525.Az

Heçlik - Aytac Sahədin yazısı


 

Heçlik - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Üç-beş gün həyatımda hər şey qaydasında olanda, ya da dalbadal bir-iki uğur qazananda qəribə bir boşluğa düşürəm. Hər şey gözümdə mənasızlaşır.

Elə ki, hansısa çətinlik yaranır, yenidən həyat gözümə mənalı görünməyə başlayır. Əlbəttə, hamı kimi mən də həyatımda hər şeyin qaydasında olmağını, rahat həyatı arzu edirəm. Ancaq bu hiss etdiklərim fərqli şeylər diktə edir. Hər uğurun zövqünü aldıqdan sonra bunun heçliyini mənə xatırladacaq nəyəsə, yaxud kimlərəsə ehtiyac duyuram. Bu arada uğur dediyim şeylər də xırda-para şeylərdir, yaşımdan və boyumdan böyük olmazlar. Bir sözlə, mənim üçün böyük uğurlar və xırda xoşbəxtliklər. Özümdə bu xüsusiyyəti kəşf edəndən sonra başladım bunun niyəsini axtarmağa. Əvvəl elə bildim ki, mən özümə xoşbəxtliyi yaraşdırmıram. Ancaq yox, mənim özgüvən problemim yoxdur. Bir neçə başqa səbəbi də gözdən keçirəndən sonra anladım ki, sorğulamaq mənasızdır. Bəlkə yaş bəlkə də xarakterlə bağlıdır sadəcə.

Bu yaxınlarda F.M.Dostoyevskinin arvadı A.Q.Dostoyevskayanın xatirələrini oxuyarkən bu cümlələr diqqətimi çəkdi: "Mən müşahidə eləmişdim ki, o hər dəfə uduzub müflis olandan sonra növbəti yaradıcılıq uğuruna imza atır. Onun bacardığı yeganə iş - yazıçılıq, ancaq dəhşətli şəkildə uduzduqdan sonra alınırdı..."

Bunu oxuyandan sonra belə qərara gəldim ki, çətinliklərdən sarsılmaq əvəzinə, güc almaq bəlkə də, çətinliyi həyatın mənası olaraq görmək təbii bir yanaşmadır. Ümumiyyətlə, hər kəsin uğura, ya da uğursuzluğa qarşı münasibəti eyni deyil. Təbii olaraq uğur əvvəl xoşbəxtlik gətirir, fəqət bu xoşbəxtliyin müddəti insanın özündən asılıdır. Müddət bitdikdən sonra heçliyə düşmək, yaxud başgicəlləndirən eyforiya qaçılmaz olur. Bu, bir qədər də xarakterdən də asılıdır. Belə hallar həyatın mənasını yalnız qazandığı uğurlarda görən, uğur ona istədiyi xoşbəxtliyi gətirməyəndə yaxud çox çalışıb bir şeyi əldə etdikdən sonra nə edəcəyini bilməyən insanlarda daha çox olur. Bir araşdırmada deyilir ki, ən çox qəzalar həftə sonları yaşanır. Bütün həftəni konkret saatda işə gedib-gələn, nə edəcəyini bilən adamlar həftə sonu nə edəcəklərini bilmirlər. Çünki vaxt onların ixtiyarına keçir. Bir növ insan özü ilə baş-başa qalır. Bu zaman nə edəcəyini bilməmək kimi bir problem yaranır. Deməli, yenə məsələ özümüzdən keçir. Özünü tapıb, həyatdan nə istədiyini bilən adamların həyat məqsədləri, yaxud xoşbəxtlik anlayışları konkret hədəflərlə, yaxud uğurlarla bitmir. Ona görə də onlar baş verən, ya da baş verə biləcək bütün mümkün variantlarda necə davranmalı olduqlarını bilirlər, heçliyə düşmürlər. Belə adamların daxili dünyasında hər şeyləri olduğu üçün "heç nə" onlara təsir etmir, etsə də, çox az edir. Mənəvi hüzur, bu hüzurun gətirmiş olduğu xoşbəxtlik bütün ağrılara qarşı immunitet yaradır. Beləcə, sən həmişə nə etməli olduğunu bilirsən. Ona görə də nədənsə güc almaq sənə lazım olmur.

Yəqin bir gün olğunluğun gətirdiyi mənəvi hüzur mənə də qismətə olar. Zamana ümid.

 





13.12.2020    çap et  çap et