525.Az

Cavabsız suallar... - Türkan Turan yazır


 

Cavabsız suallar... - <b style="color:red">Türkan Turan yazır</b>

Yapon jurnalist Jumpei Yasudanın Suriyada yaşadığı əsirlik həyatını oxuyanda insan dəhşətə gəlir.

Yasuda deyir ki, onu uzun müddət hündürlüyü metryarım olan dar, qaranlıq bir yerdə saxlayıblar. Nadir hallarda konserva şəklində qida veriblər, amma qapağını açmaq üçün kəsici verməyiblər. Digər günlərdə isə tullantıya bənzər yeməklər yeyib. Tabut kimi sığındığı yerdə səs çıxarmağını qəti şəkildə qadağan ediblər. Hətta fısıltı, xorultu və bənzər digər səslər çıxardığı təqdirdə onu işgəncələrə məruz qoyublar. Yuyunmadığı üçün başı şiddətli şəkildə qaşınırmış, kəskin qaşıntı ətrafa səs yaydığı üçün jurnalistin əlinə dağ basırmışlar.

Yasudanın yaşadığı cəhənnəm kimi üç il üç ay qəflətən qara xəbər almış kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevi ağlıma gətirdi. Bilənlər bilir, bilməyənlər və ya unudanlar üçün qeyd edim ki, əslən Kəlbəcərdən olan bu iki nəfər öz dədə-baba torpaqlarına doğmalarının məzarını ziyarət etmək üçün gedərkən əsir götürülüblər. Üstəlik, daha bir neçə gün əvvələ qədər düşmən tapdağında olan Vətənimizdə qanunsuz məhkəmə quraraq Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum ediblər. Altı il elə də az zaman deyil. Yasudanın yazdıqlarını oxuduqca düşünürsən ki, düşmənin əlində bir gün bir əsrə bərabərdir. Bəs görəsən, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu müddət ərzində nələr çəkiblər?! Nə yeyiblər, nə içiblər? Neçə gün ac qalıblar, neçə gün susuz qalıblar. Heç olmasa bircə dəfə qarınları doyana qədər nəsə yeyiblər? Görəsən, onlar da tabut kimi eni, boyu iki metr olan, darısqal, qoxudan burun tutulan, qaranlıq yerlərdə saxlanırlar? Görəsən, yayda istidən bişir, qışda soyuqdan donurlar? Altlarında döşəkləri, üstlərində yorğanları varmı? Azərbaycanın başlarına vurduğu hər yumruğun acığını görəsən, bu iki adamdan hansı şəkildə çıxırlar? Neçə dəfə bədənlərinə elektrik veriblər, neçə dəfə barmaqlarını kəlbətinin arasında əziblər, neçə dəfə dırnaqlarını çıxardıblar, neçə dəfə bədənlərində siqaret söndürüblər, köz basıblar? Hansı ildə olduğumuzdan xəbərləri varmı? Ayların nə vaxt başlayıb, nə vaxt bitdiyinin fərqindədirlərmi? Görəsən, doğulduqları gün yadlarında qalıbmı? Bu illər ərzində üzləri bircə dəfə də olsun gülübmü?

Bütün bunları fikirləşdikcə, insanı vahimə bürüyür. Təsəvvür elə, nəfəs alırsan, amma ölüsən, yeriyirsən, amma cəsəddən fərqin yoxdur! Varsan, amma dərin bir boşluq, heçlik, yoxluqdan ibarətsən. Qucaqlayanın, xoş söz deyənin, danışacaq bir adamın yoxdur. Əsirsən, girovsan, işgəncənin, əzabın, ağrının pəncəsindəsən. Yeməyə-yeməyə, içməyə-içməyə, görməyə-görməyə çayın, çiçəyin, yeməyin, meyvənin iyisini unutmusan. Bunları ağıla gətirmək belə adamı dəli olmaq həddinə gətirdiyi təqdirdə, bəs görəsən, onlar necə tab gətiriblər? İlləri, həftələri, saatları, saniyələri necə keçiriblər? Məsələn, məhkuma 5 il, 10 il cəza kəsirlər, o da ümidini həmin vaxta bağlayaraq gözləyir. Yaxşı, bəs Dilqəm Əsgərovla, Şahbaz Quliyev əsir altında hansı ümiddən yapışaraq bu vaxta qədər dözüb yaşaya biliblər? Balalarının təbəssümündən, doğmalarının xatirəsindən, analarını ruhundan, nədən? Kin-kidurət qusan, nifrət saçan, gözünü qırpmadan ən dəhşətli işgəncələri verən erməniləri təsəvvür etmək adamın nəfəsini kəsərkən, görəsən, onlar bu 6 ildə həmin vəhşilərin arasında necə sağ qala biliblər? Ürəkləri necə güc tapıb?

Görəsən, saxlanıldıqları yerin heç olmasa bir əl boyda pəncərəsi var? Məsələn, ən azından oradan baxaraq hansı fəsilin, hansı ayın olduğunu təxmin etməkləri üçün... bir parça bulud görməkləri üçün... içəriyə bir qırıq gün işığı süzülməyi üçün... Görəsən, axırıncı dəfə nə vaxt yağışın altında islanıblar, nə vaxt günəşin istisində qızınıblar, nə vaxt bu dünyanın havasından bir udum, amma dərindən, ürəklə ciyərlərinə çəkiblər? Bayram günlərini xatırlayırlar? Bütün Ermənistan şənlənərkən, onlar nə ediblər? Qısılıb divarın küncünə doyunca ağlayıblar, yoxsa bir neçə saat düşmənin pis nəfəsindən arınacaqları üçün seviniblər? Düşünmək belə insanın canına bir üşütmə doldurur. Əslində, bütün bu suallardan sadəcə birinin cavabı məlumdur: onlar ümidə sarılaraq və tezliklə xilas ediləcəklərinə güvənərək yaşayırlar. Bəlkə də Şuşa işğaldan azad edilən vaxt Yerevana aparıldıqlarında içlərindəki inam qırıntısı şaxələnib. Bəlkə də indi yaşamaqdan daha möhkəm yapışıblar. Ən qısa vaxtda hər ikisinin o cəhənnəmdən qurtarılacağına ümid edirəm. Amma başqa bir həqiqət də var, bundan sonra altı yüz il yaşasalar da, o 6 ilin əzabından qurtulmayacaqlar!

 





13.12.2020    çap et  çap et