Bu şeiri 2017-ci ildə Osman Sarıvəllinin yubileyində yazmışdım. Amma, şeiri oxumaq qismət olmadı.
İndi isə həmin şeiri "525"-in oxucularına təqdim etmək istəyirəm:
Xalq Şairimiz Osman Sarıvəllinin yubileyi münasibəti ilə
Millətini sevən insan,
Osman ağa, Osman qağa.
Tərifləyib öyən insan,
Osman ağa, Osman qağa.
Fəqirin əlindən tutan,
Daş-kəsəyi yoldan atan,
Gün tək çıxan, deyil batan,
Osman ağa, Osman qağa.
Şimşək kimi qəfil çaxan,
Doğru yola, müdam baxan.
Sözü qəlbimizə axan,
Osman ağa, Osman qağa.
Ellərə işıq gətirən,
Sazəndə, aşıq gətirən,
Aşiqə məşuq gətirən,
Osman ağa, Osman qağa.
Aşıqların can sirdaşı,
Şairlərin arkadaşı,
Səməd qağamın qardaşı,
Osman ağa, Osman qağa.
Şəmşir dədəmin pənahı,
Nur kimidi, yox günahı.
Söz dünyasında bir dahi,
Osman ağa, Osman qağa.
Üzündə abır həyası,
Sanki Qur’anın ayəsi.
Müdrik fikrində qayəsi,
Osman ağa, Osman qağa.
Misradan çələng toxuyan,
Gül kimi ətir qoxuyan,
Şeyda bülbül tək oxuyan,
Osman ağa, Osman qağa.
Gec yatıb, erkən oyanan,
Zəhmət tərinə boyanan,
Öz kökündə mərd dayanan,
Osman ağa, Osman qağa.
Türk oğludur, əldə Qur’an,
Xalqın xidmətində duran,
Xoş məramla özün yoran,
Osman ağa, Osman qağa.
Şerində qala yapandı,
Pisə yalama atandı,
Hər sözü göydə tutandı,
Osman ağa, Osman qağa.
O, elin əsil balası,
O, insanlığın əlası,
O, tariximdə qalası,
Osman ağa, Osman qağa.
Sazı çalıb aşıq olan,
Xəyalda sözlə dolanan.
Yüz döy, səksən beşdə solan,
Osman ağa, Osman qağa.
İlqarın sevincidi, o,
Ləl’i- mərcan, incidi, o,
Savab işdə öncüdü, o,
Osman ağa, Osman qağa.
İlqar Cəmiloğlu İmamverdi
13.12 – 2017
çap et