525.Az

Sülhməramlıların xəritə təxribatı


 

DAĞLIQ QARABAĞDA YERLƏŞDİRİLMİŞ RUSİYA SÜLHMƏRAMLILARI SƏLAHİYYƏT HƏDDİNİ AŞIRLAR

Sülhməramlıların xəritə təxribatı<b style="color:red"></b>

Dövlət Təhlükəsizliyi Xidmətinin Hadrut rayonunda həyata keçirdiyi antiterror əməliyyatından sonra Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhmərənlıları yeni xəritə təqdim ediblər.

Bu xəritə Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Bununla əlaqədar Milli Məclisin üzvləri də öz etirazlarını bildiriblər. Bu isə təsadüfi deyil. Sülhməramlıların hazırladığı xəritə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşır. Konkret olaraq, xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiya tərəfinin öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

Qeyd edək ki, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və qısa zamanda ona düzəliş edilməsinə ehtiyac var.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Rusiyanın son vaxtlar Azərbaycana qarşı münasibətində müəyyən çalarlar hiss edilir:

"Azərbaycanda keçirilən son hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi, Azərbaycanın düşməndən qənimət götürdüyü texnikalar nümayiş olundu. Onlar hamısı Rusiyanın istehsal etdiyi hərbi texnika idi. Bu məqamlar Rusiyaya təsir edib. Ona görə də Azərbaycana qarşı təzyiq göstərmək niyyətilə müəyyən manevrlər edirlər. Bildiyiniz kimi, Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Guya hansısa xəstəlik var. Bunlar hamısı yalan şeylərdir. Ancaq hesab edirəm ki, bunlar hamısı müvəqqəti hallardır. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Belə hallara imkan vermək olmaz".

Millət vəkilinə görə, Rusiya sülhməramlılarının gündə bir xəritə cızması kağız üzərində olan məsələlərdir:

"Rusiya sülhməramlıları daha çox orada asayişi bərpa etməklə məşğul olmalıdırlar. Dava ilə asayiş bərpa olunsaydı, Hadrut ətrafındakı hadisələr baş verməzdi. Çünki ermənilər hələ də kifayət qədər sayda meşələrdə və sair yerlərdə gizləniblər. Azərbaycanın məqsədi odur ki, antiterror əməliyyatı həyata keçirməklə bu problemi aradan qaldırsın. Ancaq bunlar yenə də müvəqqəti hallardır. Bəzi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. Onlar 44 günlük müharibədə Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan belə uğurlu əməliyyatı həzm edə bilmirlər. Ona görə də müəyyən yollara əl atırlar ki, Azərbaycana təzyiq göstərsinlər. Ona görə də biz ehtiyatlı olmalıyıq. Bizim əsas məqsədimiz işğaldan azad edilmiş əraziləri bərpa etmək, yollar çəkmək, kommunikasiyalar qurmaq və əhalimizi ora köçürməkdir. Qalan digər məsələlər  yavaş-yavaş tarixdə öz yerini tapacaq".

V.Əhmədov xatırladıb ki, Azərbaycan ictimaiyyəti elə ilk günlərdən də Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsini birmənalı qəbul etmədi  və bu gün də qəbul etmir:

"Hətta belə sözlər də deyildi ki, Rusiya ordusu Azərbaycana daxil olur. Görünür, pərdə arxasında elə məsələlər var ki. biz onu bilmirik. Çünki o vaxt Azərbaycana qarşı artıq təxribatlar başlanmışdı. Rusiyanın vertolyotu vuruldu. Bunlar hamısı təxribat idi ki, Azərbaycan müəyyən qədər müharibəni dayandırsın. Hesab edirəm ki, dövlət başçımız çox müdrik hərəkət etdi və bu bəyanatı imzaladı. Qalan məsələlər öz həllini tapacaq. Cənab Prezident ATƏT-in həmsədrlərini qəbul edəndə onların üzünə açıq şəkildə dedi ki, "mən sizi dəvət etməmişəm, amma mənə dedilər ki, gəlmisiniz". O həmsədrlərdən biri də Rusiyadandır. Bu 28 ildə münaqişənin müsbət həlliylə bağlı addım atılıbmı? Xeyr, heç bir addım atılmayıb. Həmişə deyiblər ki, Qarabağ münaqişəsinin müharibə yoluyla həlli yoxdur. Ancaq tarix sübut etdi ki, cənab Prezidentin atdığı addımlar düzgündür. Müharibə yoluyla BMT-nin də qərarlarını yerinə yetirmək olur. Həmsədr dövlətlər Rusiya da daxil olmaqla Azərbaycanın uğurlarını həzm edə bilmir və istəyirlər təzyiq göstərsinlər. Ancaq bütün bunların əhəmiyyəti yoxdur. Xalq dövlətlə bir yerdədir. Biz başladığımız işi axıra çatdıracağıq".

Milli Məclis sədrinin müavini Adil Əliyev rus sülhməramlalılarının hərəkətinı etiraz edib. O, özünün Feysbuk səhifəsindəki paylaşımında yazıb:

"Ermənistan məğlub tərəf kimi kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta bəyanatın şərtlərinin Ermənistan tərəfindən riayət olunmasına da tam təminat verdi. Lakin Rusiya sülhməramlılarının sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə hazırlaması, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi qətiyyən başadüşülən deyil". Vitse-spiker qeyd edib ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz: "Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri yoxdur. Bu, ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir və noyabrın 10-da imzalanmış sazişin şərtlərinə birbaşa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsanı aradan qaldırmalıdırlar. Onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Görünür, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə şanlı Zəfər paradımızda bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Vüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz cəmi 44 gündə icra etdi. Bizim ölkəmiz bu gün nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir. Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq".

 





15.12.2020    çap et  çap et