525.Az

Aİ-Rusiya münasibətləri: strateji xarakterli yeni çalarlar


 

Aİ-Rusiya münasibətləri: strateji xarakterli yeni çalarlar<b style="color:red"></b>

Qlobal geosiyasətdə ciddi dəyişikliklərin baş verdiyi haqqında informasiyalar xeyli vaxtdır ki, yayılır. Həmin sırada Avropa İttifaqı ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikası maraq doğurur. Son olaraq Brüsseldə Aİ-Rusiya sammiti keçirildi. Orada tərəflərin bir çox məsələlərdə razılıq əldə edə bilməməsi ekspertlərin diqqətini cəlb edib. İki böyük güc arasında münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyi üzərində düşünmək ehtiyacı yaranır. Burada bir çox geosiyasi, mədəni və iqtisadi faktoru nəzərə almaq lazım gəlir.

Moskvanın 180 dərəcə dönüşü: Avropa "arxa cəbhə"yə çevrilir?

Rusiya Avropa siyasətində ciddi dəyişikliyə gedir. Moskva, ümumiyyətlə, Avropa İttifaqı ilə münasibətləri qurmaq məsələsində prinsiplərə yenidən baxır. Hələ 2010-cu ildə beynəlxalq diskussiya klubu olan "Valday" "Avropa İttifaqına doğru" adlı məruzəni Rusiya analitikləri, siyasətçiləri və diplomatlarının müzakirəsinə çıxarmışdı. Orada əsas məqam kimi Kremlin Brüssel siyasətində "ifrat gözləmə strategiyasından praqmatik qarşılıqlı əlaqələrə" keçid etməyin zamanının gəldiyi vurğulanmışdı (bax: Тимофей Бордачев, Татьяна Романова. Как сделать Европу надежным тылом / "Россия в глобальной политике, 16 dekabr 2013).

Məsələnin mahiyyəti Rusiyanın geniş planda Avropa ilə əlaqələrinə yeni məzmun vermək istəyinə bağlıdır. Mütəxəssislərin fikrinə görə, son 300 ildə ilk dəfə Rusiya Avropaya inteqrasiyaya deyil, onunla konstruktiv əməkdaşlığa üstünlük verməlidir. Lakin bu, Moskvanın Avropa dəyərlərindən imtinası anlamına gəlməməlidir. Rusiyalı mütəxəssislər hesab edirlər ki, Avropa İttifaqı Moskvanın "etibarlı arxa cəbhəsi" olmalıdır (bax: əvvəlki mənbəyə). Bu aspekt geosiyasət müstəvisində çox maraqlıdır.

Burada söhbət hansı mənada "arxa cəbhə" olmaqdan gedir? Moskva əsas diqqətini Uzaq Şərqə yönəldir. Sibir və Vladivostok istiqamətində inkişaf strateji əhəmiyyət kəsb edir. Lakin Rusiya anlayır ki, böyük bir ərazidə əsaslı və davamlı inkişafa təkbaşına nail olmaq imkansızdır. Bu işdə o, Avropadan dəstək gözləyir. Başlıca olaraq da texnologiya və kadr hazırlığı məsələlərində Brüsselin mərhəmətinə ehtiyac duyur. Bəs əvəzində Moskva nə təklif edə bilər?

Bu suala hələ dolğun cavab tapılmasa da, Rusiya tərəfi enerji sferasına işarə verir. Neft və qazın Avropaya nəqlində keyfiyyət dəyişikliyi etməklə qarşılıqlı surətdə maraqları təmin etmək mümkündür. Lakin problem bununla məhdudlaşmır. Moskva ənənəvi təsir dairəsində olan geosiyasi məkandan heç bir halda imtina etmək fikrində deyil. Etiraf edək ki, məhz bu məsələdə Aİ ilə Rusiya arasında ziddiyyətlər meydana gəlir. Ancaq maraqlıdır ki, Qərb ekspertləri bu istiqamətdə ABŞ və Avropanın Rusiyanın üstünə çox getməyəcəyinə inanırlar!

Digər tərəfdən, keçmiş SSRİ-yə daxil olmuş respublikaların əhalisi də Rusiya ilə əlaqələrin kəsilməsini istəmirlər. Ekspert T. de Vaal bu haqda açıq yazır (bax: Thomas de Waal. EU should Risk More to End Eastern Europe’s Limbo / "Bloomberg", 27 yanvar 2014). O cümlədən, gürcülər və moldovalılar Avropaya inteqrasiyaya üstünlük versələr də, Rusiya ilə hərtərəfli əlaqələrin saxlanmasında maraqlıdırlar. Həmin ölkədə işləyənlər sırasında onlar da az deyillər.

Bunlara baxmayaraq, Aİ ilə Rusiya arasında bir neçə ziddiyyətli problem yaranıb. Almaniyanın "Deutsche Welle" elektron nəşri onları 5 qrupa bölür. Birincisi, postsovet məkanında nüfuz uğrunda mübarizə. İkincisi, viza məsələsi. Üçüncüsü, əməkdaşlıq haqqında yeni baza sazişinin olmaması. Dördüncüsü, Trans-Sibir nəqliyyat marşrutu ilə bağlı ortaq razılığın olmaması. Beşincisi, aviasərnişinlər haqqında məlumatların verilməsi (bax: Ирина Филатова. Пять самых спорных вопросов в отношениях Евросоюза и России / "Dw.de", 27 yanvar 2014). Sadalanan punktlar üzrə mövcud olan çətinliklər Brüsseldə keçirilən son Aİ-Rusiya sammitində öz təsdiqini tapdı.

Brüssel sammiti: problemləri həll etməyən tədbir

Əvvəlcə onu demək lazımdır ki, Avropa İttifaqı Ukrayna məsələsinə görə, tədbirin formatını dəyişmişdi. Nəzərdə tutulan bütün məsələlər üzrə müzakirələr keçirilməyib. Bir sıra mövzular ixtisar edilib. Əsas olaraq diqqət müddəti 2007-ci ildə başa çatmış baza sazişinin yenilənməsinə yönəlib (bax: Саммит Россия-ЕС открывается в Брюсселе / "РИА Новости", 28 yanvar 2014). Lakin tərəflər həmin mövzu üzrə razılığa gələ bilməyiblər. Səbəb nədən ibarətdir?

Avropa İttifaqının Rusiyaya Ukrayna ilə əlaqədar ciddi iradları vardır. Brüssel Kiyevə hər hansı xarici təzyiqi qəbul etmir. Avropa İttifaqı Şurasının sədri Herman Van Rompuy Aİ-Rusiya sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında açıq deyib ki, "Ukraynadakı zorakılığa son qoyulmalıdır" (bax: В Брюсселе завершился саммит ЕС-Россия / "Радио Свобода", 28 yanvar 2014). Bununla yanaşı, ekspertlər hesab edirlər ki, Brüssellə Moskva arasında daha qlobal məsələlər üzrə fikir ayrılıqları mövcuddur. O cümlədən, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya ilə əlaqədar tərəflər fərqli mövqe nümayiş etdirirlər.

Belə bir vəziyyətin fonunda V.Putinin Aİ rəsmilərinə etdiyi bir təklif şok effekti yaradıb. Rusiya prezidenti sammitdə deyib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi (Rusiya, Qazaxıstan, Belarus) arasında azad ticarət zonası yaradılsın (bax: Итоги Саммита Россия-ЕС: Путин построил "потемкинскую деревню", а что Европа? / "1in.am", 29 yanvar 2014). Moskva Karnegi Mərkəzinin aparıcı mütəxəssisi, professor Liliya Şevtsova həmin təklifi "güclü manevr" adlandırıb (bax: əvvəlki mənbəyə). Çünki təşkilatlanma və fəaliyyət prinsipləri uyğun gəlməyən və iqtisadi potensialına görə bir-birindən çox fərqlənən iki ittifaq necə azad ticarət zonası yarada bilər? Ekspertə görə, avropalı siyasətçilər hələ bir müddət V.Putinin nə demək istədiyinin üzərində düşünəcəklər.

Belə çıxır ki, Aİ ilə Rusiya arasında prinsipial məsələlər üzrə fikir ayrılıqları davam edir. Moskva ümumən, Avropaya fərqli strateji mövqedən yanaşmağa başlayır. O, özünü artıq Avropanın bir parçası kimi deyil, ona alternativ ola biləcək, fərqli mədəni məkana sahib, lakin dialoqa həmişə hazır olan güclü dövlət kimi təqdim edir. Bu əsasda Kreml yeni inteqrasiya modeli təklif edir. Nəticədə, Moskva Avrasiya məkanında iki böyük təşkilatın – Avropa İttifaqı və Avrasiya Birliyinin mövcudluğuna üstünlük verir.

Rusiyanın bu siyasətinə qarşı Aİ özünün ənənəvi "normativ ekspansiyasını" davam etdirməyə çalışır. Yəni Avropa hələ də başqa ölkələrlə əməkdaşlığa özünün müəyyən etdiyi prinsiplər və meyarlar prizmasından yanaşır. Bunlar təbii ki, həm məqsəd, həm də məzmun baxımından fərqli mövqelərdir. Tərəflərdən hansının üstün gələcəyini zaman göstərəcək. Lakin müasir mərhələdə onlar arasında rəqabətin davam edəcəyini proqnozlaşdırmaq mümkündür.

Moskvanın davranışında Avropadan özünə "etibarlı arxa cəbhə" düzəltmək istəyinin özünü göstərməsi, bizcə, bir qədər düşündürücüdür. Çünki nəyə görə Aİ-nin bunu qəbul edəcəyi elə də aydın deyil. Məsələn, Avropa hansı səbəblərdən Sibirdə çalışa biləcək yüksək səviyyəli mütəxəssis hazırlığında Rusiyaya yardım etməlidir? Burada ilk ağıla gələn Çin faktoru ola bilər. Avropalılar Pekinin inkişafından çox çəkinirlər. Onlar çinlilərin qarşısını Rusiyada və ya Mərkəzi Asiyada kəsməkdə maraqlı ola bilərlər. Ancaq əvəzində Rusiyanın timsalında özünə tarixi rəqib yaratmağın xeyri nə ola bilər? Yəqin ki, Brüssel və Vaşinqtonda bu barədə fikirləşirlər.

Bütün bunlar Aİ-Rusiya münasibətlərinin yalnız Ukraynada baş verənlərlə məhdudlaşmadığını göstərir. Əksinə, elə bir məqam gələ bilər ki, bu iki böyük geosiyasi güc həmin ölkəni bazarlıq obyektinə çevirsinlər. Konkret desək, Avropa ilə Rusiya strateji seçim müstəvisində mübarizə aparırlar. Bu, mahiyyətcə tarixi xarakterlidir və böyük bir geosiyasi məkanda ciddi dəyişikliklərə səbəb ola bilər. Bunun fonunda dünya liderliyi uğrunda mübarizənin dinamikası da yeni çalarlar kəsb edə bilər.

Newtimes.az

 

 





18.02.2014    çap et  çap et