525.Az

Vətənə məktub - Yazı


 

Vətənə məktub - <b style="color:red">Yazı</b>

Az qalıb. Dan yerinin sökülən vaxtıdır. Yeni günün başlandığını quşlar yəqin ki, nəğməli cəh-cəhləri ilə aləmə car çəkəcək bir azdan. Günəş tellərini darayıb bizim obaya boylanacaq. Boynu bükük xarıbülbül də göz-qulaqdadır, amma günəşin şərqdən, məhz şərqdən doğacağını bilir, o, buna əmindir! Mənsə, bunları hiss etsəm də, nə görə, nə də eşidə bilirəm. Ətrafımda zülmət qaranlıq, qatı səssizlik...  

Amma mən ölməmişəm, ölə bilmərəm, var olacağam sən yaşadıqca, ey Vətən!

Bilirsən, var olduğum obada Polad adlı bir uşaq var idi. Mərdanə davranışı ilə diqqətimi çəkmişdi. Böyük-kiçik yeri bilən, mehriban, həm də savadlı uşaq idi. Əmin idim ki, Sənin adını uca tutacaq vətənpərvər bir ürək döyünür onun sinəsində...

Gözəl günlərin birində, şair demiş, gülün bülbülə naz etdiyi bir vaxtda Sənin işıqlı  səmanı qara buludlar aldı: yağı düşmənin qəfil və amansız hücumu, qovan, qaçan, yıxılan, duran, yaralanan, həyatını itirən, ölən günahsız insanlar, yanan evlər, pərən-pərən düşmüş qız-gəlinlər, əlsiz-ayaqsız qocalar. Nələr olduğunu demək üçün dil lazımdır, o da məndə yoxdur.

Düşmənin yağdırdığı od-alov qarşısında çaşqın qalmış əliyalın insanların təhlükəsiz yerlərə, Səndən Sənə qaçmaqdan başqa yolu qalmamışdı.  Dediyim Polad da canını xilas etmək üçün adam dolu yük maşınına doğru tələsirdi. Həmin an istədiyim tək şey onun məni fərq etməsi oldu. Dilim olsaydı, məni də özüylə aparmasını deyərdim. İnan, əzizim Vətən, buna ehtiyac olmadı, o, qaçdığı yerdə dayandı, əyilib həyəcandan əsən əlləri ilə məni götürdü, sinəsinə sıxdı. Onun yeniyetmə sinəsində ürəyinin necə çırpındığını bütün varlığımla hiss elədim. Heyif, ağlaya bilmirəm. Polad isə məndən fərqli olaraq ağlaya bilərdi, amma ağlamadı, dönüb od-alova bürünmüş evlərinə baxdı və qətiyyətlə "Mən qayıdacam!" dedi.

İllər keçirdi o müdhiş gündən. Xatirələr rəngi solmuş köhnə şəkillər kimi sozalırdı. Polad isə məni saxladığı  qutunun ağzını  hər gün açır, dərin və kədərli sükutla kələ-kötür üzümə baxır, elə bil getdikcə kiçildiyimi görürdü. O, özü isə qollu-budaqlı bir igidə dönmüşdü. Mən onu hər gün gördüyüm üçün necə boya-başa çatdığının fərqinə varmamışdım. İllər sonra, günlərin bir günü Polad əsgər geyimində gəldi görüşümə. İki əliylə məni sinəsinə sıxıb qətiyyətlə "Öldü var, döndü yoxdur!" dedi. İçimdə bir ümid qığılcımı parladı. Elə bildim, Vətən, Sənin bütün qeyrətli oğulların bir ağızdan  "Öldü var, döndü yoxdur!" deyib hayqırdılar.

Bu, igidim Poladla son görüşüm oldu. Daha qutunun ağzını açıb məni ovcuna götürən olmadı. Əlbəttə, mən kədərlənirdim, Poladımı görmək, onun isti əllərinin təmasını hiss etmək istəyirdim...

Hər şey dəyişir bu dünyada, hər şey! Mənim özüm də dəyişirəm, ovuluram, kiçilirəm, bu, məni kədərləndirmir, özüm kiçilsəm də,  içimi dolduran qürurum, məğrurluq hissim sürətlə böyüyür. Polad kimi oğulların sənin xilasın yolunda yeni-yeni zəfərlər çalır. Mən necə xoşbəxtəm! Çünki mən artıq məğlub Vətənin deyil, qalib Vətənin, Sənin bir parçanam. Zəfərin mübarək, Vətən!..

Xəyal ƏFƏNDİYEV

 





13.12.2020    çap et  çap et