525.Az

Ulu öndərin ruhu şaddır! - Müsahibə


 

Ulu öndərin ruhu şaddır! - <b style="color:red">Müsahibə  </b>

Müstəqil dövlətin nə olduğunu dərk etdiyim vaxtlardan suverenlik uğrunda mübarizədə əlimdən gələni etmişəm. Heydər Əliyevi azacıq dərk etdiyim vaxtlardan arzularımı gerçəkləşdirə biləcək yeganə lider onun ola biləcəyi qənaətinə gəlmişəm. Daim onu öyrənməyə çalışmışam.

Həyatımın ən xoş qisməti 1990-cı ilin avqust ayından başlanan dahi Heydər Əliyevlə şəxsən tanışlıq və münasibətlərim olub. Təqaüddə olan siyasi xadim Heydər Əliyevin xalqını, vətənini necə sevdiyinin, onların xoşbəxtliyi, müstəqilliyi uğrunda cəfasının canlı şahidi olmuşam. Ulu öndər xalqını, dövlətini sevməklə kifayətlənmir, onların uğrunda gərgin mübarizəsini də davam etdirirdi. Həmin vaxtlarda onun bu mübarizədə ən uğurlu silahdaşı gənc siyasətçi İlham Əliyev idi.

Yüksək himayə və qayğı göstərib Azərbaycan rəhbərliyinə yüksəltdiyi insanların xəbis və biganə münasibətindən o zaman Naxçıvandakı doğmalarına sığınan, küskünlük həyatı yaşayan ümummili lider Heydər Əliyevin ən etibarlı yardımçısı və onun siyasi məktəbinin müdavimi kimi dəyərləndirdiyim Vasif Talıbov da bir an olsun belə ulu öndərdən ayrılmırdı. Onlarla təmaslarımdan, söhbətlərimdən gəldiyim qənaətim bu idi ki, xalqımın, dövlətimin uğurlu gələcəyinin təməli qoyulmaqdadır.

Tariximizin ən qürurverici səhifələrindən birini yazan - alınmaz qala sayılan Şuşa şəhərini əsarətdən azad edərək dünyanın hərb tarixinə yeni nümunə yazan İlham Əliyev noyabrın 10-da bu xəbəri xalqa çatdıranda təntənə ilə bildirdi: “Mən bu gün Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun, Azərbaycan!”

Heydər Əliyevin Qarabağla bağlı vəsiyyəti isə bu hökmdə ifadəsini tapmışdı: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir!”

Ulu öndərin siyasi varisi və ən sadiq davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin atasının və siyasi sələfinin Qarabağ vəsiyyətini yerinə yetirdiyi məqamda 30 il əvvəl-- 1990-cı ilin yayında ulu öndərin Naxçıvana gəldiyi ilk günlərdə ondan aldığım və çətinliklə dərc etdirdiyim müsahibədə millət atasının dərin zəka və böyük uzaqgörənliklə   söylədiyi mülahizələri necə xatırlamayasan?! Həmin yazının Qarabağla və müstəqilliyimizlə bağlı hissəsini çağdaş oxucularıa təqdim edirəm.     

- Sizi təcrübəli siyasi xadim kimi tanıyırlar. Deyirlər, milli və siyasi məsələləri qabaqcadan görmək Sizdə qeyri-adi hissiyatdır.

- Əlbəttə, mən siyasi xadiməm və uzun illər siyasətlə məşğul olmuşam. Bu sahədə mənim təcrübəm az deyil. Mənim bu təcrübəm də siyasi işlərin təhlilində və bu sahədə lazımi qərarlar qəbul etməkdə mənə kömək edir.

- Siz söhbətlərinizdə xalqımızı narahat edən Qarabağ haqqında bildirmisiniz ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında süni yaradılmış məsələləri tez bir vaxtda qaydasına salmaq olardı. Lakin respublikanın keçmiş rəhbərliyi və ittifaq rəhbərliyinin qətiyyətsiz mövqeləri bu məsələni daha da çətinləşdirdi. Söhbət gedir ki, Sizin rəhbərliyiniz dövründə erməni millətçiləri DQMV-ni Ermənistana birləşdirmək məsələsini qaldırmışlar və Siz dərhal onları susdurmusunuz. Mümkünsə, bu barədə.

- Bəli, Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə də erməni millətçiləri tərəfindən, xüsusən Ermənistanda yaşayan erməni millətçiləri və əsasən Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür məktublar yazıb Moskvaya göndərib, bu tələbləri irəli sürməyə çalışıblar. Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlar da biz almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər.

Mən Mərkəzi Komitəyə rəhbərlik etdiyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Və onların genişlənməsinə mümkünat vermirdim. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987-ci ilin ikinci yarısında, sonunda başlanılan kampaniyanın qarşısını elə o vaxt almaq mümkün idi. 1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi.

Ancaq çox təəssüf ki, bu sahədə həm Azərbaycan Respublikasının keçmiş rəhbərləri, həm də ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər. Və məhz bunun da nəticəsində Dağlıq Qarabağ məsələsi get-gedə şişmiş, çox əcaib şəkil almış, indi də iki respublika arasında, iki millət arasında böyük ziddiyyət yaranmasına səbəb olmuşdur.

- Əlavə bir sual: Dağlıq Qarabağ məsələsi bütün respublikamızın əhalisini ciddi narahat edir, erməni milləti bizim xalqımızı təcavüz vəziyyətinə salır. Bu məsələdə Siz çıxış yolunu nədə görürsünüz?

- Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəaliyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar--bunlar əgər həyata keçirilmirsə, onda, demək, çıxış yolu da tapılmır. Çıxış yolu birdir: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.

- Silahlı dəstələrə qarşı Prezidentin fərmanı çıxdı. Lakin bizə məlum deyil ki, nəyə görə erməni ekstremistlərinə bu qədər güzəştlər edilir.

- Mənə də məlum deyil. Ancaq eyni zamanda (acı-acı gülümsəyir-F.A.) məni təəccübləndirən məsələ odur ki, bu böyüklükdə ölkənin prezidenti fərman verir, 15 gün o fərmanın icrasına vaxt qoyur. Ermənistan respublikasında bu fərmanın əleyhinə qərar qəbul olunur və Ermənistan respublikasının Ali Soveti qərara alır ki, SSRİ prezidentinin fərmanı Ermənistanda qüvvədə olmamalıdır. SSRİ prezidenti də buna laqeyd yanaşır. Belə halda prezidentin qərarının tamamilə gücsüz olduğu aşkar görünür.

- Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilliyinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.

- Mütləq Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır, heç kəs ona belə bir azadlığı verməyəcəkdir.

Ulu öndərin bu cavablarında əksini tapmış və 30 ildən sonra bir daha təsdiqlənmiş həqiqət göz qabağındadır. Onun vətən, xalq sevgisi, dövlətçiliyin bərpasına və suverenliyə münasibəti o zaman xoşbəxt gələcək uğrunda mübarizə haqqında bir çağırış və manifest kimi səslənmişdi. Bu həm də ulu öndərin müqəddəs Qarabağ vəsiyyətnaməsi idi!

İgid əsgərlərimizin Qarabağda 44 günlük müharibədə qazandığı zəfərlərin vermiş olduğu siyasi nəticələri Prezident İlham Əliyev geniş şərh edərək yüksək dəyərləndirilmişdir. Bu gün hər birimiz üçün daha böyük gələcəyə hədəflənən strateji yol xəritəsi cənab prezident tərəfindən müəyyənləşdirilir. Əleyhdarlarımız Azərbaycan dövlətinin iradəsi qarşısında lazım olan cavablarını alırlar. Bütün bunlar İlham Əliyevin praqmatiq, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm uğurlardır.

Azərbaycan lideri İlham Əliyev və birinci xanım  Mehriban Əliyeva başda olmaqla xalqımız  müstəqilliyimizin böyük memarı Heydər Əliyevin bütün vəsiyyətlərini inamla, yaradıcılıqla gerçəkləşdirir. Xalqın birliyi və həmrəyliyi bu prosesə güclü dəstək qazandırır.

Fəxrəddin AĞAMİRZƏYEV
Füzuli Hərbi Məhkəməsinin hakimi

 





11.12.2020    çap et  çap et