525.Az

UNEC-in ikili diplom proqramları: ali təhsildə mühüm yenilik


 

UNEC-in ikili diplom proqramları: <b style="color:red">ali təhsildə mühüm yenilik</b>

Tədrisin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində UNEC diplomu ilə bərabər, Fransanın Monpelye, London Universiteti-London İqtisadiyyat Məktəbinin, İsveçrənin UBİS, Litvanın Mikolos Romeyros universitetlərinin də diplomlarını alması reallıqdır.

Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramlarını uğurla  həyata keçirir.

UNEC-də bakalavr pilləsi üzrə Monpelye Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda, UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr diplomunu əldə edə bilir.  Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən, dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu UNEC-də oxumaqla qazanmaq mümkündür. Universitetin Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi, Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığı var.

UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019-2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Monpelye Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

UNEC Avropanın, Amerikanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. Həmçinin, tələbələrə dünyanın aparıcı universitetlərinin beynəlxalq proqramlarında iştirak etmək üçün şans yaradır.  Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək, uğurla məzun olurlar. Belə proqramlardan biri də London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramıdır.

2020-2021-ci tədris ilində UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə beynəlxalq bakalavr proqramından məzun olan Leyla Quluzadə deyir ki, o, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) "Dünya iqtisadiyyatı" ixtisasından, LSE-də isə "Mühasibat uçotu və Maliyyə" ixtisasından bakalavr dərəcəsi alıb. İxtisaslar eyni sahədən olub, bir-biri ilə tamamlayıcı rol oynayırlar: "Proqram haqda ilk dəfə eşidən kimi qoşulacağıma əmin idim. LSE kimi nüfuzlu universitetin akademik təcrübəsindən istifadə etmək böyük şans idi və mən də bu şansdan yararlandım. İkili diplomda iştirak etmək zaman baxımından da çox faydalı oldu, düşünün ki, 4 ildə 2 diploma sahib olursunuz. Təbii ki, maliyyə tərəfi də çox önəmlidir. Londonda təhsil almaq böyük maliyyə vəsaiti tələb alır. Lakin UNEC-də bundan qat-qat aşağı təhsil haqqı ödəməklə beynəlxalq proqrama qoşulub, eynilə Londondakı təhsili alırsınız və həmin diplomu qazanırsız. Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanmaq həm gələcək karyeram, həm də beynəlxalq təhsil təcrübəsinə yiyələnmək baxımından çox önəmlidir".

L.Quluzadənin sözlərinə görə, iki ixtisasdan eyni anda təhsil almaq asan deyil: "Lakin bu kimi situasiya insanda nizam-intizam və çalışqanlıq kimi mühüm xasiyyətləri inkişaf etdirir. Bəzən müəyyən mövzular üst-üstə düşürdu və iki mənbədən aldığın fərqli informasiya bir-birini tamamlayır, yeni bir öngörmə verirdi. LSE proqramı distant təhsil olduğu üçün qiymətləndirmə tamamilə son imtahandan asılı idi. UNEC-in təhsili bu mənada daha hərtərəflidi: sərbəst işlər, kollokviumlar, seminar qiymətləri- bunların hamısı tələbəni daha gərgin qrafikdə saxlayır. Bunlara baxmayaraq, ixtisaslarımın yaxın olduğu üçün proqramlarda kifayət qədər oxşarlıqlar da var idi. Tədris dövrü boyu bizə müxtəlif şirkətlərdən savadlı, peşəkar mütəxəssislər də dərs deyiblər".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov vurğulayıb ki, tələbələrin Azərbaycan Dövlət İqtisad Universiteti ilə yanaşı, Avropanın nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını böyük şansdır. Bu, UNEC tələbələrinə magistr təhsilində Avropa, eləcə də dünya universitetlərinə açılmaq üçün əlavə üstünlüklər yaradır: "UNEC-də təhsil alanlar üçün geniş imkanlar yaradılır. Bu imkanlardan istifadə etmək tələbələrin öz əlindədir".



Ş.Əsgərovun sözlərinə əsasən, dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən UNEC təhsil xidmətlərinin ixracı baxımından da bir sıra yeniliklərə imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə, o cümlədən, İngiltərənin London Universiteti/London İqtisad Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır: "Bu proqramlar bakalavr, magistratura və MBA səviyyəsində təhsil alan tələbələrə hər iki universitetin diplomlarını almaq imkanı verir. İnkişafın prioiritet istiqaməti kimi kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması sahəsində də ciddi irəliləyiş var. Bütün bunlar isə yüksək qiymətləndirilməlidir".

Ş.Əsgərov əlavə edib ki, Azərbaycan Dövlət İqtisad Universiteti  artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib: "UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir".

Millət vəkili Etibar Əliyev deyir ki, qloballaşmanın təkcə ali təhsilə deyil, iqtisadiyyata, cəmiyyətlərə və həyatımızın bütün sahələrinə təsiri danılmazdır. Bu gün təhsilin beynəlmiləlləşməsi  və aparılan elmi tədqiqatlar dünyanın müxtəlif ölkələrindəki alimlərin səylərini birləşdirir, tətbiq olunan ikili diplom proqramları məzunların əmək bazarında işlə təmin olunmalarına şərait yaradır. Həm də sosiallaşma prosesinə yeni məzmun verir. Tədqiqat Universitetinə çevrilmək missiyasını qarşısına məqsəd qoyan UNEC dünyanın aparıcı Universitetləri ilə "ikili diplom proqram"larında da ləyaqətlə ölkəmizi təmsil edir. Bu prosesdə qarşı tərəf hərtərəfli şəkildə tərəfdaşını öyrənir. Təhsilin keyfiyyəti və aparılan elmi tədqiqatların səviyyəsi qiymətləndirilir.

E.Əliyevin sözlərinə görə, UNEC Avropa, Amerika və Rusiyanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramları həyata keçirir: "UNEC-də bakalavr pilləsi üzrə  Fransanın Monpelye Universiteti, İsveçrənin UBİS Biznes və Beynəlxalq tədqiqatlar Universiteti, ABŞ-ın Linkoln Universiteti, Litvanın Mikolas Romeris Universiteti,  Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları ilə mövcuddur. Tələbə və magistrlərə bu ikili diplomlar proqramlarında iştirak etmək şansı verilir. 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetlərin də diplomunu əldə edə bilərlər".

E.Əliyev əlavə edib ki, bütün bunların nəticəsidir ki, hazırda UNEC beynəlxalq reytinq cədvəllərində öz mövqeyini qoruyub-saxlayır və inkişaf yolunda irəliləyir. Bu gün nüfuzlu "The Times Higher Edication", "Webometrics", "OS Quacquarelli Symonds LTD" və digər beynəlxalq reytinq təşkilatları dünyanın aparıcı universitetlərinin reytinqlərini müəyyənləşdirərkən UNEC-in də öncül sıralarda yer alması çox mühüm hadisədir.

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





17.12.2020    çap et  çap et