədə Qarabağ və ətraf rayonların, ümumilikdə 20 faiz torpaqlarımızın işğalı o şeirlərə, o nəğmələrə hüzn hopdurdu. Artıq Qarabağdan şövqlə deyil, kədərlə, məyusluqla, həsrətlə bəhs edər olduq. Şən-şux musiqilərimizin yerini qəm, eşq dolu sözlərimizin yerini həsrət, özləm, intizar tutdu. Və Qarabağ böyük bir xalqın illərlə qanayan yarasına çevrildi. Qəlbimizdən Qarabağ həsrəti, dilimizdən Qarabağ nəğmələri heç əskik olmadı. Elə hey:

Anadır arzulara
  hər zaman Qarabağ!
Danışan dil-dodağım
  tar-kaman Qarabağ!
Qarabağ, can Qarabağ,
   ana yurdum!

- dedik. Arzularımızın əvvəli də, əzəli də Qarabağ oldu. "Cənnətim Qarabağ" - dedik, "Qarabağ şikəstəsi"nə ağladıq, "Qarabağın maralı" deyib kövrəldik, yurd nisgilli "Qarabağın qızları"nın könlünü almağa çalışdıq.
Nəhayət, otuz ilə yaxın ayrılıqdan sonra bu ilin 27 sentyabr səhəri bu tarixi gedişat bircə anda dəyişdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Müzəffər Azərbaycan Ordusu 44 günlük müharibədən sonra işğal altındakı bütün rayonlarımızı azad etdi, xalqımızın vətən həsrətinə son qoydu, bizə böyük zəfər yaşatdı.

Bu illər ərzində həsrəti, nisgili başına qaxınc olan Qarabağ mahnılarının da "qırışı açıldı", üzü güldü, içinə su səpildi. Çünki artıq onlar da töhmətdən, əsarətdən qurtulmuşdular. Daha Qarabağdan həm fiziki, həm də mənəvi uzaqlıqda deyil, elə özündə, öz torpağında oxunacaqlar.

Bu yazıda illərlə Qarabağdan uzaq bizə Qarabağı unutdurmayan, Qarabağı unutmadığımızı sübut edən mahnılarımıza nəzər salacağıq.

***

Yuxarıda nəqarətindən bir parçanı qeyd etdiyimiz mahnı "Qarabağ" və daha çox "Anadır arzulara hər zaman Qarabağ" adı ilə tanınan mahnıdır. Qarabağ aid ən çox oxunan, uşaqdan böyüyə az qala hər kəsin əzbər bildiyi bu mahnının musiqisi Bəhram Nəsibova aiddir. Mahnı 1968-ci ildə yazılıb. Sözləri bəzi mənbələrdə Bəhram Nəsibova, bəzi mənbələrdə isə Dəmir Gədəbəyliyə aid edilir. İlk dəfə mahnını 1972-ci ildə görkəmli xanəndəmiz Arif Babayev ifa edib. Mahnı 2009-cu ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilib. Albomdakı mahnını Ali Haydar Gül səsləndirib.

Şən ritmdə olan mahnının sözləri də nikbin və ürəkaçandır:

Sevgilim, seyrə çıxaq
Burda gəl ilk baharı.
Gül açır qəlbimizin
Ən şirin arzuları.

Bu çəmənlərdə gəzib
Vaqifin şux gözəli,
Ruhunu burdan alıb
Natəvanın qəzəli!..

İkinci Qarabağ savaşı - Böyük Vətən müharibəmizdə də ən çox mahnılardan biri olan "Anadır arzulara hər zaman Qarabağ" mahnısı bu dönəmdə daha bir əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, noyabrın 20-si Ağdam şəhəri düşmən işğalından azad olunandan sonra noyabrın 23-də bir sıra ziyalılar, mədəniyyət nümayəndələri Ağdama səfər etdilər. Həmin səfərdə təşkil olunan kiçik konsert proqramında Xalq artisti Mənsum İbrahimov məhz bu mahnını oxudu. Sanki bu qayıdış və bu ifayla Qarabağın küskün könlü də alındı, sübut olundu ki, Sən həmişə arzularımızın anası olmusan, əziz Qarabağ!

***

Həmişə xalq mahnısı kimi qəbul etdiyimiz "Azərbaycan maralı" müəlliflidir, ilk adı isə "Qarabağın maralı" olub. Professor Minəxanım Təkləli bu mahnı haqqında məqaləsində bütün sirləri açır.

Nəğmənin taleyi az qala Qarabağın öz taleyi qədər maraqlı, nisgilli, əziz və doğmadır. Yəqin elə buna görədir ki, çoxları onu xalq mahnısı zənn edib. Mahnının sözlərinin və musiqisinin müəllifi İsgəndər Novruzludur. Əsl adı Qasımbəyov İngilis olub. O, 20 yaşı olanda 37-ci il repressiyasından qaçaraq Aşqabada - qohumlarının yanına köçür. Qarabağlı olan İsgəndər gözəl tar çalar, oxuyarmış. Aşqabadda evlənir, övladları olur. 1948-ci ildə dəhşətli zəlzələ nəticəsində ailəsini itirir. Özü Aşqabaddan kənarda olduğu üçün sağ qalır. Bu hadisədən sonra Vətənə qayıdır. Hələ orda olarkən yazdığı və toylarda ifa etdiyi mahnıları yavaş-yavaş yenidən oxumağa başlayır. Yəni "Qarabağ maralı" qürbətdə yazılıb. Torpağı kimi, müəllifi kimi mahnının da qismətinə qürbət düşüb.

Bir gün Filarmoniyanın qabağında İsgəndər xanəndə Sara Qədimovanı çağırıb qısa şəkildə taleyini danışır, "Qarabağın maralı" və "Gözəl, haralısan?" adlı iki mahnısını ona təqdim edir. Özü də qarabağlı olan Sara xanım mahnıları dinləyib bəyənir, oxuyacağını deyir. Amma həmkarları ona deyirlər ki, oxuma, ermənilər başımıza iş açar, millətçisən deyərlər. Sara xanım isə 1951-ci ildə mahnını ifa edir. Hətta Qarabağ müharibəsində hospitala yaralılara dəyməyə gedərkən də onlar üçün bu mahnını ifa edib:

Gedək Qırxqız yaylağına,
Maral-cüyür oylağına,
Enək İsa bulağına,
Qarabağın maralı.

Turşsu olsun yaylağımız,
Gözəl Şuşa - oylağımız.
Sən olaydın qonağımız,
Qarabağın maralı.

Bəs bu mahnı necə "Azərbaycan maralı"na çevirib? Əminə Dilbazinin xatirəsinə görə, 1969-cu ildə Yerevanda qastrolda Sara xanım bu mahnını oxumağa başlayanda işıqlar söndürülür və bir qrup şəxsin hücumuna məruz qalırlar. Sənətçiləri zaldan güclə çıxara bilirlər. Sonradan polisin araşdırmasına görə, "Qarabağın maralı" sözü ermənilərin qəzəbinə tuş gəlib. Beləcə, sənətçilərimiz "Qarabağ" sözündən çəkiniblər. Amma daha sərbəst, azad bir şəkildə "Qarabağın maralı" deyə oxuyacaq, qərib mahnıya öz adını qaytaracağıq.

***

Hər birimizi hüznə qərq edən, göz yaşlarına boğan, Qarabağın nakəm taleyinə ağı deyə oxuduğumuz "Qarabağ şikəstəsi"...

"Qarabağ şikəstəsi" 19-cu əsrdə zərbi-muğam kimi təşəkkül tapıb. Bu şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə musiqisində həzinlik duyulur. "Qarabağ şikəstəsi"nin sözləri ənənəyə görə xalqdan alınıb, mətnini bayatılar təşkil edir.

***

Qarabağ haqqında yazılmış ən gözəl mahnılardan biri də bəstəkar Cahangir Cahangirova aiddir. Sözləri Rəfiq Zəka Xəndan tərəfindən yazılmış bu nəğməni ilk dəfə ölməz sənətkar Şövkət Ələkbərova ifa edib və sevdirib:

Cənnətim Qarabağ,
Zinətim Qarabağ,
Nəğmələr gülüstanısan,
Sevgi dastanısan!

Süleyman Rüstəmin sözlərinə Süleyman Ələsgərovun bəstələdiyi "Qarabağ" mahnısında qədim torpağa sevgi, heyranlıq, məhəbbət ən gözəl şəkildə izhar olunur:

Gəzmişəm əldə qələm
  bağlarını, dağlarını,
Dalmışam seyrə zəfər
  müjdəli bayraqlarını,
Çəkmişəm nəzmə,
 gəlib nəcmə, gözəl çağlarını,
Adlanırsan bütün ellərdə
  gülüstan, Qarabağ!
Sən Azərbaycanımın
 şöhrətisən, can Qarabağ!

Mahnını ilk dəfə mərhum müğənni Yaşar Səfərov ifa edib.

Xalq artisti Zeynəb Xanlarovanın ifasına dinləyib sevdiyimiz "Qarabağ" mahnısının musiqisi Rauf Məmmədova aiddir. Sözləri isə Azərbaycan xalq bayatılarından götürülüb.

Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ!
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Nəqərat:

Sinəmdə var min bir şeir,
Sevən qəlbim gör nə deyir:
Sən mənimsən, Qarabağ!
Gərəyimsən, Qarabağ!
Ürəyimsən, Qarabağ!

Həqiqətən də aləm cənnətə dönsə də, Qarabağ yaddan çıxmadı, unudulmadı və yenidən özünün əzəli-əbədi sahiblərinə qayıtdı.

Daha bir məşhur "Qarabağ" mahnısının musiqisi mərhum sənətkar Məmmədbağır Bağırzadəyə aiddir. Şair Zivər Ağayevanın sözlərinə yazılmış mahnıda sanki müəllif elə Azərbaycan xalqının dilindən deyir:

Səndə ürək, məndə can,
Necə dözüm, Qarabağ?!

Bunlardan başqa, dəyərli sənətkarlarımız gözəl, nazlı, işvəli, ismətli Qarabağ qızlarına da mahnılar həsr ediblər. "Qarabağın qızları" adlı iki mahnı var. Onlardan birinin sözləri Teymur Elçin, musiqisi Əşrəf Abbasova aiddir. 1960-cı ildə mərhum Xalq artisti Mobil Əhmədov ifa edib.

Eyni adlı ikinci mahnının sözləri Ramiz Heydərə, musiqisi Oqtay Kazımiyə aiddir. Mahnının melodiyası qismən Oqtay Kazıminin "Bu yerdədir" mahnısını xatırladır. Bu nəğməni isə ilk dəfə Oqtay Ağayev oxuyub.

Müasir dövrümüzdə mərhum bəstəkar Hikmət Mirməmmədli və bəstəkar Əliheydər Mirzəbəyov da "Qarabağ" mahnıları yazıblar.

Əlbəttə, bu, son deyil. Bunlar Qarabağın gözəlliyinə, ona olan xalq məhəbbətinə həsr olunan mahnıların sadəcə bir qismidir. İndi də Qarabağa və xalqımızın Qarabağ zəfərinə aid şeirlər, mahnılar yazılmaqda davam edir. İnanırıq ki, bu mövzuda ən gözəl yaradıcılıq nümunələri tezliklə məhz Qarabağın özündə yaranacaq!

 





11.12.2020    çap et  çap et