525.Az

Vida sözü


 

Vida sözü<b style="color:red"></b>

Azərbaycan ədəbi-elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev uzun sürən xəstəlikdən sonra ömrünün 69-cu ilində vəfat edib.

Zeydulla Ağayev 1945-ci il martın 2-də Masallı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Xarici dillər İnstitunun İngilis dili fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə institutda başlayıb, orada çoxtirajlı "Bilik" qəzetinin redaktoru olub. Zeydulla Ağayev mətbuatda həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə çıxış edib. Azərbaycan oxucusu onun tərcüməsində C. London, A.Konan Doyl, T. Drayzer, E. Sinkler, E. Heminqvey, C. Sommerfild, S. Moyem, A. Əzimov, A. Levin və başqalarının roman, povest və hekayələri ilə tanış olublar. O, həm də "Müasir Azərbaycan nəsri"ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından  idi. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis dilinə çevirmiş və çap etdirmişdi.

Zeydulla Ağayev bir sıra nəsr kitablarının da müəllifidir: onun qələmindən çıxan "Məhəbbət nəğməsi", "Beş günün intizarı", "Yenilməzlik", "Dünyanın düz vaxtı" və s. kitablarında təqdim olunmuş roman, povest və hekayələri oxucular böyük maraqla qarşılayıblar. Bu əsərlərdə qoyulan problemlər indi də öz aktuallığını itirməyib.

Z. Ağayev Azərbaycan-ABŞ ədəbi əlaqələrinin ardıcıl tədqiqatçılarından idi;onun Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq və başqa yazıçılarla məktublaşması haqqında müxtəlif məqalələri, 1989-cu ildə Nyu-York şəhərində görkəmli fantast yazıçı Ayzek Əzimovdan aldığı müsahibə respublika mətbuatında dərc olunmuşdu. Erməni militarizminin iç üzünü tutarlı faktlarla ifşa edən "Erməni genosidi" kitabı da Z. Ağayevin rəhbərliyi ilə ingilis dilindən tərcümə edilib keçmiş SSRİ məkanında yayılmışdı.

Zeydulla müəllimin 1990-cı ildə "Yazıçı" nəşriyyatında nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk romandır.
Z. Ağayev Azərbaycan Dövlət Dillər Universitetində elmi işlər üzrə prorektor, Ədəbiyyat tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. 1980-ci ildə namizədlik, 1997-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, bir monoqrafiya, 70-ə yaxın elmi, yüzdən çox publisistik məqalənin müəllifidir. Onun yüzlərlə tələbəsi, onlarla dissertantı olub.

O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı idi. Zeydulla müəllim iki il ABŞ-da elmi ezamiyyətdə olmuş, Vaşinqton və Kaliforniya ştatlarının universitetlərində çalışmışdı. O, Azərbaycan və ABŞ arasında ədəbi əlaqələrin möhkəmləndirilməsində fəaliyyətinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülüb.

Zeydulla müəllim səmimi insan, xeyirxah dost, mehriban, qayğıkeş ailə başçısı idi. Tanınmış ziyalı, alim, istedadlı yazıçı və tərcüməçi Zeydulla Abdulla oğlu Ağayevin unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

Dostlarından bir qrupu

 





18.02.2014    çap et  çap et