525.Az

Acı taleli qız - Telman Orucovun yazısı


 

Acı taleli qız - <b style="color:red">Telman Orucovun yazısı </b>

Onun qəhrəmanı, ingiliscə "kiçik kənd" mənasını verən Hamlet təkcə dünya səhnələrini dolaşmamışdır, bəzi xalqlar öz oğlan uşaqlarını bu adla adlandırmağa üstünlük vermişlər.

İndi çoxları çətinliyə düşəndə, müəmmalar, qətiyyətsizlik dənizində üzəndə özlərini Hamletə bənzədirlər. Şekspir öz pyesi ilə təkcə dünyadakı ən kədərli bir hekayəti yaratsa da, Romeo və Cülyetta məhəbbətin və ona qurban getməyin ölməz rəmzlərinə çevrilmişlər. Kral Lir öz övladlarına bəslədiyi xoş münasibəti ilə təkcə səltənətindən məhrum olmadı, səfil həyata qədəm basdı və iki qızının nankorluğunun acı şahidinə çevrildi.

Uinston Çörçill yazırdı ki, İngiltərə tarixinin elə bir zirvə məsələsi yoxdur ki, Şekspirin sehrkar barmaqları onları böyük sənətkarlıqla təsvir edə bilməsin. O, İngiltərənin tarixi şəxsiyyətlərinin böyük bir qalereyasını yaratmışdır. Həqiqətən də, ingilis tarixinin çoxsaylı mühüm səhifələrini Şekspir öz qələminin gücü ilə canlı şəkildə işıqlandıra bilir. Sonrakı tarixçilər onun bəzi məsələlərdə, məsələn, Maqbetdə və III Riçardda səhvə yol verdiyini iddia etsələr də, onlara həsr olunmuş pyeslər daha geniş şöhrət tapmışdır. Məgər, Nizami VI əsrdə Persiyanın nisbətən ədalətli şahı olan Xosrov Ənuşirəvanı ölkəni viran qoyan, xarabalıqlara çevirən kimi təsvir etməmişdimi? Şekspiri bəyənməyən Tolstoy məgər Borodino döyüşünün təsvirində və ya "Hacı Murad"da təhriflərə yol verməmişdimi? Ruslar Qafqaza niyə gəlmişdilər?

Şekspir dahi yazıçı olmasına baxmayaraq, həm də başqa məşhur şəxsiyyətlərlə müqayisədə nisbətən təvazökar idi. Müasiri Xristofor Kolumb özünə okeanın admiralı və İspaniyanın vitse-kralı titullarını istəmişdi. Böyük fransız yazıçısı Viktor Hüqo nə az, nə çox, paytaxt Parisin adının dəyişdirilib, onun adı ilə adlanmasına can atırdı. Şekspir isə nəslinin yalnız gerbə malik olmasına çalışırdı ki, bu yolla öz adına da bir parıltı versin.

Şekspir öz qəhrəmanlarının dilində özünün ehtiraslı üsyankarlığını ifadə edir. Həyatda indi də hansısa iri faciə baş verəndə, yalnız Şekspir dühasının onu daha məharətlə təsvir edəcəyini qeyd edir, onun istedadını əsl yüksək miqyas timsalı kimi qiymətləndirirlər. O, adi epizodu da heyranedici sözlər hesabına canlı drama çevirir. III Riçard özünü xilas etmək üçün ona at verilməsinə yalvaranda, buna səltənətinin yarısını verməyə hazır olduğunu bildirir. Bu səhnə ilə bağlı Moskva teatrlarının birində gülməli hadisə baş vermişdi. Aktyor bu sözləri tələffüz edəndə yuxarıdakı lojadan bir əbləh qışqımışdı:

- At yoxdur, eşşək olar?

Aktyor belə kobud suala iti cavab vermindir:

- Olar. Düş aşağı!

Riçard rolunun ifaçısının tutarlı cavabı tamaşaçıların xoşuna gəlmiş və onlar aktyoru alqışlamışdılar.

Lakin Şekspirin yaradıcılığı heç də İngiltərənin ada sərhədlərində bağlanıb qalmamışdır. Onun Hamleti Danimarkada, Romeo və Cülyettası İtaliya şəhəri Veronada, Otellosu orta əsr şəhər-dövləti olan Venetsiyada yaşamaqla, macəralarını da həmin məkanlarda icra edirlər. Şekspir dühasının gücü ondadır ki, hansı mövzuya müraciət edirsə etsin, hansı bir ölkədə baş verən hadisələri təsvir edirsə etsin, ümumbəşəri problemlərin dərin tədqiqatına gəlib çıxır, onun köməyi ilə bu gün də öz əhəmiyyətini itirməyən qiymətli mənəvi nəticələr irəli sürür. İnsan təbiəti, onun ləyaqətləri, həmçinin, eybəcərlikləri və qüsurları geniş təhlil edilir, bədii süzgəcdən keçirilir. Həm də o, əsrlərin də soldura bilmədiyi rəmzlər yaradır. Xəyanətlə barışmayan, "olum və ya ölüm" sualından əzab çəkən Hamlet, məhəbbətlərini tayfalarının düşmənçiliyinə tabe etməyən və ölümləri ilə könül vurğunluğunun zəfərinə nail olan Romeo və Cülyetta, kor və barbar qısqanclığı ilə öz sönməz məhəbbətinin canlı timsalını boğmaqla məhv edən Otello, məkrdən faydalanmağa çalışan Yaqo, təriflədiyi qızlarının nankorluğunun qurbanı olan və sadəlövhlüyü hesabına taxt-tacını sərgərdanlıqla əvəz edən kral Lir, hakimiyyət naminə qana susayan ledi Maqbet və bəd əməllərindən dəli olan Maqbet və onlarca başqaları bizim könlümüzü və vicdanımızı tarıma çəkməklə, hamımıza bir "katarsis" prosesi bəxş edir. Bu dahinin hiperbolaları, allüziyaları adamı heyran etməklə yanaşı, həm də özü və zaman barədə düşüncələrə dalmağa məcbur edir.

Şekspir istedadı Qədim Roma tarixinə də müraciət edir, onu dərindən bildiyinə görə, bu ecazkar və həm də cinayətlərin baş alıb getdiyi məkanda baş verən ibrətamiz hadisələri və ruhları, qılıncları ilə ona böyüklük bəxş etmiş şəxsiyyətlərin dünyasını hərtərəfli araşdırır, onlara az qala ölməzlik bəxş edir. Son dörd əsrdə onun pyeslərinə tamaşa edənlər, müqayisəsiz dühasının köməkliyi ilə yaranan iri zirvədən tarixin çox maraqlı panoramasını seyr etməyə müvəffəq olur. Hər bir adamda buna görə Şekspirə minnətdarlıq hissləri yaranır. Çox saydakı pyeslərində o, Roma adlanan bu qədim dövlətin anatomiyasının dəqiq təsvirini yaradır. Roma sözü güc, qüvvə mənasını verir, uzun müddət ərzində bu dövlət həmin mənanı həqiqətən də doğrultmağı bacarmışdı. Şekspirin Romada baş verən mühüm əhvalatlarla belə dərin tanışlığı, bu sahədə yalnız məşhur tarixçi Plutarxla müqayisə oluna bilər. XX əsrdə isə ədəbi istedadlar barədəki buna bənzər tədqiqat işini fransız Andre Morua görmüşdür.

Cefri Çoser ilk dəfə ingilis dilində yazmağa başlamışdı, iki əsr sonra Şekspir bu dildə müqayisəsi olmayan incilər yaratmışdır, öz bədii kəşfləri ilə dünya ədəbiyyatını xeyli zənginləşdirmişdir. Şekspir dünyası olduqca genişdir və ona ağız büzənlər güman etməsinlər ki, ağılsız cəhdləri ilə onu daraltmağa müvəffəq olacaqlar. Qoy onlar unutmasınlar ki, həmin dünya heç də şaqren dərisi deyildir ki, vaxt keçdikcə qısalsın, əksinə, Yer üzünün ayrı-ayrı xalqları mədəni inkişafa daha çox cəlb olunduqca, Şekspirə məxsus planetin ərazisi daha da böyüyəcəkdir.

Lakin o demək deyildir ki, hamı Şekspiri sevir. L.N.Tolstoy Şekspirə olduqca pis münasibət bəsləyirdi. "Hamlet"i kobud, mənəviyyatsız, mənasız əsər adlandırırdı, Şekspirin təriflənməsini saxta hesab edirdi. Dahilər bir-birini sevməyə bilər, biz isə hər ikisini sevməli, heç birini inkar etməməliyik. Tolstoyun bəyənmədiyi "Hamlet" hələ də yaşayır, bizi düşünməyə məcbur edir. Bəlkə minlərlə Hamlet vardır. Ancaq onu da nəzərə almaq lazımdır ki, onların hər ikisi, Şekspir də, Tolstoy da dramın universal qanunlarından çıxış edirdilər.

Şekspirin öz dövründə də onu bəyənməyənlər var idi və yəqin ki, bu, daim insanı öz kölgəsi kimi onu müşayiət edən paxıllıqdan qidqlanırdı. Dramaturq rəqibi olan Robert Qriin onu "an upstart crow" - "bambılı qarğa" adlandırmışdı. "Bambılı" kəlməsini eşidəndə yaşlı müəllimlər güldülər, çünki otuz il əvvəl bir siyasi xadim qeyri-ciddiliyinə görə bu "titul"u qazanmışdı. Lakin paxıl Qriin ədalətdən də bütünlüklə uzaqlaşa bilməmişdi. Dahi dramaturqun soyadı olan Shakespeare sözünün "nizəni sarsıdan" mənasından istifadə edərək, onu "ölkədəki səhnəni yeganə sarsıdan" kimi qiymətləndirərək, bu mənanı verən "Shake-scene" ifadəsini işlətmişdi.

Əsrlər keçsə də, bu dahi dünya səhnələrini və ekranlarını sarsıtmaqda davam edir. Şekspirin əsərləri hesabına bir sıra sənət adamları əlavə şöhrətə yiyələnə bilmişlər. Kino rejissorları - amerikan Cozef Mankeviç, rus Qriqori Kozintsev, italyan Franko Zefirelli, yapon Akiro Kurosava, "Kleopatra" filmində baş rolları oynamış Elizabet Teylor, Riçard Barton, Reks Harrison, "Hamlet" filmində baş qəhrəmanın obrazını yaratmış sovet aktyoru İnnokenti Smoktunovski, "Romeo və Cülyetta" filmindəki yeniyetmə aktrisa Olivia Hassi böyük populyarlıq qazanmışdılar. Kurosava "Kral Lir"i yapon qaydasında təsvir edərək, "Ran" filmini yaratmışdı. ABŞ prezidenti Abraham Linkoln da öz gələcək qatili, Şekspir pyeslərində baş rolları oynayan Con Uilkis Butun səhnədəki oyununa heyran idi, ilk dəfə onu 1863-cü ildə "Mərmər ürək" pyesində yaratdığı mərmər heykələ vurulmuş mifik sənətkarın obrazında, onun böyük qardaşı, daha məşhur aktyor olan Edvin Butu isə "Hamlet" tamaşasındakı baş rolda görmüşdü. XIX əsrin axırıncı rübündə tanınmış fransız aktrisası Sara Bernar teatr səhnəsində Hamlet obrazını yaratmaqla daha da məşhurlaşmışdı.  Şeksprin əsərləri hətta tanınmayan sənətkarları da zirvələrə qaldırmışdı, axı istedadsızlar heç vaxt bu pyeslərdə özlərini sınamağa cəsarət də edə bilməzdilər.

Şekspir uzun ömür sürmədi, 52 yaşında, anadan olduğu eyni gündə - 1616-cı ilin 23 aprelində həyatdan köçdü. O, XVII əsrin ilk 15 ilini çox məhsuldar işləmiş, 15 məşhur pyesini yazmışdı. Əgər o, bir müddət də yaşasaydı, yəqin ki, dünya ədəbiyyatını yeni incilərlə zənginləşdirərdi. Nəhəng yaradıcılığına görə sonrakı nəsillər daim ona minnətdarlıq ifadə edirlər, biz də onlara qoşulmağımızla heç də səhv etmirik, əksinə, yalnız başqaları kimi onu düzgün qiymətləndirməyi bacardığımızı nümayiş etdiririk.

Südabə xanım ekspromt qaydasındakı çıxışında ona ünvanlanan ittihamların çoxuna cavab verməyə çalışdı, nitqini bitirəndə tələbələrin əksəriyyəti əl çalmaqla, sevimli professorlarının mövqeyinə tərəfdar çıxdıqlarını bildirdilər.

Südabə Səfərli təhsil sahəsində tələbələrdən rüşvət alınmasına da dözə bilmirdi, öz etirazını universitetin rəsmi dairələrinə açıqca bildirirdi. Həmin kateqoriyadan olan müəllimlər isə onu lağa qoyurdular, Don Kixota,  N.V.Qoqolun "Ölü canlar" poemasındakı Manilova bənzədirdilər. Manilov təkcə ölü canlarla alver etmirdi, çayın üzərindən körpü tikdirməyi arzulayırdı ki, kəndlilər onun üstündə mallarını satsınlar, gölün üstündən də körpü tikdirmək istəyirdi. Südabə xanım anlayırdı ki, bu anomaliyaya qarşı mübarizə aparmaq da çətindir və belə müəllimlərdən birinə demişdi ki, əlbəttə, siz yaratdığınız və xeyli böyümüş bir sisteminizə arxalanırsınız. Sizə mənim istifadə etdiyim teatr qılıncı təsir edə bilməz. Sizə yuxarıdan vurulmalı olan balta lazımdır ki, bu dərdə bir əlac tapılsın. Rüşvətxorlar da narkomanlar kimidir, əslində, bu xəstəlikdən sağalanlara rast gəlmək, Xəzərdə balina ovuna çıxmaq kimidir. Bir sıra iri vəzifəli məmurlar ifşa edilib, cəzalarını çəkdikdən sonra iyrənc günahlarını etiraf edib, bağışlanmalarını xahiş etmək əvəzinə, ədalət uğrunda saxta mübarizlərə çevrilirlər. Bu, daim sərçələri məhv etməklə qidalanan quzğunun qəflətən həmin quşcuğazın saxta müdafiəsinə qalxması təsəvvürünü yaradır.

 





14.12.2020    çap et  çap et