525.Az

Azərbaycan artıq əvvəlki Azərbaycan deyil - Müsahibə


 

KİNOREJİSSOR PƏRVİZ HƏSƏNOV: "HEÇ BİR PİAR, HEÇ BİR LAYİHƏ AZƏRBAYCANI DÜNYAYA BU VƏTƏN MÜHARİBƏSİ QƏDƏR TANIDA BİLMƏDİ"

Azərbaycan artıq əvvəlki Azərbaycan deyil - <b style="color:red">Müsahibə</b>

Azərbaycan kinosunun yenidən dirçəlməsi, çiçəklənmə dövrü yaşaması yəqin, hər kəsin arzusudur. Etiraf edək ki, bu gün misal çəkə biləcəyimiz yaxşı filmlərimiz barmaqla sayılacaq qədər azdır. Bəs bu kino sahəsinin dərdi, azarı nədir? Niyə bu gün ürəyəyatımlı filmlərimizin sayı belə azdır?

Kinorejissor Pərviz Həsənovla Azərbaycan kino sənəti və onun milli-mənlik şüuruna təsirlərindən danışdıq. Yeri gəlmişkən, ötən il Pərvizin çəkdiyi "Soraq" qısametrajlı filmi beynəlxalq kino festivalda "Ən yaxşı bədii film" üzrə "Qızıl nar" mükafatına layiq görülüb. 

- Pərviz bəy, çəkilən filmlər, yazılan əsərlər bir növ cəmiyyətin aynası hesab olunur. Sizcə, bugünün filmləri cəmiyyətin reallıqları ilə ayaqlaşırmı?

- İstənilən cəmiyyətdə yaranan sənət əsərləri o cəmiyyətin aynasıdır. Bizdə isə çəkilən filmlərin böyük əksəriyyətində cəmiyyətin problemləri tam əks etdirilmir. Bu problemlər yalnız müəyyən filmlərdə qismən də olsa, öz əksini tapır. Bunlardan xatırladığım Emin Quliyevin "Pərdə" filmidir. "Nar bağı" filmi də var ki, biz orada cəmiyyətin və insanların öz mənəvi problemlərinin əksini tapdığının şahidi oluruq. Əvvəllər çəkilmiş "Bir cənub şəhərində", "Təhminə",  "Ölsəm bağışla" filmləri Azərbaycan cəmiyyətini tam açıq şəkildə xarakterizə edən filmlərdir. Hətta mən deyərdim ki, biz cəmiyyət olaraq "Bir cənub şəhərində" filmiyik.

Cəmiyyətimizdə mənim gördüyüm əsas problem komplekslərimizdir. Bu problemlərdən isə biz cəmiyyət olaraq yox, tək-tək, fərdlər şəklində qurtulmalı, birinci növbədə öz şəxsi komplekslərimizi aşmalıyıq. Fərdlər ailəni, ailələr cəmiyyəti formalaşdırır. Bizim cəmiyyətdə o qədər problemlər var ki, mən onları saymağa başlasam, hansından başlayacağımı, hansını birinci sıraya qoyacağımı belə deyə bilmirəm.

- Rejissorluq, ssenaristlik hər zaman üçün populyar sahələr olub. Gənclər də son illər bu sahələrə meyl göstərirlər. Bəs sadəcə, universiteti bitirməklə rejissor olmaq mümkündürmü? Bu işin "bişmək" dediyimiz hissəsi hardan başlayıb harada bitir?

- İncəsənət elə sahədir ki, bunun başlama nöqtəsi var, amma bitmə nöqtəsi yoxdur. Bir çox sahələr konkret bəlli parametrlərə bağlıdır, amma incəsənət sahəsinin, xüsusilə də öz sahəmi deyim ki, rejissorluğun, ssenaristliyin bitdiyi yer, zirvəsi yoxdur. Universitet bu işə həvəsi olan insana yanlız yön verə bilər. Amma qalan bütün məsələlər hər kəsin öz səyi ilə formalaşır. Yəni universitet sizi rejissor, ssenarist etmir, bu baxımdan insan özü-özünü yetişdirir. Bizim ölkədə incəsənət sahəsində hər hansı bir işlə məşğul olmaq da, gəlir məsələsi də bir qədər qəlizdir. Ona görə də bu, hər bir insanın özüylə bağlı məsələdir ki, o, rejissor olmaq istəyir, ya yox. İnsanın rejissor olub-olmayacağını zaman göstərir. Bu baxımdan, hər yeni iş yeni bir təcrübə, yeni bir başlanğıcdır. Bu işin əsas şərtlərindən biri, davamlı olaraq mütaliə və öz işini daima öyrənmək, araşdırmaq istəyidir. Həmçinin, rejissor yazmağı da bacarmalıdır.

- Yəqin başqalarının çəkdiyi filmləri izləyir, dəyərləndirirsiniz. Sizcə, nələr çatışmır, əslində, bu gün nələr çəkilməlidir, amma çəkilmir?

- Hər bir rejissorun bu suala yəqin öz cavabı olar. Söhbət məndən gedirsə, deyərəm ki, çatışmayan şeylər hədsiz dərəcədə çoxdur. Son dövrə qədər bizim ən böyük problemimiz Qarabağ idi. Çox şükür ki, şanlı Ordumuzun şücaəti  sayəsində bu məsələ həll olundu. Artıq döyüş meydanındakı mübarizə siyasi müstəviyə keçib və mən inanıram ki, biz orada da qələbə çalacağıq. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. İndi bizim daha güclü ölkəmiz var. Qarabağ məsələsində elə bir oyanış, sıçrayış oldu ki, heç kim belə bir reaksiyanı, belə bir nəticəni gözləmirdi. Amma dərindən baxsaq, bizim təhtəlşüurumuzda bu məsələ var idi. Azərbaycanda mütəmadi olaraq bu mövzuda əsərlər ortaya qoyulub, filmlər çəkilib, tamaşalar səhnələşdirilib, kitablar yazılıb. Bütün sahələrdə bu mövzu daima gündəmdə saxlanılıb. Bundan sonra da bu mövzuların sənətdə öz əksini tapmasına ehtiyac var. Amma düşünürəm ki, təkcə Qarabağ mövzusu yox, tariximizin digər səhifələrinə də yer verilməsi vacibdir. Çünki bu mərhələdə dünya Azərbaycanı başqa cür gördü, tanıdı. Bu günə qədər Azərbaycanda Avropayla, xarici ölkələrlə müştərək şəkildə bir çox beynəlxalq layihələr reallaşdırılmışdı. Amma Azərbaycanı bu müharibə qədər heç bir piar, heç bir layihə tanıtmadı dünyada. Gəlin etiraf edək ki, bu müharibə dövlət, cəmiyyət olaraq bizi müsbət mənada dəyişdi. Düşünürəm ki, bundan sonrakı mərhələdə birinci növbədə bütün bunlar ədəbiyyatda öz əksini tapmalıdır. Çünki kinonun əsası elə ədəbiyyat və fotoqrafiyadır. O ki qaldı nələr çəkilməlidir, amma çəkilmir sualına, onu deyim ki, hər şeyin öz vaxtı var. Bizim cəmiyyətimiz, Şərq cəmiyyəti olaraq o qədər rəngarəngdir ki, bizdə olan mövzular bəlkə də, heç kimdə yoxdur. Biz öz növbəmizdə öz cəmiyyətimizin problemlərindən filmlər çəkməliyik. Yalnız bu halda  Azərbaycan filmi yenidən və tam formalaşa bilər.

- Sizcə, niyə böyük savaş, müharibə səhnələri olan filmlər çəkə bilmirik? Belə kütləvi səhnələrin çəkilməsinin bu qədər asanlaşdığı dövrdə bizdə döyüş, müharibə filmlərinin çəkilməməsinin, yaxud da çox az çəkilməsinin səbəbləri hansılardır?



- Mənə elə gəlir, bu müsahibənin ən maraqlı hissəsi elə burası olacaq (gülür). Gəlin ən başdan başlayaq. Azərbaycan kinosu Sovetlər dönəmindən çıxmış bir kinodur. O dönəmin isə bəlli bir siyasəti var idi. Plan üzrə dövlət hər respublikaya müəyyən məbləğ ayırırdı və o ölkənin kinematoqrafçıları müəyyən ekran əsərləri ərsəyə gətirirdilər. Bu mövzular da daha çox Sovet rejiminin, sosializmin, bolşevik inqilabının, bir sözlə, Sovet ideologiyasının təbliğatı ilə bağlı idi. Amma elə bir dönəmdə çox yaxşı filmlər də ərsəyə gəlmişdi ki, indi oturub düşünəndə deyirsən ki, nə yaxşı o vaxt bu filmin çəkilməsinə imkan verdilər.

Bu gün Azərbaycan kinosunun birinci problemi təbliğat problemidir. İnanın ki, bizdə yetərincə yaxşı filmlər də çəkilir, çox yaxşı aktyorlar da, rejissorlar da var. Amma çəkilən filmlər rəflərdə qalır, təbilğat zəif olduğu üçün cəmiyyətin o filmlərin heç birindən xəbəri də olmur. Bir baxın, Sovet vaxtı Azərbaycanda çoxlu kinoteatrlar var idi. İndi isə kinoteatrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, o qədər maliyyə, texniki məsələlərdə problemlər var ki, bu da kino sənətinin inkişaf etdirilməsinə imkan vermir. Düşünün ki, Gürcüstanda kinofond var, amma bizdə yoxdur. İstər kinofond, istər prodüserlik məsələsi olsun, istərsə də kinozalların azlığı və bir-biri ilə olan rəqabəti, kino sahəsinə qoyulan vergi və sair,  bir çox mənfi faktor var ki, bu gün kino sənətinin ölkəmizdə inkişafının qarşısına sədd çəkən maneələrdir.

- Siz necə, hansı qəhrəmanımızdan, hansı hadisələrdən ilhamlanıb film çəkmək istəyərsiniz?

- Mənimçün maraqı mövzu Azərbaycan Difai hərəkatıdır ki, bu haqda film çəkmək istəyərəm. Bu hərəkatın Azərbaycan tarixində xüsusi yeri olub. Eyni zamanda, "Uşaqların gözüylə müharibə" adlı bir sənədli film çəkmək arzum da var. Ümumiyyətlə, müharibə mövzusu, əbədi bəşəri mövzudur və bu, bizim tariximizdən də yan keçməyib. Bizim başımız bir millət olaraq çox böyük faciələr çəkib. Həmişə tez-tez belə bir fikir səsləndirilirdi ki, bəs bugünün gəncləri ilə heç nə etmək olmaz. Amma Vətən müharibəsi bu baxımdan çox maraqlı faktlar ortaya qoydu. Baş verən bu hadisələr onu göstərdi ki, məhz elə indiki gənclərlə etmək olar hər şeyi. "Bunlarla Qarabağı almaq olar?" - deyən insanlar gördülər ki, bəli, Qarabağı elə bu gənclərlə almaq olarmış. Düşünürəm ki, bu milli dirçəlişdə xüsusi rol oynayan əsas faktor Mübariz İbrahimov oldu. Mübariz İbrahimov öz şücaəti ilə milləti özünün yadına saldı. Göstərdi ki, biz ölümün gözünün içinə dik baxan millətik. Yəni sən döyüşdə uduzmuş ola bilərsən, amma gərək müharibədə uduzmayasan, bu halı qəbul etməyəsən. Bu, özü böyük nüansdır. Mən də, təbii ki, bu mövzularda film çəkməyi çox istəyərdim.

- Filmlər insanların milli mənlik şüuruna, milli dəyərlərinə xidmət etməlidirmi, yoxsa nə varsa onu əks etdirib ayna olmalıdır və insanlar, izlədiklərindən özləri dərs çıxarmalıdır?

- Sənətin missiyası əslində, elə bu dedikərinizdən ibarətdir.  Sənət milli mənlik şüurunun inkişafına, qorunmasına xidmət etməlidir, onu yaşatmalıdır. Məsələn, "Fəryad" filmi bizim milli dəyərimizdir. Bizim qələbəmizdə bu filmin də rolu var. Bu filmin istehsal olunduğu ildə uşaq olanlar böyüdülər və Qarabağı işğaldan azad etdilər. Sənətin gücü budur, əslində. Bu gün Qarabağın işğaldan azad olmasında ordumuzun xidmətlərini dönə-dönə vurğulayırıq. "Fəryad" filminin də bu yolda öz missiyası olub və o, öz missiyasını yerinə yetirdi. Bu filmin milli şüura təsiri danılmazdır. Rasim Ocaqovun bir sözü var idi, deyirdi ki, mənim çəkdiyim filmin bir nəfərə müsbət mənada təsir etdiyini bilsəm, deməli, sənətim öz missiyasını yerinə yetirib. Bizə qaldıqda isə, biz mütləq şəkildə milli mənlik şüuruna, milli dəyərlərə xidmət edən filmlər çəkməliyik və çəkəcəyik də. Bu ənənə bizdə olub və bundan sonra da olacaq.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





18.12.2020    çap et  çap et