525.Az

Salam, ruhumuzun şəhəri Şuşam! - Rəşid Faxralı


 

Salam, ruhumuzun şəhəri Şuşam! - <b style="color:red">Rəşid Faxralı </b>

(İxtisarla)

-1-
 
Tanrının qadirliyi
isindirən nəfəsi,
Dədə kəlamlarının
İşığında döyüşən
ərliyin təntənəsi,
Murovdağın,
     Ərgünəşin,
         Diridağın, ...
                   bir boy da dikəlməyə
                          salavatı, həvəsi -
Vətən müharibəsi.
 
Tətik sıxan barmağın
qüdrətinə bax, yağış!
Qorxub qaçan düşmənin
yollarına yağ, yağış.
Döyüşən əsgərlərin
dönməz döyüş ruhuna
qələbə suyu olsun
bir ovuc dümağ yağış;
İşğalın son nəfəsi -
Vətən müharibəsi!
 
Döyüşdə döyüşçünün
qəlbini Vətən bilir,
Döyüş, zəfər ruhunu
qələbəyə tən bilir
Cıdır düzündən gələn
"Qarabağ şikəstəsi",
Vətən müharibəsi!..
 
-2-   
 
Döyüş gedir, bu döyüş
Dünya boyda torpağa
məhəbbət döyüşüdü.
Canım Azərbaycana
sədaqət döyüşüdü.
 
Gücünü yer üzünə
görk eləyib döyüşdü,
Şəhidlərin ruhunu
börk eləyib döyüşdü
Azərbaycan əsgəri.
 
Əsgərdi, Vətən adlı
məhəbbətin əsgəri!
İllərin ödəncitək
Vətən adlı dünyaya
sədaqətin əsgəri!
Başlanğıcdan bu günə
nəhayətin əsgəri,
Azərbaycan əsgəri!
 
Sizin sağ-solunuzda
güllələrdən əlləri
didilən dağ döyüşür,
Qundağından qan daman
neçə yaraq döyüşür,
Yaralı əsgərlərin
yaralı əllərində
qanlı bayraq döyüşür,
Azərbaycan əsgəri!
 
Bu gün mənim döyüşüm
sözdən doğulan döyüş...
Qələbələr deməkdi
yeri-göyü yandıran
oddan doğulan döyüş,
közdən doğulan döyüş,
Düşmənə son nəfəsdi,
sizdən doğulan döyüş,
Azərbaycan əsgəri!
 
Göy üzünün çiynindən
sürüşübdü çuxası...
Qələbə ruhu sizə
döyüş uvertürası,
Azərbaycan əsgəri!..
 
-3-
 
Bu, Füzuli!
Bu, Cəbrayıl!
Bu, Zəngilan!
Bu, Qubadlı!
Ruhumuzun nidası
nə gözəl sığal çəkir
göylərin göy üzünə.
Bir döyüşlük yol qalıb
burdan Cıdır düzünə,
Bayraq - Vətən Bayrağı!..
 
-4-
 
Əsgərim, bəşərim,
                              illərdən bəri
Şuşa, Cıdır düzü, İsa bulağı
Yollara baxırdı qulağı səsdə.
Düşmən
Canını qurtardı axır nəfəsdə...
Döyüşçüm, igidim, haqqın var,
indi
sökülən dan yeri çırağın oldu,
səhərin yalləri darağın oldu,
Göylərin şimşəyi yarağın oldu,
Tanrının duası bayrağın oldu!
 
-5-
 
Sərhədin ən gözəli
incə şüşədi, əsgər.
Dünyanı heyran edən
yerdi, guşədi, əsgər.
Şəhər biçimli qala,
Qala biçimli şəhər
Ruhum Şuşadı, əsgər!
 
-6-

O bayraq apardı sizi döyüşə,
Qeyrətin döyüşün kəsəri oldu.
Ordu məmləkətin əsər yazanı,
Döyüşlər ordunun əsəri oldu.
 
Nələr yanıyırdı qoca dünyanı,
Düşmənin heyrəti saraldı, soldu.
Dünya da gördü ki, Azərbaycanın
döyüşü nə qədər bəşəri oldu!
 
-7-
 
Vətən əsgər deməkdi,
Əsgər deməkdi Vətən!
Vətən bəşər deməkdi,
Bəşər deməkdi Vətən.
Vətən bayraq deməkdi,
Bayraq deməkdi Vətən!
Vətən torpaq deməkdi,
Torpaq deməkdi Vətən!
 
Canını qurtardı ermənilikdən,
Bu payız günündə hər bənd, hər bərə.
Dünya gözlərini silib baxacaq,
Mələklər göylərdən gülüb baxacaq,
Güllər bitirəcək hər dağ, hər dərə.
Ay Vətən,
               dünyanın gözü qamaşdı,
Bu payız günündə Şuşaya görə!
Elə istəyirdim həsrət əllərim
Şuşada yaylıqtək sərilə bilsin
Şəhid məzarların baş daşlarına.
Təntimiş göz yaşım qarışa bilsin
Şuşalı ananın göz yaşlarına.
 
Ömrüm, yaşım Şuşadı,
Can sirdaşım Şuşadı.
Qarabağ - canamazım,
Möhür daşım Şuşadı.
 
-8-
 
Sellər kimi axıb gələn,
Şimşək kimi çaxıb gələn,
Köynəyindən çıxıb gələn
Səhər sənin səhərindi,
Azərbaycan əsgəri!
 
Gecə üzərlik üstədi,
Qələbə ərlik üstədi...
Barmağın tətik üstədi,
Zəfər sənin zəfərindi,
Azərbaycan əsgəri!..
 
Eyni açılıbdı ruhumun bu gün,
Bu soraq dolaşır aranı-dağı.
Vətən intizardan qurtardı,
                                         indi
Şuşaya güzgüdü zəfər bayrağı!
 
Dağlar dağ səbriylə dinləyir indi
Qalib əsgərlərin ayaq səsini.
Cıdır düzü gülür...
İsa bulağı
Oxuyur "Qarabağ şikəstəsi"ni!..
 
8-9 noyabr, 2020-ci il

 





18.12.2020    çap et  çap et