525.Az

Bir Şəhid zabitin şərəfnaməsi - Anım


 

VƏTƏN MÜHARİBƏMİZİN QƏHRƏMANLIQ SƏHİFƏLƏRİNİ YAZANLAR SIRASINDA MAYOR AQİL MƏLİKOVUN DA PARLAQ İMZASI VAR

Bir Şəhid zabitin şərəfnaməsi - <b style="color:red">Anım</b>

Şəhidlik zirvəsini fəth edən igidlərimizdən biri də kapitan Aqil Məlikovdur. Çoxumuz kimi onun da uşaqlığı 1-ci Qarabağ müharibəsi illərinə təsadüf edib.
 
Təhsil aldığı məktəbimiz də birinci Qarabağ müharibəsinin kəndimizdən ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyır. Zaman elə gətirdi ki, Aqil böyüdü və hərbçi olmaq qərarını verdi. 44 günlük və sonu Zəfərlə tamamlanan Vətən müharibəsinin ilk günündə bir neçə kəndin alınmasında iştirak etsə də, erməni atəşi Aqildən də yan keçmədi və o, Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə şəhid olaraq gözlərini əbədi yumdu.

Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdu. Ali Hərbi Akademiyanı 2009-cu ildə bitirərək, 1 il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində və daha sonralar bır sıra hərbi hissələrdə uğurla xidmət edib.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Həmin ilin sonunda Aqili Abşeronda yerləşən hərbi hissəyə bölük komandiri vəzifəsinə göndəriblər. Bir müddət orada xidmət etdikdən sonra raport yazaraq öz xahişi ilə ön cəbhəyə, Ağcəbədi rayonunda yerləşən hərbi hissələrdən birinə yollanıb. Daha sonra Beyləqan rayonunun Haramı düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilib və ona kapitan rütbəsi verilib. Şəhid olduqdan sonra ailəsi ona mayor rütbəsi verildiyini bilmişdi. Amma Aqilə mayor rütbəli mundiri geyinmək qismət deyilmiş... Xidmətdə olduğu 11 il ərzində bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov tərəfindən də şəxsən hədiyyə ilə mükafatlandırılıb. A.Məlikov 2010-cu ildə ailə həyatı qurmuşdu. İki övladı - 9 yaşlı qızı və 5 yaşlı oğlu var.

Atası Niyaz Məlikovun xatirələrindən: "Aqil çox vətənpərvər övlad idi. Elə buna görə də hərbçi peşəsini seçməsi gözlənilməz olmadı. Əsgərlərilə birlikdə səngər də qazıb, odun da doğrayıb. Təəssüf ki, oğlum komandanlıq tərəfindən dəfələrlə mükafatlar və medallarla təltif edilməsinə baxmayaraq, bunların əksəriyyəti onun şəxsi işinə qeyd edilməyib.

Aqil məzuniyyətə gəldiyi vaxtlarda onunla müzakirələrimiz zamanı Azərbaycan Ordusunun çox güclü olduğunu deyirdi. O deyirdi ki, biz zabitlər və əsgərlərin arzuladığı müharibə başlasa, Ordumuz iki ayın içində İrəvanda ola bilər. 27 sentyabrda Vətən müharibəsi başlayandan sonra Aqillə telefon danışığımız zamanı yüksək əhval-ruhiyyədə olmasını hiss etdim. O dedi ki, artıq üç kəndimizi mənfur düşmənlərdən təmizləmişik, onların istehkam xəttini yarmışıq. Bu, onunla sonuncu danışığımız oldu. Nə biləydim ki, danışığımızdan bir neçə saat sonra oğlum şəhid olacaq..."

Həyat yoldaşının dediklərindən: "Aqil işinə çox bağlı bir insan idi. Hərbi formanı geyindiyi zaman bu geyimin verdiyi ağırlıq, məsuliyyət sanki onun simasında əks olunurdu. Onun üçün hərbi xidmət və əsgərləri ən öncəlikli dəyərlərdən idi. O deyirdi ki, əsgərlərin ata-anaları yanlarında olmur. Onların həm atasıyam, həm də anası. Hətta bir dəfə Tərtərdə xidmət edərkən evimizdəki sonuncu manatımızı da əsgər üçün dərman almağa xərcləmişdi. Aqil rütbəsinə və vəzifəsinə baxmayaraq, həmişə əsgərlərinin yanında olub. O, onlara böyük qardaş olub, onlarla meşəyə odun yığmağa da gedib. Aqil aylıq məvacibindən evin xərclərini ayırdıqdan sonra qalan pulu əsgərlərinə xərcləyərdi.

Hərbi formasını dəyişdikdə Aqil tam fərqli insan olurdu. Övladları ilə uşaq kimi oynayır, sanki uşaqlaşırdı. Deyirdi ki, onlarla vaxt keçirəndə belə onlar üçün darıxıram... Hərbçilərin və onların ailələlərinin həyatı çətin olur, bunu əksəriyət bilir. Aqil həmişə mənə deyərdi ki, sən hərbçi yoldaşısan və bütün çətinliklərə sinə gərməyi bacarmalısan. Ona deyirdim ki, Aqil, sənə bir şey olsa biz nə edərik? O isə cavabında deyərdi ki, şəhidlik ən uca zirvədir. Bu zirvəni fəth edənlərdən nəyim əskikdir?! Elə bil şəhid olacağı ürəyinə dammışdı... Vətən müharibəsinin başladığı gün telefonda danışdıq. Çox sevincli idi, elə bil toya hazırlaşırdı. Son sözü bu oldu: "Narahat olmayın hər nə olsa, şərəfimdi!" Belə həyat çox çətin olsa da, yolumuza Aqilsiz davam etməliyik. Onun bizim ailəmiz, övladlarımız üçün arzuları çox idi. Çalışıb uğurlarımızla onun arzularını gerçəkləşdirəcəyik. Mən gücüm çatdığı qədər onun arzuları üçün yaşayıb onları həyata keçirəcəyəm, Allahın köməyilə..."

Qızı Xədicə deyir: "Bizim atamız çox yaxşı ata idi. Qardaşımla mən onu çox sevirdik. Atamızı az-az görürdük. Buna baxmayaraq, onunla bağlı gözəl xatirələrimiz var. Atam işdən qayıdan zaman çox yorğun olsa da, yeməyini yemədən bizimlə oynayardı. Biz onun gəlişini səbirsizliklə gözləyərdik. Bizimlə birlikdə şəkil çəkərdi, cizgi filminə baxardıq. Hərdən anam deyərdi ki, bizim evdə üç uşaq var. Atamız evə bəzən çox gec gəlirdi. O, evə gələndə biz yatmış olurduq. Amma o yataqlarımıza yaxınlaşıb məni və qardaşımı öpürdü həmişə. Mən bunu hər dəfə hiss edərdim. Biz atamla birlikdə bayram və ad günlərimizi qeyd edə bilmirdik. Hətta onun ad gününü də biz üçümüz qeyd edərdik. Sadəcə bir dəfə, 6 yaşımı atamla birlikdə qeyd etmişik. Çox sevinirdim, çünki ilk dəfə idi ki, atamla ad günümü qeyd edirdik. Atamı hər kəsdən çox sevirəm. O, qardaşımla mənim savadlı və yurdsevər olmağımızı istəyirdi. Mən atamın arzusunu yerinə yetirəcəm".

Bacısı Aybənizin xatirələrindən: "Aqil dünyaya gələndə mənim 13 yaşım vardı. Aqil evin sonbeşiyi idi. Evin böyük qız övladı olaraq mənim də üzərimə evin yükündən pay düşürdü. Ev işlərində anama kömək edir və Aqillə ən çox mən vaxt keçirirdim. Onu danlamaq istədikdə dərhal bizə atamla hədə-qorxu gələrdi. Mən ailə quranda Aqilin 5-6 yaşı vardı. Anamın dediyinə görə, mən getdikdən sonra Aqil durmadan ağlayırmış. Aqil mənim üçün bir göz qırpımında böyüdü. Artıq orta məktəbi qurtarmışdı. Mən razılaşmasam da, Aqil artıq qərarını vermişdi. O, hərbi məktəbi bitirərək Prezident Qvardiyasında xidmətə başlayacaqdı. Ancaq Aqil akademiyanı bitirib işğal olunmuş torpaqlara, münaqişə zonasına getdi. Torpaqlarımızın işğal  altında qalmasını qəbul edə bilmirdi. Elə hey deyirdi ki, biz mütləq torpaqlarımızı geri almalıyıq".

Döyüş yoldaşı Dəniz xatırlayır ki: "Aqillə illərdən bəri birlikdə xidmət edirdik. Onunla birgə çox çətin, ağır günlərimiz olurdu. Ancaq söhbətindən, zarafatından qalmırdı. Döyüş əmri verilən kimi hücuma keçdik. Məqsəd erməni səngərlərini təmizləmək  və son səngəri alaraq orada möhkəmlənmək idi. Aqil tankların arxasınca irəliləyir, elə dayanmadan əsgərlərini də irəli səsləyirdi. Son səngəri də ələ keçirəndən sonra dönüb mənə tərəf qışqırmağa başladı, "Dəniz,  bunlar hər şeyi atıb gedib. Qələbə bizimdir! Qələbə bizimdir!" Füzulidə, Qaraxanbəyli kəndində idik. Mənə vacib bir tapşırığa getmək üçün göstəriş verdi. Oradan uzaqlaşdıqdan bir neçə dəqiqə sonra onu və 3 yoldaşımı vurdular. Xəbəri eşidib, qaçaraq gəlib yanlarında yerə çökdüm, özümü saxlaya bilmədim, əsgərlərin yanında hönkür-hönkür ağladım. Dedim, üstlərini örtün, soyuq olmasın. Məni ondan ayıran bir neçə dəqiqə məni həyata bağladı, onu isə şəhadətə apardı..."

Dostu Aydın Qasımovun xatirələrindən: "Ona "mənim Generalım" deyib müraciət edərdim. Oğlum Əlinin sevimli əmisi idi. Ağdamda, Goranboyda və başqa yerlərdə onu ziyarət etmişəm. Aprel döyüşlərindən danışardı. Deyirdi, az qalıb, erməniləri qovacağıq torpaqımızdan. Vətən müharibəsi başlayandan Aqil üçün narahat idim. Təəssüf edirəm ki, Aqil Ordumuzun qələbəsini görmədi. Qəhrəman qardaşımdır mənim şəhid Aqilim!"

Şəhidimizin atası, anası belini bükməsin gərək, əksinə, dik dursunlar ki, oğulları Vətən uğrunda Şəhid olub! Şəhidimizin qardaşı, bacıları ağlamasın. Onlar qürurla danışsınlar Aqildən, onunla fəxr etsinlər. Şəhidimizin həyat yoldaşı dözümlü olsun qoy, çünki Şəhidimizin övladlarını atalarına layiq böyütməli, onun arzularını gerçəkləşdirməlidir. Aqil qardaşımız demişdi axı: "Hər nə olsa şərəfimdi!". Şəhidlik onun şərəf zirvəsi oldu. Allah sənə qəni-qəni rəhmət eləsin, Şəhidim! Ruhun şad, məkanın cənnət olsun! Sizə sevgimiz sonsuzdur!

İlkin R.BALAYEV

 





16.12.2020    çap et  çap et