525.Az

2021-ci ilin siyasi ahəngini müəyyən edən iki hadisə - Aktual


 

2021-ci ilin siyasi ahəngini müəyyən edən iki hadisə - <b style="color:red">Aktual </b>

ABŞ-da prezident seçkisinin nəticələri ətrafında 40 gündən artıq davam edən müzakirə və mübahisələrin əsasən başa çatdığını - nəhayət, söyləmək olar.

Prezidenti seçmək hüququ olan seçici kollegiyası üzvlərinin səsverməsinin nəticələrilə bağlı yayılan məlumata görə, Demokratlar Partiyasının namizədi Co Bayden 306 nəfər nümayəndənin səsini qazanaraq ABŞ-ın 46-cı prezidenti seçildi. Bu məlumatlar hələlik qeyri-rəsmi xarakter daşısa da, Co Baydenin qələbəsi bir ay öncə şübhə doğurmadığı kimi, bundan sonra da hansısa fövqəladə hadisənin olacağı ehtimalı yalnız nəzəri cəhətdən mümkün hesab edilir. Çünki 3 noyabrdan ötən müddət ərzində hazırkı prezident Donald Tramp və onun qərargahı səsvermənin nəticələrini şübhə altına almaq, dəyişmək üçün mümkün olan hər şeyi etdilər. Yalnız bir fakt, Trampın komandasının səsvermənin nəticələri ilə bağlı 80 dəfə məhkəmələrə müraciət etməsi, mübahisəli bölgələrdə səslərin dəfələrlə yenidən sayılmasına nail olması ABŞ-ın seçki tarixində görünməmiş haldır. Ancaq bu cəhdlər heç bir nəticə vermədi.
 
Məhkəməyə edilən 80 müraciətdə əksini tapan iddiaların heç biri öz hüquqi təsdiqini tapmadı. Mübahisəli bölgələrdə də səslərin təkrar, bəzən isə bir neçə dəfə sayılması nəticəni dəyişmədi. Bütün bunlar isə Trampın və onun seçki qərargahının seçkinin nəticələrini şübhə altına alan heç bir dəqiq fakta malik olmadığını göstərir. Seçici kollegiyasınn üzvlərinin səsverməsinə kimi baş verənlər ABŞ-a təsir edirdisə,  son hadisə bütün dünyaya təsir göstərəcək. Əminiklə demək olar ki, qarşıdakı 2021-ci ilin siyasi proseslərinə yön verəcək ən mühüm hadisə Co Baydenin prezident seçkisində qalib gəlməsidir. Bu siyasi proseslərin ahəngini isə müəyyən qədər təsəvvür etmək mümkündür. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın ənənəvi Transatlantik siyasətə qayıdacağını proqnozlaşdırmaq olar. Yəni Tramp dövründən fərqli olaraq ABŞ Avropa ilə birlikdə hərəkət edəcək. Avropada təhlükəsizlik və sülh yenidən ABŞ-ın strateji hədəfi olacaq. Əlbəttə, ABŞ-ın dünyanın digər bölgələrində də fəal xarici siyasət aparacağına şübhə ola bilməz. Amma Avropa qitəsi Vaşinqtonun xarici siyasətində hökmən öncülük təşkil edəcək. Bu zaman isə Avropanın siyasi, iqtisadi və hərbi təhlükəsizliyinə daha çox diqqət ayrılacaq. Artıq birmənalı söyləmək olar ki, Trampın Almaniyadan ABŞ qoşunlarının çıxarılması unudulacaq. Hətta Co Baydenin hakimiyyəti zamanı Avropada ABŞ-ın hərbi bazalarının və qüvvələrinin artmasını da müşahidə edəcəyik. Çox böyük ehtimalla söyləmək olar ki, qarşıdakı 4 ildə ABŞ-ın hərbi qüvvələri Gürcüstan və Ukraynada da peyda olacaq. Eyni zamanda, Polşada ABŞ-ın nüvə bombaları yerləşdirilməsi ehtimalı çox yüksəkdir.



Co Baydenin hakimiyyəti zamanı Vaşinqtonun postsovet məkanına yönəlik siyasətinin də tamamilə yeni mahiyyət daşıyacağını əminliklə söyləmək olar. Əgər Tramp postsovet məkanın Rusiyanın həyati maraq dairəsi olması ilə bağlı Moskvanın iddiasını qeyri-rəsmi şəkildə qəbul edirdisə, Co Bayden Gürcüstan, Ukrayna və Moldovanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyəcək.  Məlumdur ki, Co Bayden Rusiyanın Gürcüstan, Ukrayna və Moldovanın seçiminə veto hüququnun olmaması fikrində olan şəxslərdəndir. Ona görə də Vaşinqton postsovet məkanında Rusiyanın dominat rolunu qəbul etməyəcək və fəal siyasət aparmağa çalışacaq. Azərbaycan da postsovet məkanına aid ölkələrdən bir olduğundan Vaşinqtonda baş verən dəyişikliyi diqqətlə izləməlidir.

Qarşıdan gələn 2021-ci ildə siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirən ikinci hadisə The Insider, Bellingcat, CNN, Der Spiegel-in yer aldığı Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı apardığı jurnalist araşdırmasıdır. Bu araşdırmanın önəmi ondan ibarətdir ki, müxalifət liderinin zəhərlənməsində ilk dəfə kimlərin iştirak etməsilə bağlı adlar sadalanır. Adları sadalanan şəxslərin Rusiya Federal Təhlükəsizlik Şurası ilə bağlı olmaları isə araşdırmanın hökmən siyasi nəticələr doğura biləcəyilə bağlı fikirlər meydana çıxarıb. Hələlik Rusiyanın rəsmi qurumları araşdırma ilə bağlı heç bir mövqe açıqlamayıb. Hətta Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı heç bir dəqiq fakt və dəlilə istinad etmədən Qarabağa Suriyadan cihadçıların göndərilməsi haqqında əlimyandıda açıqlamalar verən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də məsələyə münasibət bildirməyib. Belə görünür ki, Rusiya rəsmilərinin dəmir fakt və dəlillər qarşısında deyiləcək sözü yoxdur. Bizi isə maraqlandıran bu hadisənin doğura biləcəyi nəticədir. Rusiya mətbuatında Navalnının zəhərlənməsi 1916-cı ildə Qriqori Rasputinin öldürülməsilə müqayisə edilməyə başlanılıb. İddia olunur ki, Rasputinin 1916-cı il dekabrın 17-də öldürülməsi növbəti ilin fevralında inqilabın baş verməsinə doğru gedən yolun başlanğacı idi. İndi isə Navalnının zəhərlənməsi və bu olay ətrafında baş verənlər hansısa hadisəyə hazırlıq kimi yozulur. İddiaya görə, 1916-cı ildə olduğu kimi Navalnının zəhərlənməsi olayının da arxasında Böyük Britaniyanın xüsusi xidmət orqanı Mİ-6 dayanır.

İddialara görə, bu dəfə də Almaniya kəşfiyyatı ingilis xüsusi xidmətilə birgə hərəkət edir. Detektiv romanların mövzusu ola biləcək bu fikirlər Rusiya müxalifət liderinin zəhərlənməsilə bağlı olaylara Rusiya iqtidarının reaksiyası kimi qəbul edilir. Navalnının zəhərlənməsi və ondan sonra baş verən olaylarda həqiqətin nədən ibarət olması artıq heç bir önəm kəsb etmir. Önəmli olan bu hadisə ilə bağlı The Insider, Bellingcat, CNN,  Der Spiegel-in araşdırmasının doğuracağı nəticədir. II Yekaterina Aleksandr Radişşevin cəmi 26 ədəd nüsxə çap olunmuş "Peterburqdan Moskvaya səyahət" adlı kitabını Puqaçov hərəkatından daha təhlükəli adlandırmışdı. Bu arada, CNN kimi dünya nəhənginin yer aldığı bir media koalisiyasının hazırladığı və çox əsaslı təsir bağışlayan jurnalist araşdırmasının mətbuatın müasir imkanları ilə nələrə səbəb ola biləcəyini proqnozlaşdırmaq da çətin deyil.

Aydın görünür ki, bəhs etdiyimiz bu iki hadisə - Co Baydenin prezident seçilməsi və Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsilə bağlı ittihamların dəqiq ünvana yönəldilməsi qarşıdan gələn 2021-ci ildə dünyada baş verəcək siyasi proseslərin ahəngini müəyyənləşdirəcək.

 





16.12.2020    çap et  çap et