525.Az

İmruz Əfəndiyevanın 85 illiyi elmi konfransla qeyd edilib


 

İmruz Əfəndiyevanın 85 illiyi elmi konfransla qeyd edilib<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsində, elmi-tədqiqat laboratoriyasında Azərbaycanın tanınmış musiqişünas-alimi, "Musiqi nəzəriyyəsi" kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın 85 illik yubileyinə həsr olunmuş onlayn elmi seminar-konfrans keçirilib.
 
Akademiyadan 525.az-a bildirilib ki, konfransı bu təhsil ocağının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə açaraq İmruz xanımın musiqi mədəniyyətimizin, elmimizin və təhsilimizin inkişafında bir musiqişünas-alim, ictimai xadim və ən əsası pedaqoq kimi özünəməxsus rolunu vurğulayıb. İ.Əfəndiyevanın mədəniyyətimizin, Azərbaycan musiqi fikrinin inkişafında misilsiz xidmətləri ilə tanınan sevimli alimlərimizdən olduğunu diqqətə çatdırıb.

Sonra İ.Əfəndiyevanın həyat və yaradıcılığını əks etdirən videoslayd təqdim edilib. Slaydın musiqi tərtibatında V.Adıgözəlovun "Qərənfil" əsəri Xalq artisti, professor R.Quliyevin ifasında verilib. Daha sonra çıxış edən elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə tanınmış alim İmruz xanımın parlaq və bənzərsiz portretini canlandıraraq, vətəndaş və gözəl insan kimi şəxsi keyfiyyətlərini konfrans iştirakçılarının nəzərinə çatdırıb. N.İsmayılzadə bildirib ki, İmruz xanımın qeyri-adi şəxsiyyətini, enerjili təbiətini, mənəvi gücünü və həyat eşqini açıqlamadan, elmi axtarışlarının nailiyyətlərini anlamaq mümkünsüzdür.

Konfransda "Musiqi nəzəriyyə" kafedrasının müdiri, professor K.Nəsirova, "Musiqi tarixi" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Ü.İmanova çıxış edərək İmruz xanımın musiqi elmi ilə ictimai və pedaqoji fəaliyyətini vəhdət şəklində birləşdirməyə nail olması, bu yolda bütün çətinlikləri məhəbbətlə, böyük enerji ilə dəf etməsi haqqında məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, İmruz xanımın yaradıcılığı boyu paralel apardığı pedaqoji fəaliyyətini sevimli müəllim kimi təqdim etsə də, musiqi elminin rəngarəng və mürəkkəb problemlərini araşdırmaq əzmi onun həyat kredosunun əsas istiqaməti olub.

Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Rzayeva elmi məruzə ilə çıxış edib. Məruzəçi elmi rəhbəri İmruz Əfəndiyevanın bütün elmi-pedaqoji və ictimai fəaliyyətini dinləyicilərin nəzərinə çatdırıb. İmruz xanımın ayrı-ayrı bəstəkar yaradıcılıqlarına həsr edilmiş tədqiqat işlərinin, musiqi nəzəriyyəsi və onun aktual problemləri ilə bağlı dərin elmi araşdırmalarının, Azərbaycan musiqi elmində yüksək qiymətləndirilməsini vurğulayıb. Konfransda həmçinin, musiqi nömrələri səsləndirilib.

 





17.12.2020    çap et  çap et