525.Az

Alakol kəndinin şəhid oğulları - Akif Əhmədgil yazır


 

Alakol kəndinin şəhid oğulları - <b style="color:red">Akif Əhmədgil yazır </b>

Bu dəfə doğulduğum Alakol kəndinə getməkdə məqsədim Qarabağ müharibəsində şəhid olmuş Cavid Hüseynovun yas mərasimində iştirak etmək, şəhidin yaxından tanıdığım atası Hümbət kişiyə başsağlığı vermək idi.

Eyni zamanda, Xüsusi Təynatlı Qüvvələrdə xidmət etmiş Cavidin keçdiyi şərəfli döyüş yolu haqqında məqalə yazmaq niyyətində idim. Yas mərasimində başqa bir şəhid xəbəri də eşitdim. Bu evdən bir neçə tin o yana yaşamış 24 yaşlı kəşfiyyatçı Sənan Ələsgərov da şəhidlik zirvəsinə yüksəlmişdi. Yazacağım məqalədə də şəhidləri bir-birindən ayırmaq günah olardı.

Əslində, Cavidin də, Sənanın da keçdiyi qısa, amma mənalı həyat yolu bir-birinə çox oxşardı. Hər ikisi eyni ayda - dekabrda dünyaya göz açıb. Cavid Hüseynov 12 dekabr 1993-cü ildə, Sənan Ələsgərov isə 17 dekabr 1996-cı ildə anadan olub. Hər ikisi eyni məktəbi - Birinci Qarabağ savaşında şəhid olan polis işçisi Nürəddin Sadıqovun adını daşıyan Alakol kənd orta məktəbini bitirib və əsgəri xidmətə yollanıblar, 2016-cı ildə şanlı Aprel döyüşlərində fəal iştirak ediblər. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin birləşmələrində xidmət edib, nümunəvi və intizamlı davranışlarına görə ordu rəhbərlyi tərəfindən dəfələrlə Fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Hətta Cavid Hüseynov 2019-cu ildə  Belarus Respublikasında təşkil olunan Beynəlxalq Hərbi oyunlarda 21 komanda arasında keçirilən şəxsi yarışlarda snayperçi kimi 2-ci yerə layiq görülüb və Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Cavidin 28 aprel 2016-cı ildə Aprel döyüşlərindən sonra anasına yazdığı bir məktubu indi həyəcansız oxumaq mümkün deyil:  "... gəlirsə, gəlsin ölüm... Vətənim sağ olsun. Bir ölüb, min diriləcəyik". Cavid Hüseynov 44 günlük Vətən müharibəsinin bitməsinə on gün qalmış Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhid Sənan Ələsgərovun atası Əkrəm kişi də Birinci Qarabağ müharibəsinin  iştirakçısıdır. Taleyin alın yazısına bax ki, kəşfiyyatçı Sənan Ələsgərov 2020-ci il sentyabrın 29-da anası Ofelya xanımın doğulub boya-başa çatdığı Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Amma necə deyərlər, Şəhidlər ölməz, Vətən bölünməz.

 





15.12.2020    çap et  çap et