525.Az

Ömrün fəlsəfəsi


 

Ömrün fəlsəfəsi<b style="color:red"></b>

Sergey Borodinin " Səmərqəndin ulduzları" romanın hansısa bir fəslində  özündən sonra böyük binalar, nəhəng körpülər  qoymadığı üçün hətta, Böyük İsgəndərin də böyüklüyünə içindən gələn narazılıqla yanaşan  Əmir Teymur  nəvəsinə: "Özündən sonra böyük əməlləriylə qalanlar böyükdür!"deyir. Həqiqətən də, ömrün fəlsəfəsi insanlara xidmətdən ibarətdir. Xidmətin məzmunu, necəliyi və ölçüsü şəxsin və şəxsiyyətin  cəmiyyətdə yerini müəyyən edir. Xidmətin ilkinliyi isə şəxsin və şəxsiyyətin birinciliyinə şəhadət verir. Əlbəttə ki,  burada məsnəvidə Xaqani Şirvani, roman-poema janrında Nizami Gəncəvi, dramada M.F.Axundzadə birinciliyindən söhbət getmir.  Burada şəxsin və şəxsiyyətin özünəməxsus birinciliyinin təşkilati tərəfindən söhbət gedir. Elə buna görə də, mən  içində olduğumuz zamanda və  cəmiyyətdə birinciliyi ilə özünü təsdiq edən  bir insan haqqında ürəyimdən keçənləri yazmaq istəyirəm. Bu insan - Əməkdar incəsənət xadimi, alim, müxtəlif ali mükafatlara layiq görülən İsmayıl Ömərovdur. O, birinciliyini İctimai Televiziya və Radio Yayımları Şirkətinin birinci baş direktoru olmağı və fəaliyyəti ərzində efirə buraxılan və ekranda nümayiş etdirilən bir çox proqramların ad, məzmun və mündəricə baxımından da birinci olub, xalq tərəfindən birinci dəfədən böyük bir məmnuniyyətlə qəbul edilməsi ilə sübut edən şəxsiyyətdir.  Atatürkün  "Bu millətə əfəndi lazım deyildir. Bu millətə xidmət edənlər əfəndidir" fikrinə istinad etsək, onda İctimai Televiziyanın yaranmasından əvvəl Milli Məclisdə millətinin vəkili kimi fəaliyyət göstərən İsmayıl Ömərovun həm xalqının vəkili, həm də İTV-nin baş direktoru olduğu dövrdə xalqının xidmətçisi kimi özünü təsdiq etməsi şəxsin və şəxsiyyətin məzmun və mahiyyətindən xəbər verir.  Xalqının  xidmətçisi olmağının nəticəsi idi ki,  iş yoldaşları İsmayıl Ömərovu  dərin hörmət və ehtiramla yola salmışdılar.

2006-cı ilin iyul ayının sonları idi. Hər həftə hamının səbrsizliklə gözlədiyi "Ovqata" çəkiləcəyimi eşidəndə məəttəl qaldım. Maddi imkansızlığıma görə təmənnasız "Ovqat" mənə çox qəribə görünürdü. Bir də eşitdim ki,  verilişin aparıcısı, istedadına xüsusi rəğbət bəslədiyim Səyyarə xanım və bir neçə nəfərdən ibarət çəkiliş qrupu artıq Şəkidədir. Nəhayət, Şəki xan sarayının qarşısındakı bağda çəkilişə başladılar. Mən də onların üzünü elə orada gördüm.

Aradan iki il keçdi. Məni yenidən "Ovqata"a dəvət etdilər. 8 noyabr 2008-ci ildə nümayiş etdirilən bu "Ovqat"ın yadımdan çıxmayan maraqlı bir tarixçəsi var. Çəkilişə bir-iki dəqiqə qalmış İTV-yə çatdım və birbaşa çəkiliş başlandı. Çəkilişdən sonra şirkətin baş direktoru İsmayıl Ömərovun mənimlə görüşmək istədiyini bildirdilər. Klassik azərbaycanlı görünüşünə malik olub, zəhmi və ciddiliyi ilə yadda qalan İsmayıl Ömərovla  çox səmimi və məzmunlu  söhbətlər etdik. Biz sanki bir-birimizi lap çoxdan tanıyırdıq və bu qədim tanışlıq şəraitində taleyüklü məsələlərdən, ziyalı və ekran, ekran və xalq problemlərindən danışdıq.
İTV-nin yaradılmasının iki illiyi ərəfəsində "İctimai televiziya iyirmi dörd ayın işığında" adlı məqaləm ilə "Xalq qəzeti"ində (28 avqust 2007-ci il, çərşənbə axşamı, səh.7.)  çıxış etdim. "Carçı" informasiya, "Muzekspress", "Muğam albomu", "Danışan tarix", "Sağlam ol", "Ekspromt", "Açıq dərs", "Bizim ellər", "Bura vətəndir", "Əslində mən", "Ortaq məxrəc", "Teleportret", "Cümə söhbəti", "İstanbuldan salamlar", "Salam, Əsgər", "Bir mahnının tarixçəsi", , "Körpü", "Tanrı hüzuruna gedən yol", "Bir kəndin nağılı" kimi proqramların tarixi, milli-mənəvi əhəmiyyətindən danışdım.  

İndi  2014-cü ilin fevralında, özü də Novruz nəfəsli günlərə üz tutduğumuz bir məqamda İsmayıl Ömərovu düşünmək bir teleməktəb keçmək kimidir. İsmayıl Ömərov başda olmaqla onların ən böyük xidməti müstəqil dövlətin müstəqil ictimai ekranının milli və qlobal düşüncə tərzi, dövlətçilik, müasirlik baxımından necə olmalı olduğunu sübut etməsindən ibarət olub.  Qlobal inteqrasiya prosesində özünün genetik kodlarının  və anatomiyasının təsdiqinə nail ola-ola ruhi-mənəvi, əxlaqi-etik, bədii-estetik şəkildə qavramaq, siyasi-iqtisadi-ictimai münasibətlər müstəvisində müqayisə edib mühakimə yürütmək üçün İTV rəngarəng proqramlardan istifadə etməklə xalqımıza və dövlətimizə tarixi xidmətlər göstərir.

İsmayıl Ömərovun  ömür kitabına yazılan 60 rəqəminin dolğunluğu və parlaqlığı necə də gözqamaşdırıcıdır!
İsmayıl müəllim! 60 yaşın mübarək olsun. Xidmətlərlə dolu yaşının üstünə yaş,  xatirələrlə dolu yaddaşının üstünə yaddaş gəlsin! Sizə əbədi və əzəli Azərbaycanın yaşı qədər yaş, Azərbaycan yaddaşı boyda yaddaş arzulayıram.

Dərin hörmət və ehtiram hissi ilə

Vaqif Aslan

Azərbaycan Yazıçılar Birliyinin
Şəki bölməsinin sədri.

 





18.02.2014    çap et  çap et