525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız


 

Əbədiyyətdəki əziz ünvanlarımız <b style="color:red"></b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyiylə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!


Şahanə MÜŞFİQ
[email protected]

Abbasov İlham Əli oğlu 2000-ci il martın 13-də Biləsuvarda dünyaya gəlib. Əslən Füzulinin Yuxarı Dilağarda kəndindən idi. O evin 6-cı övladı, son beşiyi idi. 2003 cü ildən İlhamın 3 yaşı olanda ailəsi Füzuli rayonda salınan Qayıdış qəsəbəsində məskunlaşır. İlhamın 6 yaşı olanda atası dünyasını dəyişib.


İlham 2018-ci ildə Azəf Zeynallı adına Musiqi Kollecində təhsilini dayandırıb Hərbi xidmətə yollanır. Hərbi xidməti zamanı snaper idi. 2019-cu ildə əsgərliyini başa vurduqdan sonra öz arzusu ilə Müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq işləməyə davam edir. 6 ay idi hərbçi kimi çalışırdı.


2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən müharibəsində də tuşlayıcı PDM kimi ən ön sıralarda döyüşə qatılır. Müharibənin ilk günü şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli uğrunda gedən döyüşdə sentyabrın 27-də şəhid olur. Düşmən tərəfindən nəşi girov götürülür. 51 gün girov saxlanılır. Qardaşları bilsələr də, anası günlərlə oğlundan xəbərsiz olur. Füzuli torpağının oğlu 17 noyabr 2020-ci ildə Araz Dilağarda kəndində son mənzilə yola salınıb.


Abbasov İlham şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.


Anası İlhamın nəşinin elinə, torpağına gəlməsinə qurban deyir və onun nəşi qarşısında qurbanını kəsdirir.


***



Əlibəyli Mikayıl Xaliqverdi oğlu 23 dekabr 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Çörək ustası işləyən Mikayıl valideynləri və qardaşıyla birgə yaşayırdı.

Müharibə başlamazdan öncə sentyabrın 21-də hərbi təlimlərə qatılıb. İlk gündən müharibəyə qoşulub. Döyüşlərdə böyük şücaətlə iştirak edən Mikayıl oktyabrın 6-da son dəfə anasıyla danışıb və oktyabrın 7-də Füzuli uğrunda gedən döyüşlərdə başından qəlpə yarası alaraq qəhrəmancasına şəhidlik məqamına yüksəlib.

***



Əmrah Hüseyn oğlu Bayramov 18 yanvar 2001-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. 2007-ci ildə orta məktəbdə təhsilə başlayıb, 2016-cı ildə Samir İmanov adına 1 saylı orta məktəbin 9-cu sinfini başa vuraraq Sumqayıt 3 saylı peşə məktəbinə qəbul olub. Ailənin 2-ci övladı olan Əmrah 2019-cu il iyulun 22-də həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsi başlanandan döyüş yoldaşlarıya birgə ön xətdə düşmənə qarşı vuruşmağa başlayıb. İgid döyüşçümüz oktyabrın 4-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

***



Vətən müharibəmizin düşmənə dərs keçən müəllim şəhidlərindən İmaməliyev Elvin Elsevər oğlu 09.05.1989-cu ildə Ağstafanın Qırılı kəndində anadan olub.

Azərbaycan Dillər Universitetinin "Fransız dili" ixtisasını bitirən Elvin 2012-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanından keçərək doğma kəndində peşə fəaliyyətinə başlayır. 2019-cu ildə isə Direktorların İşə Qəbulu imtahanından keçərək Ağstafa şəhər 1 nömrəli məktəbinin direktoru təyin olunur.

YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri olan şəhidimiz rayonun ictimai işlərində də fəal iştirak edirdi.

Vətən müharibəsinə könüllü qatılan Elvin müəllim noyabr ayının 10-u böyük qələbəyə saatlar qalmış Xocavənd Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olur. Ağstafada dəfn olunub.

***



Adıgözəlov Faiq Mehdi oğlu 01.09.1996-cı ildə Yevlaxın Nemətabad kəndində doğulub. Ailədə 3 qardaşın 3-ü də hərbiçidir. Subay, həm də evin kiçik oğlu idi Faiq. Atası 1-ci Qarabağ müharibəsi veteranıdır. Faiq orta məktəbi 2014-cü ildə bitirdikdən sonra Humanitar kollecə qəbul olur. Lakin oxumadan həmin ildə həqiqi hərbi xidmətə gedir və o vaxtdan da həyatını hərbiyə bağlayır. Xidməti başa vurduqdan sonra N saylı hərbi hissədə müddətdən artıq xidmətə başlayıb.

2018, 2019, 2020-ci illərdə orduda atəş üzrə çempionatda 1-ci yer, İdmanın qaçış, hündürlükdən tullanma və digər təlimlərdə 1, 2, 3-cü yerləri tutaraq çalışdığı hərbi hissəyə medal, kubok və fəxri fərmanlar gətirir. Bakı şəhəri və Qazaxıstandakı yarışlardan da yüksək nailiyyətlər əldə edib. 2020-ci ildə Bolqarıstanda keçiriləcək yarışlarda iştirak etmək üçün Bakıda təlimlərə qatılsa da, Vətən müharibəsi yarışlardan imtina etməsinə səbəb olur. Qardaşları Mikayıl və Müşviq kimi ilk gündən döyüşlərə qatılır.
 
O, tank əleyhinə qumbaraatan idi. Goranboyun Tapqaraqoyunlu, Tərtərin Talış, Suqovuşan və Murov dağətəyi istiqamətindəki döyüşlərdə mətinliklə vuruşur. Murovdağ döyüşlərində düşmənin neçə tank və zirehli maşınını məhv edərək sıradan çıxarıb. Hər dəfə zəng edəndə anasının titrək səsi və yalvarışından narahat olar, "Ana, vaxt olacaq sən oğlunla fəxr edəcəksən. Məndən narahat olma. Azad etdiyimiz torpaqlarda səni qarış-qarış gəzdirəcəm. Bu yurdun sahibləri bizik,  biz də qorumalıyıq. Sənin borcun oğul böyütmək idi. Mənim borcum səni qorumaqdır" - . Axırıncı danışığı oktyabrın 8-də olur. Oktyabrın 9-da Suqovuşan ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Oktyabrın 10-da Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.

***



Baş leytenant Vəliyev İsmayıl Mehman oğlu 24.03.1996-cı ildə Naxçıvanda doğulub. O və qardaşı İbrahim kiçik yaşlarından analarını  itirib, nənəsi və bibisinin himayəsində böyümüşdülər. İsmayıl öncə Naxçıvan Hərbi Məktəbi, sonra Bakı Ali Hərbi Akademiyanı bitirib. Peşəkar tankçı, tank ekipaj komandiri idi. Hərbçi olduğu üçün əvvəl gündən müharibəyə qoşulub. Bir il əvvəl ailə quran hərbçimiz sevib-seçdiyi həyat yoldaşı ilə birgə Xırdalanda yaşayırdı.
 
Müharibəyə də sentyabrın 26-da ordan gedib. Onu son dəfə yola salanda İsmayıl yoldaşına hər şeyə hazırlıqlı olmağı, şəhid olsa üzülməməyi, onunla fəxr etməyi tapşırıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə tankıyla birlikdə şücaətlə xidmət edib. O, Quru Qoşunların tərkibində Zəngilana qədər şərəfli döyüş yolu keçmiş və Zəngilana ilk daxil olan tankçılardan biri olmuşdu. Atdığı mərmilərin üstünə "Mübariz", "Polad", "Vətən", ya da "Naxçıvan" sözlərini yazardı. Ermənilər necə olur-olsun onun tankını susdurmağa, ya da ələ keçirməyə çalışırdılar. Döyüşlərin birində İsmayılın tankı vurulur, özü isə yüngül yaralanır. Sağalmağı gözləmədən "qəlpə yarası nə vaxtsa sağalacaq, ancaq məğlubiyyət yarası heç vaxt sağalmayacaq" - deyərək 3 nəfər komanda heyətilə birgə başqa tankla Laçın istiqamətində gedən döyüşlərə qatılır.

Baş leytenant Vəliyevin tankı Şuşa istiqamətində gedən döyüşlərdə raketlə vurulub. O, dostları ilə birgə noyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.

***



Şəki şəhər Orta Zəyzid kəndinin Vətən müharibəsində verdiyi ilk şəhid Aydın Mustafa oğlu Əhmədli 12.03.2002-ci ildə həmin kənddə anadan olub. Ailənin şəhidimizlə birgə 4 övladı var idi. Onun özündən böyük 2 bacısı, özündən kiçik bir qardaşı var. Aydın 2008-ci ildə Ə.Məmmədov adına Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib və ibtidai təhsilini tamamladıqdan sonra, 2012-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin ildən təhsilini Binəqədi rayonu Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib. Bu ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Həmin tarixdən ordumuzun N saylı Hərbi hissəsinin Ağcabədi rayonunun Minaxorlu kəndində yerləşən bölmələrində həqiqi hərbi xidmətə başlayıb.

İlk gündən Vətən müharibəsinə qatılan Aydın da qanının son damlasına qədər qəhrəmancasına döyüşüb və 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ertəsi gün ailəsinin yaşayış yerinə uyğun olaraq Zaqatalanın Qandaq kəndində dəfn olunub.

***



Təhməzov Cavid Əvəz oğlu 25.06.1994-cü ildə Yevlaxda doğulub. Vətəni hər şeydən çox sevən Cavid 4 ildir ki, həyatını hərb sənətinə bağlayıb. MAXE kimi fəaliyyət göstərən hərbçimiz kəşfiyyatçı olub və kəşfiyyatçı kimi mühüm uğurlara imza atıb.

Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan hərbçimiz Talış, Ağdərə istiqamətlərində döyüşlərdə xüsusi şücaət göstərib. Oktyabrın 2-si Ağdərədə şəhidlik zirvəsinə ucalıb.

Ailəli və iki uşaq atası olan şəhidimiz son danışığında övladlarını anasına tapşırıb.

***



Mayor Babayev Rahib Bəxtiyar oğlu 19.06.1985-ci ildə Şahbuzun Külüs kəndində doğulub. Peşəkar hərbçi olan Rahib xidmət illərinin çox hissəsini ön xətdə səngərlərdə postlarda olub. Xidmətinin son 8 ilini Murovda olub, tabor komandirliyinə qədər yüksəlib.

Müharibənin başlamasına saatlar qalmış, gecə saat 3-də həyat yoldaşına zəng vurub, "möhkəm ol, heç kimin qarşısında ağlama, hər şey yaxşı olacaq" - deyib. Əlaqə kəsildiyindən danışa bilməyiblər və sentyabrın 28-də zəng vuraraq irəlilədiklərini, Kəlbəcərə az qaldığını deyib.

Vətən müharibəsi başlayanda düşmən üzərinə ilk irəliləyən tabor komandiri R.Babayev 19 nəfərlik qüvvəsi ilə 2 post alıb, Murovdağ-Kəlbəcər istiqamətində əsas strateji yüksəkliklərdən olan, düşmən əlindəki "Canavar qulağı - sol" postunun alınmasında igidlik göstərib, yaralanmasına baxmayaraq, 3 gün postları qoruyub saxlaya bilib. Onun yaralı olduğunu görüb çıxarmaq istəsələr də, razılaşmayıb, "mən getsəm, əsgərlərim ruhdan düşər" - deyib.

Döyüşə gedərkən paqonlarını çıxaran mayor, "bu Vətən üçün hər birimiz əsgərik" - deyərmiş. O, sentyabrın 30-da 120 minaatanla vurulub. Saat 6-da yaralansa da, döyüş meydanından çıxara bilməyiblər və qan itirərək şəhid olub. Müdafiə naziri Zakir Həsənovun təltif etdiyi, mərhum Milli Qəhrəman Polad Həşimov tərəfindən təqdim olunan saatı həmin vaxt qolunda olub. Saat 10:30-da dayanıb. Şəhid mayor oktyabrın 2-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Ondan əmanət Mələk (10 yaş), İbrahim (5 yaş) və Əli (2 yaş) adlı 3 övlad qaldı.

***



Şıxməmmədov Hikmət Azər oğlu 06.12.1995-ci ildə Ağstafanın Dağ Kəsəmən kəndində anadan olub. Dağ Kəsəmən kənd 2 nömrəli məktəbində oxuyan Hikmət öz savadı və tərbiyəsi ilə fərqlənib və yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olur. Universiteti bitirdikdən sonra əsgərliyini 2017-2018-ci illərdə ön xətdə edir. Tovuz döyüşləri zamanı könüllü olaraq qeydiyyatdan keçir.

Vətən müharibəsi başlayarkən cəmi 6 günlük evli olan Hikmət könüllü cəbhəyə yollanır. Cəbhənin müxtəlif istiqamətlərində düşmənə qarşı döyüşür. Son döyüşü Şuşa yaxınlığında olur. Əsgər yoldaşlarının dediyinə görə, Hikmət özü yaralı olsa da, daha ağır yaralı olan yoldaşlarını döyüş meydanından çıxarmağa kömək edirmiş. Elə yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən də noyabrın 16-da könüllü seçdiyi şəhidlik zirvəsinə qovuşur.

***



Şəhid kəşfiyyatçı Quliyev Mehman Telman oğlu 29.03.1992-ci ildə Bərdənin Əyricə kəndində anadan olub. Peşəkar hərbçi olan Mehman 4 il cəbhənin ən qaynar nöqtələrində xidmət edib. Xüsusi Təyinatlıların kəşfiyyatçısı, snayperi çavuş Quliyev Goranboy,Tərtər, Ağdam, Murovda daim düşmənlə üz-üzə olub. Onun vətən sevgisi, yurd bağlılığı, dostcanlılığı bu müharibədə də özünü ən yüksək şəkildə göstərir.
 
Mehman döyüş yoldaşlarıyla birlikdə Suqovuşanın azad edilməsində misilsiz şücaət göstərir. Komandirinin sözlərinə görə, onlar oktyabrın 5-də sadəcə bıçaqla, əliyalın, səssiz 21 düşmən postunu ələ keçirir, yüzlərlə düşməni məhv edirlər. Mehman döyüşlərin birində çiynindən yaralansa da, bütün təkidlərə baxmayaraq, geri qayıtmır, ordaca yarasını bağlayıb döyüşə davam edir. Növbəti gün-oktyabrın 6-da isə Ağdamda kəşfiyyat zamanı şəhidlik zirvəsinə ucalır. 

Onun dəfn mərasiminə qatılan yaralı döyüş yoldaşları anasının əlindən öpüb deyirlər ki, "bizim hamımızı Mehman xilas edib. Biz bu gün həyatımızı Mehmana borcluyuq". Daim dayısıyla telefon əlaqəsi saxlayan döyüşçümüz onun "ehtiyatlı ol, özünü qoru" tövsiyələrinə "yanında qardaşların şəhid olarsa, heç gözünü qırparsanmı?" - deyə cavab verir. Son danışığında isə dayısına "mən bu gecə şəhid olsam, atam, anam, yoldaşım və balam sənə əmanət" - deyir. Çünki yenicə ailə həyatı qurmuş Mehmanın üzünə, qoxusuna doya bilmədiyi 3 aylıq Damla adlı qız balası var. Şəhidimizdən geriyə qısa ömrünə sığdırdığı qürur dolu xatirələri, Damlası və ölümündən 2 saat əvvəl, yaralı halda çəkdirdiyi şəkli qaldı...

***



XTQ-nin kapitanı Musibov Veysəl Yadulla oğlu 15.02.1989-cu il Qazaxıstan SSR Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olub. Valideynləri azərbaycanlıdır. Şahbuzun Sələsüz kəndində V.Ələkbərov adına orta məktəbi 7-ci sinfə qədər oxuyub. 2004-2007-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi liseydə, 2007-2011-ci illərdə AAHM-da oxuyub. 2011-ci ildə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib. 2012-ci ildə XTQ kursu keçib, Xüsusi Əməliyyat Qrup komandiri vəzifəsində xidmətə başlayıb. 2012-2016-cı illərdə dəfələrlə döyüş tapşırığında iştirak edib.

2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı olub. Dəfələrlə hərbi hissədə və ordu, xarici ordular arasında yarışlarda iştirak edib. 2018-ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında 1-ci yeri tutub. "Efes-2018" Xüsusi Təyinatlılar yarışında iştirak edib 24 ölkə arasında qrup olaraq 1-cilik əldə etmişdilər. 2018-ci ildə Xüsusi Əməliyyat taborunda Əməliyyat zabiti olub. 2019-2020-ci illər ərzində xüsusi əməliyyat taborunun qərargah rəisi vəzifəsində Vətənə xidmət edib.

İlk gündən qatıldığı Vətən müharibəsində Kəlbəcər istiqamətində Murov yüksəkliyinin, həmçinin, Füzulinin bəzi kəndlərinin azad edilməsində iştirak edib, Cəbrayılın azad edilməsi zamanı 7 oktyabrda şəhidlik zirvəsinə ucalıb. 8 oktyabrda Xırdalanda Şəhidlər Xiyabanında dəfn olunub. Vətənə 4 yaşlı qızı və 2 yaşlı oğlu əmanətdir.

"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Ordusunun 90 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunduğu "Hərbi xidmətlərə görə" medalına layiq görülmüşdü. Ölümündən sonra şəhid zabitimizə "Vətən müharibəsi qəhrəmanı" adı verilib.

***



Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin Başçavuşu Sadıqov Ruslan Amiraslan oğlu 31.12.1987-ci ildə Şəkinin Təpəcənnət kəndində anadan olub. Anası Şəkinin Orta Zəyzid kəndindəndir. O, təhsilə 1994-cü ildə Təpəcənnət kənd orta məktəbində başlayıb, 1995-ci ildə yaşayış yerinin dəyişməsi ilə əlaqədar Cəfərabad kənd tam orta məktəbində davam etdirib. 2004-cü ildə Şəki şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinfinə qəbul olunub və 2005-ci ildə məzun olub. 2006-cı ilin yanvarında hərbi xidmətə çağırılıb, 2007-ci ildə xidmətini başa vurub geri qayıdıb. 2008-ci ildən Daxili Qoşunlar XTQ-nin N saylı Hərbi hissəsinin Zaqatalada yerləşən bölmələrində MAXE kimi xidmətə başlayıb, Baş çavuş rütbəsinə qədər yüksəlib. Bu ilin yanvarından Hacıqabulda yerləşən bölmələrdə XTQ-nin Baş çavuşu kimi işini davam etdirib.

İk gündən Vətən müharibəsinə qatılan Ruslan Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə aktiv iştirak edib, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə 18 qəlpə yarası ilə şəhid olub. Noyabrın 10-da ailəsinin yaşayış yerinə uyğun olaraq  Şəkinin  Cəfərabad kəndində dəfn olunub.

Ruslan 2011-ci ildən ailəli idi. Şəhidimizdən yadigar 2 qız, 1 oğul övladı qalıb.

***


İrapov İsmayıl Nəsrulla oğlu 23.02.2002-ci ildə Zaqatalanın Əliabad qəsəbəsində dünyaya gəlib. 2008-ci ildə Əliabad qəsəbəsinin 1 saylı tam orta məktəbində 1-ci sinifə başlayıb və 2017-ci ildə 9-cu sinif təhsilini bitirib. 2020-ci ilin aprel çağırışında Ağcabədidən həqiqi hərbi xidmətə yollanıb. Quru qoşunlarında xidmət edən İsmayıl müharibə başlanan gündən silah yoldaşlarıyla birgə döyüşlərə qatılıb. 2020-ci ilin oktyabrında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci il 4 oktyabrda Əliabad qəsəbəsində dəfn edilib.

Onun ölümüylə bağlı müxtəlif versiyalar olsa da, ailəsinin sözlərinə görə, döyüş zamanı yanına qumbara düşməsi nəticəsində aldığı qəlpə yarasından həyatını itirib.

***


İsgəndərov Elvin  Mətləb oğlu 06.11.1989-cu ildə Yevlaxın Tanrıqulular kəndində kasıb bir ailədə doğulub. 2015-ci ildə gizir kimi işə başlayıb. Kiçik gizir idi. Bir müddət öncə ailə quran Elvinin bir qızı və bir oğlu var. Yenicə doğulan oğlunu görmək ona qismət olmadı.

Vətənini hər şeydən çox sevən Elvin 2016-cı ildə "Aprel döyüşləri"ndə qəhrəmanlıqla iştirak edib, üzündən və qollarından yanıq xəsarətləri alıb. Buna baxmayaraq, sentyabrın 27-dən İkinci Qarabağ müharibəsinə qatılıb və bir gün sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Son dəfə həyat yoldaşıyla danışan şəhidimiz ona üzünü görmədiyi oğlunun adını deyib.

***


Zeynalov İlqar Natiq oğlu 26.08.1989-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 1990-cı il 20 Yanvar hadisələriylə əlaqədar ailəsi Bakıya köçüb. 7-ci sinfə qədər Azərbaycanda təhsil alıb. Sonra ailəsiylə birgə Ukraynaya gedib. Ukraynada təhsilini başa vurduqdan sonra Ukrayna Dövlət Universitetinin politologiya fakültəsinə daxil olub və 2012-ci ildə bitirib. 2014-cü ildə Azərbaycana qayıdaraq həqiqi hərbi xidmətə gedib. Xidmət zamanı kəşfiyyatçı olub və uğurlarına görə bir neçə dəfə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. Xidmətini başa vurduqdan sonra 6 aylıq zabitlik kursu keçib. Kursu bitirəndən sonra Goranboya xidmətə yollanıb. Bir neçə aydan sonra Tərtərdəki Mübariz postunda xidmətini davam etdirib. Baş leytenant olaraq ölümünə qədər də həmin postda xidmət edib.

Müharibə başlamazdan bir neçə ay öncə Ukraynada yaşayan ailəsini tək olduğunu bəhanə edərək yanına çağırır. Ailəsi avqustun 8-də gəlsə də, İlqar gecə-gündüz təlimlərdə olduğundan onlarla rahat görüşə bilmir. Atası "heç oğlumla bircə saat oturub söhbət edə bilmədim" - deyir. Evli olan şəhidimizin Qafar (5 yaş) və Əhməd (3 yaş) adlı iki oğlu var. Sentyabrın 26-da atasıyla danışıb, 15 günlük təlimə gedəcəyini, Tərtərdə yaşayan ailəsini və uşaqlarını onların yanına göndərəcəyini deyir. Sentyabrın 27-də isə zəng edib ailəsinin atasıgilin yanına çatdığını öyrənib sanki rahatlıq tapır. Sentyabrın 28-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Qeyd: Bu qəhrəman şəhidlərimizin hər biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən ölümlərindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





18.12.2020    çap et  çap et