525.Az

Ağ-qara bağ - Qulu Ağsəsdən videopoeziya


 

Ağ-qara bağ - <b style="color:red">Qulu Ağsəsdən videopoeziya</b>

Vətən müharibəsinin sonlarında dostum Rəşad Məcid mənə bir video yollayıb soruşdu: "Tanıdın bu yerləri, Ağsəs?.."

Göndərdiyin videoya
Baxmışam doya-doya.
Qoy sayım bir-bir, eşit,
Tanıdım, Rəşad Məcid:
Çətin, əzablı yolu,
Abdal-Gülablı yolu.
Qəbirstan... çəkillik,
Bu da kəndə qalxan dik.
Sol tərəf bağın başı,
Yaxında Sürşək daşı.
Bir az da yuxarı qalx,
Quruyub ki köhnə arx!
Yol gedir poçta sarı,
O üzündə hasarın
Dükan - malları çin-çin
Müftədi qonaq üçün.
Azca da yuxarı qalx,
Bir bizim məktəbə bax:
Mən burda oxumuşam,
Həm gündüz, həm də axşam,
Bəzən də səhərəcən...
Bir anamdı, bir də mən.
Camaat uyuyardı,
Anamsa çay qoyardı,
Balası ac qalmasın:
Bu da qozu, alması.
Yerimə gətirərdi,
Bircə mən idim dərdi:
"Ağacları kəsdirək,
Qoyunları qırdıraq,
Quluya toy vurduraq!"
(Kəsildi ağac, anam,
Kəsildi əlac, anam,
Qəbri torpağa, özü
Atama möhtac anam...)
Hə, bu da həyətimiz,
Qorxma, yoxdu itimiz.
Tutumuz qoşa-qoşa,
Yavaş, üstün bulaşar.
İsti yuvam - evimiz,
Dədə-baba evimiz.
Qabağı aynabənddi,
Çox deyil, iki bənddi.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!
Gedəkmi xalamgilə -
And içib qonaq gələ,
Qurban kəsəsidi o,
Kişi əvəzidi o.
Evi qaya başında,
Çıxmır ora maşın da!
Getməyək? Ya da gedək,
Payi-piyada gedək:
Maşabbası göstərim,
Mixi yazı göstərim -
Hər daşda, hər qayada...
Gedək? Getməyək ya da!
Qırx evə dönək hələ,
Ordan da Camışgölə -
Korbulağın altına,
Altuna bax, altuna!
Xına yaxıbdı yallar,
Gözlə ha, ilan olar.
Sənə demişdim axı,
Bizdə Əlibulağı -
Üstündə nar gül açar,
Yığışar xəstə, naçar,
Bir dilək dilər bura,
Kafir də gələr bura.
Mapıyalı... Gəvənli...
Dırmaşaq sənli-mənli,
Qocalığa hələ var,
Haçadağa hələ var.
... Dönüb Abdala çatdıq,
Kənd deyil, muğamatdı.
Yarı bihuş oxuyur,
Azad bir quş oxuyur...
Qoşulub quşa uçaq,
Yuxarı başa uçaq.
Bu da sanatoriya,
Tanımadın sən guya?!
Yaşıl bağlar, dərələr,
Ölü görsə dirilər.
Damcıbulaq - on addım,
Gücnən bir ovuc daddım.
Donduq... maşına dönək,
Yurdun başına dönək!
... Ay canım-gözüm Rəşad,
Lap sözün düzü, Rəşad,
Bunlar yoxdu videoda -
İnşallah, olar o da!..

4 dekabr 2020







 





16.12.2020    çap et  çap et