525.Az

"Ermənilərin bu qətliamlara görə xəcalət çəkəcəkləri gün uzaqda deyil"


 

MAKSİM ŞEVÇENKO GƏNCƏDƏ QAFQAZIN SÜLH YOLLARINDAN DANIŞDI

"Ermənilərin bu qətliamlara görə xəcalət çəkəcəkləri gün uzaqda deyil"<b style="color:red"></b>

Prinsipial mövqeyi ilə tanınan, xüsusilə də xalqımızın ərazi bütövlüyü uğrunda onilliklərdir davam edən mübarizəsi, millətimizin zəfərlə başa çatdırdığı Vətən müharibəsilə bağlı məsələlərdə daim ədalətli münasibətinə görə Azərbaycanda xüsusi rəğbət qazanmış rusiyalı siyasətçi, jurnalist, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Gəncədə səfərdə oldu.

Qonaq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə  Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkərək, sakinlərlə görüşdü, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış oldu. İnsanlığa sığmayan bu qətliamlarda uşaqlarını, ata-analarını, bacı-qardaşlarını, digər yaxınlarını itirənlərin söhbətləri M.Şevçenkonu sarsıtdı.

M.Şevçenkoya erməni terroru və onun nəticələri barədə, o cümlədən, Gəncənin xəritə-planı üzərində düşmənin xain hücumlarının yeri göstərilməklə, ətraflı məlumat verildi. Bildirildi ki, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə bir neçə dəfə atəşə tutulub və xüsusən gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 26 nəfər dinc sakin həlak olub, 120 nəfərdən çox insan yaralanıb, 25  fərdi yaşayış evi və 10 çoxmənzilli yaşayış binası tamamilə dağılıb, 100-dən artıq yaşayış evinə və bir o qədər də mülki obyektə ciddi ziyan dəyib, hücumlar nəticəsində Gəncənin bir sıra tarixi və dini abidələri, mədəniyyət, təhsil və səhiyyə ocaqları da zərər görüb.

Maksim Şevçenko Ermənistanın dinc məntəqələrə raket hücumunu terrorun qatı nümunəsi kimi dəyərləndirdi: "Aydındır ki, bu əməllərin məqsədi  mülki sakinlərin öldürülməsi və şəhərdə miqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açdıqları hərb meydanında verdilər, terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını aldılar".

Maksim Şevçenko həmçinin, Azərbaycanın dinc yaşayış məntəqələrinə atılan raketlərin Rusiya istehsalı olduğuna görə təəssüf hissi keçirdiyini də dilə gətirdi. Özünün prinsipial mövqeyinə görə azərbaycanlıların, o cümlədən, Gəncə sakinlərinin də rəğbətini hiss etdiyini və buna görə xalqımıza minnətdar olduğunu bildirən M.Şevçenko Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində aparılan ədalətsiz təbliğat məsələlərinə də toxundu: "Təəssüf ki, Rusiyanın bir sıra kütləvi informasiya vasitələri, xüsusən televiziya kanalları müxtəlif dairələrin təsiri altında fəaliyyət göstərirlər. Bu baxımdan da mənim haqqı, ədaləti, xüsusən də Azərbaycanın öz ərazi bötövlüyünün, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin bərpası uğrunda apardığı mübarizəni müdafiə edən fikirlərim onların qərəzli mövqeyi ilə ziddiyyət təşkil edir və onlara xoş gəlmir. Mənim doğma vətənim Rusiya çoxmillətli, çox mədəniyyətləri özündə birləşdirən böyük ölkədir. İnanın ki, böyük mənəvi dəyərlərə malik rus xalqı, sadə insanlar, Rusiyada yaşayan başqa xalqlar həmişə haqqın tərəfində olub. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın".

Maksim Şevçenko Azərbaycanın öz ərazi bötüvlüyü uğrunda müvəffəqiyyətlə apardığı 44 günlük Vətən müharibəsinin nəticələrinin Cənubi Qafqazda sülhün nəhayət, bərqərar olması yolunda geniş perspektivlər aça biləcəyini də vurğuladı: "Azərbaycanlılar mübariz xalq olduqlarını təsdiq etdilər. Birləşərək, öz itirilmiş torpaqlarını qaytardılar. Elə təkcə Şuşanın alınması, oranın faktiki olaraq, əlbəyaxa döyüşlə əldə edilməsi sizin qəhrəman, cəsur xalq olduğunuzun parlaq bir nümunəsidir. Siz həm də humanist, tolerant, qonşularla daim dinc yaşamaq arzusunda olan bir xalqsınız. Bu baxımdan, ermənilər də məcbur olub, sizin xalqla yan-yana yaşayacaqlar. İndi hamı Cənubi Qafqazın sülh diyarı olmasına çalışmalıdır. Bunun dinc yolla həyata keçməsini istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, azərbaycanlıların əzmini görməklə, o raketlərin start götürdüyü yerdə olanlar nəhayət özlərinə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqını, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək, hönkürüb göz yaşı axıdarlar. Onların bu bombardmanlara, qətliamlara görə utanc hissi keçirəkləri gün uzaqda deyil".

Rusiyalı qonaq erməni raket hücumu nəticəsində xarabazara çevrilən çoxmənzilli yaşayış binalarının qalıqlarının ətrafına, burada həyatını itirmiş dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, güllər düzdü.

Zakir MURADOV
Gəncə

 





17.12.2020    çap et  çap et