525.Az

Başını uca tut - Şeir


 

Başını uca tut - <b style="color:red">Şeir </b>

Başını uca tut şəhid anası,
Vətənə mərd oğul bəxş eləmisən.
Sızlayır köksündə bala yarası,
Qəbrinə adını nəqş eləmisən.

Başını uca tut şəhid atası,
Elə şəstlə yeri, elə qürurlan.
Vətən övladıdır, Vətən balası
Torpağa verdiyin mərd, igid, cavan.

Vətən kimliyimiz, Vətən adımız,
Vətən qeyrətimiz, Vətən andımız.
Vətən torpağımız, ağız dadımız,
Vətənə qurbandır şirin canımız.

Başını uca tut şəhid xanımı,
Sən çəkən acını bütün xalq çəkir. 
İndi bütün günlər onun anımı,
İndi bütün yollar tək ondan keçir.

Başını uca tut şəhid balası,
Qoy səni yaşatsın dəyanət, qürur.
Sən ata yurdunda qeyrət qalası,
Arxanda bir millət, bir dövlət durur.

Başını uca tut şəhid bacısı,
Qəlbinin dərdindən su içər gözün.
Səni rahat qoymaz qardaş acısı,
Adını yaşadar hər zaman sözün.

Şəhidlər gözlərdən axan yaşımız,
Şəhidlər ölməzlik rəmzidir bizə.
Şəhidlər tarixdə qan yaddaşımız,
Qanıyla yol cızıb hər birimizə.
... İlahi ədalət zəfər çalacaq,
Qarabağ bizimdir, bizim qalacaq.

Şirin BÜNYADOVA

 





17.12.2020    çap et  çap et