525.Az

Tanıyaq və tanıdaq: Məryəm Qurbanzadə


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məryəm Qurbanzadə </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira FUAD

***

Məryəm QURBANZADƏ

1982-ci ildə Maku şəhərində anadan olub. Çox gənc yaşlarından qələmə sarılıb, könlünün dediklərini ağ vərəqlərə köçürməyə başlayıb. Universitetdə təhsil alıb. Təcrübi elm üzrə mütəxəssisdir.

İlin üçüncü pəncərəsindəyəm,
Günlərdən
Qadın boyuna biçilmiş
Bir
Hüzün başlayır yaşam,
Yaşam!
İlk sözcüyün
sözcük olduğuna and olsun yaşam

Çətirlərin yağış üçün yox,
Yalqızlıqların
yalqız çəkilmədiyi üçün yaranmasına,
İman gətirməyə fikirləşirəm.

***

Hardan baxsan
Duraqlarda ertələnən
Bir
Kabus görəcəksən qarşında.
Kimi ürəyində bir çanta,
Kimi çantasında bir hüzün,
Kimi hüznündə bir ayrılıq,
Kimi ayırlığında bir həsrətlə
Daşqalaq olun.
Ah ürəyim, ah
Ah hüzünüm, ah
Ah ayrılığım, ah
Ah həsrətim, ah!

***

Ürəyimdə
Anasını itirmiş
Bir uşaq
Çırpınır.
Ürəyimdə
Yaşam suya gedir,
Ürəyimdə.
Boş ver bunları Tanrım,
Sadəcə bir soru:
Savaşın aşını qarıştıranları
Sənmi yaratdın?

***

Səni bilmirəm, amma
Mənim yalqızlıqlarımın ömrü,
Adresi yanlış.
Bir
Məktub kimi
Yollarda geçir

***

Bir sevda su içir gözlərimdən
bir su
aydınladır bulandırıqlarda səni
bir yağış
uçuşu qoynunda
bir öpücük qondurur alnıma
gülümsə dediyin bir andır
an boyunda qal mənə
qal boyunda anla məni
anla boyunda sev məni
sev boyunda sevirəm səni.

 





14.12.2020    çap et  çap et