525.Az

Leylası vətən olanlar... - Murad Mirzəbəyli yazır


 

Leylası vətən olanlar... - <b style="color:red">Murad Mirzəbəyli yazır</b>

Murad MİRZƏBƏYLİ

Bütün müharibələrin kimsənin tanımadığı və bəlkə də heç vaxt tanımayacağı qəhrəmanları olur. Gizli qəhrəmanları... Onlar gözdən-könüldən uzaq durmağı, gözə sıçramamağı sevirlər. Vətənə olan təmənnasız sevgiləri kimi...

Onların sükutunu top və raket səsləri də poza bilmir. Güllə və mərmi yağışının, partlayış səslərinin altında daxili səssizliyinə qapılıb ölümün üzərinə gedən, bir neçə dəqiqəlik fasiləsini elə həmin sükutla ibadətinə sərf edən bir insan tanıyırsınız? Mən tanıyıram və özü istəməsə belə, Azərbaycana səssiz-səmirsiz, içdən və bəlkə də, dəlicəsinə sevdalı olan həmyaşıdımı sizə də tanıtmaq istəyirəm.

Adı Məcnundur. İlk dəfə eşidəndə mən də təəccüblənmişdim. Zahirən bu adla yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Amma daxilən Allah və Vətən aşiqidir. Leylası Vətəndir Məcnunun.



... Məcnun kimilərin hekayələrini yazmaq çox çətindir. "Çətinliklə böyüyüb", "min bir əziyyətlə həddi-buluğa çatıb", "uçuq daxmada yaşayıb", "yeməyə çörək, içməyə su tapmayıb"... yaza bilməyəcəyəm. Çünki belə deyil. Məcnun dünyaya gəldiyi gündən arzuladığı hər şeyi əldə etmək imkanında olub. Təbii ki, atasının halallıqla, böyük zəhmət, iti ağıl, yuxusuz gecələr hesabına əldə etdikləriylə... Amma dostlarından, yaxınlarından özünü heç vaxt fərqləndirməyib. Daha doğrusu, fərqləndirib - təvəzökarlığı, daxili mədəniyyəti və heyrət doğuracaq tərbiyəsiylə.

Bu səbəbdən də Məcnunun insanların hisslərinə toxunacaq, onları kövrəldəcək və bu kövrəkliyin içərisindən könüllərinə yol tapacaq heç bir hekayəsi yoxdur. Atasının biznesinə bacardığı, gücünün yetdiyi dəstəyi verib, gündəlik işini görüb, səssiz-səmirsiz, kimsəni duyuq salmadan ibadətini edib, vəssalam. Dostlarının arasında mənim kimi dəli-dolusu da var, özünə bənzərləri də... Hətta onların da arasından "Allahın qismətidir" deyərək seçim etməyib.

... Yalnız bir dəfə seçim edib - növbəti dəfə hərbi xidmətə yola düşəndə, könüllü olaraq Vətənin müdafiəsinə qalxanda. Ailəsi və dostlarıyla hallalaşıb, onlara VƏTƏNİ seçdiyini deyib və elə həmin gün cəbhəyə yola düşüb. 44 günlük müharibənin od-alovundan keçib və evin yeganə oğlu olmasına baxmayaraq, bu gün də xidmətini şərəflə, qürurla davam etdirir.



Xəbər tutacağı halda dostumun heç də xoşlanmayacağı bu yazını qələmə almağımın yeganə səbəbi son günlər Vətən müharibəsinin iştirakçısı olan qəhrəmanlarımızın həyat hekayələrinin bir-birinə bənzəməsidir.
Çox yaxından tanısam da, dostumun müharibədən öncəki həyatı haqqında ürəkləri titrədə biləcək bircə kəlmə də yaza bilməyəcəyəm, qüsura baxmayın... Yazsam da, gerçək olmayacaq. Məcnun bər-bəzəkli, insan hisslərini yerindən oynadan hekayəsi olmayan bir qəhrəmandır. Heç sosial şəbəkələrdə çeşidli videoları da yoxdur. Sosial şəbəkələrdə bircə şəkli var, onu da ibadət etdiyini və xəbərsiz olduğunu fürsət bilən döyüş yoldaşları çəkib paylaşıblar. Və bir də atasına göndərdiyi şəkli var... Azərbaycan bayrağını taxdığı yeganə zirvə isə VƏTƏN eşqi ilə döyünən ürəyidir. 

Məcnun kimi hekayəsi olmayan qəhrəmanlarımız isə az deyil. Onlar həyat hekayələrini yalnız Vətən müharibəsində və yalnız Vətən üçün yazıblar...

 





19.12.2020    çap et  çap et