525.Az

Həyatını hərbə həsr edən şəhid... - Anım


 

Həyatını hərbə həsr edən şəhid... - <b style="color:red">Anım </b>

İkinci Qarabağ savaşı bitdikdən sonra, zaman keçdikcə şəhidlərimiz, qazilərimiz haqqında məlumat əldə etməyə çalışırıq və onların yaxınlarından həyat hekəyələrini dinlədikcə bir təəssüf keçir ürəyimizdən. Elə bir təəssüf ki, həmin an içimizdən bir arzu doğur: "Kaş həyatda qalardı və onu tanımaq şansımız olardı". Amma təəssüf ki, bu, bir arzu olaraq qalır. Həyatını Vətənin keşiyində durmağa həsr edən şəhidlərimizdən biri də Özal İdrisoğlu Yusifli idi.

Özal Yusifli 1992-ci il oktyabrın 11-də Yevlax şəhərinin Aşağı Qarxum kəndində anadan olub. 1999-cu ildə orta məktəbdə təhsil almağa başlayan Özal 2010-cu ildə təhsilini bitirərək hərbi xidmətə yollanıb. Naxçıvan Milli Ordu sıralarında xidməti başa vuraraq Yevlax şəhərinə qayıdıb. 2017-ci ildə Milli Ordu sıralarında çavuş kimi çalışmağa başlayıb. 2019-cu ilin əvvəllərində hərbi polis kimi fəaliyyətə başlasa da, öz ərizəsi ilə yenidən 2019-cu ilin axırlarında Milli Ordu sıralarında çavuş kimi xidmətə davam edib.

Toğrul Yusifli qardaşı haqqında öz xatirələrini bizlə bölüşərək Özalın Vətən sevgisindən söhbət açır: "Qardaşım uşaq vaxtlarından Vətənə dərin məhəbbətlə bağlı olub. Onda ermənilərə qarşı xüsusi bir nifrət var idi. Erməni adı çəkiləndə hirsindən bilmirdi nə etsin. Həmişə ermənilərlə vuruşmaq, onlardan qisas almaq istəyirdi. Özal özünü dərk eləyəndən Qarabağ dərdini öz dərdi bilib. Elə buna görə də, vaxtilə fəaliyyətini hərbi istiqamətdə davam etdirməyi qərara almışdı".

İkinci Qarabağ savaşı başlayanda cəbhəyə yollanan Özal döyüş zamanı da qəhrəmanlıq nümayiş etdirib. Döyüş yoldaşları qeyd edir ki, bəzi təhlükəli və döyüş üçün əlverişsiz məqamlarda komandir dayanmaq əmri verəndə Özal hirsindən ağlayırdı ki, "Biz dayanmamalıyıq, ermənilərin cəzasını verməliyik". Daha sonra onu sakitləşdirirdik ki, indi vəziyyət bunu tələb edir. Özal Yusifli 2020-ci il oktaybrın əvvəllərində Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Özal Yusiflinin tərcümeyi-halı ilə tanış olanda insan heyrətlənir. Çünki o, həyatında bütün yollarını hərb ilə kəsişdirib. Bu, onun cəsur, qorxmaz bir igid olduğundan xəbər verirdi. Vətən yolunda fədəkarlıq edən Özalın hələ 2 yaşı tamam olmamış körpəsi var. Ailə üzvləri bu itkini özlərinə sağalmaz yara  hesab etsələr də, bu gün onun şəhidlik zirvəsinə ucalması ilə fəxr edirlər. Özal Yusiflinin qardaşı qeyd edir ki, "Biz Özalla qürur duyuruq. Düzdür, onun vaxtsız gedişi hamımıza böyük dağ oldu. Amma Vətən sağ olsun! Çünki onun özü də Vətəni hər şeydən üstün tuturdu. Şəhid ailələri diqqətdən kənarda qalmır. Daim maraqlanırlar. Hər kəsə minnətdarıq".

İkinci Qarabağ savaşı bizə eyni anda kədərlənib sevinməyi öyrətdi. Bu gün Özalın timsalında bütün şəhidlər bizim ürəyimizi yandırsa da, qalibiyyətimiz bir o qədər bizi qürurlandırır. Biz onların qanı bahasına bu Zəfəri qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 





17.12.2020    çap et  çap et