525.Az

“Sovetski” sakinləri ilə görüş bitdi- "Martın 3-də cavab veriləcək”


 

“Sovetski” sakinləri ilə görüş bitdi-  <b style="color:red"> "Martın 3-də cavab veriləcək”</b>

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə sakinlərin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev məlumat verib.
 
Onun sözlərinə görə, görüşdə “Sovetski” sakinlərinin tələbləri baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətə təqdim olunub: “Belə razılığa gəlindi ki, tələblərimizə martın 3-də cavab veriləcək”.
 
N.Quliyev qeyd edib ki, hökumət nümayəndələri hər bir sakinin razılığı olmadan evinin sökülməyəcəyi barədə vəd veriblər: “Mətbuatda söküntülərin başlanması haqqında xəbərlər həqiqəti əks etdirmir”.

______________

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə baxılacaq və bir həftə ərazində onlara məlumat veriləcək.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov “Sovetski” sakinləri ilə Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: “Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək”.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də bildirib ki, “Sovetski”nin köçürülməsi məsələsi həmişə gündəmdə olub: “Bu, həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək. Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə o evindən məcbur çıxarılmayacaq”.

İcra başçısı qeyd edib ki, sakinlərin tələbləri əks olunan müraciətə də baxılacaq və bir həftə ərzində cavab veriləcək.

 





18.02.2014    çap et  çap et