525.Az

Yeni nəslin inkişafına mühüm təkan: "Məktəblinin dostu"


 

Yeni nəslin inkişafına mühüm təkan: <b style="color:red">"Məktəblinin dostu"</b>

2016-cı ildən etibarən ölkənin təhsil sistemində yeni, çox ciddi əhəmiyyət kəsb edən "Məktəblinin dostu" adlı layihə tətbiq olunur. Məqsəd müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Həmçinin, yetişməkdə olan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Layihənin 4 yaşı münasibətilə Təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə videogörüş keçirib. Görüşdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili Aydın Mirzəzadə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Görüş zamanı Təhsil naziri "Məktəblinin dostu" layihəsinin  əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Hazırda "Məktəblinin dostu" layihəsi 70 ümumtəhsil (pandemiya ilə əlaqədar 226 məktəbdə tətbiq olunur) məktəbində tətbiq olunur. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir. Layihə çərçivəsində ümumilikdə 400 əməkdaş fəaliyyət göstərir. "Məktəblinin dostu" layihəsi Azərbaycan təhsilinin fundamental inqilabi yeniliklərindən biridir.

Qeyd edək ki, bu kimi layihələr dünyanın bir çox ölkəsində çeşidli adlarla uğurla sınaqdan çıxıb. ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə məktəblərdə "şagirdlərin dostu" olur. Bu xidmətin müxtəlif adı olsa da, hər yerdə məqsədi eynidir. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. "Məktəblinin dostu"nun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir. Bu, çox yaxşı təşəbbüsdür. Bunun hesabına ilk növbədə məktəblərdə nizam-intizam problemi həll olunur. Eləcə də məktəblərdə müəllimlə şagird arasında müsbət ab-hava yaranır.

"Məktəblinin dostu" layihəsinin İctimaiyyətlə əlaqələr üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, artıq 4 ildən artıqdır ki, "Məktəblinin dostu" layihəsi uğurla icra olunur. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində fəaliyyətə başlayıb. 2017-2018 təhsil ilində isə 20 saylı tam orta məktəb və Bakı şəhər 200 saylı məktəb-lisey kompleksi də bu layihəyə qoşularaq məktəb sayı 32-yə çatıb. 2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə, 162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü tam orta məktəb və Vətən futbol məktəbi qoşularaq məktəb sayı 35-ə yüksəlib: "Məktəblinin dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə 31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən 4-ü Sumqayıt şəhərində,



2 tam orta məktəb isə Abşeron rayonunda fəaliyyət göstərməkdədir. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur".

N.Kərimovanın sözlərinə görə, yetişməkdə olan gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması olduqca vacibdir. Çünki vətənpərvər ruhda böyüdülən, tərbiyə edilən hər bir uşaqda mərhəmət, vicdan hissi olur. Vətənini sevirsə o, ailəsini də, sevəcək, heyvanlara, insanlara, ətrafında olan hər kəsə insani münasibət bəsləyəcək: "Layihə çərçivəsində bu istiqamətdə həyata keçirdiyimiz işlər çoxdur. Məktəblərdə ilboyu kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönələn tədbirlər, məktəblər arası "Breyn-rinq" intellektual bilik yarışları mütəmadi təşkil olunur. Məsələn, hazırda layihə tərəfindən "Əsgərə salam" aksiyası keçirilir. Aksiya çərçivəsində məktəblilər rəşadətli Ordumuza dəstək olmaq üçün maraqlı videolar  hazırlayırlar. Layihənin məqsədi orduda xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir. "Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil olunan aksiyada layihənin əhatəsində olan 226 ümumtəhsil müəssisəsinin çoxu fəal iştirak edir. Hazırda bu istiqamətdə görülən işlərdən daha  birini - "Sülhü birgə formalaşdıraq!" mövzusunda rəsm müsabiqəsini də misal çəkə bilərəm. Şagirdlərə sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir".

N.Kərimovanın dediyinə görə, layihə çərçivəsində uşaqların maraqlarına uyğun tədbirlər, müsabiqələr, yarışlar keçirilib: "İstedadı olanları seçmək məqsədi ilə keçirdiyimiz tədbirlərdən uğurlu nəticələr əldə etmişik. Rəsm, mahnı, şeir və başqa yaradıcı sahələr üzrə xeyli sayda istedadlı şagirdləri müəyyən etmişik. Layihə çərçivəsində şagirdlər "ASAN Radio"da da qonaq olublar. Şagirdlərə radionun fəaliyyəti, iş prinsipləri haqqında geniş məlumat verilib, həmçinin, efir, montaj, xəbərlər və digər otaqlarla tanışlıq olub. Sonda məktəblilər müsahibə verərək öz təəssüratlarını bölüşüblər. Aşağı sinif şagirdləri üçün "Nağıl saatı" təşkil olunur. Tədbirin təşkilində məqsəd məktəblilərin mütaliəyə olan həvəsini artırmaq, kitab oxumağa maraq aşılamaq və onları uşaq ədəbiyyatı ilə tanış etməkdir".

Məktəblilər arasında "Sülhü birgə formalaşdıraq!" mövzusunda rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr -  Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı) uşaq və gənclər arasında keçirilir. Hər yaş qrupu üzrə 3 qalib müəyyən olunacaq. Müvafiq yaş qrupları üzrə ümumilikdə 9 qalib müəyyən ediləcək. Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox şagirdlərin öz duyğuları ilə işlənən əsərlər seçiləcək. Sonda qaliblər fəxri diplomlarla mükafatlandırılacaq: "Layihə çərçivəsində "Evdə qal, musiqidən zövq al" aksiyası da keçirilir. "Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil olunan aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında keçirilir. Aksiyasının əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi, qorunub saxlanılması, istedadlı məktəblilərin aşkar edilməsi, şagirdlər arasında ifa mədəniyyətinin yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin, ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir".



N.Kərimova vurğulayıb ki, "Məktəblinin dostu" layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyası və "Kulis.az" saytının təşkilatçılığı ilə "Sənə nağıl danışım" adlı müsabiqə təşkil olunub: "Uşaqların evdə vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə 7-13 yaş arası uşaqlar arasında baş tutub. Ümumilikdə 10 nağıl müəllifi seçilib. İlk "üçlük"də yer alan nağıllar birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də baş tutacaq".

Menecerin söylədiyinə görə, "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəblərdə tədrisin pandemiya qaydalarına uyğun təşkilinə dəstək göstərilir (məktəblərin fəaliyyəti müddətində). Layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib. Məktəblinin dostları şagirdlər arasında COVİD-19 infeksiyasından qorunmaq üsulları ilə bağlı maarifləndirmə işinin aparılmasına da köməklik göstərirlər. Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "Məktəblinin dostu" və "Bir" tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 400 məktəblinin dostu və 700 könüllü bu işə cəlb olunub.

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





15.12.2020    çap et  çap et