525.Az

Türklük marşı - Elxan Yurdoğlunun şeiri


 

Türklük marşı - <b style="color:red">Elxan Yurdoğlunun şeiri </b>

Boy boylayıb, soy soylayıb
 ozan babam, Qorqud dədəm,
Qazax dədəm, özbək dədəm,
 türkmən dədəm, başqırd dədəm.
Savaşlardan barışlara cığır açıb
  Bozqurd dədəm,
Haqsızlığın qarşısında susmamışam -
   görk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş,
 türk gəlmişəm, türk olmuşam.

Dağ başımdı, qaya gücüm, daş səsimdi, torpaq qəlbim,
Dağdan enib, qaya çapıb, daşı ovub, torpaq əkdim.
Dağa dözər, qaya əzər, daşı kəsər torpaq səbrim,
Dağ-qayaya çapılmışam, daş-torpağa həkk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Aydoğduyam, Gündoğduyam, Tanrıdağdan başlar yolum,
Qandal nədi bilməz əlim, zəncir nədi bilməz qolum.
Dağlar aşıb, çaylar keçib bəyim, xanım, şahım, ulum,
Bərkə-boşa düşən zaman, inadımdan bərk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

"Ərgənəqon", "Yaradılış", "Alp-Ər Tonqa" sözüm mənim,
"Bilqamıs"dır, "Alpamış"dır, "Şu"dur, "Köç"dür izim mənim.
Manas kimi min illərdir yerə gəlməz dizim mənim,
Tarix ilə həmyaşıdam, artıq belə dərk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Danışacaq danışdırsan babam türkü, nənəm türkü,
Dastan, nağıl, qoşma, mani, layla, nənni, nəğmə, türkü.
Ocağımın ətrafına səsləyirəm doğma türkü,
Qoy düşmənlər sanmasınlar təklənmişəm, tək olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Qutluq Kağan, Xəzər Xaqan, Batı, Mete, Babur şahım,
Atilla, Alptəkin, Səlcuq, Xarəzmşah, Osman şanım.
Əmir Teymur deyəcək ki, tanı məni - bu nişanım -
Başımdakı börküm kimi, el-obama börk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Uzaq yollar yora bilməz Simurqumun qanadını,
Rüzgarları ötüb keçər, mahmızlasam boz atımı.
Xain kafir yaxşı bilir, yumruğumu, toqatımı,
Biri türkə soyuq baxsa, özüm türkə kürk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

10 noyabr-10 dekabr 2020,
Naxçıvan

 





14.12.2020    çap et  çap et