525.Az

Bizim seçdiyimiz yollar - İsfəndiyar Vahabzadədən yeni yazı


 

YAXUD YOLLARIN SEÇDİYİ BİZLƏR

Bizim seçdiyimiz yollar - <b style="color:red">İsfəndiyar Vahabzadədən yeni yazı </b>

Şeyxlər meyxanədən
            üz döndərərlər məscidə,
Bitəriqətlər gərək kim,
                        doğru yoldan azələr.

Füzuli

Doğru yol hansı yoldur görəsən? Və bu doğru yol haradan başlayır, harada bitir? Yolların doğruluğu kim və yaxud da kimlər tərəfindən müəyyənləşdirilir? Hansı yolla getsən, bu, doğru yol sayılar? Və heç kim də səni qınamaz (Əlbəttə, ilk növbədə hər yerdə həmişə olduğu kimi ictimai rəy nəzərə alınmalıdır. Bunsuz iş olmaz axı). Həə... İndi otur baş sındır ki, hansı yolnan gedəsən. Sənə rahat olan yol ilə, yoxsa başqalarının sənə rahat bildiyi yol ilə. Öz seçdiyin yol ilə, yoxsa başqalarının sənin üçün seçdiyi yol ilə. Və yaxud da, sənin xoşlamadığın, lakin başqalarının həsədinə səbəb ola biləcək və öz xoşbəxtliyini özündə yox, özgələrinin qibtəsində təsdiqini tapmaq yolunu seçmək (Xoşbəxtlik özgələrinin sənə olan həsədindədir, qibtəsindədir). Təki sənə həsəd aparsınlar yolunu seçmək. Həə... İndi buyur seç. Əgər yaşayısansa, onsuz da bu yollardan birini əvvəl-axır seçməli olacaqsan. Əgər seçməsən də, ömrü boyu nəyi seçim, nəyi seçməyim deyəcəksən. Seçsən də, seçməsən də, axırda peşman olacaqsan. Onsuz da axırda, əvvəldə yox, lap axırda hamı nəyəsə peşman olur. Onun üçün də, bütün həyatın boyu seçim qarşısında qalacaqsan. Əlbəttə, nə isə seçməlisən. Başqa bir yolu da seçmək olar. Əlbəttə, yəni başqa bir yol da var. Hadisələrdən, möcüzələrdən və həyatında qəfil gözlənilməz, baş verəcək yeniliklərdən ehtiyat etmək, qaçmaq, yolunu seçmək. Lap, o, "Macal" povestindəki Oqtay kimi. Bu yol isə yolların ən pisidir, ən maraqsızıdır. Amma bundan da yaxşı yol yoxdur. Çünki bu yol özü səni seçir, sən onu yox. Hamar bir yol. Özün seçdiyin yol, özgələrinin həsədinə səbəb ola biləcək yol və yaxud da sənin üçün hazır qoyulub seçilən yol. Mən bildiyim budur ki, insan ömrü boyu bu üç seçim qarşısında qalır. Bilmir ki, hansı yolu seçsin. Elə seçə-seçə də yaşayır. Əvvəl bir yol ilə gedir. Bunun mənasız olduğunu başa düşüb, yolunu dəyişir, başqa bir yolla gedir, sonra onu da dəyişir. Və ən sonda başa düşür ki, çox mənasız bir ömür sürüb bu dünyada. Amma yox... "Məmmədnəsir demişkən, əgər hər bir şeydə məna axtarsaydın, həyatın mənası olmazdı". Həə... Bu, mənim bildiyimdir. Bəlkə başqa bir yol da var. Hər halda yəqin ki, var, mən bilmirəm.

"Biz yolları seçmirik, yollar özü bizi seçir" (O.Henri).

***

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı 1974-cü ildə yazılmağa başlayıb. 1978-ci ildə isə bitib, tamamlanıb. Hər halda müəllif özü, daha doğrusu, kitabın son səhifəsində göstərilən tarix bunu deyir (1974-1978). Müəllifin digər əsəri "Macal" povesti isə 1977-ci ildə yazılıb. Həmin ildə də bitib, tamamlanıb. Elə bu tarix də, əsərin son səhifəsində göstərilib (1977-ci il. Yurmala). Bəs yaxşı "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının ən qızğın və ən gərgin bir vaxtında ən maraqlı və ən mürəkkəb, ən çətin və ən dramatik, hadisələrin ən qarışıq bir məqamında, bəlkə də ən çıxılmaz, düyünə düşmüş bir vaxtında müəllifə nə oldu ki, birdən-birə hər şeyi saxlayıb, macal tapıb "Macal"a keçsin. "Macal" povestini yazmağa başlasın. Axı nə oldu ki, birdən-birə?  Zaurun qətiyyətsizliyimi, acizliyimi onu yordu? Yoxsa, birdən-birə Təhminənin əlacsız xəstəliyə düçar olmasımı, bəlkə də, Təhminəyə yazığı gəldi deyə, ona bir az da ömür vermək istəyib, ona görə də, romanı müvəqqəti olaraq yarımçıq saxlayıb və başqa bir əsərə keçib, başqa bir mövzuya keçib. Yoxsa, Spartakla Muxtarın çaşqınlığımı onu bıkdırdı. Və birdən-birə "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin gələcəkdə yazmalı olacağı faciəsini unutsun deyə Yurmalaya istirahət etməyə getdi. İstirahət etmək əvəzinə isə bəlkə də, hər şeyi müvəqqəti olaraq unutsun və əsərin gələcəkdəki hadisələrindən  qaçsın deyə, son dərəcə fərqli bir mövzuda (İlk baxışda və ilk görünüşdə fərqli görünən) "Macal" povestini yazmağa başladı. Və ola bilsin ki, müəllif Zaur kimi romantik bir obrazdan bezdiyi üçün (Zaura heç romantik obraz da demək olmaz) Fuad kimi realist bir obraz haqqında əsər yazmaq istəyib. Bəs axırda Fuad neylədi? Deyəsən, onun da son dərəcə qatı realistliyi, hər şeydə maraq güdməsi, vəzifədən, kabinetdən başqa hadisələrsiz və maraqsız, möcüzələrsiz yaşamağı da, müəllifi bezdirdi (Halbuki Fuad həmişə həyatda möcüzələr və hadisələr axtarıb. Sonralar Şövqi Şəfizadə bu hadisələrə nöqtə qoydurub). Elə ona görə də, bu yolu seçib. Və Fuad da, axırda... yaxşı ki, deyək ki, axırda olmasa da, həyat yolunun ortasında dayandı, geriyə baxdı. Və başa düşdü ki, mənasız bir ömür sürüb və getdiyi yoldan geri qayıtdı. Səliqə və sahmanla yığdığı bütün arzularını yarı yolda saxladı, dayandı. Hər şeyin puç olduğunu başa düşdü. Və bununla da müəllif povestə nöqtə qoydu. Povesti bitirib yenə də "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndəki Zaura döndü. Və əsəri qəmgin notlarla tamamladı. Daha doğrusu, Zaurun alnına möcüzələrsiz, maraqsız, qəfil hadisələrsiz yeni bir həyat yazdı. Hə... bu da başqa bir yol. Bu da Zaurun yolu.

Mən hər dəfə müəllifi görəndə istəyirəm bu sualı da verəm ki:

- Anar müəllim, Fuad balıqların suyunu dəyişəndən sonra o, mühüm tədbirə getdi, ya yox? Axı onun bütün gələcək planları bu tədbirlə bağlı idi. Çünki buna oxşar hadisələr, elə mənim də başıma gəlib. Amma bir qədər fərqli. Və müəllif axı nəyə görə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını bitirmədən "Macal" povestinə keçsin. Sonra da yarımçıq qalan romanını bitirsin. Bu, mənim üçün son dərəcə və olduqca maraqlıdır. Və bunun cavabını bilmək, mənim üçün vaxtilə demək olar ki, öz həyatım qədər vacib olub. Çünki... bəlkə və məncə... Məncə və bəlkə...

***

Hər iki əsər, mövzu və obrazlar, təhlillər və təsvirlər, lap oxucular tərəfindən olunan mühakimələr və mübahisələr, dünyaya fərqli baxış və həyatı fərqli qavramaq baxımından, o qədər fərqlənirlər ki, oxucuya əvvəl-əvvəl elə gəlir ki, hər iki əsərin müəllifi başqa-başqa yazıçılardır. Axı "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən birbaşa "Macal"a necə keçmək olar? Axı Zaur hara, Fuad hara? (Elə Anarın böyüklüyü də, nəhəngliyi də məhz bundadır). Sanki əsər başqa-başqa müəlliflər tərəfindən yazılıb. Hər iki əsər bir-birindən 180 dərəcə fərqlənir. Amma eyni zamanda, hər iki əsər bir-birinə o qədər yaxın və bir-birlərini tamamlayan əsərlərdir ki, oxuma prosesində əsərin qəhrəmanlarının sanki eyni adam olduqlarını güman edirsən. Və sanki burda bir qəhrəman var. Zaurla Fuad. Hər ikisi eyni adamlardı. Əlbəttə, məncə... Heç bəlkə də müəllif özü belə düşünmür. Mən müəllifin qələminə müdaxilə etmirəm. Əstəğfürullah... Elə ona görə də deyirəm ki, məncə...

Hər iki əsərin qəhrəmanı - həm Fuad, həm də Zaur eyni dövrün adamlarıdır. Hələ ki gəncdirlər, cavandırlar. Hər ikisi startda eynidirlər. Aralarında bir fərq var ki, birinin atası sanballıdır, öz çəkisi var, hörmətli bir adamdır, professordur. İndi baxmayaq ki, bu saat professorların ağızlarına baxan yoxdur. Amma 60-cı illərdə professorlar hm... Nəinki professorlar, hətta dosentlər belə xüsusi çəkiyə malik idilər. Digərinin atası isə adi məktəb müdiridir. Bu isə çox böyük bir fərq deməkdir. Hər ikisi təqribən eyni yaşdadırlar. Biri 1936-cı ildəndir, digəri isə 1940-cı ildən. Bütün gələcəkləri də hələ çox-çox irəlidədir. Onlar hər ikisi yol ayrıcındadırlar. Onlardan biri Fuad özgələrinin qibtəsinə, həsədinə, paxıllığına səbəb olacaq yolu seçir və yavaş-yavaş addımlamağa başlayır. Onu gələcəkdə nə gözlədiyini özü də bilir və gedir. İkinci qəhrəman Zaur da öz yolu ilə addımlamağa başlayır. Bu yolu isə onun üçün seçiblər, hər şeyi əvvəlcədən onun üçün hazırlayıblar. O da bilir ki, bu yolda onu nələr gözləyir. Hər şeyi əla bilir. Və bu yollar yanaşıdır, paraleldir. İki paralel xəttin fəzada birləşməsi və yaxud da birləşməməsi... Bu barədə bir qədər sonra. Pifaqor bunu nəzərə almayıb.

***

Dünya ədəbiyyatında istənilən yazıçının kitabının üz qabığındakı adını oxumasan, görməsən, müxtəlif əsərlərini oxuyan kimi həm tarixi baxımından, həm də əsərdə baş verən ən müxtəlif priyom və situasiyalardan (fənd yox, üsul yox, məhz priyom) və ən başlıcası bu situasiyalardan çıxış üsullarından, yazı tərzindən, müəllifin kim olmasını təxminən də olsa, ayırd etmək mümkündür. Bu da olmazsa, ən azı təsvirlər formasından, həmin yazıçının öz dövrünün yazıçıları ilə müqayisə edib, nəsə müəyyənləşdirə bilərsən. Bütün bunları müasir dövrümüzdə İrvin Şoudan tutmuş Con Apdayka qədər, Artur Xeylidən tutmuş Corc Faulza qədər, digər və digərlərindən tutmuş, daha digərlərinə qədər görmək, müəyyənləşdirmək olar... Bu, mümkündür. Əstəğfürullah... Mən indi heç kimi heç kimlə müqayisələndirmirəm. Sadəcə olaraq, Anar mənə daha yaxındır. Və Anarın qəhrəmanlarının başına gələn bütün hadisələr, bir-birindən fərqlənən ən gərgin və ən mülayim hadisələr mənim və mənim dost və tanışlarımın, tanış və bilişlərimin indi bir az az və bir az çox başlarına gəlib və gəlməkdədir. Və elə bu cəhətdən də Anar mənə daha doğma, daha yaxındır (Doğrudur, mənim və dost-tanışlarımın başına gələn belə və buna oxşar hadisələr artıq get-gedə səngiyir və azalır və öz fövqəladiyini itirir). Elə ona görə də, Anarın gözlə görünə bilməyən yaratdığı və çəkdiyi çərçivədən kənara çıxmaq olmur. Çıxa bilmirik. Sanki Anar uzaqda durub, yolları bizə o göstərir. Yolları bizə müəyyənləşdirir. Yolları bizə o, diktə edir. Heç bir məsələni nə artırmır, nə də əskiltmir. Elə öz gördüklərini də yazır. Sanki başımıza gələn əhvalatların ssenaristi Anardır, uzaqdan bir mahnı oxunur. Mahnının musiqisi Emin Sabitoğlunundur. Musiqinin sözləri isə Vaqif Səmədoğlunundur. Və başda Anar olmaqla bu üçü birləşib 70-ci illərin gözəl bir nəslini yetişdirdilər və hamı tərbiyəni bunlardan aldı. İndi isə gənc nəsil üçün belə bir lokomotiv yoxdur. Hər iki əsər həm povest, həm də roman bir-birlərinə qətiyyən güzəşt etməyən əsərlərdir. Hər ikisi olduqca qüvvətli və gözəl əsərlərdir. Amma nədənsə "Macal" povesti "Beşmərtəbəli evin altıncı mərtəbəsi" qədər məşhurlaşmadı. Məşhurlaşa bilmədi. Mən demirəm ki, məşhurlaşmadı. Yoox... Məşhurlaşdı, amma "Beşmərtəbəli evin altıncı mərtəbəsi" qədər yox.  Halbuki bayaq dediyim kimi, "Macal" heç də ondan geri qalmayan bir əsərdir. Bəs səbəb nədir? Və səbəb nədə idi? Və nəyə görə?

Mən "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı haqqında heç nə demirəm. Çünki mövzu məlumdur. Çünki bu əsəri hamı oxuyub. Bu əsəri mübaliğəsiz demək olar ki, oxumayan adam yoxdur. Həm özümüzdə, həm xaricdə. Oxunub və kifayət qədər bu əsər haqqında danışılıb. Hələ bundan sonra da danışılacaq. Bu əsər haqqında çox yazıblar. Yazırlar. Və hələ bundan sonra da yazacaqlar. Bu əsər hələ çox təhlil olunacaq. Bəlkə də o qədər təhlil olunacaq ki, əgər müəllifi bezdirməyibsə, bezdirəcək və əgər deməyibsə, deyəcək: "A balam, mənim başqa əsərim-zadım yoxdur?" Bu əsər məhşuri-cahandır. Hətta bu əsəri oxuyub ona guya ağız büzənlər, guya onu bəyənmələr belə bu roman haqqında o qədər yazıb, o qədər söz deyiblər ki, bu, nədəndir? Qibtədənmi belə deyirlər? Yoxsa həsəd və paxıllıqdanmı? Bu, başa düşülmür. Bircə onu deyə bilərəm ki, bu əsər yaşından və dövründən asılı olmayaraq hamını dəli edib. Və bir çoxları beşinci mərtəbə ilə altıncı mərtəbə arasında olan bu pilləkənlərdə azıb qalıblar. Yolu itiriblər. Nə altıncı mərtəbəyə qalxa bilirlər, nə də beşinci mərtəbədə qərar tuta bilirlər. Lift də ki, işləmir. Həm də mənə elə gəlir ki, bu əsər haqqında danışanlar Anara yox, məhz elə Zaura qibtə edirlər. Zaurun paxıllığını çəkirlər.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" yeni bir mövzudur. Belə bir mövzuda Anara qədər hələ heç kim yazmayıb. Bu, təkcə elə eşq və məhəbbət mövzusu deyil ki... Yox... Müharibə dövründə kənd həyatını Azərbaycan ədəbiyyatına İsa Muğanna gətirdiyi kimi 60-70-ci illər rus təhsilli (məhz elə rus təhsilli) şəhər gənclərinin həyat tərzini də ədəbiyyatımıza Anar gətirib.

Oxuduğumuz "Macal" povesti isə vur-tut ona həsr olunub ki, əsərin baş qəhrəmanı "Memarlıq" İnstitutunun adi bir tələbəsi (sözsüz ki, Azərbaycan bölməsi) Fuad Mehdiyev günlərin bir günü papağını qabağına qoyub fikirləşir, başa düşür və görür ki, tələbə dostu Oqtay qədər istedadlı deyil. Oqtay isə təpə-dırnaq istedaddır. Memarlıq sahəsində yeni bir Karbüzyedir, Raytdır, Vesnin qardaşlarıdır və nə bilim nədir və nədir və s. Oqtayın böyük gələcəyi var. Öz istedadı ilə çox uzaqlara gedəcək. Fuadda isə belə bir istedaddan yoxdur. Bəs onda neyləsin? Amma içində bir təpər var axı. O, irəli getmək istəyir. Artıq dumanlı da olsa, öz yolunu müəyyənləşdirib. Bədnam bir məqalə yazıb, öz gücünü yoxlamaq istəyir. Başı daşdan-daşa dəyir və anlayır ki, həyatda başına belə-belə daşlardan hələ çox dəyəsidir. Özünü qorumalıdır. Və o da özünü qoruyur. Özünə, başqalarının həsədinə səbəb ola biləcək bir yol seçir. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanı Zaur kimi arxalı deyil. Onun arxası, adamı yoxdur. Adamı yoxdur ki, onu uzaqlara aparsın. Atası Qurban Mehdiyev adi məktəb müdiridir. O, atasına arxayın deyil. Başa düşür ki, belə bir ata ilə o, uzaqlara gedib çıxa bilməyəcək. O isə uzaqlara getmək istəyir. Hə, onda neyləsin? Əlbəttə, qarşısında hamının gedə biləcəyi adi bir yol da var. Oqtayın getdiyi bir yol. O isə bu yolla getmək istəmir. Və beləliklə, tamam təsadüfən (İndi buna bəxtmi deyək, talemi deyək?) memarlıq sahəsində böyük bir ada, nüfuza, vəzifəyə sahib olan Şövqi Şəfizadənin qızına yol tapır. Vəssalam. Və beləliklə, Fuad Mehdiyevin bəxt ulduzu parlayır. Şövqi Şəfizadənin qızı ilə evlənir. Və şəhər miqyasında get-gedə, pillə-pillə irəli çəkilməyə başlayır ("Vəzifədə pillə-pillə irəli çəkilmək, şərabla sərxoş olmaq kimi bir şeydir. Gərək araqla birbaşa sərxoş olasan". Anar). Hər halda o dövrdə şərabla irəli çəkilərdilər. Yəni pillə-pillə.

Bayaq dediyim ki, əsər "vur-tut" ona həsr ona olunmayıb. Əsərdə çox yollar var. Əyri-üyrü, dar küçələr, çalın-çarpaz, hamar, daşlı-kəsəkli. Əsərdə epizodda göstərilən Oqtay hadisələrsiz və möcüzələrsiz düz hamar yol ilə gedir. Bu yolu o, özü seçib. Elə ona görə də, başını aparıb bir yana çıxara bilmir. Günəş sarayı tikmək arzusu ilə yaşasa da, kənd hamamlarının tikməsi ilə məşğul olur. Fuad isə yox. O, heç nə tikmir, tikdirir. Çünki seçdiyi yol hamar deyil, daşlı-kəsəklidir. Qayınatası Şövqi Şəfizadə Fuadın yolunu bu daş-kəsəklərdən təmizləyir. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında isə Zaur heç bir yol seçmir. Onu gətirib bu hamar yolun ağzına qoyurlar. Di yeri, deyirlər. Zaur da gözüyumulu bu yolla yeriyir. Getmir, məhz yeriyir. Və sonda hadisələrsiz və möcüzələrsiz bir yola gəlir çıxır. Və başa düşür ki, çox mənasız bir ömür sürüb. Bu yolu isə axırda, lap axırda özü seçir.

"Macal" povestində vaxt qızıldır. Həyatda hər şeyə çatıb, hər şeyə nail olmaq lazımdır. Yaşamasan da, gün görməsən də, olar. Təki hər bir şeyə nail ol. Əlbəttə, həyatda heç bir məsələdə gecikmək olmaz. Vaxt gözləmir. Əgər geciksən geri qalarsan. Bu, povestin qəhrəmanının həyat kredosudur. Kabinet, vəzifə, mövqe, müxtəlif telefonlar və nəticədə hamının qibtəsini, həsədini qazanmaq. Bunu hamının baxışlarında hiss etmək. Bəs necə? Heç nəyi nəzərdə qaçırmaq olmaz. Bir şərtlə ki, özün-özünlə tək qalmayasan. Özün-özünlə görüşməyəsən. Özün-özündən qaçasan. Əsas şərt budur. Yox, əgər özün-özünlə tək qalsan, özün-özünlə görüşsən, hər bir şeyin bütün bunların puç olduğunu başa düşərsən. Əgər həyatının puç olduğunu başa düşsən, həə... onda yaşamağına belə dəyməz. Bəs... onda ay Fuad, sənin hərdənbir kəsdiyin, hərdən haqqında düşündüyün, xəyallar qurduğun o katibən Nelli, o yaraşıqlı, uzunqıçlı, gözəl, hamının diqqətini cəlb edən Nelli necə olsun? Axı hərdən xəyalından keçirirsən ki, onunla ən uzaq bir yerdə, əlbəttə, Krım yox, Soçi yox, Kamçatkanın istirahət yerlərində istirahət edəsən. Yoox... bu, təhlükəlidir. Birdən qayınatan xəbər tutar. Bu isə Fuada ölümdən də betərdir. Amma ondan da betəri var. Bunu müəllif  bildirməsə də, başa düşən oxucular, bunu dərhal başa düşür. Xüsusilə də, Sovet dövrü vəzifə görmüş oxucular. Nelli bizlərdən deyil. Yəni azərbaycanlı deyil. Qeyri-millətdəndir. Fuad və Fuad kimi adamlar belə-belə məsələləri yaddan çıxaran deyillər. Belə, məhz belə məsələlərdə qız-qadın məsələsində yox, məhz Nelli məsələlərində çox ehtiyatlı olurlar. Nelli həm də cavandır. Əli çox uzaqlara gedib çıxa bilər. Və Nellidən belə asanlıqla qurtarmaq çətin məsələdir. Məsələ böyüyərsə, heç qayınatası Şövqi Şəfizadə belə ona kömək edə bilməz.

Əsərdə o da məlum olur ki, Fuadın bir-iki il bundan əvvəl Reyhan adlı bir jurnalist qadınla yaxınlığı olub. Çox yox, cəmi iki-üç dəfə görüşüblər. Fuad üçün bu da kifayət edər. Çox lazım deyil. Nəyinə lazımdır başağrısı? Xuda nə kərdə birdən Şövqi Şəfizadə bundan xəbər tuta bilər. Çox qəribədir. 42-43 yaşlı Fuad, iki oğul atası olan Fuad belə-belə məsələlərdə qətiyyən həyat yoldaşı Rimanı (Rumiyə) düşünmür. Onu nəzərə almır. Təki Şövqi Şəfizadə bundan xəbər tutmasın. Çünki belə kələ-kötür yolu özü seçib, həm də Reyhandan çox asanlıqla ayrılmaq da olar. Çünki o, azərbaycanlıdır. Özünə heç birotaqlı evdə ala bilməyən qadınlardandır. Ona şəhərin mərkəzindən uzaq, birotaqlı ev almaqda Fuad köməklik eləmişdi. Bu da ona bəsdir. Məhz şəhərin kənarında, Şövqi Şəfizadənin gözündən iraq. Belə məsələlərdə Reyhan heç məsələni böyüdən qadınlardan da deyil. Onun yuxarılara gedib çıxan elə bil səriştəsi də yoxdur. Obrazlar yaratmaqda müəllifin üstü yoxdur. Misilsizdir. Çünki hər bir adi detalı belə, həyatdan götürüb. Heç nəyi kiçiltmir, nə də şişirtmir. Fuad öz həyatını həyat kimi yaşamır. Yavaş-yavaş hər şeyin mənasız olduğunu başa düşür, anlayır. Başa düşür ki, özünə vaxt ayırmır, özü ilə görüşmək istəmir. Başa düşür ki, əslində, özü-özündən qaçır. Əsərdə çox güclü, oxucuları düşündürən belə bir məqamda var. Fuad xaricdən gələn qonaqları qarşılayır:

- Bu gün bizim üçün çox sevindirici bir gündür.

Eyni gündə.

Fuad öz müəllimi Fuad Salahlının dəfn mərasimində:

- Bu gün bizim üçün çox kədərli bir gündür.

Sevinc və kədərin Fuad üçün heç bir fərqi də yoxdur. Çünki seçdiyi yol bunu tələb edir.

Fuad bütün bu illər ərzində vəzifə pillələrində qalxa-qalxa, kabinetini dəyişə-dəyişə heç bir qıza, qadına hm.... nəinki qıza-qadına, heç öz həyatına normal vaxt ayıra bilmir. Heç öz-özü ilə görüşə də bilmir. Gecə saat birdə, ikidə yatağına girir, saat 8-də isə yuxudan qalxır. Çünki onun heç nəyə macalı yoxdur. Kabinet, post, vəzifə, müxtəlif imtiyazlar, sifarişli mağaza, onun üçün hər şeydir. Bəs yaxşı onun tələbə dostu niyə ona paxıllıq etmir? Axı o, hər şeyə nail olub. Axı əslində, Oqtay ona paxıllıq etməlidir. Nə zamansa, Oqtay ona demişdi ki: "Mən heç vaxt satılmaram". Fuadda düşünmüşdü: "Bəlkə səni alan yoxdur". Bu bir kəlmə sözü düşünmək Fuadı tamamilə xarakterizə edir. Bu bir kəlmə söz elə bəsdir.

Bəli, Fuadın vəzifəsi var. O, vəzifəlidir. Axı nə olsun? Axı nə pis şey var burda. Əlbəttə, mən burda heç bir pis şey görmürəm. Hərdən bir macalı daxilində bacardığı qədər dosta-tanışa da köməklik edir. O, pis adam deyil. Ümumiyyətlə, Anarın əsərlərinin heç birində yaratdığı obrazlarda pis adam yoxdur. Bircə çopur Cabbarı çıxmaq şərti ilə. O, təpədən-dırnağa qədər pis, mənfi adam idi. Mən bu adamı yaxşı tanıyırdım. Hətta onun elə mənfi cəhətlərini bilirəm və görmüşəm ki, heç bəlkə müəllifin özü də bunları bilmir (əlbəttə, bu, şərtidir). Anarın yaratdığı obrazlarda hamı indi bir az az, bir az çox xeyirxah yaxşı adamlardır. Yaxşı, bu səlahiyyət və imtiyazlara baxmayaraq, Fuad xoşbəxtdirmi? Və o başa düşür ki... bütün bu illər ərzində özü-özünü aldadıb. Yox, o, xoşbəxt deyil. Axı deyəsən, tələbə ikən görüşdüyü Asya adlı bir qızın falı çin çıxıb. O, xoşbəxt ola bilməyib. Bəs onda xoşbəxtlik nədir?

Axı povestin əvvəlində deyilir ki, Fuad başqa bir yol ilə də gedə bilərdi. Qarşısında ayrı bir yolda var idi. O isə tamam başqa bir yolu seçir. Səhvmi edir, düzmü edir, bunu heç kim bilmir, heç Fuad özü də bilmir.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında isə hamı asudədir, hamı rahatdır, demək olar ki, problemsizdir. Hamının - qadınlı kişili, valideynli, qaynanalı, qaynatalı bir problemi var: Təhminə problemi. Məgər bu, balaca problemdir? Bu, problemlərin ən mürəkkəbi və ən çətinidir ki... əsərin bütün qəhrəmanlarını girinc eləyib. Elə əsərdən kənar reallıqda da hamını girinc edib. Burada heç kim öz-özündən qaçmır. Hamı öz-özündədir. Hamı öz həyatını yaşayır. Bircə Zaurdan başqa. Zaur da əvvəl-əvvəl özü-özündə olub, öz yolunda olub. Sonralar onun üçün yol seçiblər. Sonralar ona seçilən yol ilə gedə-gedə özü-özündən qaçmağa başlayıb.  Hətta Afrikaya da qaçır. Təhminə gəlib burda da onu yaxalayır. Onu qaçmağa qoymur (yuxusuna girir). Bir zamanlar Amerikaya da gedərik düşünür və dərhal da bütün bunların hamısının boş və mənasız olduğunu başa düşür. Axı bir zamanlar Təhminə də onun falına baxıb, elə buna oxşar sözlər demişdi. Və Zaur başa düşür ki, keçmişindən heç zaman qaça bilməyəcək. Çünki onun keçmişində Təhminə var. Təhminə onun keçmişində qalıb və həmişə də qalacaq. Əsərdə maraqlı detallardan biri də zaman məsələsidir. Zaur özü-özündən qaçır. Moskvaya, oradan da Afrikaya uçur. Bu zaman kəsiyində qitədən-qitəyə uçduqca, zamanı qabaqlayır, irəli düşmək istəyir. Çünki həyatını buna görə dəyişmişdir. Amma başa düşür ki, geriyə qayıdanda bütün udduğu vaxtları geri qaytarmalıdır. Çünki vaxt Təhminənin elə özüdür. 

Kiçik bir haşiyə. Həm də olmuş bir əhvalat 

Universitetdə oxuduğum illərdə başqa bir fakültədə paralel kursda bir nəfərlə möhkəm dostluq edirdim. Dərsdən sonra, demək olar, hər gün görüşürdük - ya bizdə, ya onlarda, ya da bulvardakı "Sahil" çayxanasında. Əla dostluğu var idi. Atası sanballı adam idi. Sözü hər yerdə keçirdi. Nəinki Bakıda, hətta Moskvaya qədər əli gedib çatardı. Moskvaya, Leninqrada bir yerdə gedib gəzərdik. Mehmanxana, təyyarə, bilet məsələlərində heç bir problem olmazdı. Atasının bir telefon zənginə hər bir məsələ düzələrdi. Atalarımız da dost idi. Bizə görə yox, əvvəldən dost idilər. Mən universiteti qurtaran ili xarici ölkəyə uzunmüddətli ezamiyyətə getdim. Dostum isə Bakıda atasının gücünə yavaş-yavaş irəliləməyə, mənsəb yiyəsi olmağa başladı. İnsafən özü də qabiliyyətli oğlan idi. Hələ tələbəlik illərindən ictimai işlərə həvəsi var idi. Əvvəl-əvvəl rayon miqyasında, sonra şəhər miqyasında yavaş-yavaş irəliləyən dostumun xəbəri daha sonra Mərkəzi Komitədən gəlməyə başladı.  

Mən hər Bakıya gəlişimdə daha əvvəlki kimi görüşə bilmirdik. Nə onun, nə də mənim macalımız var idi. Təmas dairəmizə başqa-başqa dostlar daxil olmuşdular. Köhnə dostum get-gedə irəliləyirdi. "Macal" povestindəki Fuad kimi. Dostum fuadlaşmışdı. Evlənmişdi, oğul-uşaq sahibi idi. Şəhərin mərkəzində evi, maşını, ailəsi. Hər şey əla idi. Amma bu, qayınata hesabına yox, əvvəl-əvvəl atasının, sonra isə öz qabiliyyəti hesabına olurdu. Bir müddət ötdü. Bir də eşitdik ki, 40-42 yaşlı şərti adı Fuad olan dostumuz  bir qadına dəli kimi vurulub. Dəli kimi bir-birlərini sevirlər. Bir-birlərindən ötrü dəli-divanədirlər. Mənim isə onunla görüşməyə nə vaxtım var idi, nə də macalım. Həm xarici ölkələrdə diplomatik xidmətim, həm də bir-birinin ardınca elmi işlər, dissertasiyalar görüşməyimizə imkan vermirdi. Daha sonra eşitdim ki, bu işə öz aramızda Fuad adlandırdığımız dostumun atası da qarışıb. "Əgər ailəni dağıtsan, mənim sən adında oğlum yoxdur". Hətta oğlunu qorxutmuşdu da "Baxma ki, qocalmışam, təqaüdə çıxmışam, hələ ki telefonun işləyir. Bir telefon zənginə səni işdən də qovduraram". Bilə-bilə ki vəzifə, kabinet, post oğlu üçün hər şeydir. Əlbəttə, köhnə dostum ailəsini dağıtmadı. Arvadından ayrılmadı. Uzunmüddət sevdiyi qadınla gizli-gizli görüşürdü. Daha sonra isə, xəbərim olmadı.

Günlərin bir günü dostum mənə zəng etdi və biz həmişəki kimi "Sahil" çayxanasında görüşdük. Ay aman.... İllər öz işini görmüşdü. Hər ikimiz yaşlanmışdıq. Xeyli söhbət etdik. Mən gəzdiyim xarici ölkələrdən, o isə başına gələnlərdən danışdı. Mən dedim ki, dünənə qayıtsaydım, sənətimi dəyişərdim. Nəyimə lazımdır bu qaraçı həyatı. Üç il bir ölkə, beş il bir ölkə. Həyatımı qürbətdə keçirtdim. Dedim ki, dünənə qayıtsaydım, həkim olardım, başqa yolu seçərdim. Bəs sən necə?

- Əgər dünənə qayıtsaydım, yenə də bu yolu seçərdim. Çünki bütün yollar eyni tərəfə, eyni istiqamətə gedir. Axırda hamımız uduzuruq. Latınlar həm qocalığa, həm uduzmağa, həm də təslim olmağa eyni sözü deyirlər -  kapitulyasiya. Latınların gözəl bir sözü var, deyir: "Qumane capere kapitulyase e sivim". Yəni insan əvvəl-axır həyata təslim olur, arzularına təslim olur, heç nəyə nail olmur, uduzur.

Mən bir məsələni başa düşdüm. Dostum əvvəl-əvvəl Fuad olmuşdu. Sonra Zaur oldu. Hər ikisində də uduzdu. Dostumun sözlərindən belə başa düşdüm ki, yüz Fuadlı həyatı birgünlük Zaurlu həyata dəyişməz. Dostum onu da dedi ki, dəli kimi sevdiyi qadın bu yaxınlarda həmişəlik Türkiyəyə köçüb. Hərdənbir zəngləşirlər. Birdən gözlərimin önünə belə bir səhnə canlandı. İki nəfər yaşlı kişi bulvarda oturub söhbət edirlər. Bunlardan biri Zaurdur, digəri Fuaddır. Hər ikisi öz başına gələnləri danışır. Görəsən, hansı xoşbəxt olub?

 





15.12.2020    çap et  çap et