525.Az

Bolqarıstan KİV-lərində Heydər Əliyev haqqında məqalə dərc olundu


 

Bolqarıstan KİV-lərində Heydər Əliyev haqqında məqalə dərc olundu<b style="color:red"></b>

Bolqarıstanın aparıcı “Kross” Xəbər Agentliyinin internet səhifəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc olunmuşdur. Məqalədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün dərin kədər hissi ilə qeyd olunduğu, eyni zamanda, vəsiyyəti ləyaqətlə yerinə yetirilmiş dahi siyasi xadimin ruhunun da şad olduğuna inanıldığı qeyd olunur.

525.az xəbər verir ki, müəllif Ümummilli Liderin tarixi missiyasına diqqət yetirərək Azərbaycan xalqının tələbi ilə H.Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə böhranın, qeyri-sabitliyin cilovlandığını, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyi qeyd olunur. Əlavə olunur ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində, Azərbaycanın iki əsrin qovuşuğunda öz milli mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarmış, ölkəmizə həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Məqalədə Azərbaycan xalqının dahilik rəmzi kimi qeyd olunmuş Heydər Əliyevin dövlət və millət qarşısındakı tarixi xidmətlərinin zaman keçdikcə daha aydın göründüyü vurğulanır. Bildirilir ki, H.Əliyevin ən böyük qərarlardan birində, Azərbaycan xalqına müraciətində Azərbaycanın hazırki prezidenti cənab İlham Əliyev haqqında qeyd olunurdu:
 
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ardınca, müəllif bu gün nəinki Azərbaycan xalqının, hətta bütün dünyanın Ümummilli Liderin necə uzangörən siyasi xadim və böyük strateq olduğuna bir daha şahid olduğunu qeyd edir. Vurğulanır ki, dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanmış, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.

Qeyd olunanlar xüsusunda, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin və tarixi torpaqlarının Ermənistan işğalından azad olunması da unudulmur. Qeyd olunur ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da Ermənistanın təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazmışdır. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradılmış və Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olunmuşdur. Bu zaman Ümummilli Liderin Qarabağa olan sevgisini ifadə edən aşağıdakı məşhur kəlamı yada salınır:

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır, nida işarəsi” devizi altında torpaqlarımız Ermənistan işğalından azad edilərək Ümummili Liderin amalı tamamlamışdır. Daha sonra prezident İlham Əliyevin xalqa müraciətində ifadə etdiyi sevinc və fərəh dolu duyğularına yer verilir:

“...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Məqalədə həmçinin qeyd olunur ki, İlham Əliyevin rəhbərliyində cəsur Azərbaycan hərbçiləri işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikanı və infrastrukturu, çoxsaylı canlı qüvvəni darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etmişdir. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edilmiş, Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldılmışdır. Bir güllə belə atılmadan Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının torpaqlarından qeyri-şərtsiz çıxarılmasına nail olunmuşdur. Nəticədə, 30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri Azərbaycan ordusunun inamlı qələbəsi ilə icra edilmiş, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən vətəndaşlarımızın arzuları reallığa çevrilmişdir.

Sonda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmizin tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu Qələbənin yeni geosiyasi və iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqı Böyük Qələbədən ən çox Ümumilli Lideri Heydər Əliyevin ruhunun şad olduğuna inanır. Ona görə ki, onun axıra çatdıra bilmədiyim dediyi taleyüklü məsələləri, planları, işləri siyasi varisi cənab İlham Əliyev uğurla və qətiyyətlə həyata keçirir.

 

 





12.12.2020    çap et  çap et