525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - III yazı


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">III yazı </b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

III YAZI

"Vətən anadan irəlidir" - deyən şəhid Sərxan 2019-cu ildə müqəddəs Həcc ziyarətində olarkən Azərbaycan bayrağına bürünərək Qarabağı azad etməyi, özünə isə şəhidliyə ucalmağı arzulayıb. Onun hər iki arzusu cəmi bir il sonra gerçəkləşdi.

No description available.

Əliyev Sərxan İslam oğlu 1998-ci ildə Sumqayıtda doğulub. 2016-cı ilin Aprel döyüşlərində General Polad Həşimovun rəhbərliyi ilə döyüşlərdə iştirak edib və yaralanıb. O, hərbidə baş topçu vəzifəsini icra edib. 2018-ci ildə hərbidən təxris olunub.

Bu ilin iyul hadisələrində və xüsusən P.Həşimov şəhid olanda könüllü hərbiyə yazılıb. Sentyabrın 21-də hərbi vəzifəlilərin təliminə çağırılıb, sentyabrın 27-dən böyük qardaşı İlhamla birgə döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Ağdam və yenidən Füzulidə ən əhəmiyyətli döyüşlərdə iştirak edib, cəsarəti, qorxmazlığı ilə düşmənə qan uddurub. Oktyabrın 1-də qardaşı yaralanıb, oktyabrın 8-də isə Sərxan Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

***

No description available.

Həsənov Elnur Elman oğlu 15.09.1992-ci ildə Ağstafada anadan olub. 1999-2010-cu illərdə Asif Abdullayev adına tam orta məktəbi bitirib. 2010-2012-ci illərdə hərbi xidmətdə olub, kiçik çavuş rütbəsi daşıyıb.

Bu ilin Tovuz hadisələrində könüllü orduya yazılıb və müharibə başlanandan iki gün sonra sentyabrın 29-da döyüşə qatılıb. İgid Vətən oğlu Elnur keşməkeşli döyüş yolu keçib, ən qaynar nöqtələrdə vuruşub və qəhrəmanlığıyla seçilib. Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bütün döyüşlərdə uğurla fərqlənən və torpaqlarımızın azadlığında mühüm xidmətləri olan E.Həsənov qələbəyə iki gün qalmış - noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə igidliklə şəhidlik məqamına yüksəlib.

***

No description available.

Şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu 1 may 1989-cu ildə Qazaxın Aşağı Əskipara kəndində anadan olub. Doğulduğu kənd ermənilər tərəfindən işğal olunduğundan 1992-ci ilin 14 iyunundan etibarən məcburi köçkün kimi Qazax rayonunda yaşamağa başlayıb. 2003-cü ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 2006-2010-cu illərdə Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildə Qusar rayonunda Tağım komandiri kimi işə başlayıb. Xidmətindəki nailiyyətlərə görə 3 ay sonra Bölük komandiri vəzifəsinə yüksəldilib. 2015-ci ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə "Gənc əsgərlərin təlim tədris" mərkəzində xidmətini davam etdirib. Xidmət etdiyi korpusun nəzdində ən yaxşı bölük komandiri kimi 2016-cı ildə yaradılmış Həmlə hərbi hissəsində Bölük komandiri vəzifəsində işləyib. Sonra Hissə komandirinin təchizat üzrə müavini vəzifəsinə təyin edilib. 2018-ci ildən döyüş bölgəsində həmlə batalyonunda xidmətini davam edirib, həmin dövrdə xidmət etdiyi hərbi hissənin Qərargah rəisi təyin edilib. "10 il qüsursuz xidmətə görə" medalı ilə təltif olunub. Bundan başqa, bir neçə medal və fəxri fərmanlara da layiq görülüb.

Rütbəcə kapitan olan İ.İsmayılov Vətən müharibəsində Murov dağı yüksəklikləri, Suqovuşan və Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərib. Sentyabrın 29-da Talış yüksəkliyi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəlidir, 2 övladı var.

***

No description available.

Uşaqlıqdan ən böyük arzusu hərbçi kimi Vətənin keşiyində durmaq olan Müseyib bu uğurda canını əsirgəməyən şəhidlərimizdəndir. Zeynalov Müseyib Saleh oğlu 27.01.1978-ci ildə Salyanda anadan olub. O, 7-ci sinifdə orta məktəbdən ayrılaraq C.Naxşıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. Buranı əla qiymətlərlə bitirdikdən sonra Gəncədəki N saylı hərbi hissədə zabit kimi qulluq edib. Sonralar xidmətini ayrı-ayrı hərbi hissələrdə davam etdirib, Ali Hərbi Məktəbə müəllim keçirilib, orada 12 il dərs deyib. Yüzlərlə zabitin hazırlanmasında əməyi olan M.Zeynalov öz xahişi ilə Tərtərə, cəbhə xəttində xidmətə göndərilib. Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə xidmət müddətinin başa çatması ilə əlaqədar mayor rütbəsində ehtiyata buraxılıb.

Vətən müharibəsinə könüllü qatılıb. Qubadlı rayonunun azad edilməsində igidliklər göstərib. Hətta ordan anasına zəng vuraraq hər şeyin yaxşı olduğunu bildirib, nigaran qalmamasını xahiş edib.

Müseyibin komandiri və əsgərlərinin bir neçəsi şəhid olub. O, komandirliyi üzərinə götürərək əks hücuma keçib, üstündəki qumbaraları ataraq düşmənin onlarla əsgər və zabitini məhv edib. Bundan qəzəblənən düşmən onun olduğu mövqeni artilleriya atəşinə tutub. Nəticədə M.Zeynalov çiynindən ağır yara alaraq döyüş mövqeyində qalıb. Həmin mövqeyə yaxınlaşan düşmən yaralı mayora yaxın məsafədən 12 güllə vurub. Cəsur mayor oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 8 gün həmin neytral sahəyə çevrilmiş mövqedə qaldıqdan sonra hərbi qüvvələrimiz tərəfindən götürülüb.

Onunla fəxr edən ailəsi deyir ki, Müseyib kimi ürəyi Vətən eşqiylə döyünən oğula elə şəhidlik yaraşardı. Vaxtilə onun əsgəri olmuş Masallı rayon sakini Babayev Nemət onu cəsur, vətənpərvər, əsgərləriylə dost komandir kimi xatırlayır: "2002-ci ilin aprelində hərbi xidmətə getmişəm. Xidmətim zamanı mayor Zeynalov tağım komandirim olub. O, əsl vətənpərvər insan idi, çalışırdı vaxtının çoxunu əsgərləriylə keçirsin. Ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad etmək idi. Arzuladığı kimi də oldu. Onu hər zaman ehtiramla xatırlayacağıq. Ruhu şad olsun".

***

No description available.

Şəhid kəşfiyyatçı Nəsirov İlyas Arzuman oğlu 4 iyul 1985-ci ildə Beyləqanın Milabad kəndində anadan olub. V.Cəfərov adına Milabad kənd orta məktəbini bitirdikdən sonra 2002-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Burada kəşfiyyat bölüyündə təlimlər keçib. 2007-ci ildə hərbi biliklərini daha da mükəmməlləşdirmək məqsədilə kursantlıq təlimləri keçir və sonra N saylı hərbi hissədə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. İşlədiyi müddətdə kiçik çavuş rütbəsinə yiyələnib. 2012-ci il iyunun 22-də "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla, 2013-cü il martın 7-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubileyi" medalı, həmin ilin 24 iyununda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubileyi" medalı, 2016 və 2018-ci illərdə "Qüsursuz xidmətinə görə" 3-cü dərəcəli medalı, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illik yubileyi" medalı ilə təltif olunub.

2016-cı ilin Aprel döyüşlərində yaralı komandirini çiyninə alaraq mühasirədən xilas etmişdi. Həmin döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respubikası Prezidentinin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülür. Medalı ona şəxsən Prezident İlham Əliyev özü təqdim edir.

Yaşı az olsa da, təmkini və ağıryana davranışlarına görə yaşıdları, hətta özündən böyüklər də ona "dayı" deyə müraciət edirdilər.

Vətən müharibəsində kəşfiyyatçı kimi daim irəli gedib. Cəbrayıldan Şuşa-Xankəndinə kimi gedən bütün qızğın döyüşlərdə, ən qaynar nöqtələrdə vuruşub və oktyabrın 21-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə (ölümündən sonra) və "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif olunub.

İlyasdan Vətənə 3 övlad əmanət qaldı: qızı 10, böyük oğlu 8, kiçik oğlu isə 2 yaşında.

***

No description available.

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Pənah İslam oğlu Məmmədov 2000-ci ilin 26 avqustunda Şəkinin Orta Zəyzid kəndində anadan olub. 2006-cı ildə həmin kəndin Ə.Məmmədov adına

2 saylı tam orta məktəbinin birinci sinfində təhsilə başlayıb. Məktəb illəri ərzində vətənpərvər ruhda yetişmiş Pənah çox zarafatcıl, gülərüz, Vətəninə və ailəsinə bağlı insan olub. 2017-ci ildə məktəbi bitirərək Şəki Texniki Kollecinin "Turizm və idarəetmə təsərrüfatının təşkili" ixtisasına daxil olub. 2018-ci ilin oktyabr çağırışı ilə hərbi xidmətə yollanıb. Vəzifəsi kəşfiyyatçı əsgər idi. 2020-ci ilin aprel ayında hərbi xidmətini başa vurub geri qayıtsa da, sentyabrın 29-da səfərbərliklə Vətən müharibəsinə yollanır. Əvvəlcə Gəncədə təlimlər keçdikdən sonra Füzulinin, ardınca Qubadlının və Murov yüksəkliyinin alınmasında qəhrəmancasına döyüşür. Sonuncu döyüşü Şuşada olub və orda qəhrəmancasına şəhidlik məqamına yüksəlib. 17 noyabrda doğma Orta Zəyzid kəndində dəfn olunub. Pənah ailənin tək oğlan övladı idi, bir bacısı var.

***

No description available.

Həsənov Ülvi Natiq oğlu 31 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə İ.Kişiyev adına 17 saylı tam orta məktəbin 1-ci sinifinə başlayıb və 2019-cu ildə məzun olub. Həmin il Ağdam Dövlət Sosial İqtisad kollecinin Maliyyə işi fakültəsinə qəbul olub. Mingəçevir şəhər Gənclər və İdman məktəbinin avarçəkmə, şahmat üzrə idman növlərilə məşğul olub və müxtəlif yerlərlə medallara layiq görülüb.

2020-ci ilin yanvarın 16-da hərbi xidmətə çağırılıb. Müharibə başlayan vaxt Ülvigilin dəstəsi arxa cəbhədə olsa da, Ülvi könüllü ön cəbhəyə yazılıb və uzun döyüş yolu keçib. Onun döyüşçü kimi son dayanacağı Şuşa olub. Qarabağ incisi uğrunda döyüşlərdə Ülvi noyabrın 12-də şəhidlik zirvəsinə ucalıb. Anası oğlunun yoxluğuna öyrəşə bilməsə də, əsir düşmədiyi, məzarı olduğu üçün şükür edir.

***

No description available.

Vətən müharibəmizin daha bir qəhrəman şəhidi Cavid Kərimov Mərdan oğlu 02.02.1999-cu ildə Yevlaxın Aşağı Bucaq kəndində anadan olub. MAXE kimi fəaliyyət göstərən Cavid döyüş başlayan andan ən ön sıralarda düşmən üzərinə gedən taborun tərkibində olub. Bu, onun ən böyük arzularından biri idi. Ailəsiylə son dəfə sentyabrın 26-da danışan döyüşçümüz müharibənin başladığını xəbər edib və narahat olmamağı tapşırıb.

Tərtər istiqamətində mühüm əməliyyatlara qatılıb və sentyabrın 29-da Talış kəndi istiqamətində gedən döyüşlərdə mərdliklə şəhadət şərbətini içib. İgid şəhidimiz oktyabrın 2-də torpağa tapşırılıb.

***

No description available.

Onlar iki ən yaxın dost, qardaş idilər. Və eyni müharibədə eyni taleyi yaşadılar - qəhrəmancasına şəhid oldular...

Hüseynzadə Həmidağa Bağı oğlu 13.08.1990-cı ildə Bakıda anadan olub. Yeniyetməlikdən ömrünü hərb sənətinə bağlayan Həmidağa 7 il idi ki, XTQ-da xidmət edirdi, kapitan idi, komandir kimi vəzifəsini icra edirdi. Ailəli idi, 3 aylıq körpəsi əmanət qalıb.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Nümunəvi xidmətinə görə, Prezident cənab İlham Əliyev tərəfindən medala layiq görülüb. Cəsur kəşfiyyatçımız rus, ingilis və erməni dillərini bilirdi. Müharibədən bir gün öncə öz qrupuyla ön xəttə gedir. Həmin qrup öndə Həmidağa olmaqla Murovdağ silsiləsində bir neçə düşmən postunu aldıqdan sonra Həmidağa şəhid olub.

Onun ən yaxın dostu Hüseynov Şirbala Hüseynbala oğlu 06.05.1990-cı ildə Sumqayıtda doğulub. Onlar birlikdə 2008-ci ildə Ali Hərbi Akademiyaya qəbul olub, 4 il oxuduqdan sonra təhsillərini  TTM-də 1 illik davam etdiriblər.

Kapitan rütbəsi daşıyan Şirbala Beyləqan, Füzuli və başqa rayonlarda komandir kimi çalışıb. Vətən müharibəsinə ilk gündən qatılıb. Dostu Həmidağanın şəhidlik xəbərini alan Şirbala bununla barışa bilmir; dostlarına vəsiyyət edir, sabah şəhid olacağını deyib, halallıq istəyir və oktyabrın 1-də Cəbrayılda gedən döyüşlərdə qəhrəmancasına şəhidik zirvəsinə ucalır. İgid şəhidimiz ailəli idi, övladı yox idi.

Hər iki dostun nəşi oktyabrın 2-də birgə Bakıya gətirilir və eyni gündə, eyni saatda torpağa qoyulur.

***

No description available.

Vətən müharibəsinə könüllü qoşulan Ağakişiyev İlkin Elxan oğlu 1995-ci ilin sentyabrında Mingəçevirdə doğulub. Ali təhsilli şəhidimiz valideynləri və bacısıyla yaşayırdı. Sentyabrın 21-də könüllü təlimlərə qoşulub. Ailəsiylə son dəfə sentyabrın 30-da danışan məğrur döyüşçümüz Suqovuşan uğrunda gedən döyüşlərdə şəhadət şərbətini dadıb. Qəhrəman şəhidimiz oktyabrın 27-də torpağa tapşırılıb.

***

Təlimlərə yola düşərkən birinci avtobus dolu olduğundan ikinci avtobusu gözləməli olub. Həmin vaxt onu yubatmaq istəyən ailəsinə qarşı gəlib, "kişi də qaçıb gizlənərmi?" - demiş və böyük sevinclə, həvəslə müharibəyə yola düşmüşdü Oqtay. Şəhadətinə tələsirmiş kimi...

No description available.

Səfərov Oqtay Əhməd oğlu 15.05.1993-cü ildə Saatlının Qaralar kəndində anadan olub. Uşaqlıqdan zəhmətkeşliyi, ailəyə canıyananlığı, Vətənə bağlılığı ilə seçilən Oqtay ali təhsil almaq istəsə də, buna nail ola bilmir. 2012-ci ildə atası ağır avtomobil qəzası keçirdikdən sonra ailənin bütün yükü onun çiyinləri üzərinə düşür. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif tikinti şirkətlərində işləyir, bacısını evləndirir.

Sevdiyi qızla pandemiyadan sonra ailə qurmağı düşünən Oqtay sentyabrın 21-də hərbi təlimlərə qoşulub. Müharibənin ilk günündən noyabrın 6-na kimi müxtəlif istiqamətlərdə ağır döyüş əməliyyatlarında iştirak edib. Son dəfə ailəsiyə noyabrın 2-də danışıb və onlardan halallıq istəyib. Xocavənd ətrafındakı sonuncu döyüşündə qəhrəman əsgərimiz başından aldığı yara nəticəsində şəhidik məqamına yüksəlib.

***

No description available.

Abbasov Elşən Qurban oğlu 30.12.1992-ci ildə Beyləqanın 1-ci Şahsevən kəndində anadan olub. 4 il idi ki MAXE kimi hərbi qulluqçu idi. Narınc və Asya adlı iki qız atası olan Elşən ailəsiylə birgə yaşayırdı.  

O, müharibə başladığı gündən döyüşlərə qatılır. Füzulinin Qərbənd kəndindəki döyüşlərdə ən qabaqda gedənlərdən olub. Döyüşərək bir neçə yüksəklik alandan sonra sentyabrın 29-u şəhidlik zirvəsinə ucalıb.

Elşən ailəsiylə son dəfə sentyabrın 24-də birlikdə olub. Gedərkən qızlarını bağrına basıb, onları güldürməyə çalışıb. Ailəsinə bir şəklini verib, "mən şəhid olsam, bu şəkli başdaşıma vurarsız" - deyib. Onlar etiraz edəndə isə "görüm, o xoş gün mənə qismət olsa" - deyib. Yoldaşına isə deyib ki, "mənə bir şey olsa, səndə iki yadigarım var, onlara yaxşı bax. Ağlama. Sən həmişə mənimlə fəxr edəcəksən". Və həqiqətən də, "öncə Vətən" deyən şəhidimizlə həm ailəsi, həm də böyük bir xalq fəxr edir.

***

No description available.

Həsənli Elçin Vaqif oğlu 1993-cü il iyunun 16-da Ağstafanın Həsənsu kəndində ziyalı ailəsində anadan olub. Atası Azərbaycan Dövlət Dənizçilik Akademiyasında kafedra müdiri, anası müəllimdir. Elçin Azərbaycan Texniki Universitetinin Elektrotexnika və Energetika fakültəsi üzrə həm bakalavr (2010-2014), həm də magistr (2015-2017) təhsili alıb. Magistrı fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində Doktorantura pilləsi üzrə 1-ci kurs qiyabi təhsil alırdı. Şirvan RETSİ-nin Salyan ETSi-nin paylayıcı şəbəkəsində "Azərişığ"ın mühəndisi olaraq işləyirdi. Eyni zamanda, Sabirabad "ASAN xidmət" mərkəzində öz sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsini icra edirdi. Subay idi. İşlə əlaqədar iş yoldaşları ilə birgə rayonlarda yaşayır, həftəsonları Bakıya ailəsinin yanına gəlirdi.

Onu cəbhəyə doğru çəkən qüvvə P.Həşimovun şəhid olması xəbəri oldu. O, könüllü qeydiyyatdan keçdi. 27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra Elçinə də zəng gəldi ki, Vətən səni çağırır! O, bir müddət Gəncədə təlim keçdikdən sonra könüllülərdən ibarət batalyonda Füzuliyə yollanır, sonra da  Cəbrayıl, Qubadlı uğrunda döyüşlərdə iştirak edir. Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Son dəfə evlə əlaqə yaradanda qardaşıoğlu Ada (2 yaş 4 aylıq) üçün çox darıxdığını bildirib. Təəssüf ki, onların görüşü alınmadı.

Həddindən artıq vətənpərvər olan Elçin haqqında döyüş yoldaşları danışır ki, ən son tikəsini bölən və qorxmaz insan idi. Dəfələrlə silahdaşlarının həyatını xilas edib.

***

No description available.

Əliyev Cavid Şaban oğlu 10 may 1996-cı ildə Tovuzun Almalıtala kəndində doğulub. 2002-ci ildə həmin kənddə 1-ci sinfə gedib. 2013-cü ildə orta məktəbi bitirib və elə həmin il də Tovuz Sosial-iqtisadi kollecinin vergi işi fakültəsinə qəbul olub. 1-ci kursu bitirdikdən sonra 2014-cü ilin iyulunda hərbi xidmətə çağırılıb. Ağdamda, ön cəbhədə hərbi xidmətdə olub. Qayıtdıqdan sonra təhsilini başa vuran Cavid daha sonra Bakı şəhərinə gedib və tikintidə çalışıb. 

2020-ci il Tovuz hadisələrindən sonra könüllü orduya yazılıb. Sentyabrın 27-si Vətən müharibəsi başlananda ordu sıralarına qoşulub, bir müddət təlim keçdikdən sonra ön cəbhəyə yollanıb. Şərəfli döyüş yolu keçən Cavid snayper olub və onlarla düşmən əsgəri öldürüb. Son dəfə noyabrın 6-sı evlə danışıb, yaxşı olduğunu deyib. Noyabrın 9-u Şuşa istiqamətində gedən döyüşlərdə başından və ayağından vurulan Cavid şəhidlik zirvəsinə ucalıb. İgid şəhidimiz 16 noyabrda Almalıtala kəndində dəfn olunub.

Ruhları şad olsun!

Şahanə MÜŞFİQ
[email protected]

 





15.12.2020    çap et  çap et