525.Az

Ay Laçın... - Məhsəti Musa yazır


 

Ay Laçın... - <b style="color:red">Məhsəti Musa yazır</b>

İllərdir onu işğal altında olmuş  Laçın rayonunun acı taleyi ilə səsləşdiyi üçün elə Laçın dərdi ilə oxuyublar. "Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar", "Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın", "Elçiləri qırılmış, özü elçi düşən yar"...

Sarı simə toxunmaq fikri var el arasında. Bax bu mahnıda Laçın rayonun taleyi ilə  səsləşən  həmin misralar  sarı simə toxunur. Elə buna görə də çoxluq tərəfindən Laçınımıza həsr olunmuş mahnı kimi qəbul edilib. Amma əlbəttə ki, bəlkə də 150-200 ilə yaxın yaşı olan bu xalq mahnısının Laçın rayonu ilə bağlılığı  yoxdur. Laçın adını keçmişə dair materiallarda axtarıb tapmaq o qədər də çətin deyil və bu haqda kifayət qədər dəyərli məlumatlar var. Lakin bir oykonim kimi 1924-cü ildən işlənməyə başlayıb və odur ki, bu qədim xalq mahnısının Laçın rayonuna həsr olunmadığı məlumdur.  Mahnı ilə bağlı müxtəlif variantlar olsa da, əsasən  onun bir qıza həsr olunduğu fikrinin üstündə daha çox dayanılır. Bu mahnı bayatılardan ibarətdir və həmin bayatılardan  müxtəlif xalq mahnılarında da istifadə olunub.

Məsələn:

Arazı ayırdılar, Tello,
Su  (və ya lil ilə) doyurdular, Tello,
Mən səndən ayrılmazdım, Tello,
Zülm ilə ayırdılar, Tello.

Araz axar lil ilə, Tello,
Dəstə-dəstə gül ilə, Tello,
Mən yarımı sevirəm, Tello,
Şirin-şirin dil ilə, Tello.

Və yaxud başqa bir mahnıda eyni bayatıya rast  gəlirik:

Araz axar lil  ilə,
Ay qız-qız amandı.
Dəstə-dəstə gül ilə,  dərdin alım,
Dəstə-dəstə gül ilə qadan alım...

"Ay Laçın" mahnısında da eyni bayatının sadəcə sonluğunda "Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın" misraları əlavə olunur.  Və bu mahnıların hər birinin  hansısa qıza ünvanlandığı aydın görünür.  Amma bu gün mənim toxunmaq istədiyim məsələ budur ki, əgər Laçın mahnısının sözləri uzun müddət Laçın rayonunun taleyi ilə səsləşibsə, həsrət, qovuşa bilməmək, zülm ilə ayrılmaq kimi eyni kədəri ifadə edibsə, gəlin bununla bağlı insanları çox qınamayaq. Bu mahnı xalq mahnısıdır, sözləri də qeyd etdiyim kimi bayatılardan ibarətdir. Hərəsi bir qəlbdən, bir dərddən, bir ağrıdan yoğrulub, doğulub.

Və hər hansı bir bayatının bir müəllifi olduğu halda o, bir çox insanın, bir bölgənin, hətta bir xalqın sevincini, kədərini, ağrı-acısını, dərdini ifadə edir. Xanımlar daha yaxşı bilər. Bəzən uzaqdan tanıdığın kiminsə  yas məclisinə gedirsən. Yaxınlarına başsağlığı vermək, adətlərimizə uyğun olaraq yaxınlarına səbr diləmək üçün. Amma orada ağlamaq ağlının ucundan da keçmir. Həmin məclisdəki  qadınlar dərdlərini dilə gətirib bəzən dayanmadan çoxlu ağılar söyləyirlər. Sən sakitcə dinləyir, beş-on dəqiqə əyləşib sonra getmək haqqında düşünürsən. Lakin birdən  bir misra səni  elə tutur, elə silkələyir ki, hönkürtünü kəsə bilmirlər. Nə vaxtsa atasını, anasını, bacısını və ya qardaşını itirmiş bir qadının dilindən deyilən bu yanğılı  misraların müəllifi sanki sənsən, sənin sözlərin, sənin hisslərin cəmləşib o ağıda. Odur ki,  eşidincə bayaqdan qoruyub saxladığın soyuqqanlı görünüşünü itirir, bütün atasını (əzizlərini) itirmiş qadınlara qoşulub ağlayırsan. Və  "Laçın" mahnısı da, məhz işğal altında olduğu dövrlərdə öz kədəri, hüznü, yanğısı ilə Laçın rayonunun  həsrətini daha yaxşı ifadə etdiyi üçün həmin rayona həsr olunmuş mahnı kimi yaddaşlara köçdü. Bəli, mahnı ilə rayonun adının yaranma tarixi arasındakı fərqdən məlumatsız olanlar üçün (demək olar, çoxumuz üçün) bu, həm də bir az təəccüblü görünürdü. Necə olub ki, Laçının işğalından əvvəl yaranmış  mahnıda Laçının sonrakı taleyi bu qədər təsirli ifadə edilə bilib deyə... 

Amma bu mahnının yaranması nə qədər uzaqlara getsə də, bir həqiqət var ki, o, ifa edildikdə göz önünə  nə alagöz qız, nə digər variantlardakı  Laçın quşu, yaxud  "laçın kimi oğlan" deyil, məhz Laçın rayonu gəlir və məncə, biz buna alışmalıyıq. Təbii ki, mahnının qədimliyini  unutmamaq şərti ilə. Xudayar təsnifi kimi...  "Vətən yaxşıdır" adlı 60 il əvvəl yazılan bu nəğmə  qısa müddət ərzində məhz şəhid Xudayarın ifasında hər gün, hər yerdə səslənməyə başladı. Sosial şəbəkələrdə, televiziya ekranlarında bu mövzu müzakirə olundu, ona qarşılıq olaraq müxtəlif ifaçılar həmin mahnını səsləndirməyə başladılar...

Xudayar Yusifzadə  haqqında videoçarxlar təqdim edildi,  yazılar yazıldı, büstü hazırlandı. Hər kəs şəhidimizə öz sevgisini bacardığı qədər göstərməyə çalışdı. Çünki mahnının vətəndən bəhs edən sözləri, ifaçının  həmin vaxt vətən uğrunda döyüşdə olması, həmin ifadan cəmi  3 gün sonra şəhidlik zirvəsinə ucalması, an  etibarı ilə insanların belə görüntülərə həssaslıqla yanaşdığı vaxta təsadüf etməsi qısa zamanda  o mahnıya məhz Xudayar tərəfindən möhür vurulduğu fikrini meydana çıxardı. Bir çox təkliflər oldu. Nəhayət, hörmətli Xalq  artisti Əlibaba Məmmədov musiqisi özünə, sözləri isə  Əliağa Vahidə məxsus olan həmin  nəğmənin "Xudayar  təsnifi " adlandırılması üçün razılığını, xeyir-duasını verdi. Bugündən sonra kim, harda ifa etsə "Vətən yaxşıdır"ı  "Xudayar  təsnifi" kimi təqdim edəcək. Hansı ki, bu mahnının sözləri də, musiqisi də Xudayarın yaşından  uzağa gedib çıxır. Amma onun adı ilə yaddaşlarda qalacaq. Odur ki, gəlin mübahisə etməyək, bu mahnının Laçına dəxli yoxdur deyib bir-birimizi  mahnının tarixini, keçmişimizi bilməməkdə ittiham etməyək. Laçın mahnısı kimə yazılıbsa, kimin və ya nəyin taleyini əks etdiribsə, əlbəttə, bu, araşdırılmalı, öyrənilməli, təbliğ olunmalıdır. Amma Laçın rayonundan danışarkən kimsə bu mahnını zümzümə etmək istəyirsə, qoy etsin. Bunun kiməsə ziyanı yoxdur.

 





16.12.2020    çap et  çap et