525.Az

Etnosun siyasi identikliyinin əsasında əxlaq dayanmırsa...


 

VƏ YA QARABAĞ MÜNAQİŞƏSİNƏ DİNİ DON GEYİNDİRMƏK NİYƏ MÜMKÜNSÜZDÜR?

Etnosun siyasi identikliyinin əsasında əxlaq dayanmırsa... <b style="color:red"></b>

Böyük Zəfərlə sona çatmış 44 günlük İkinci Qarabağ savaşı göstərdi ki, ermənilərin guya əsrlər boyu zərər çəkməsi haqqında uydurulmuş miflərin zaman-zaman dövriyyəyə buraxılması xalqın milli şüurunda ciddi çatlar yaradır.
 
Bu "zərərçəkmə" amili və ermənilərin əsassız tarixi-siyasi iddiaları xalqı zorakılığa təhrik etmək üçün bir növ katalizator rolunu oynayır, nəticədə çanaq növbəti dəfə öz başlarında sınır və beləliklə, yeni bir "soyqırım" nağılı başlanır...

***

Cənubi Qafqazın ən "uzunömürlü" və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə bağlı olan Qarabağ münaqişəsi dünya mediasında zaman-zaman gah dini, gah etnik qarşıdurma, gah da "sivilizasiyaların toqquşduğu" məkan kimi təqdim edilir. Guya "dünyanın ən qədim və mədəni xalqlarından" olan xristian ermənilər davamlı olaraq "vəhşi" müsəlmanların zülmünə məruz qalır və buna görə də onlar özlərini qorumaq üçün mütləq Dağlıq Qarabağı Azərbaycandan ayırıb "müstəqil dövlətə" çevirib orada asudə yaşamalıdırlar. Problemin mahiyyətindən xəbərdar olmayanlar üçün necə də məsum və cazibədar təqdimatdır!?

Əslində isə problemə belə absurd yanaşma, bir tərəfdən ermənilərin Azərbaycan ərazilərini işğal etmək niyyətini pərdələməyə yönəlibsə, digər tərəfdən Ermənistanın çevrəsində bir xristian həmrəyliyi qurmağa, bu yolla Qərb cəmiyyətlərində özünə dindaş tərəfdarlar toplamağa xidmət edir. Ermənistanın tarixi yalanlar və illüziyalar üzərində qurulmuş rəsmi dövlət siyasəti də, Avropa və ABŞ-dakı erməni diasporunun ideologiyası da Qarabağ təbliğatında məhz bu dini amili, yəni onun guya "erməni-müsəlman qarşıdurması" olmasını ön plana çəkməyə əsaslanır. Yerevan Qərbin siyasi çevrələrindəki və mediadakı lobbiçilərini məhz bu manipulyativ "arqumentlə" yemləməyə çalışır. Təəssüf ki, problemin mahiyyətinə bələd olmayan, başqa üsullarla da şirnikləndirilən həmin siyasətçilər və media adamları tez-tez bu "cazibədar" arqumentin tələsinə düşürlər. Halbuki həmin adamlar münaqişənin mahiyyətini yüngülvari araşdırsalar, onun həqiqi mahiyyətini dərhal görər, burada heç bir dini amilin iştirak etmədiyinə əmin olarlar. Məsələn, görərlər ki, "müsəlman zülmündən əzab çəkən" Ermənistan, eləcə də Qarabağdakı ermənilər, məhz bölgənin ən böyük müsəlman ölkələrindən olan İran İslam Respublikasının iqtisadi yardımı sayəsində ayaqda qalır, məhz müsəlman-şiə Tehranın köməyi sayəsində ermənilər ərzaq, elektrik enerjisi və yanacaqla təmin olunur, həyat üçün vacib olan sahələri inkişaf etdirirlər. Deməli, bölgədə hansısa xristian-müsəlman qarşıdurması haqqında danışmaq tamamilə yersizdir və belə yalanlar yalnız Ermənistanın işğalçılıq niyyətlərini ört-basdır etmək üçündür.  

Təəssüf ki, Qarabağ problemində "müsəlman-xristian" motivinin yalan olduğunu bilən Avropanın bəzi məmləkətləri, onların islamofob siyasətçiləri və adlarını "tərəfsiz və qərəzsiz" qoymuş bəzi media qurumları da münaqişədən bəhs edərkənn din amilini qabartmağa çalışırlar. Təəssüf ki, məsələnin bu cəhətinin qabardılmasında hazırda Avropada artmaqda olan ultra-sağ meylin, xristian fundamentalizmi və neofaşizmin ayrıca rolu vardır. Belə meylləri yayan mərkəzlərin artması ümumən Avropa dəyərlərinin özünü təhlükə altında qoyur. Məsələn, Ermənistanın 10 noyabr kapitulyasiyasından sonra beynəlxalq hüquqa zidd olaraq məlum münaqişədə Ermənistanı dəstəkləyən Niderland parlamentində Türkiyə və Azərbaycan əleyhinə qətnamə qəbul olunmasında məhz ultra-xristian və radikal-şovinist meylli deputatların ciddi "əməyi" olmuşdur.

Təəssüf ki, indi Avropanın bəzi qəzet və jurnal səhifələrində, müxtəlif şübhəli ideyaları yayan müəlliflərin yazılarında yalançı xristian təəssübkeşliyi və təcavüzkar millətçilik açıq şəkildə təbliğ olunur. Fransa kimi ölkələrdə müsəlmanlara göstərilən dözümsüzlükdə medianın həmin zərərli təbliğatı da öz bədnam rolunu oynayır. Məhz belə ölkələrdə media qurumları Qarabağ problemindən yazarkən münaqişəyə dini don geyindirməyə çalışırlar. Məsələn, Almaniyanın nüfuzlu "Spigel" jurnalınında (30 noyabr 2020) çap olunmuş "Dağlıq Qarabağ münaqişəsi: Qərb Ermənistanı niyə satdı?" ("Berg-Karabach-Konflikt: Warum Armenien vom Westen verraten wird") adlı məqaləsi açıq dini dözümsüzlük və xristian fundamentalizminin tipik nümunəsi sayıla bilər.

Məqalənin müəllifi, guya media dairələrində tanınmış qələm əhli olan Volfram Veymer yazır ki, müsəlman Türkiyə və Azərbaycan Suriyadakı qatı islamçı muzdlu döyüşçülərlə birlikdə ilk xristian dövləti (?!-Q.M.) olan Ermənistana qarşı müharibədə qələbə çaldı. Neftlə zəngin Azərbaycan üstəlik, ən müasir dronlarla silahlanmışdı. Balaca Ermənistanın belə bir gücə qarşı müharibədə heç bir şansı yox idi. "Balaca Ermənistana" yas tutan müəllif şivən qoparır ki, bəs Azərbaycan ABŞ-ın başı seçkiyə, Avropanınkı isə pandemiyaya qarışdığı bir vaxtda Ermənistana hücum (?!-Q.M.) edib. Adam ermənilərə məhəbbətdən qaynaqlanan fantaziyalarını lap Hollivud ssenaristləri kimi istismar edərək ağlına gələnləri uydurmaqdan çəkinmir.

Bölgənin real siyasi ab-havasından, burada gedən mürəkkəb proseslərdən, münaqişənin həqiqi mahiyyətindən çox uzaq olan "məşhur" müəllif iddia edir ki, Azərbaycan Ordusu müharibənin gedişində ermənilərə aid xəstəxanaları və kilsələri bilərəkdən vururdu, "çünki o binaların üstündə xaç işarəsi vardı". Aşkar yalan danışan və nüfuzlu siyasi liderlərə böhtan atmaqdan belə çəkinməyən V.Veymer məqaləsində "dahiyanə" nəticələrə gəlir: sən demə, Türkiyə və Azərbaycan üçün Dağlıq Qarabağın fəthi xristian Ermənistana qarşı islama söykənən azadlıq mübarizəsi imiş (!?) və Ərdoğan da bu müharibəni dini müharibə kimi dəyərləndirib deyirmiş ki, "bölgəni kafirlərdən azad etmək" lazımdır. Bax özü uydurduğu arqumentlərdən ilhamlanıb zilə qalxan V.Veymer  əcaib nəticəyə gəlir: sən demə, Yerevan iki müsəlman dövlət arasında sıxılmış halda xristian boltu kimi qalıb. Ermənistan üçün tarixi bir kabus qayıdır, çünki düz 100 il əvvəl ermənilər türklər tərəfindən törədilmiş soyqırımın müdafiəsiz qurbanları olmuşdular".

Ən qəribəsi odur ki, Qarabağ probleminin mahiyyətini öyrənməyən və yalnız çeynənmiş "erməni qəlibləri" ilə düşünən müəllif müharibənin başlamasının səbəbini Türkiyə və Azərbaycanda olan sosial problemlərlə əlaqələndirir. O yazır ki, Ərdoğan ciddi iqtisadi və valyuta böhranı ilə üzləşib, neftin qiyməti düşəndən sonra Əliyevin də guya daxili qarşıdurmalara müqavimət qabiliyyəti azalıb. Hər iki ölkədə sosial gərginlik var və islamçıların iqtidara siyasi təzyiqi artmaqdadır... Bu dərəcədə bəsit, səviyyəsiz və məsuliyyətsiz yanaşma!

Hələ "Spigel" jurnalı guya keyfiyyətli media sayılır. Hərçənd, qərəz və böhtan dolu bu yazıda keyfiyyətli mediaya xas olan heç bir etik meyar gözlənilmir, balans yoxdur, yazının məğzi həqiqətdən çox uzaqdır, ermənilərə məhəbbət üzərində qurululduğundan Türkiyə və Azərbaycana  nifrət püskürür, bayağı xristian həmrəyliyi təbliğ olunur. Hadisələr haqqında məlumatı olmayıb yazını oxuyan adamda belə təəssürat yaranır ki, Bakı və Ankara muzdlu terrorçularla əl-ələ verib bu "yazıq" xristian Ermənistana qarşı islami dəyərlərdən qaynaqlanan amansız müharibə aparır. Əslində, belə yalan, əsassız, təhrikçi və qızışdırıcı yazı üçün təkcə "məşhur" müəllif yox, elə "Şpigel"in özü də etika məhkəməsi qarşısında dayanmalıdır.

Məqalədə "zavallı", "fağır və əzabkeş"  Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi ilə bağlı bir cümlə də deyilmir, beynəlxalq hüquq kənara qoyulur, müharibənin Yerevanın ərazi iddiası üstündə olması dilə gətirilmir. Müəllif az qala 30 il davam edən sülh danışıqlarının nəticəsiz başa çatması barədə də susur, çünki bu, onun niyyətinə və xidmət missiyasına uyğun deyildir. Ümumiyyətlə, oxucuya belə bir yanlış fikir təlqin olunur ki, erməniləri qırmaqdan zövq alan türklər Qərbin başının qarışıq olmasından məharətlə yararlanaraq Ermənistanı işğal ediblər (?!). Halbuki BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq (822, 853, 874, 884) Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində öz torpaqlarını Ermənistanın işğalından, qeyri-qanunu silahlı birləşmələrdən, terrorçu dəstələrdən təmizləmək üçün əks-hücüm əməliyyatı aparıb. Avropanın nüfuzlu bir nəşri isə faktları təhif edərək tamamilə başqa və həm də çox zərərli mətləblərdən dəm vurur. Subyektiv mülahizələr adı altında işğalçını stimullaşdırmaq və bu zaman dini təəssübkeşliyə istinad etmək mənəvi cinayətdir.

***

Əvvəldə qeyd etdiyimiz kimi, ermənilərin tarixən özlərini faciələrə düçar etməsinin səbəbi etnosun siyasi identikliyindəki problemlərlə bağlıdır. Heç kimə sirr deyil ki, müasir erməni etnosunun siyasi identikliyinin əsasında əxlaq qaydaları və erməni-Qriqoryan moizələrindən gələn mənəvi qanunlar deyil, xristianlığaqədərki miflər, ali irq haqqında uydurma əfsanələr, təbii ki, həm də heç bir elmi-tarixi sübutu olmayan "Böyük Ermənistan" iddiaları dayanır. Bir əsrdən çoxdur ki, ermənilərin ekstremizm püskürən ideoloji şüarları məhz bu ideyadan qaynaqlanaraq beyinlərə yeridilir. Bu prosesdə iki xətt - "Daşnaksütyun" partiyası və erməni kilsəsi fəal rol oynayır. Yüz illərdir davam edən erməni zorakılığı birbaşa kilsə düşüncəsindən güc alır.

Bəli, əsas missiyası Tanrıya sitayiş və insanlara barış aşılamalı olan Qriqoryan kilsəsi, təəssüf ki, bu prosesdə zaman-zaman zərərli erməni ideologiyasının yayılıb möhkəmlənməsinin katalizatoruna çevrilib. Mahiyyət etibarilə xristianlığı yaymaqla insanlarda bəşəri düşüncə formalaşdırmalı olan bu kilsə həmişə dini qurumdan daha çox siyasi təşkilat missiyasını yerinə yetirmişdir. Türklərə və azərbaycanlılara dözümsüz münasibət, qocaları, qadınları və uşaqları amansızlıqla qətlə yetirmək və həm də bundan nəşələnmək kimi qeyri-insani davranış məhz bu ideologiyadan qaynaqlanır. Belə deyilsə, bəs nəyə görə təkallahlılığı qəbul etmiş erməni kilsəsi bəzən ölkədaxili, çox vaxt partiyadaxili təbliğatda erməni miflərinin uydurduğu müharibə tanrısı Vaadnın bu qədər sevgi-məhəbbətlə tərənnüm olunmasına şübhəli bir sükutla yanaşır? Ağır Qarabağ məğlubiyyətindən sonra da kilsə yenə də bu yolu tutacaqmı? Yenədəmi keşişlər bir əllərində avtomat, o biri əlində müqəddəs kitab tutacaq, gündüzlər moizə oxuyub, gecələr qatilə çevriləcəklər?

Suallar çoxdur, düşünmək üçün kifayət qədər zaman da var. İndi əsas məsələ yolun düzgün olanını tapmaqdır. Düzgün yol isə nifrət püskürməkdə və qisasçılıqda, terrorda və qarşıdurmada, ekstremizmdə və separatçılıqda, "müsəlman düşmənçiliyi"ndə və "ultraxristianlıq"da deyil, barışda xoşgörüdə və dialoqdadır. Bu yolu görmək lazımdır, görmək üçün də gərək etnosun siyasi identikliyindəki problemlər həll olunsun...

 





12.12.2020    çap et  çap et