525.Az

Sağlam adamın virus əleyhinə dərman içməsi zərərlidir - Həkim


 

BƏZİ DƏRMANLAR TƏZYİQİ, ŞƏKƏRİ QALDIRIR VƏ VİRUSA YOL AÇIR

Sağlam adamın virus əleyhinə dərman içməsi zərərlidir - <b style="color:red">Həkim</b>

Artıq bir ildən çoxdur bütün dünya gözəgörünməz düşmənlə mübarizə aparır. Dünyanın ən yüksək səviyyədə təşkil olunmuş səhiyyə sistemləri belə COVİD-19 qarşısında acizdir. Son zamanlar koronavirus pandemiyasına pik həddə yoluxma halları digər xəstəliyi olan insanlarda xüsusi narahatlığa səbəb olur. Bunlar arasında ürək-damar xəstəlikləri xüsusi yer tutur.

Məsələyə kardioloq Novruz Zeynalov daha geniş izah verib. Onun sözlərinə görə, ürək, qan-damar sistemi xəstəlikləri dedikdə ürəyin tac damarlarının sklerozu və bu skleroz nəticəsində tromplaşmanın əmələ gəlməsi ilə ürəyə qanın zəif getməsi və ya tam kəsilməsi başa düşülür: "Bu da ya işemiya, ya da infarkt yaradır. Xəstəliyin yaranması üçün müxtəlif səbəblər var. Əsas faktorlardan biri ürək damarının divarlarına xolestrin çökməsidir. Bu zaman damarın mərkəzi daralır və qan oradan zəif gedir. Nəticədə damarın divarına tromp kütləsi yığılır. Bu kütlə getdikcə artaraq damar divarını tam tutur və həmin yerdə nekroz əmələ gəlir. Nekroz əzələnin ölməsi deməkdir. Buna səbəb olan faktorlardan biri yaşdır. Əgər əvvəllər 60 yaşdan yuxarı şəxslər risk altında hesab edilirdisə, indi bu göstərici 40 yaşa enib. Yəni xəstəlik gəncləşib. Digər faktorlar arasında siqaretdən istifadə və hipodinamiyadır (hərəkətsizlik). İnsanlar var ki, gündəlik həyatında ancaq yeyib yatır, yaxud oturaq işdə işləyir və gün ərzində 100 metr belə piyada getmir. Bu da piylənmə və ağır çəki  məsələsinə gətirib çıxarır. Əgər qanda yağlılıq faizi normadan çox artarsa, xəstəlik qaçılmazdır. Eyni zamanda, qeyd edim ki, hipertoniya - yəni arteriyal təzyiqin yüksək olan və şəkərli diabetli insanlarda yanaşı xəstəlik kimi ürək-damar xəstəliyi rast gəlinir". 

Kardioloq bildirib ki, payız-qış aylarında soyuq hava bu tip xəstəliklərə mənfi təsir edir: "Soyuq havada insan damarları bir qədər sıxılır. Təsəvvür edin ki, daralmış damar bir az da sıxılır. Bu, qan axınının hədsiz zəifləməsilə müşahidə edilir və xəstəliyə daha da təkan vermiş olur. Əgər xəstəlik zəifdirsə, bu zaman soyuq aylarda yenidən oyanır".

Koronavirus və digər  kəskin respirator virusların yanaşı xəstəliyi olan şəxslərə təsirindən söz açan həkim əlavə edib ki, bütün viruslar, əsasən də tez-tez mutasiyaya uğrayan COVİD-19 ürək-damar xəstələri üçün çox təhlükəlidir: "Bir qədər bunun mexanizminə nəzər salaq. Bütün dünyada, eləcə də ölkəmizdə koronavirusdan ölən şəxslərin 90 faizində damar tutulması baş verir. Həkimlər ölən şəxs üzərində araşdırma apararkən məlum olur ki, damarların divarı tam bütöv halda trompla tutulub. Belə çıxır ki, virusun toksini qana qarışanda laxtalanma yaradır. Nəticədə qanın laxtalanma sürəti artır. Normalda insan qanının laxtalanma sürəti 5-7 dəqiqə arası olursa, virus zamanı 2-3 dəqiqəyə qan laxtalanır. COVİD-19-dan ölən xəstələrin yüksək faizi tromplaşmadan ölür. Eşidirsiz yəqin, deyirlər, filankəs sağ-salamat getdi, xəstəxanada qəfildən öldü. Bu zaman baş verən prosesi mən izah edim. Tromp tac damarını tutduğu üçün qan axını çox zəif olur. Proses davam edir və damarın bütün divarı da tutulur. Beləliklə, qəfil ölüm baş verir.  Əgər insan sağlamdırsa, bu qripin ömrü 14 gündür. Orqanizm tam sağlam olanda virusu hiss etmədən keçirə bilir. Koronavirusa gözəgörünməz silahlı düşmən kimi baxmaq lazımdır. Yeganə qorunma vasitəsi tibbi maskadan istifadə etmək, əlləri yumaq və insanlarla məsafəni gözləməkdir. 

Bəzən ürək xəstələri tibbi maska taxa bilmədiklərini qeyd edir. Tövsiyə edirəm, maska taxa bilməyənlər mümkün olduğu qədər bayıra çıxmasınlar. Ümumiyyətlə, hər kəs gərək şüuruna yeritsin ki, maska taxmaq virusdan qorunmağın bir  üsuludur. Bu xəstəliyin pis əlaməti də odur ki, insanlar panik atak olurlar. Bəlkə də, koronavirusdan ölməyən insan panik atak keçirir və xəstəliyə yenik düşərək həyatını itirir".

Kardioloqun sözlərinə görə, istər ürək-damar xəstəliyi olanlar, istərsə də digər insanlar evdə özlərini müxtəlif dərman preparatları ilə  müalicə edirlər. Bu, düzgün deyil: "Dəfələrlə qeyd edilib ki, dekzametazon tərkibli dərmanlar hormonal tərkibli dərmanlardır. Şəkərli diabet olan xəstələrə ondan istifadə, ümumiyyətlə olmaz. Mən eşidirəm ki, insanlar profilaktik məqsədlərlə bu dərmanları kor-təbii qəbul edirlər. Əksinə, müqaviməti qaldırmaq əvəzinə, bu tərkibli dərmanlar təzyiqi, şəkəri qaldırır və  virus üçün yol açır.

Bəzən də heç bir virus əlaməti olmayan sağlam insanlar arbidol, endoferon kimi virus əleyhinə dərmanlar içməyə başlayır. Bir daha qeyd edirəm, olmaz! Bu, insanın immunitetini bir az da salır. Təsəvvür edin, bu insanlar koronavirusa yoluxsa, yoluxmadan öncə arbidolu gündə iki dəfə atırdısa, indi gərək 4-5 dəfə atsın. Çünki artıq bədən günlük 2 həbin dozasına öyrəşib, az dozadan qane olmur. Əgər xəstəliyin heç bir əlaməti yoxdursa, heç bir dərman içmək lazım deyil. Əvəzində təmiz qida, su və təmiz hava mütləqdir. Həkimsiz müalicə ilə məşğul olmaq ciddi fəsadlara gətirib çıxarır. Müşahidə edirəm ki, insanlar evdə özbaşına natrixlor, ringer kimi sistem qoşdururlar. Əgər xəstəliyin yoxdursa, sistem məhlulunu orqanizmə yeritmək nəyə lazımdır axı? İnsanlar anlamır ki, əgər 5 litr qanın varsa, 500 qram da sən əlavə etmiş olursan və təzyiqin anidən çox yüksəyə qalxa bilir".

Son olaraq həkim əlavə edib ki, ürək, qan-damar sistemi xəstəliyi olanların adətən sinədə ağrı, tənginəfəslik, ağrıların sol qola, sol kürəyə yayıldığından şikayət edir. Belə şəxsləri yoxlayanda qanda tromplaşmanın  sürətləndiyini görürük. Qanı durultmaq üçün ən ucuz vasitə kimi gündə bir aspirin qəbul edə bilərlər. Bundan əlavə, gündə iki xörək qaşığı limon suyu içmək də qanı durludur.

Afaq RZA

 





16.12.2020    çap et  çap et