525.Az

Bir igidin hekayəti - Yazı


 

Bir igidin hekayəti - <b style="color:red">Yazı</b>

Erməni millətçilərinin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırım siyasəti Azərbaycan tarixində faciələrlə müşayiət olunan çox ağrılı mərhələləri təmsil edir. Bu millətçi siyasətin hədəfi azərbaycanlıları tarixi torpaqlarından çıxardaraq Azərbaycanın qədim ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq idi.

1988-1993-cü illərdə Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, bölgənin hüdudları boyunca olan ətraf 7 rayonu da (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal etmişdi. İşğal zamanı 20 min azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfərə qədər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuşdu. Təqribən 5 min nəfər itkin düşmüşdü. Bununla yanaşı, etnik təmizləmə siyasəti həyata keçirilməklə Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı doğma yurdlarından zorla çıxardılmışdı. Bütün ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdı.

Qurani-Kərimin Həcc surəsinin 39-cu ayəsində buyurulur: “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (təcavüzkarlara qarşı Allah yolunda döyüşməyə) izin verilib. Çünki onlar zülmə məruz qalıblar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”.

30 ildə həyata keçirilən danışıqların heç biri səmərə vermədi. 2020-ci il sentyabrın 27-də Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Bu müharibəyə minlərlə əsgər və zabitlərimizin könüllü getməyi ilə yanaşı, cavanından tutmuş qocasına kimi "Hər şey cəbhə üçün" şüarı altında hər kəs qələbə üçün canını qoydu.

Azərbaycan xalqının çoxsaylı qəhrəmanları var - Allahverdi Bağırov, Rövşən Rzayev, Mübariz İbrahimov, Polad Həşimov və digərləri.  Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Tarix yazan qəhrəmanlardan biri də Quliyev Sadıq Rafiq oğludur. Bu yazımda Qələbəni bizə yaşadan İkinci Qarabağ müharibəsinin igidlərindən biri olan baş leytenant Sadıq Quliyev haqqında danışmaq istəyirəm.

Bir gün Ağcabədidə qohumum Rafiq əminin qonağı idim. Evin tək oğlu olan Sadıq bizimlə görüşmək üçün otağa daxil olanda anası Təranə xanımın ona necə qururla, iftixarla baxdığını gördüm. Onda öz-özümə dedim ki, bu baxışlara malik olan Ana dünyanın ən xoşbəxt anasıdır. Bəli, o, igid Sadığın anasıdır.

Sadıq 1990-cı il martın 31-də Ağcabədi şəhərində dünyaya göz açıb. Şərq kişilərinə xas xüsusiyyətinə görə Rafiq əmi qızlarını nə qədər çox sevsə də, ürəyi oğul üçün döyünürdü və Allah onun bu arzusunu yerinə yetirdi. İki qız övladının tək qardaşı ailəyə sevinc gətirdi.

1996-cı ildə Sadıq Ağcabədi şəhərindəki M.Əsədov adına 5 saylı orta məktəbin 1-ci sinifinə gedir. 2007-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur.

Sadıq məktəb və universitet illərində daima fəal idmanla məşğul olurdu. Taekvondo üzrə I Dan qara kəmərə layiq görülmüşdü. Həmçinin, ölkəmizdə və digər xarici ölkələrdə taekvondo üzrə keçirilən müxtəlif yarışların qalibi olmuşdu.

Akademiyanı bitirdikdən sonra 2011-ci ildə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində boynuna düşən borcunu ödəmək üçün hərbi xidmətə gedir.

Yüksək vətənpərvərlik, vətənə və xalqına qarşı olan sədaqət hissi igidimizi hərbi hissədə xidmət etməyə gətirir. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Ehtiyat zabit hazırlığı kursu"nun 2-ci bölüyündə kurs keçir. İntellekt səviyyəsi, düşünmə qabiliyyəti, fiziki hazırlığı, fərdi-psixoloji və digər keyfiyyətləri nəticəsində kursu müvəffəqiyyətlə başa vurub leytenant hərbi rütbəsi alır və həmin ildən peşəkar hərbçi kimi hərbi xidmətə başlayır. İşlədiyi müddətdə bir neçə fəxri fərman alır, sertifikat və diplomlarla mükafatlandırılır. 

S.Quliyev 2019-cu ildə Ağcabədi rayonunda N saylı hərbi hissədə 3-cü tabor, 9-cu bölük 1-ci tağım komandir vəzifəsində xidmət göstərib. Həmin ilin oktyabr ayında Xocavənd rayon Kuropatkino kəndi istiqamətində ön cəbhədə xidmətini davam etdirib. Burada xidmət etdiyi dövrdə igidliyi, fədakarlığı, ünsiyyətcilliyi, mərhəməti ilə  əsgər və zabitlərin sevgi və rəğbətini qazanıb.



Sentyabrın 27-dən başlayan, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarına tağım komandiri kimi qoşulur. Cəsur ürəkli qəhrəmanımız düşmənin  çox sayda hərbi texnikasını, əsgər və zabitini məhv etdiyinə, həmçinin, tank, hərbi avtomobil və silah-sursatları hərbi qənimət kimi ələ keçirdiyinə görə baş leytenant hərbi rütbəsi alır.

Döyüşə qatıldığı gündən fiziki hazırlığı ilə yoldaşlarından seçilirdi. Sadıq Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı ilə Şuşa döyüşlərində düşmənin tərksilah edilməsində mərdlik və şücaət göstərmişdir. Bu qorxmazlığına görə dostları ona "Qurd ürək" ləqəbini qoyublar.

Vətən müharibəsində qələbə əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, Vətən sevgisi hesabına əldə olunubdur. İllərdir həsrətində olduğumuz torpaqlara bayrağımızı sancmaq hər kəsin arzusu olubdur. Qarabağın döyünən ürəyi olan Şuşaya ilk daxil olanlardan biri də Sadıq Quliyev idi.

Müharibənin qızğın vaxtında Sadıq bacısına zəng edir. Telefonu 7 yaşlı bacısı oğlu Malik açır:

- Dayı, sən müharibədə nə edirsən? - soruşur.

- Dayının balası, Vətənimizi və səni qoruyuram.

Əhvalını soruşan bacısına isə deyir:       

- Bacı, biz Azərbaycan əsgərləri mərmi altında yemək yeyən oğullarıq. Heç narahat olma. Allahın köməkliyi ilə qələbə bizim olacaq.

Bəli, Qələbə bizim oldu və bu Qələbəni Sadıq kimi qəhramanlara borcluyuq. Mərdlik, igidlik, fədakarlıq nümayiş etdirən Sadıiq Quliyev Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

Döyüşlərdə şəhid olan  Azərbaycanın bütün oğullarına Uca Tanrıdan rəhmət diləyirəm. Allah onların məkanını cənnət eləsin.

Allah Azərbaycanın müdrik Ali Baş Komandanını və rəşadətli Ordusunu qorusun!

 





18.12.2020    çap et  çap et