525.Az

Zaman müəllimin verdiyi "5"lər - Təbrik


 

Zaman müəllimin verdiyi "5"lər - <b style="color:red">Təbrik </b>

"525-ci qəzet"in 5555-ci sayının işıq üzü görməsi məni bir neçə cəhətdən çox sevindirir.

İlk növbədə bu, Azərbaycanın mətbuat həyatının son dərəcə əlamətdar bir hadisəsidir.

Müstəqillik illərində indi sayını müəyyənləşdirməyin çətin olduğu qədər çoxlu qəzetlər çıxdı.

Uğurlu, oxunaqlı, boz, nisbətən zəif, zərərli, çox zərərli, olması ilə olmaması hiss edilməyən və digər bu qəbil qəzetlər gəldilər, getdilər.

Bəzən hətta lap bəyənilən, yetərincə peşəkar səviyyəli qəzetlər də oldu ki, yarımçıq yolda qaldılar.

Çünki qəzet buraxa və yaşada bilməyin ən ümdə cəhətlərindən biri nəfəsdir. Təəssüf ki, heç də hər kəsdə bu nəfəs genliyi lazımi səviyyədə olmur. Əlbəttə, təbiidir. İdmançı var 100 metrlik qaçışın ustasıdır, atlet var ki, 200 metrlik məsafəni qət etməkdə mahirdir, elələri də var ki, onlar marafonları başa vurmaq və həmişə də qalib olmaq gücündədirlər.

"525" bu günə sabit, sevilən, siması olan, Azərbaycan nəşrləri içərisində çəkisi, nüfuzu ilə fərqlənən, dövlətin və millətin maraqlarını həmişə üstün tutan bir sanballı qəzet kimi gəlib çatıbsa və eyni inamla yolunu davam etdirirsə, demək, uzun marafonda 5555 sadəcə gözəl rəqəm sıralanmasının bir mərhələsidir.

Mən mətbuatla uşaqlıq illərimdən bağlı olmuşam, ilk məqaləm qəzetdə 5-ci sinfdə oxuyanda dərc edilib. Rayon qəzetində çapçı işləyən bir oğlan qonşumuz idi. Ondan xahiş etmişdim, gecə işdən çıxıb evə gedəndə artıq çap olunmuş, amma sabah yayılacaq qəzetin mənim də məqaləm olan nüsxələrindən birini hasardan atsın. Elə gecə gözü, ya dan üzü qalxıb hələ heç bir oxucunun görmədiyi həmin qəzeti götürərdim, sevinclə oxuyardım, ayrıla bilməzdim, elə onu da qucağıma alıb yatağıma uzanardım.

O günlərdən indiyədək mənim Azərbaycanda və xaricdəki qəzet-jurnallarda minlərlə məqaləm çıxıb, kitablarım nəşr edilib. Ancaq həmin köhnə vərdiş yenə mənimlədir. Elə bu "525"-də dərc edilən hər təzə yazımı da hər dəfə ilk məqaləm çap edilibmiş kimi xüsusi həyəcanla izləyirəm.

İndi təsəvvür edin əsrin dörddə birini ötən müddət boyunca "525" nə qədər müəllifi sevindirib, həmin 5555 dəfə çıxmış qəzetin neçə sayını neçə nəfər uzun müddət qucağında saxlayıb, səhifələrdən gözünü çəkə bilməyib.

Qəzetin simasını müəyyən edən söz yox ki, redaktordur.

Rəşad Məcidin mötədilliyi, həmişə ölçü gözləməyi bacarması, hay-küyçülükdən, qəzetçilərin çoxuna xas olan sensasiyaçılıqdan, ucuz şöhrət hisslərindən uzaqlığı, cəmiyyətin ən müxtəlif təbəqələri arasında körpülər qura bilmək səriştəliliyi, başını aşağı salaraq arxayın bir inamla yorulmadan faydalı işini görməsi, bütün müəlliflərinə eyni diqqətcilliklə yanaşması imkan verib ki, canayatan bir ümum Azərbaycan qəzeti yarada bilsin.

Rəşadın bütün başqa faydalı işləri öz yerində, amma elə bircə bu nailiyyəti - mətbuat tariximizdə artıq heç vaxt silinməyəcək ləyaqətli yeri olan "525-ci qəzet"i yaratması və belə şərəflə yaşatması onun ömrünün ən xoşbəxt səhifələrindən biri sayıla bilər.

"Əla" qiymətlərin ən üstünüdür. "525-ci qəzet"in gəlib yetişdiyi bu "5"lər - "əla"lar sırası çəkilən bütün zəhmətlərin və fədakarlıqların müqabilində vaxtın ona verdiyi ən layiqli qiymətdir!

Yeni "5"lərə doğru yolu aydın olsun!

15 dekabr, 2020

 





16.12.2020    çap et  çap et