525.Az

Henri Kissincer: "Rusiya çox həssas mövzudur"


 

Henri Kissincer: "Rusiya çox həssas mövzudur"<b style="color:red"></b>

Son zamanlar Qərb-Rusiya münasibətlərində baş verən dəyişikliklər haqqında tez-tez danışılır. Dünyanın böyük geosiyasi gücləri arasında müəyyən ziddiyyətlərin meydana gəldiyi vurğulanır. Hətta bəzi geosiyasi problemlərlə əlaqədar onların qarşıdurmasının gücləndiyindən bəhs edilir. Həmin kontekstdə dünyanın tanınmış strateqlərindən olan Henri Kissincerin fikirləri maraq doğurur. Biz onun son bir neçə müsahibəsindən müəyyən məqamları təhlil etməyə çalışmışıq.

Kiyevdən başlayan dövlətçilik: Rusiyanın "tarixi yaddaşı"

"Newsweek" jurnalının şərhçisi Fərid Zəkəriyyə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerdən "CNN" üçün müsahibə götürüb. Mövzu Qərb-Rusiya münasibətlərinə aid olub. O cümlədən, Ukrayna hadisələrinin geosiyasi mahiyyəti barədə fikirlər söylənilib (bax: Kissinger on why Ukraine matters to Putin / "Transcripts.cnn.com", 2 fevral 2014).

Müsahibədə H.Kissincer, ümumiyyətlə, geosiyasətin bir sıra incə məqamlarına toxunub və bu müstəvidə Rusiyanın yeritdiyi siyasətin xarakteristikasını verməyə çalışıb. Maraqlıdır ki, o, V.Putinin Ukrayna hadisələrini Qərbin Rusiyada nəzərdə tutduğu dövlət çevrilişinin "baş məşqi" kimi qiymətləndirdiyini deyib (bax: əvvəlki mənbəyə). Buradan bütövlükdə geosiyasi əhəmiyyəti olan bir sıra nəticələr çıxır.

Henri Kissincer açıq etiraf edir ki, Ukraynada baş verənlərin əsl səbəbi heç də ölkənin daxili vəziyyəti ilə əlaqədar deyil. Burada başlıca rolu kənar qüvvələr oynayır. Onlar isə konkret olaraq Qərb (ABŞ və Avropa) və Rusiyadır. Hər iki böyük geosiyasi gücün Şərqi Avropadakı maraqları toqquşub. Düşündürücüdür ki, Kiyevə strateji mahiyyəti olan məkan kimi yanaşılır. Moskva isə bu məsələni özünün "həyati problemi" olaraq qəbul edir. Səbəb nədir?

H.Kissincerin fikrinə görə, əsas faktor Kiyevin qədim rus dövlətçiliyinin mərkəzi olmasından ibarətdir. O, bununla bağlı deyir: "Müasir Rusiyanın yaranması Kiyevdən başlayıb" (bax: əvvəlki mənbəyə). Bu səbəbdən də hər bir rus üçün Ukrayna Rusiya tarixinin bir hissəsidir. Əgər bu tezis doğrudursa, onda Moskvanın həmin məsələdə fəallığını Avropanın nəyə görə həzm etmək istəmədiyi başadüşüləndir. Görünür, məhz bu məqamda geosiyasi maraqlar önə çıxır. Tarixi gerçəkliyi arxa plana ataraq, Qərb Şərqi Avropada öz maraqlarına uyğun geosiyasi nizam formalaşdırmağa çalışır. Bunu H.Kissincer etiraf edir və müəyyən mənada Avropanın mövqeyini dəstəkləyir.

Lakin bütün bunlar Ukraynanı faktiki olaraq iki yerə parçalayıb. Ölkənin qərb əyalətləri Avropa, şərq əyalətləri isə Rusiya dəyərlərinə üstünlük verirlər. Hazırda bu fərqlilik siyasi müstəvidə o dərəcədə dərinləşib ki, vətəndaş müharibəsi təhlükəsi meydana gəlib. Tanınmış siyasi xadimin fikirlərindən belə çıxır ki, reallıqda Ukraynada iki böyük geosiyasi gücün maraqları toqquşub. Bütün ixtilaflar da buradan qaynaqlanır.

Çünki, əgər V.Putin Kiyevdə cərəyan edən hadisələrə Moskvada olacaqların baş məşqi kimi baxırsa, onda Kreml Qərbin aqressiv siyasət yeritdiyinə əmindir. Görünür, xarici işlər naziri S.Lavrov Münxen konfransında düşünülmüş şəkildə Ukraynaya aid suallara cavabdan yayınıb və Rusiyanın öz maraqlarını qorumağa haqqı olduğunu bildirib. Bir sıra ekspertlər də Moskvanın davranışlarında sünilikdən çox, dövlətçiliyin qorunmasının ifadə edildiyini bildirirlər.

Bu tezislərin işığında H.Kissincerin yuxarıda vurğuladığımız etirafı olduqca aktualdır. Həmin kontekstdə onun B.Obama administrasiyasının yeritdiyi xarici siyasəti tənqidi də diqqəti çəkir. Analitik rəsmi Vaşinqtonun "uzunmüddətli tarixi inkişafı" düzgün təsəvvür etmədiyi haqqında danışır (bax: əvvəlki mənbəyə). Buradan belə bir qənaətə gəlmək olar ki, H.Kissincer Qərb dövlətlərini Rusiya siyasətini müasir tələblərə uyğun aparmamaqda ittiham edir. Hər şeydən əvvəl, həmin siyasət sistemli deyil və strateji məqamları kifayət qədər nəzərə ala bilmir.

Bunlarla yanaşı, Rusiyanın özünün fərqli cəhətləri vardır. H.Kissincer qeyd edir ki, həmin səbəbdən Rusiya ilə münasibətlərin qurulması "böyük problemdir". Bu ölkənin siyasi şüurunda imperiya çalarları ayrıca yer tutur. İmperiya kimi onun əldə etdiyi nailiyyətlər davranışlarına xüsusi məzmun verir. Digər tərəfdən, onun Çinlə həmsərhəd olması "strateji dəhşətdir". Avropa ilə sərhədləri "tarixi olaraq kifayət qədər dayanıqlı deyil". Nəhayət, Rusiya İslamla sıx təmas halındadır. Bu da "ideoloji dəhşət" yaradır (bax: əvvəlki mənbəyə).

Moskvanı sıxan 4 geosiyasi faktor

Bunlar onu göstərir ki, Rusiyanı faktiki olaraq 4 geosiyasi faktor sıxır. Nəticədə, H.Kissincerin ifadə etdiyi kimi, bu ölkəni "mühasirədə olan qala" vəziyyətinə gətirmək olmaz. Çünki bu halda Kreml dərhal güc nümayiş etdirir. Tarixən Rusiya rəhbərləri cəmiyyət üçün "xarici təhlükəni" qabardıblar. İndiki zamanda isə V.Putin "əzələ nümayiş etdirir". Lakin Moskva unutmur ki, bu yolla geosiyasi qələbə əldə etmək müasir dövrdə imkansızdır (bax: Kelsey Brugger. Kissinger Speaks in Santa Barbara. Controversial Statesman Addresses Hot-Button Topics / "Santa Barbara Independent", 10 oktyabr 2013).

Belə demək olar ki, ABŞ-ın Rusiya siyasətində yeni çalarlar meydana gələ bilər. H.Kissincerin mülahizələrində Moskva ilə əməkdaşlığa cəhd notları hiss olunur. O, hətta bir başqa müsahibəsində Rusiya ilə ortaq dil tapmağın mümkünlüyündən danışıb (bax: Киссинджер: США и РФ могут выработать общие цели в спорных вопросах / "ИноТВ", 10 sentyabr 2013). Bunun üçün isə Qərb ilk növbədə Rusiyanın özünəməxsusluğunu siyasi şüur səviyyəsində qəbul etməlidir.

Ancaq hazırkı mərhələdə iki tərəfin bir-birinə dözümlü yanaşması hiss edilmir. Qarşılıqlı ittihamlar daha çox yer alır. Bunun nə qədər davam edəcəyi bilinmir. H.Kissincer kimi məşhur bir diplomatın və geosiyasətdə öz yeri olan mütəxəssisin fikirləri isə artıq Qərbdə yaranmış vəziyyəti dəyişmək istəyinin gücləndiyini göstərir. Burada bir neçə məqamı vurğulamağa ehtiyac duyuruq.

Birincisi, H.Kissincerin fikirlərindən belə məlum olur ki, Amerika dünya liderliyindən imtina etmək fikrində deyil. Amerikalılar yalnız bu missiyanı necə yerinə yetirməklə bağlı müzakirələr apara və mübahisə edə bilərlər. ABŞ siyasi isteblişmentində son illər bunu təsdiq edən proseslər gedir. Fərqli geosiyasi konsepsiyaları müdafiə edən tanınmış diplomatlar, analitiklər və siyasətşünaslar Vaşinqtonun xarici siyasət kursuna münasibət bildirirlər.

İkincisi, ABŞ tədricən dünyada bir neçə geosiyasi gücün liderliyini qəbul etməyə doğru gedir. Həmin sırada o, Aİ, Rusiya və Çini özünə rəqib görür. Vaşinqtonun son geosiyasi gedişləri onu göstərir ki, o, Avropa İttifaqını öz təsiri altında saxlamağa çalışır. Rusiya ilə elə əməkdaşlığa üstünlük verir ki, ondan Çinə qarşı istifadə etmək mümkün olsun. Eyni zamanda, Avropa-Rusiya tərəfdaşlığı Amerikanın əleyhinə çevrilməməlidir.

Üçüncüsü, rəsmi Vaşinqton həmişə uzaq perspektivə hesablanmış addımlar atır. Bunun fonunda hansısa taktiki gedişlərdə kimlərəsə güzəştə gedə bilər. Lakin heç bir halda strateji məqsədindən yayınmaz və onu kiminləsə bölüşmək istəməz.

Bütün bunlar Amerikanın dünya liderliyi ambisiyasının azaldığı haqqında fikir söyləməyin çətin olduğunu göstərir. Sadəcə bu iddianın forması dəyişib. Eyni zamanda, hazırda Rusiyaya münasibətdə ABŞ-ın bir qədər qərarsız olduğu hiss edilir. Burada son vaxtlar Kremlin daha qətiyyətli xarici siyasət yeritməyə başlamasının rol oynadığını düşünürük. Kreml bir sıra qlobal geosiyasi problemlərin həllinə ciddi təsir edir. Bu davranışa Vaşinqtondan müəyyən "qısqanclıq" ola bilər. Lakin artıq reallıqdır ki, Pekinlə yanaşı, Moskva da öz geosiyasi iddialarını əminliklə ortaya qoya bilir.

Görünür, Ukrayna məsələsindən çox şey asılı olacaq. Rusiya həmin ölkəni öz tarixinin bir parçası hesab edirsə, əlindən gələn bütün vasitələrlə onu müdafiə edəcək. Qərbin də ambisiyalarından imtina edəcəyini düşünmək yersiz olardı. Deməli, hər iki tərəf üçün indi Ukraynada cərəyan edən hadisələrin əhəmiyyəti böyükdür. Əgər doğrudan da Kiyevdə baş verənlər Moskvada olacaqların məşqidirsə, onda qlobal miqyasda geosiyasi fəlakət yaşana bilər. Unutmaq olmaz ki, Rusiya dünyanın güclü nüvə dövlətlərindən biridir. Belə çıxır ki, H.Kissincer faktiki olaraq mümkün qlobal geosiyasi təhlükələr haqqında xəbərdarlıq edib. Bunu hər kəsdən öncə Vaşinqtonda duysaydılar...

Newtimes.az

 





18.02.2014    çap et  çap et