525.Az

"Casus hesabatı" nə məqsədlə hazırlanıb?


 

"Casus hesabatı" nə məqsədlə hazırlanıb?<b style="color:red"></b>

Jurnalist  Eynulla Fətullayevin müəllifi olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqaləsinin böyük səs-küyə səbəb olması barədə məlumat vermişdik.

X.İsmayılovanın casusluq fəaliyyəti ilə bağlı məqamların yer aldığı yazıda qeyd olunur ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçin Bakı səfərində X.İsmayılova və digər şəxslərlə görüşündə Azərbaycan müxalifətində kimlərin hakimiyyətə işləməsinə dair məlumat əldə etmək istəyib.

Yazıda bildirilir ki, bu şəxslər rəsmən Senatın əməkdaşları olsalar da, Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı var. Qeyd olunur ki, onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq. X.İsmayılovanın onlarla birgə olması isə məhz onun da gizli qüvvələrə işlədiyini göstərir. Yazıya görə, Senat əməkdaşları ilə görüşdə X.İsmayılova Azərbaycandakı vəziyyətlə bağlı öz nöqteyi-nəzərindən qonaqlara əməlli başlı məlumat verib. O, ABŞ-ın buradakı demokratik qüvvələrə dəstək verməməsindən şikayətlənib. X.İsmayılova qonaqların istəyini yerə salmayaraq, Azərbaycanda "hakimiyyətə işləyən" müxalifətçilərlə bağlı hazırladığı siyahını da onlara təqdim edib. Maraqlıdır ki, siyahıda daha çox müsavatçıların adları yer alıb. Siyahıda bu şəxslərin adları yer alıb:

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.

Müsavat başqanı İsa Qəmbər - hakimiyyət tərəfindən "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlunun köməyi ilə "verbovka" olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən R.Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin R.Arifoğlu tərəfindən maliyyələşdirilir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. 

Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. 

İctimai fəal Erkin Qədirli - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır.

Jurnalist Babək Bəkir - "Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir.

Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir.

Siyasətçi Mirmahmud Mirəlioğlu - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub.

ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hərəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.

Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun sözlərinə görə, X.İsmayılovanın bu kimi addımlarından təəccüblənməyə dəyməz: "Çünki onun işi hər zaman "donos" yazmaq və dövlətə qarşı çıxmaqdan ibarət olub. Xədicə İsmayılova zaman-zaman dövlətin, xalqın, millətin maraqlarını xidmət etdiyi qüvvələrə satmaqla məşğul olub və bu siyahı da onun növbəti işidir. Əslində, Xədicə İsmayılovanın işi bundan ibarətdir ki, şəxsi maraqlarını təmin etməkdən ötrü zaman-zaman Azərbaycanda siyasi maraqları olan tərəflərə xidmətçilik etsin".

YAP funksionerinin dediyinə görə, X.İsmayılova sözügedən "donosun" hazırlanmasında tək iştirak etməyib: "Maraqlıdır ki, hansısa səbəbə görə "hakimiyyətə işləyənlər" adı altında hazırlanmış həmin siyahıda bir çox müxalifət liderlərinin, hüquq müdafiəçilərinin, media təmsilçilərinin adlarının hallanmasına baxmayaraq, bu siyahıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və Milli Şura sədri Cəmil Həsənlinin adları yoxdur. Buradan isə belə qənaətə gəlmək mümkündür ki, həmin "siyahını" hazırlayanlar, daha dəqiq desək, hazırladanlar məhz Əli Kərimli və onun komandasıdır. Maraq doğuran digər faktora sözügedən siyahıda Azərbaycan Xalq Cəbhəsi Partiyasından yalnız partiyanın sədr müavini Həsən Kərimovun adının olmasıdır. Ehtimal ki, bu da əvvəlcədən onunla razılaşdırılan məqamdır. Yəni, bunlar daha öncədən Həsən Kərimovla anlaşa, onun adını siyahıya salmaqla ictimai fikri yayındırmağa cəhd ediblər. Ona görə də, siyahının hazırlanmasında Əli Kərimlinin əməyinin olması ehtimalı artmaqdadır".

A.Hüseynov vurğulayıb ki, hazırda hakimiyyətlə iş birliyində olan partiya və təşkilatlar göz qarşısındadır. O, belə deyib: "Bu gün Azərbaycanda kifayət qədər normal fəaliyyət göstərən konstruktiv müxalifət partiyaları, həmin partiyaların liderləri var ki, onlar ümummilli məsələlərdə, dövlətin təhlükəsizliyi istiqamətində iqtidarla əməkdaşlıq edirlər. Eyni zamanda bu, onların, ümumiyyətlə, hər kəsin vətəndaşlıq borcudur. Dövlətə, Vətənə, onun inkişafına, tərəqqisinə çalışmaq hər kəs üçün fəxr olmalıdır. Xədicə İsmayılovaya gəlincə isə, onun bu kimi oyunbazlıqlara getməsi yaxın vaxtlarda daha acınacaqlı, rüsvayçı əməllərinin üstünü açacaq. Çünki istənilən yalan ayaq tutar, amma yeriməz".

AQİL

 





18.02.2014    çap et  çap et