525.Az

"Səni ilk dərs günündə məktəbə özüm aparacam" - Zakir Muradov şəhid Fuad Əliyevi anır


 

ŞUŞA FATEHLƏRİNDƏN OLAN 19 YAŞLI ŞƏHİD FUAD ƏLİYEVİN ARZULARI

"Səni ilk dərs günündə məktəbə özüm aparacam" - <b style="color:red">Zakir Muradov şəhid Fuad Əliyevi anır</b> O, hələ lap kiçik yaşlarından qəhrəmanlıq filmlərinə, xüsusən də əfsanəvi Mixaylonun igidliyinin təsirli sonluqla bitən ekran təcəssümü - "Uzaq sahillərdə"yə dönə-dönə baxırmış. Məktəbli vaxtlarından da hərbçi olacağını qət edibmiş. Tovuz elinin Aşağı Öysüzlü kəndinin sadə bir ailənin dörd oğul övladından biri olan Fuad Əliyev elə bu arzusu ilə orta təhsilini başa vurub, hərbi xidmətə yollanır. Qulluq etdiyi zaman nümunəvi xidmətinə görə onu xüsusi təyinatlı qüvvələrimizin tərkibinə götürürlər.

"Onun iki illik əsgəri xidmət müddəti qarşıdan gələn yanvarda bitirdi. Amma onsuz da, o, hərbçi yolunu davam etdirəcəydi. Hələ uşaqlıqdan Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu elə bil, onun qəlbində qərar tutmuşdu. Müharibə başlayanda, biz yaxınları dəqiq bilirdik ki, o, ən çətin cəbhələrdə öndə gedənlərdən olacaq. Onun xasiyyəti belə idi axı", - deyə, şəhidin atası Ramin Əliyev bildirir.



"Son dəfə bizə Şuşa uğrunda hücumdan əvvəl zəng vurdu. Dedi ki, ana, axı mən həmişə qəhrəman olmağı arzulayırdım, bunun gerçəkləşəcəyi an yaxınlaşır. Siz özünüzü qoruyun, "kiçik balam"dan da - o, 6 yaşında olan qardaşını belə adlandırırdı - muğayat ol. Elə bütün xidmət vaxtı da "kiçik bala"sı ilə danışanda, deyərdi ki, darıxma, gələn sentyabrda ilk dərs günü məktəbə səni özüm aparacam. Qoy desinlər, qəhrəmanın qardaşısan!", - deyə igidin anası Rəsmiyyə Əliyeva xatirələrini danışır.

"Amma qaqam ilə getməsəm də, ilk dərsə onun şəkli ilə gedəcəyəm. Qaqam dediyi kimi, biləcəklər ki, qəhrəmanın qardaşıyam!" - bu da həmin "kiçik bala"nın sözləridir.

Xüsusi təyinatlı dəstənin əsgəri 19 yaşlı Fuad bəlkə də dünya hərb tarixinə unikal əməliyyat kimi daxil olacaq bir fəthdə itirak edir və hər bir azərbaycanlının ürəyində xüsusi yeri olan, Qarabağımızın incisi Şuşa şəhərinin alınmasında şəhidlik zirvəsinə yüksəlir.

"Şuşadan əvvəl isə Fuad Füzuli, Cəbrayıl, Hadrutun işğaldan azad edilməsi istiqamətində mərdliklə vuruşub. Bütün gənc ömrü ərzində özünün hər zaman arzuladığı qəhrəmanlıq dastanını isə gözəl Şuşada tamalayıb, xətm etdi", - deyə şəhidin babası Etibar Əliyev qürurla bildirir.

Hər birimizin əmin-amanlığı və ölkəmizin daha işıqlı gələcəyi naminə Vətən müharibəsində canlarını fəda etmiş 2783 Vətən Övladının müqəddəs ruhları Azərbaycanın hər bir guşəsində insanları doğma torpağın qədrini bilməyə səsləyir. Aşağı Öysüzlü kəndində də şəhidlərin xatirəsinə bulaq salınır. Onların ruhu kimi saf suyu olacaq bir bulaq.


 





19.12.2020    çap et  çap et