525.Az

Dilqəm və Şahbaz azadlıqda - Mövqe


 

2014-cü İLDƏ KƏLBƏCƏRDƏ GİROV GÖTÜRÜLƏN AZƏRBAYCANLILAR DÜNƏN BAKIYA GƏTİRİLDİ

Dilqəm və Şahbaz azadlıqda - <b style="color:red">Mövqe</b>

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib.

Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və digər hüquqları təmin edilib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib.  

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. O zaman işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılanıb. "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid özünün Feysbuk statusunda yazıb:

"Dilqəm Əsgərovla Şahbaz Quliyevin əsirlikdən azad olunmaları Azərbaycanın daha bir qələbəsi, işğalçı Ermənistanın xunta rejiminin növbəti məğlubiyyətidir.

Dilqəmlə Şahbaz bu illər ərzində bir simvola çevrilmişdilər. Onlar ürəyi işğal olunmuş torpaqlarla döyünən, işğalla barışmayan, illərdən bəri Vətən həsrətilə yaşayan məcburi köçkünlərin hiss və duyğularının ifadəçiləri idilər. Doğma torpaqlara getməklə onlar düşmənə qarşı üsyanlarını, etirazlarını bildirir, demək istəyirdilər ki, biz heç vaxt yurdumuzun işğalı ilə barışmayacağıq.

İşğalçı Ermənistan onları təhvil verməməklə Azərbaycanın əsəbləriylə oynayırdı. Azərbaycan hökuməti çalşırdı ki, müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə, danışıqlar yoluyla onların azadlığa çıxmalarına nail olsun. Erməni tərəfi isə israrla onları azadlığa buraxmamaqla Azərbaycana öz gücünü göstərir, əzələ nümayiş etdirir, xalqımızda bədbin, məğlub ovqatı aşılamağa çalışırdı. Müzəffər Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı, sarsılmaz gücümüz, nəhayət, düşmənin növbəti sınma nöqtəsi oldu. İşğalçı rejimin inadı sarsıldı.

Dilqəmlə Şahbazın 6 illik əsirlik həyatından sonra Azərbaycana, Bakıya qayıtmalarının dərin mənəvi anlamı var. Bu , böyük ruh yüksəkliyi və qələbələrimizin davamıdır. Hamımızın ürəyindən xəbər verən bu möhtəşəm hadisəyə görə biz Ali Baş Komandana, "Dəmir yumruğ"a, rəşadətli Ordumuza minnətdar olmalıyıq.

Bu illər ərzində Dilqəm Əsgərovla Şahbaz Quliyevin aqibətini düşünən, onların ağrısını ürəyində daşıyan insanları ürəkdən təbrik edir, hər birinə gözaydınlığı verirəm!.."

 





15.12.2020    çap et  çap et